Üzeyir dühası

 

“Azərbaycan” qəzetinin redaktoru olduğu müddətdə musiqi fəaliyyəti ilə çox az məşğul olan Üzeyir bəy Hacıbəyli bununla belə, Cümhuriyyət dövründə özünün ən möhtəşəm əsərlərindən birini - Azərbaycanın Dövlət himnini bəstələyir və özünün ən poetik yazısını üçrəngli bayrağımıza həsr edərək onu “Bayrağımız sarsılmaz” başlığı ilə qəzetdə dərc edir.

Azərbaycan Parlamentinin iclaslarını daim geniş işıqlandıran “Azərbaycan” qəzetində Üzeyir bəy ayrı-ayrı fraksiyaların ən mühüm məsələlərin müzakirələrində, xüsusilə hökumətə münasibətdə tutduğu mövqeyə xüsusi diqqət yetirir. Azərbaycan hökumətinin fəaliyyətini ümumiyyətlə müdafiə edir, xüsusilə bir neçə kabinədə hökumət başçıları olmuş Fətəli Xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin zəhmət və fədakarlığını çox yüksək qiymətləndirirdi. Azərbaycan tarixində artıq “mühüm mövqe” tutmuş olan F.X.Xoyskinin ən ağır şəraitlərdə hökumətin təşkilini öz boynuna götürməsini və sonrakı fəaliyyətini “ayrı-ayrı parçalardan əmələ gəlmiş” bir gəmini “fırtınalı gündə qorxulu dağların, daşların arasından kəmali-ehtiyat və ehtiram ilə fırtına sakit olana qədər salamat keçirmək” ilə müqayisə edir, ingilis generalı Tomsonun “Azərbaycanda ancaq Azərbaycan hökuməti tanınacaqdır” kimi fövqəladə əhəmiyyətli qərarının birbaşa F.X.Xoyskinin “səyi, çalışması və aqilanə siyasəti” nəticəsində verildiyini vurğulayırdı.

Eynilə Nəsib bəy Yusifbəyli hökumətinin Parlamentdə “sağdan” və “soldan” aramsız tənqid edilməsi qarşısında Ü.Hacıbəyli hökumətin gördüyü mühüm işləri sadalayır: “Dağ böyüklüyündə iri olan Qarabağ məsələsini” Azərbaycanın xeyrinə həll edən, “Lənkəranı qan tökmədən, qurban vermədən yabançılar çənqalından qurtaran”, “Ümumqafqaz” - Dağıstan müsəlmanlarına hərtərəfli yardım edən, mütəşəkkil ordu yaradan, ölkəni rüşvətxor məmurlardan təmizləməkdə olan, universitet açan, “kasıb-küsublara 3-4 manata çörək yedirdən”, asayiş, əmin-amanlıq və rahatlığı bərpa edən, nəhayət, “qəlbində vətən və millət məhəbbəti olub da səmim qəlb ilə çalışan, vuruşan, istirahət nə olduğunu bilməyən hökuməti və onun rəisini işsizlikdə, bacarıqsızlıqda ittiham etməyi” Üzeyir bəy ya “əql və insafdan xali olmaq”, ya da artıq başqa bir məqsəd güdməklə izah edir.

Parlamentdə yalnız “Müsavat” Partiyasının hökuməti ardıcıl olaraq müdafiə etdiyini, bu fraksiyanın lideri M.Ə.Rəsulzadənin şəxsən “şücaətanə” bir bacarıq və əsaslı dəlillərlə hökumət “müxaliflərini” susdurduğunu və dəfələrlə növbəti hökumət böhranının qarşısını aldığını Ü.Hacıbəyli öz məqalələrində dönə-dönə vurğulayırdı. Görünür ki, bu yazılarına görə sosialistlərin “Zarya” qəzeti “Azərbaycan” qəzetini istehza və kinayə ilə “Müsavat” Partiyasına mənsub “firqəvi qəzetə” adlandırır. Bu çıxışa dərhal cavab verən Üzeyir bəy nəzərə çatdırır ki, “Azərbaycan” partiya qəzeti deyil və məsləki “Vətən istiqlalı yolunda çalışmaqdan ibarət” olmaqla “xüsusi firqəvi proqram daxilində məhdudlaşmır”. Lakin elə bu cavabında da Üzeyir bəy “heç də gizlətmir ki, mövcud partiyalarımız arasında Azərbaycan istiqlalını kəmalınca, beduni-haşiyə arzu etmək və bu yol uzunu gedərkən sağa və sola dönmək tərəddüdündən azad olub rast bir istiqamət üzrə getmək qəsdini yalnız bir “Müsavat” firqəsində müşahidə etdiyimizdən bu firqəni istiqlal xadimlərindən ən sadiqi hesab edib, onun fikir və arzularına qəzetimizdə kəmali-məmnuniyyətlə yer verməyi özümüzə borc bilirik!”

