Azərbaycanın
enerji strategiyası qlobal inkişafa mühüm töhfələr
verir
Azərbaycan bu gün iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı ölkələri ilə bir sırada dayanır. Abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial infrastruktur layihələri həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında bilavasitə hiss olunur. Regionun lider dövləti olan Azərbaycanın xarici nüfuzu da ilbəil yüksəlir. Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilk dəst-xəttinin, dönməz və məqsədyönlü fəaliyyətin bəhrələridir.
Müstəqil dövlətimizin memarı ulu öndər Heydər Əliyevin siyasi cəsarətinin, müdrik uzaqgörənliyinin nəticəsi olan yeni enerji strategiyasının tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın rifahının qarantı olan bu qalibiyyətli konsepsiya Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək bir-birindən parlaq zəfərlərə yol açır, neft sənayemiz daha yüksək zirvələr fəth edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Şahdəniz” qaz, “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsi - bu layihələrin hər biri özlüyündə nəhəng enerji layihəsidir”.
Xalqımızın işıqlı sabahı naminə davamlı inkişaf və tərəqqi konsepsiyasına çevrilmiş bu strateji kursun tarixi artıq üçüncü onilliyinə qədəm qoymuşdur. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” - “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş, zəngin təbii sərvətlərimizdən xalqın rifahı üçün daha səmərəli istifadə olunması prinsipi üzərində qurulmuş və əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanmışdır. Məlum olduğu kimi, neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində bir sıra mütərəqqi yeniliklər ilk dəfə məhz Azərbaycanda tətbiq olunmuş, neftçilərimizin fədakar əməyi sayəsində təkmilləşdirilərək dünya praktikasında yayılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hələ ötən əsrin 70-80-ci illərində neft sənayesinin yenidən qurulması istiqamətində inamlı addımlar atılmış, Azərbaycanın bu sahədə ənənəvi lider mövqeyi qorunub saxlanılmışdır.
Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə - xarici təcavüzlə, daxili siyasi-iqtisadi böhranla üzbəüz qaldığımız dövrdə də ölkənin xilası naminə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dərin zəkası, müdrik siyasəti, zəngin idarəçilik təcrübəsi ilə qısa zamanda sabitlik yaratmağa müvəffəq oldu və ölkənin davamlı inkişaf yoluna qədəm qoyması, xalqın rifahının yüksəlməsi üçün neft sənayemiz yenə təməl daşı rolunu oynadı. İqtisadiyyatın gücləndirilməsi, Xəzərin dərinsulu hissələrində kəşf edilmiş yataqlarda istismara başlanılması, nüfuzlu xarici neft şirkətləri ilə milli maraqlara söykənən səmərəli əməkdaşlıq qurulması, müasir texnologiyaların, yeni nəsil avadanlıqların tətbiq edilməsi xətti götürüldü. Beləliklə, XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən birinə start verildi. Təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyan bu layihə həm də ümumdünya neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı idi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişafına yönəlmiş hərtərəfli, müdrik siyasətini Prezident İlham Əliyev bu gün uğurla davam etdirir. Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan respublikamız Xəzərin enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirir.
Xəzər hövzəsi ölkələri ilə Qərbin transmilli korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində 20-dən artıq beynəlxalq enerji şirkəti neft-qaz əməliyyatlarına cəlb olunmuşdur. Bundan başqa, SOCAR və onun törəmə şirkətləri 15 ölkədən 27 şirkətlə imzalanmış Hasilatın Pay Bölgüsü sazişlərinin iştirakçısıdır. 36 birgə müəssisəmiz, 5 alyansımız, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlərimiz və 13 nümayəndəliyimiz müasir neft və qaz sənayesinin, demək olar, bütün sahələrini əhatə edir. 1994-2015-ci illərdə imzalanmış Hasilatın Pay Bölgüsü sazişləri üzrə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə təqribən 62 milyard dollardan artıq sərmayə qoyulmuşdur. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük işlər görülmüş və uğurlu nəticələr alınmışdır. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları, son illərdə “Abşeron” və “Ümid” yataqları aşkar edilmişdir.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən bu yana aparılan genişmiqyaslı tədbirlər ölkə üzrə neft hasilatının sürətli templərlə inkişafına güclü təkan vermişdir. Son illər blokda hasilatın yüksəldilməsi məqsədi ilə tədbirlər proqramı hazırlanmış, layihənin gələcək inkişaf strategiyası müəyyənləşdirilmişdir. “Əsrin müqaviləsi” çərçivəsində maksimum hasilatın uzunmüddətli dövr üçün saxlanılması məqsədinə xidmət edən “Çıraq” Neft Layihəsi üzrə hasil olunan neftin ötən ildən sistemə daxil olması uğurlu nəticələrdən biridir. Hazırda “Qərbi Çıraq” platformasında 8 quyu fəaliyyət göstərir, sutkada təxminən 14,5 min tondan artıq neft və 2,6 milyon kubmetr qaz hasil edilir. Bu layihə AÇG-də layların neft verimini maksimuma çatdırmağa imkan yaradacaq.
