Dahi bəstəkar Üzeyir
Hacıbəylinin xatirəsi
yad olunub
18 sentyabr - Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilməkdədir. Bununla yanaşı, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarlarını ziyarət ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Nazir müavini böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Qeyd olunub ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.
Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin "Şəbi-hicran"ı səslənib.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı "Güllələnmiş heykəllər" abidəsinin ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəlləri önünə qərənfillər düzüblər.
Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 7.