Beləliklə, Azərbaycan istiqlalı məsələsi “Azərbaycan” qəzetinin və onun redaktorunun ətrafdakı bütün hadisələrə, partiyalara, siyasətçilərə münasibətdə əsas meyar olaraq qalır. Bu baxımdan Ü.Hacıbəyli düşmənlərin Azərbaycan istiqlalına digər yollarla zərbə vurmaq planlarını da açıqlayır, “dünən daşnak cərgəsində olub, bu gün bolşevik maskası” geyən, “utanmadan, kələklər qurub”, hətta Azərbaycan sosialistlərini də fəhlələr qarşısında nüfuzdan salan Mikoyanın, “vətən, millət tanımayan”, “parlaman minbərini mitinq kürsüsünə döndərib bolşevikyanə çıxışlar edən” Əliheydər Qarayevin Azərbaycan “füqəreyi-kasibəsini” Azərbaycan hökumətindən ayrı salmaq cəhdlərini, bu qüvvələrin təşkil etdikləri fəhlə tətillərinin, xüsusilə 1919-cu il may ayında hazırlanmış genişmiqyaslı iqtisadi tətilin arxasında məhz ölkədə xaos yaratmaq və çevriliş etmək niyyətlərinin durduğunu sübut edirdi.

“Ciddi imtahanla üzləşmiş” Azərbaycan hökumətinin müsəlman fəhlələri ilə birlikdə bu təhlükənin də qarşısını ala bildiyini böyük sevinclə qeyd edən Ü.Hacıbəyli düşmənlərinin qərəzlə “xan-bəy hökuməti” adlandırdığı hakimiyyətə zəhmətkeş təbəqələrin etimadının səbəblərini açıqlayırdı: “Azərbaycan füqərayi-kasibəsi, ümumazərbaycan əhli öz hökumətinin səyi və təlaşı altında indi-indi ağ gün üzü görməyə qədəm qoymuşdur. İndi-indi öz varlığını, öz insanlığını dərk etməyə başlamışdır. İndi-indi öz vətənini vətən, öz millətini millət hesab edib, azad və asudə yaşamağa imkan bulmuşdur”.

Lakin Azərbaycan istiqlalının təminatçısı olan Azərbaycan hökuməti yalnız mövcud hakimiyyəti yıxıb, “sosializm evi” qurmaq arzusunu gizlətməyən bu arxalı qüvvələrin hücumuna məruz qalmırdı. Parlamentdə təmsil olunan digər partiya və fraksiyaların, “İttihad”, “Əhrar” və digər artıq adi hal alan hökumətə qərəzli, tənqidi münasibətinin arxasında çox vaxt şəxsi hakimiyyət arzusu dururdu. Bütün bu amillərin nə qədər təhlükəli olduğunu yaxşı başa düşən Ü.Hacıbəyli həmin qüvvələrə ən ciddi şəkildə xəbərdarlıq edirdi: “Parlaman üzvləri hökumət böhranlarına saymazyana bir nəzərlə baxmağı zənnimizcə dərk etməlidir. Bir şey ki, yerindən oynamağa adətkərdə ola, axırda “laxlaq” olar. Dəqiqə başına bir böhran törətməklə axırda öylə fəna nəticələrə yetişərik ki, məmləkət və əhali böyük zərər və ziyanlara düçar olar...”