Ötən il respublika üzrə neft hasilatı 42 milyon ton təşkil etmişdir ki, bunun da 8,3 milyon tonu SOCAR tərəfindən hasil olunmuşdur. İstismarın intensivləşdirilməsi, yeni quyuların qazılması ilə birlikdə köhnə quyularda təmir-bərpa işlərinin aparılması istiqamətində də mühüm işlər görülmüşdür. Avqustun 1-nə olan məlumata görə, “Azneft” İstehsalat Birliyinə daxil olan NQÇİ-lərdə həyata keçirilmiş 3672 geoloji və texniki tədbir nəticəsində 198 min tona yaxın əlavə neft hasil edilmişdir.
Xəzər akvatoriyasında neft-qaz əməliyyatlarının genişlənməsi yeni nəsil üzən qazma qurğularının tikilməsini zərurətə çevirmişdir. Bu məqsədlə dənizin 1000 metrədək dərinliklərində 10 min metr qazma gücünə malik müasir tələblərə cavab verən 6-cı nəsil üzən qazma qurğusu inşa edilir. Dənizin 800 metr dərinliyinə kimi əlavə dəstək olmadan işləyə biləcək bu qurğu “Kaspian Drillinq Kompani MMC” və Sinqapurun “Keppel FELS” şirkətlərinin yaratdığı birgə müəssisə tərəfindən Bakıda tikilir. Layihənin əhəmiyyəti nəzərə alınaraq onun maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birlikdə aparılır. Yeni qurğu Xəzərin ekologiyasının çirklənmə ehtimalına qarşı dünya standartlarına uyğun bütün qabaqlayıcı avadanlıqlarla təmin ediləcəkdir. Plana əsasən, qurğunun inşası gələn ilin sonlarında başa çatdırılmalıdır.
Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi SOCAR-ın qarşısındakı əsas vəzifələrdən biridir. Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. Dəniz akvatoriyalarındakı ən iri yataqlardan sayılan “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. İndiyədək yataqdan işlənmənin 1-ci mərhələsi çərçivəsində 64,1 milyard kubmetr qaz, 16,3 milyon ton kondensat hasil olunmuşdur. İstismar dövrünün başlanğıcından 2015-ci il sentyabrın 1-dək yerli və xarici bazarlara 63,5 milyard kubmetr qaz, 16,3 milyon ton kondensat nəql edilmişdir. Hazırda yataqda orta gündəlik hasilat 29 milyon kubmetr qaz və 6,9 min ton kondensat həcmindədir. İstismarda olan “Şahdəniz-1” mərhələsinin hasilat gücü ildə 9 milyard kubmetr təbii qaz təşkil edir. İşlənmənin 2-ci mərhələsi, “Faza-2” çərçivəsində isə yataqda illik hasilatı minimum 16 milyard kubmetrə çatdırmaq üçün müvafiq tədbirlər görüləcəkdir. Belə ki, “Şahdəniz-2” layihəsi çərçivəsində 2 yeni platforma inşa ediləcək, 26 quyu qazılacaq, sualtı avadanlıqlar quraşdırılacaq, Səngəçal terminalı genişləndiriləcək, eyni zamanda 500 kilometrlik sualtı boru kəmərləri çəkiləcək. Hazırda layihə üçün 23 ölkədən 162 avadanlıq təchizatçısı cəlb olunmuş, mühəndislik, tikinti və təchizat üzrə müqavilələr imzalanmış, istismar quyularından 8-nin qazması tamamlanmışdır.
“Ümid” yatağı “Şahdəniz”dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır. Hesablamalar göstərir ki, “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir. Hazırda yataqda iki istismar quyusu işləyir, daha bir quyunun qazma isə davam edir. Aparılmış geoloji tədqiqatlar “Ümid” qaz yatağının yaxınlığında ehtiyatları ondan təxminən 2 dəfə çox olan “Babək” yatağının da olduğunu göstərir. Odur ki, SOCAR bu yataqların birlikdə işlənilməsini daha əlverişli hesab etmişdir. Hazırda blokun ümumi geoloji quruluşu haqqında daha ətraflı məlumat toplayaraq bu istiqamətdə işləri davam etdiririk.
