İsrailin Azərbaycandakı səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

 

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrail Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Dan Stav ilə görüşüb.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Qurbanlı Azərbaycan-İsrail münasibətlərinin tarixindən danışıb. O, ölkəmizdəki yəhudi icmasından söhbət açaraq bildirib ki, yəhudilər Azərbaycanda 2500 ildən artıqdır məskunlaşıblar. Onlar Azərbaycanda heç vaxt dini dözümsüzlüyə ayrı-seçkiliyə məruz qalmayıblar. Ölkəmizdə yəhudilərin sayının 30 minə yaxın olduğunu qeyd edən M.Qurbanlı Quba rayonunda yerləşən Qırmızı Qəsəbənin İsrail istisna olmaqla dünyada yəhudilərin kompakt şəkildə yaşadıqları yeganə tarixi məkan olduğunu bildirib. 2003-cü 2012-ci illərdə Bakıda dövlət hesabına iki sinaqoqun tikilib istifadəyə verildiyini deyən sədr respublikada fəaliyyət göstərən yəhudi dini icmasına hər il dövlət büdcəsindən maliyyə yardımı ayrıldığını vurğulayıb.

Azərbaycandakı mövcud tolerantlığı yüksək dəyərləndirən səfir Dan Stav Azərbaycanla İsrailin dost ölkələr olduğunu, fəaliyyəti dövründə iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S.5.