1920-ci ilin aprelində Azərbaycanın siyasi mühitində yaranmış vəziyyət Üzeyir bəyin bu xəbərdarlığının heç də əsassız olmadığını göstərdi. Hələ yanvar ayında keçirdikləri gizli qurultayda Azərbaycan Kommunist Partiyası adı altında birləşən Bakıdakı bütün bolşevik partiyaları və dəstələri Sovet Rusiyasının güclü dəstəyi ilə “sosializm evinin” qurulması üçün “son və qətiyyətli döyüşə” başladılar və bu yolda ən müxtəlif vasitələrə, o cümlədən siyasi, iqtisadi təxribatlara əl atıldı. Geniş təbliğat və təşviqat maşını işə düşdü və hətta Bakıda olan türk zabitləri məharətlə bu oyunlara cəlb olundu. Həmişəki kimi “daşnakdan dönmə” erməni bolşevikləri bu işlərdə bilavasitə iştirak edirdilər və 1918-ci il hadisələrinin ssenarisi üzrə artıq neçə aylar əmin-amanlıq hökm sürən Qarabağda yenidən ermənilərin üsyanı başladı. Bütün bu vəziyyətin mürəkkəbliyini yaxşı anlayan Azərbaycan hökuməti ciddi tədbirlər görür, təhlükənin qarşısını almağa çalışırdı. Lakin belə bir ciddi məqamda da Azərbaycan parlamentində hökumətə ünvanlanmış sorğuların, debatların, tənqid və ittihamların ardı-arası kəsilmirdi. Son nəticədə bir daha hökumət böhranı başladı və hətta hökuməti dəfələrlə bu vəziyyətdən qurtaran M.Ə.Rəsulzadə və “Müsavat” fraksiyası da onun qarşısını ala bilmədi. 1920-ci il aprelin 1-də Nəsib bəy Yusifbəyli hökumət kabinetinin istefasını elan etdi. Yeni hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırıldı. Siyasi görüşlərindən və mövqeyindən asılı olmayaraq bütün Azərbaycan cəmiyyəti görkəmli ictimai və dövlət xadimi, Azərbaycanın istiqlalı uğrunda böyük xidmətlər göstərmiş və İstiqlal Bəyannaməsini imzalamış, bütün hökumət kabinetlərində ən mühüm vəzifələrdə təmsil olunmuş, Müsavat Partiyasının üzvü, kifayət qədər təcrübəli və qətiyyətli siyasətçi kimi tanınan M.H.Hacınskinin yeni hökumət başçısı kimi işə başlayacağını gözləyirdi...

Bütün bu olayları çox diqqətlə izləyən “Azərbaycan” qəzetinin redaktoru Üzeyir bəy Hacıbəyli öz müşahidələrindən gəldiyi qənaəti, görünür ki, artıq baş məqalə, yaxud heç olmasa, xülasə şəklində qələmə almağı lazım belə bilmir. “Azərbaycan” qəzetinin 1920-ci il 22 aprel sayında, hökumət kabinetinin istefasından 3 həftə sonra, Üzeyir bəy Hacıbəylinin “Surna” başlığı ilə bir felyetonu dərc olunur və Parlamentdə yenə də “firqə manevrlərinin” başlandığı, yeni baş nazirin “ləyaqətinin” bundan sonra kimləri “nazir kürsüsünə dəvət edəcəyi” ilə ölçüləcəyi kimi satirik qeydlər Üzeyir bəyin baş verənlərə münasibətini çox aydın əks etdirir. Lakin yeni hökumət kabinetinin təşkilini uzadan, Parlament fraksiyaları, xüsusilə “sol”larla və bolşeviklərlə aşkar-gizli danışıqlar aparan M.H.Hacınskinin “ləyaqətini” heç bu yolla da ölçmək artıq “mümkün olmur”.

Qəzetin 25 aprel 1920-ci il tarixli nömrəsində Ü.Hacıbəylinin yenə də “Surna” başlığı altında daha bir felyetonu dərc olunur. “Xammal” sözü üzərində qurulan və öldürücü satirik ruhuna görə siyasi pamflet sayıla biləcək bu yazısında Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinin son dərəcə gərgin və təhlükəli günlər yaşadığı bir zamanda Parlamentdə və ümumiyyətlə, ölkənin siyasi dairələrində müzakirə olunan məsələlərə münasibət bildirir.