Qaz hasilatının artırılmasında SOCAR-ın müstəqil surətdə işlədiyi yataqlarda aparılan tədbirlər də mühüm rol oynamışdır. Prezident İlham Əliyevin göstərişinə əsasən, bir neçə il əvvəl şirkətimiz bu istiqamətdə genişmiqyaslı kompleks tədbirlər proqramı hazırlamışdır və həmin proqram hazırda həyata keçirilir. Görülən işlər nəticəsində bu yataqlarda məhsuldarlıq yüksəlmişdir.
Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini - “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bu, “Şahdəniz-2” və sonrakı layihələrimiz çərçivəsində Azərbaycanda çıxarılacaq böyük təbii qaz həcmlərinin Avropa İttifaqı ölkələrinə daşınması məqsədilə yaradılan nəhəng infrastruktur zənciridir. “Cənub” qaz dəhlizinin təməli ötən il sentyabrın 20-də Prezident İlham Əliyevin, layihənin iştirakçısı və tərəfdaşı olan ölkə və şirkət rəhbərlərinin iştirakı ilə qoyuldu. Dövlət başçısının müvafiq sərəncamı ilə layihə üzrə Dövlət Komissiyası da yaradılmışdır. “Cənub” qaz dəhlizi layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir. Prezident İlham Əliyev bu layihəni “XXI əsrin layihəsi” adlandırmış, istehsalçı, tranzit və istehlakçı ölkələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədi ilə “Cənub” qaz dəhlizinin Məşvərət Şurasını təsis etmişdir. Bu ilin fevralında iştirakçı ölkələrin, ABŞ və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin iştirakı ilə şuranın birinci iclası keçirilmişdir. Qəbul olunan birgə bəyanatda layihənin həyata keçirilməsində Azərbaycanın səyi dəstəklənmiş, ölkəmizin aparıcı rolu vurğulanmışdır.
“Cənub” qaz dəhlizi layihəsi Xəzər regionundakı qaz təchizatını ilk dəfə olaraq Avropa bazarları ilə birləşdirəcək, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik edəcək. İlk növbədə, Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz Boru Kəməri genişləndiriləcək. Hazırda bu kəmərlə “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaq.
Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə “Cənub” qaz dəhlizinin birləşdirici halqası kimi həyata vəsiqə almış Trans-Anadolu Boru Kəməri - TANAP “Şahdəniz” qazını Türkiyənin 20 vilayətindən keçməklə 1850 kilometrlik bir məsafədə nəql edəcək. TANAP-ın ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınmışdır.
Bu ilin martında Qarsda Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının iştirakı ilə TANAP-ın təməli qoyulmuşdur. Hazırda Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinə qədər bütün ərazisində tikinti işlərinə intensiv hazırlıq gedir. Artıq boru təchizatının təmin edilməsi üçün müqavilələr imzalanmış, tikintinin kontraktorları seçilmişdir. “Şahdəniz-2” qazının Gürcüstan və Türkiyəyə təchiz edilməsi qrafikdə nəzərdə tutulduğu kimi, 2018-ci ilin ikinci yarısına planlaşdırılır.
TANAP Türkiyə-Yunanıstan sərhədində “Cənub” qaz dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri - TAP ilə birləşəcək. TAP kəməri qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu kəmər vasitəsilə Avropaya çatdırılması 2020-ci ilə planlaşdırılır. Uzunluğu 871 kilometr olacaq boru kəmərinin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetrdir. Hazırda TAP-ın keçdiyi ərazilərdə torpaqların alınması və müvafiq infrastruktur hazırlıqları uğurla davam etdirilir. İlin sonuna qədər əsas müqavilələrin imzalanması başa çatmalıdır.
Onu da qeyd etmək lazımdır ki, hazırda Avropada, xüsusilə də Balkan ölkələrində “Cənub” qaz dəhlizini istiqamət götürən müxtəlif əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisi nəzərdə tutulur. Biz bu təşəbbüsləri dəstəkləyir və diqqətdə saxlayırıq. Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir və hasilatın artırılması istiqamətində fəaliyyətimizi genişləndiririk. Mövcud layihələr üzrə görülən tədbirlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün imkanlar böyükdür. Bu, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artıracaq.
