Ümumrusiya Azərbaycan Konqresi Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyən
bəyanat yayıb
Ümumrusiya Azərbaycan Konqresinin rəyasət heyəti Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyən bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təşkilat Avropa Parlamentinin qəbul etdiyi bu qətnaməni siyasi təxribat hesab edir, bunu yalan, böhtan və qərəzli münasibət kimi qiymətləndirir.
Bəyanatda dünya birliyinin Ermənistan tərəfindən etnik təmizləmə siyasəti nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının taleyinə və əzabına biganə qaldığı xatırlanaraq vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu hələ də işğal altındadır. Bildirilir ki, beynəlxalq vasitəçilərin işğal edilmiş torpaqların azad edilməsinə dair çağırışlarını İrəvanın rədd etməsi davamlı ola bilməz, sözdən işə keçməyin vaxtı çatıb.
Qeyd edilir ki, Azərbaycan müstəqil və suveren dövlətdir, heç bir suveren dövlət özünə münasibətdə diktə və siyasi təzyiq formasını qəbul edə bilməz. Biz dəyərlər haqqında danışan Avropa Parlamentini qitənin daha vacib problemləri ilə, o cümlədən milli ayrı-seçkilik, ksenofobiya, şovinizm, islamofobiya, radikalizm, ekstremizm və miqrantlara qarşı qeyri-insani münasibətin yoluna qoyulması kimi məsələlərlə məşğul olmağa çağırırıq.
Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 6.