Bu felyeton-pamflet-rekviyem Üzeyir bəy Hacıbəylinin “Azərbaycan” qəzetində son yazısıdır və onun Cümhuriyyətin süqutuna 3 gün qalmış - 1920-ci il 25 aprel tarixində dərc olunması Üzeyir bəyin Azərbaycanın istiqlalına və müstəqillik ideallarına sona qədər sadiq qaldığının bariz nümunəsidir.

“Candan əziz istiqlalın” itirilməsi, “vətən və millət bilməyənlərin” hakimiyyətə gəlməsi, yazılarında dönə-dönə adlarını çəkdiyi Cümhuriyyət xadimlərinin bir çoxunın faciəli sonluğu, həbsi, vətəni tərk etməyə məcbur olması ... Bütün bu olayları Üzeyir bəyin hansı hisslərlə yaşadığını və necə daxili sarsıntılar keçirdiyini təsəvvür etmək çətin deyil...

Burada xüsusilə nəzərə alınmalıdır ki, bu insanların çoxu Üzeyir bəy üçün yalnız hökumət, ya Parlaman rəsmiləri deyildilər. Öz həmyaşıdları olan, eyni vaxtda fəaliyyətə başladıqları və uzun illərin əməkdaşlığından keçdikləri Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, eləcə də çox yaxın ünsiyyətdə olduğu Fətəli Xan Xoyski, Həsən bəy Ağayev və bir çoxları ilə Üzeyir bəyi yalnız əqidə və məslək birliyi deyil, həm də yaxın dostluq, səmimi yoldaşlıq, qarşılıqlı hörmət və rəğbət birləşdirirdi. Üzeyir bəyin Parisə, qardaşı Ceyhun bəyə göndərdiyi məktubların birində Məhəmməd Əmin bəyin, Nəsib bəyin öz xanımı ilə, Şəfi bəy Rüstəmbəyovun (rusca çıxan “Azərbaycan” qəzetinin redaktoru) 1919-cu il sentyabrın 18-də Üzeyir bəyin evində, onun ad gününə toplaşdıqlarından və həmin məclisdə xaricdə olan dost və həmkarlarını xatırladıqlarından ətraflı bəhs olunurdu.

“Azərbaycan” qəzetindəki fəaliyyəti və xüsusilə onun siyasi publisistikası Üzeyir bəy Hacıbəylini birmənalı olaraq Cümhuriyyət liderləri ilə bir cərgəyə qoyur. Faciəli sonluğa və Üzeyir bəyi qarşıda hələ 28 illik hadisələrlə zəngin və şöhrət dolu bir həyat gözlədiyinə baxmayaraq tam əminliklə demək olar ki, 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti dövrü Üzeyir bəyin həyatında ən azad və müstəqil, ən asudə və rahat, ən yüksək ruh və şövq, ən dərin Vətən və millət sevgisi, ən etibarlı və səmimi dostların və məsləkdaşların əhatəsində qurmaq və yaratmaq ehtirası ilə yaşadığı işıqlı bir dövrdür.

Azərbaycanda siyasi hakimiyyətin dəyişməsi Üzeyir bəy üçün yalnız İstiqlalın və dostlarının itkisi deyil, həyatı üçün də ciddi təhlükənin yaranması demək idi. “Azərbaycan” qəzetində dəfələrlə hədəfə aldığı “daşnakdan dönmə nasional-bolşevik” mikoyanların, mirzoyanların, “vətən və millət bilməyən” “qırmızı Qarayevlərin” hakimiyyətə gəlməsi ilə bu təhlükə kifayət qədər real şəkil alırdı. Lakin bütün bunlara rəğmən Üzeyir bəy bir çox səbəblərdən bu dəfə Bakını tərk etmir. İşğalçı Qızıl Ordu ilə bərabər Bakıya gəlmiş və dərhal işə başlamış bolşevik dövlətinin amansız cəza maşını da bir sıra səbəblərdən Üzeyir bəyə toxunmur. Həmin səbəblər üzərində dayanmadan, bu dövr Üzeyir bəy Hacıbəyli ilə sovet rejimi arasında dilə gətirilməyən və gözə görünməyən qarşılıqlı bir “sazişin” bağlandığını söyləmək olar. Bu “sazişlə” Üzeyir bəy özü və yaxınları üçün ən əvvəl yaşamaq və azadlıqda qalmaqla yazıb-yaratmaq haqqı əldə etmiş olur. Sovet hakimiyyəti də Üzeyir bəyə bu imkanları yaratmaq müqabilində məşhur bəstəkarın və ictimai xadimin adını, istedad və bacarığını öz dövlət və ideologiyası maraqlarında istifadə etmək qərarını verir.