Ölkə əhalisinin və sənayenin təbii qaz təminatında ciddi dönüş əldə olunmuşdur. Prezidentin tapşırığına əsasən, qaz təsərrüfatı durmadan inkişaf etdirilir, yaşayış məntəqələrinin qazlaşdırılması, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə göstəricilər ilbəil artır. Təkcə bu ilin 8 ayı ərzində 170 yaşayış məntəqəsinə təbii qaz verilmiş, əhali kateqoriyasına aid daha 51921 abonent təbii qazla təmin olunmuşdur. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 1 milyon 783 min 170-ə çatmışdır.
Neft-qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi SOCAR-ın istismar etdiyi yataqlarda tikinti-quraşdırma və təmir işlərini sürətləndirməyi tələb edir. Bu cəhətdən dəniz yataqlarında yeni platformaların inşası xüsusi önəm daşıyır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Bakıda tikilmiş Dərin Özüllər Zavodu “Əsrin müqaviləsi”nin həyata keçirilməsində mühüm rol oynamışdır. Bu gün də öz missiyasını yerinə yetirən BDÖZ-də, eyni zamanda SOCAR-ın “Neftqaztikinti” trestinin Zığdakı istehsalat sahəsində müxtəlif qurğu və obyektlər, dənizin dərinsulu hissələrində işləməyə imkan verən stasionar özül və dayaq blokları inşa edilir. Son bir ildə “Bulla-dəniz”, “Çilov”, “Qərbi Abşeron”, “Neft Daşları” yataqlarında ümumilikdə 33 istismar quyusunun qazılması üçün yeni dəniz özülləri və estakadayanı meydançalar tikilib istifadəyə verilmişdir. Hazırda bir neçə başqa yataqda da stasionar dəniz özüllərinin tikintisi davam edir ki, həmin özüllərdən də 40-a yaxın istismar quyusunun qazılması nəzərdə tutulur.
Azərbaycan dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Neftayıranlar həmişə olduğu kimi, bu gün də mühərrik yanacaqları istehsalının artırılması və keyfiyyətin yaxşılaşdırılması istiqamətində uğurla çalışırlar. Ötən il emal kompleksində 6740,5 min ton xam neft emal olunaraq 1238,3 min ton avtomobil benzini, 709 min ton reaktiv mühərrik yanacağı, 2264,9 min ton dizel yanacağı, 184,2 min ton maye qaz, 262,9 min ton bitum, 260,1 min ton koks və digər məhsullar istehsal edilmişdir. Məhsulun 70 faizi daxili bazarın tələbatına, qalan hissəsi isə ixraca yönəldilmişdir. Emal dərinliyi 93,2 faiz təşkil etmişdir.
Emal kompleksində texnoloji proseslərin yeniləşdirilməsi və optimallaşdırılması daim diqqət mərkəzindədir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinə start verilmişdir. Məqsəd istehsal olunan yanacaq məhsullarını “Avro-5” standartlarına uyğunlaşdırmaq, yeni bitum istehsalı yaratmaq, “Azərikimya” İB-ni davamlı olaraq qaz xammalı ilə təmin etməkdən ibarətdir. Müəssisənin əsas qurğuları və ümumzavod təsərrüfatı yeniləşdiriləcək, bir neçə yeni qurğu inşa olunacaq, istehsal gücü ildə 7,5 milyon tonadək artırılacaqdır. Qaradağ Qaz Emalı Zavodunda da qazın təmizlənməsi və emalı prosesləri təkmilləşdirilir. Zavod ötən ili və bu ilin səkkiz ayını uğurla başa vurmuş, təmizlənmiş quru qaz, texniki butan və qaz benzini kimi məhsullar üzrə proqnozlara əməl etmişdir.
Bu il respublikamızda kimya sənayesinin yaradılmasının 70 illiyi tamam olur. Bu sənayenin də sistemli inkişafında bütöv bir mərhələ xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə respublikada yeni kimya müəssisələri tikilmiş, Sumqayıt keçmiş Sovet İttifaqında güclü kimya sənayesi mərkəzi kimi məşhurlaşmışdı. Ulu öndər müstəqillik dövründə də neft-kimya kompleksinin inkişafını Azəbaycan sənayesinin mühüm tərkib hissəsi kimi diqqət mərkəzində saxlamış, ekoloji məsələlərə xüsusi önəm vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamına əsasən, “Azərikimya” İstehsalat Birliyi kimi SOCAR-ın tərkibinə birləşdirildikdən sonra bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin daha sıx inteqrasiyası, səmərəliyin, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi şirkətin prioritet istiqamətlərindən biri olmuşdur. Neft-kimya sənayesinin inkişafında müsbət dinamika əldə etmişik və son illər sahənin ümumi iqtisadi göstəriciləri yüksələn xətt üzrə davam edir.
