Bakıda 21-ci Azərbaycan Beynəlxalq
səhiyyə sərgisi
açılıb
Sentyabrın 18-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 21-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2015”) açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyə sahəsində əldə olunmuş uğurlardan danışıb. Nazir müavini bildirib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycan səhiyyəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. O, Azərbaycanın dinamik inkişafından danışaraq bütün bunların ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, 21-ci dəfə keçirilən beynəlxalq “BIHE” sərgisi Azərbaycanın daima artan iqtisadi qüdrətinin bariz nümunəsidir.
Nazir müavini məlumat verib ki, bu il sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya ABŞ, İsveçrə və digər ölkələr də daxil olmaqla, ümumilikdə dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edəcək. Daha bir milli stend isə Rusiya Federasiyasının 27 şirkətini bir araya gətirəcək. Rusiya şirkətlərinin Bakıda təşkil olunan sərgidə iştirakı Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi tərəfindən dəstəklənir. İlk dəfə Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcəklər. İranın əczaçılıq şirkətləri də böyük fəallıq göstərirlər. Bu il “BIHE” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Yerli eksponentlər nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı distribyutorları tərəfindən təmsil olunacaq. Yerli distribyutorlar arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır. Ümumilikdə sərgi iştirakçılarının sayı ötən il keçirilmiş sərgi ilə müqayisədə 12 faiz çoxdur.
Rusiya Federasiyası sənaye və ticarət nazirinin müavini Sergey Tsib, Belarus səhiyyə nazirinin müavini Valeriy Şevçuk, Türkiyə Turizm Agentlikləri Assosiasiyasının sərgilər direktoru xanım Esra Tolqay və “İTE Group PLC” şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək sərginin işinə uğurlar arzulayıblar. Çıxışlarda belə bir böyük tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olunub.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
“BIHE-2015” sərgisinin ekspozisiyası səhiyyə sahəsinin bütün əsas bölmələrini, o cümlədən tibbi və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də uşaq qidaları kimi sektorları əhatə edir. Sərginin builki yenilikləri arasında orqanizmdə qanın maksimum dəqiq və ətraflı analizini həyata keçirən aparat, ana bətnində döl qüsurlarını erkən diaqnostika edən ən son aparatlar, xəstənin bədən vəziyyətinin tənzimlənməsi üçün müxtəlif funksiyalı ən yeni əməliyyat kürsüsü, müxtəlif yeni əczaçılıq preparatları və digər məhsullar yer alır.
Sərgidəki “Tibbi turizm” sektorunda xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkət öz xidmət və imkanlarını nümayiş etdirir. Bunların arasında Gürcüstan, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edir. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
“BIHE” sərgisi ilə paralel daha iki tədbir - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya (“Stomatology Azerbaijan-2015”) və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan-2015”) sərgiləri keçirilir. “Stomatology Azerbaijan-2015” sərgisinin iştirakçıları yeni stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materiallarını nümayiş etdirirlər.
“Beauty Azerbaijan-2015” sərgisində Azərbaycan, Almaniya, Bəhreyn, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 15 şirkət məhsullarını nümayiş etdirir. Ənənəvi olaraq sərginin bütün ziyarətçilərini yeni şirkətlər, yeni sənaye məhsulları, peşəkar mütəxəssislər və gözəllik salonları üçün maraqlı təkliflərlə tanışlıq gözləyir. Sənayenin yeni məhsullarını təkcə xarici istehsalçılar deyil, həm də Azərbaycan üçün yeni olan kosmetologiya və ətriyyat məhsullarını anons etmək məqsədi ilə bu sərgidən platforma kimi istifadə edən yerli distribyutorlar təqdim edəcəklər. Onların arasında “BTL”, “ZNK”, “Vitta Estetik” və s. şirkətlər var.
Ümumilikdə “Beauty Azerbaijan-2015” sərgisində peşəkar kosmetika, habelə dəriyə, bədənə və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar və digər məhsullar təqdim edilir. Son illər xarici ətriyyat istehsalçıları tərəfindən bu sərgiyə marağın artması müşahidə olunur. Ölkədə SPA xidmətləri təklif edən otellər və çoxsaylı salonların fəaliyyətə başlaması ilə əlaqədar olaraq, sərgidə bu sahəyə aid təkliflərin də sayı artıb. İstehsalçılar və distribyutorlar gözəllik salonları, idman klubları, SPA mərkəzləri və bərbərxanalar üçün onları öz rəqiblərindən müsbət cəhətdən fərqləndirən və yalnız onlara məxsus eksklüziv təkliflərin verilməsinə kömək edəcək unikal həll variantlarını təklif etməyə çalışırlar.
Beləliklə, üç gün ərzində sərgilər köhnə tərəfdaşların və həkimlərin görüş yerinə çevrilməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, habelə bazarın qiymətləndirilməsi, perspektiv müqavilələrin imzalanması və sərmayələrin yatırılmasına kömək edəcək. Eyni zamanda, Azərbaycanın hər bir bölgəsindən gələn mütəxəssislər xarici və yerli şirkətlərin məhsulları ilə şəxsən tanış olmaq və yeni təklifləri qiymətləndirmək imkanı əldə edəcəklər. Sərgilərdə qazanılmış yeni biliklər və təcrübə mübadiləsi ölkədə ixtisaslaşmış tibbi yardımın keyfiyyət baxımından yüksəldilməsinə və estetik tibb sahəsinin inkişaf etdirilməsinə imkan verəcək.
Hər üç sərgi öz işini sentyabrın 20-də yekunlaşdıracaq.
Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 5.