Hər iki tərəfin bu rəsmən bağlanmayan “sazişə” nə dərəcədə əməl etdiyi Üzeyir bəy və Sovet hakimiyyətinin münasibətləri müstəvisində ayrıca bir mövzudur. Lakin hakimiyyətin Üzeyir bəyin Cümhuriyyət dövrü fəaliyyətinə “göz yumsa” da onu heç də unutmadığı, əksinə, yeri gəldikcə ən müxtəlif məqsədlərlə istifadə etdiyi də danılmazdır.

Üzeyir bəyin “Azərbaycan” qəzetinin redaktoru kimi “Müsavatçı fəaliyyəti” məsələsi bir də 1937-ci ildə, Stalin repressiya maşını artıq tam gücü ilə işlədiyi zamanda gündəmə gəlir.

Əvvəlcə Azərbaycan Filarmoniyasının həmkarlar İttifaqının sədri Akopyan, daha sonra Azərbaycan Konservatoriyasının partiya təşkilatının katibi Kiranov adlı şəxslər Azərbaycan daxili işlər xalq komissarı Sumbatova ünvanladıqları məktublarda bütün tutduğu vəzifələr sadalanmaqla Üzeyir bəy Hacıbəylinin “tərksilah edilməmiş müsavatçı” və “Azərbaycan” qəzetinin redaktoru olduğu, qardaşı Ceyhun bəyin həmçinin “Müsavat parlamentinin üzvü” kimi Parisə qaçdığı, Ü.Hacıbəylinin uzun illər ona maddi yardım göstərdiyi, 1918-ci il Bakıda Sovet hakimiyyəti qurularkən İrana qaçdığı, rəhbərlik etdiyi dövlət xoruna Sovet dövlətinin düşmənlərinin - vaxtilə güllələnmiş, həbs edilmiş insanların uşaqlarını götürdüyünü, onların hamısını 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan İncəsənəti Ongünlüyündə özü ilə birlikdə Moskvaya aparmağa hazırlaşdığını və digər bu kimi “faktlar” sadalanır və belə bir “qaranlıq keçmişi” olan şəxsin SSRİ Millətlər Şurasına deputatlığa namizədliyinin verilməsi qeyri-məqbul sayılırdı.

Akopyan “Əməkdar incəsənət xadimi, dirijor İoanesyanın sözlərinə görə bu qəzetin (“Azərbaycan” nəzərdə tutulur) bir nüsxəsinin xalq artisti Sarabskidə olduğunu da” xatırladırdı.

Təbii ki, aparılan qapalı istintaqın gedişində Ü.Hacıbəyli müvafiq orqanlara çağırılır və ondan izahat alınır. Çox qısa şəkildə yazdığı izahatında Üzeyir bəy “bütün bu ittihamları” rədd edir.

Üzeyir bəyin izahatında göstərdiyi məlumatları yoxlamaq və onların heç birinin həqiqətə uyğun olmadığını sübut etmək elə də çətin deyildi. Bunun üçün Şaumyan adına Partiya Arxivinin gizli fondlarında saxlanılan “Azərbaycan” qəzetinin nüsxələrini və AXC-nin sənədlərini qaldırmaq kifayət idi.

1937-ci ilin sonlarında Az.K(b)P MK Bürosunun qapalı iclasında bu məsələyə baxılır, Ü.Hacıbəyovun adının “ifşa edilmiş xalq düşmənləri Ruhulla Axundov və başqalarının ifadələrində də “tərksilah edilməmiş müsavatçı” kimi çəkildiyi nəzərə alınmaqla, Mir Cəfər Bağırovun imzası ilə qərar qəbul edilir. Bütün bu faktları yoxlamaq və bir daha Büroya çıxarmaq qərarı ilə bərabər Hacıbəyovun “böyük bəstəkar kimi geniş şöhrətə malik olduğu, həmçinin Azərbaycan kəndlilərinin yerli feodallara və türk sultanlarına qarşı mübarizəsi mövzusunda ən uğurlu və istedadla yazılmış musiqi əsərinin - yeni “Koroğlu” operasının müəllifi olduğu üçün onun Millətlər Şurasına deputatlığa namizədliyinin hələlik geri götürülməməsi” məsləhət bilinir.

Lakin görünür ki, sonralar heç bu faktları yoxlamaq da lazım bilinmir və Mir Cəfər Bağırovun simasında Üzeyir bəy Hacıbəylinin Azərbaycan Sovet hakimiyyət dairələrində ən yüksək səviyyədə hamisi olduğu aydınlaşır. Ədalət naminə deyilməlidir ki, repressiya olunmaq təhlükəsinin sovuşmasından cəmi bir neçə aydan sonra Moskvada keçiriləcək Azərbaycan İncəsənəti Ongünlüyünə qızğın hazırlıq işləri getdiyi və Ü.Hacıbəylinin özünün və əsərlərinin bu Ongünlük proqramının əsasını təşkil etdiyi faktoru da az rol oynamır.

1938-ci ilin fevralında Moskvada Azərbaycan İncəsənəti Ongünlüyünü birmənalı şəkildə Üzeyir bəy Hacıbəylinin triumfu hesab etmək olar. “Koroğlu”, “Arşın mal alan”, “Stalinə salam” və digər əsərlərinin görünməmiş uğur qazanması Üzeyir Hacıbəylinin yerini artıq Sovet musiqi Olimpində möhkəmləndirir. Bəstəkara SSRİ xalq artisti adı, Lenin ordeni, Stalin mükafatı verilməklə, onun Sovet hakimiyyəti qarşısında xidmətləri təsdiq olunur. Moskvadakı dekada zamanı həmçinin Üzeyir bəyin Mir Cəfər Bağırovdan qat-qat qüdrətli himayədarı olduğu üzə çıxır. Kremldə keçirilən təntənəli qəbulda Sovet dövlətinin başçısı Stalin Üzeyir bəyi 5 saat öz yanında oturdur və onunla çox səmimi söhbətlər edir.

“Böyük rəhbərin” Üzeyir bəyə bu diqqəti onun bədxahlarına çox ciddi siqnal olur. Lakin rəhbərin qayğısı yalnız bununla bitmir. 1938-ci ilin may ayında Stalin Bakıya, Bağırova göndərdiyi teleqramda Ü.Hacıbəylinin növbədənkənar dərhal partiya sıralarına qəbul edilməsi barədə göstəriş verir və Kommunist Partiyasına qəbul sistemində milyonda bir dəfə baş verən presedent yaranır - namizədlik müddəti keçmədən, heç kəsdən zəmanət almadan, M.C.Bağırovun adına 8 səhifəlik bir ərizə yazmaqla Üzeyir bəy Hacıbəyli heç vaxt, hətta Cümhuriyyət dövrü can atmadığı bir işə təhrik edilir - siyasi təşkilata üzv olur. 1939-cu ilin əvvəllərində Üzeyir bəy Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunur. Ondan daha əvvəl, 1937-ci ilin əvvəllərindən isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilməklə, uzun illər yalnız müavin olduğu bu təşkilatlarda nəhayət ki, birinci mövqelərə çıxır.

Lakin bütün bu vəzifələr, mükafatlar, diqqət və qayğı Üzeyir bəyi daim izləyən repressiya təhlükəsinin artıq arxada qaldığını göstərmirdi. 1940-cı ilin əvvəllərində 10 ildən çox əlaqə saxlaya bilmədiyi Parisdəki kiçik qardaşı Ceyhun bəyin ailəsindən aldığı bir məktub Üzeyir bəyi bir daha Sovet siyasi orqanları ilə üzləşməyə vadar edir. Məktubda Ceyhun bəyin Birinci Dünya müharibəsinin başlanması ilə Fransa ordusuna çağırılan böyük oğlunun həlak olduğu bildirilir və bir sıra xahişlər edilirdi. Üzeyir bəy həmin məktuba cavab vermək üçün düz 1 il yarım icazə gözləməli olur və sovet siyasi və kəşfiyyat orqanlarının tam nəzarəti altında yazdığı 8 səhifəlik bu cavab yəqin ki, onun həyatı boyu yazdığı yüzlərlə məktubun arasında ən ağırı olmaqla Üzeyir bəyin Bakıda, Ceyhun bəyin isə Parisdə girov vəziyyətinə salındıqlarını göstərir.

Təbii ki, bütün bu daxili sarsıntılar təsirsiz ötüb keçmirdi. 1945-ci il Üzeyir bəyin öz sağlığında Sovet sistemi daxilində qazandığı şöhrət və ümumxalq məhəbbətin təsdiqinin ən geniş şəkildə nümayiş olunduğu son il olur. Bütün Azərbaycan və Sovet respublikaları, paytaxt Moskva və ölkənin mədəniyyət mərkəzi sayılan Leninqrad, bir sözlə, bütün ölkə, hətta sovet qoşunlarının himayəsi altında Cənubi Azərbaycan və İran Üzeyir bəy Hacıbəylinin anadan olmasının 60, musiqi fəaliyyətinin 40 illiyini böyük təntənə ilə qeyd edir və o, yeni yaradılan Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir.

Lakin 1946-cı ildən ölkədəki siyasi ab-hava bir də dəyişir, yenidən ideoloji sahədə düşmən axtarışları başlanır. Bir neçə təhsil, musiqi, elmi müəssisə və yaradıcı təşkilatlara rəhbərlik edən və nüfuz sahibi sayılan Üzeyir bəy Hacıbəylinin bu geniş fəaliyyətində də nöqsanlar tapmaq meyilləri görünməyə başlayır. Vaxtilə Üzeyir bəyin ən ciddi “kompromatlarının” üstündən keçən respublika rəhbərliyinin dövrün “bu yeni tələblərinə” cavab vermək və “milli gənc kadrları sıxışdırmaq” kimi absurd şikayətləri araşdırmaq cəhdləri onsuz da gərgin və ağır zəhmət dolu illərin yorğunluğundan əziyyət çəkən Üzeyir bəyin səhhətində ciddi problemlər yaradır. Belə bir vaxtda konservatoriyaya böyük yoxlama komissiyasının göndərilməsi vəziyyəti daha da gərginləşdirir. Lakin bu dəfə də Üzeyir bəyin ən yüksək himayədarı işə qarışır. Bəstəkarın artıq ciddi surətdə xəstələndiyini eşidən Stalin onu Kreml xəstəxanasında müalicə olunmağa dəvət edir. Lakin 1947-ci ilin əvvəllərindən başlayaraq Üzeyir bəyin səhhəti ilə bağlı məsələlər dövlət nəzarətinə götürülsə də, onun ömrünü uzatmaq mümkün olmur. Sovet hakimiyyətinin 28 il əvvəl yaşamaq və yaratmaq imkanı verdiyi və bütün bu 28 ildə əzizləyib-qorxudaraq və qorxudub-əzizləyərək yaşatdığı və yaratdıqlarından tam surətdə dəyərləndiyi bu nəhəng tarixi şəxsiyyət respublika rəhbərliyi nümayəndələrinin çiynində və minlərlə xalq kütlələrinin müşayiəti ilə 1948-ci il noyabrın son payız günlərində həqiqətən, layiq olduğu şərəf və hörmətlə son mənzilə yola salınır...

Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Üzeyir bəyin Cümhuriyyət dövrü fəaliyyətinin layiqincə qiymətləndirilməsi və Sovet dövrü fəaliyyətini hər hansı təftişə məruz qoymaq təşəbbüsü belə edilməməsi faktı özlüyündə bu həqiqəti bir daha təsdiq etdi. Bu baxımdan Üzeyir Hacıbəyli hər hansı ideologiya, rejim və hakimiyyətlərin fövqündə duran möhtəşəm tarixi şəxsiyyətdir və onun mənsub olduğu xalq və dövlət yaşadıqca Üzeyir Hacıbəylinin də adı, əməlləri və sənəti daim yaşayacaqdır.

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 7.