Prezidentin müvafiq sərəncamına əsasən, Sumqayıtda Kimya Sənaye Parkının yaradılması istiqamətində güclü iş gedir. Parkda xammal kimi “Azərikimya”nın məhsullarından istifadə olunacaq, əlavə dəyər yaradan müxtəlif çeşidli yekun istehlak malları istehsal ediləcək. SOCAR-Polimer layihəsi də həmin məqsədə xidmət edir. Layihəyə əsasən, parkın nəzdində illik istehsal gücü 180 min tonluq polipropilen və 120 min tonluq yüksək sıxlıqlı polietilen qurğuları, habelə müvafiq infrastruktur inşa olunacaq. Artıq layihənin maliyyələşdirilməsinə dair “Qazprombank”la kredit sazişi imzalanmışdır. Müəssisənin yaradılmasında ölkənin qeyri-neft sektorunun təmsilçiləri də SOCAR-la birlikdə təsisçi kimi iştirak edirlər.
Təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulmuş Sumqayıt Karbamid Zavodunda inşaat işlərinin 2017-ci ildə tamamlanması nəzərdə tutulur. Müasir beynəlxalq standartlar əsasında inşa olunan bu müəssisədə gündəlik 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid istehsal ediləcək. Artıq layihə üzrə işlərin çox hissəsi görülmüşdür. Ölkəmizin azot gübrəsinə tələbatını ödəmək gücünə malik bu zavod kənd təsərrüfatının inkişafına neftçilərin töhfəsi olacaqdır.
Müasir standartlara cavab verən Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (OGPC) yaradılması üzrə də işlər gedir. Xarici şirkətlər tərəfindən göstərilən böyük maraq nəzərə alınaraq, layihəyə potensial investorların cəlb olunması məqsədəuyğun sayılmışdır. Artıq Yaponiyanın nüfuzlu “Mitsui” şirkəti ilə Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Layihə üçün ayrılmış ərazidə ətraflı torpaq-tədqiqat (geoloji, geofiziki, hidroloji, seysmoloji və s.) işləri həyata keçirilmişdir. Onu da qeyd edək ki, OGPC layihəsi Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından böyük önəm daşıyır.
Regionun lider şirkəti olan SOCAR Azərbaycanla yanaşı, Türkiyədə də mühüm neft-kimya layihələri həyata keçirir. Türkiyənin bu sektorda yeganə istehsalçısı olan “Petkim” SOCAR-ın idarəçiliyində bir çox uğurlar qazanmışdı. Etilen və təmiz tereftal turşusu istehsal edən qurğularda məhsuldarlığın artırılmasına nail olunmuş, “Petkim”in potensialı yüksəlmişdir. Biz inkişaf etməkdə olan Türkiyə bazarında holdinqin payını 40 faizə çatdırmaq məqsədilə neft emalı neft kimyası - enerji - logistika- distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsi həyata keçiririk. Bu zəncirin əsas halqasını illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodu təşkil edir. Zavod ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta) təmin etmək məqsədilə inşa olunur. Əlavə məhsullar isə Türkiyə daxilində reallaşdırılacaqdır. “Technicas Reunidas” və “Saipem”, “GS” və “İtochu” kimi dünyada tanınmış şirkətlərdən ibarət konsorsium tərəfindən inşa olunan “STAR” zavodu regionda SOCAR-ın rəqabət gücünü artıracaq, ona əhəmiyyətli üstünlük qazandıracaq.
Bu gün Gürcüstanın regional qaz təchizatının 95, neft məhsullarının pərakəndə satış bazarının isə 25 faizini SOCAR təmin edir. “SOCAR” brendi ilə qonşu ölkədə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Gələcəkdə şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. “SOCAR Energy Georgia”-nın qonşu ölkədəki səmərəli fəaliyyətinin nəticəsidir ki, artıq neçə ildir bu qurum Gürcüstanda “İlin ən yaxşı şirkət”i adına layiq görülür.
SOCAR-ın İsveçrədə öz treydinq şirkətini yaratması enerji strategiyamız çərçivəsində uğurla həyata keçirdiyimiz iri neft-qaz layihələrində Azərbaycanın payına düşən xam neft hasilatının əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlmişdir və qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur. 2008-ci ildən Cenevrədə effektiv fəaliyyət göstərən “SOCAR Trading SA” əsas etibarilə dünyanın tanınmış neft şirkətlərinə və emal müəssisələrinə Azərbaycan mənşəli xam neftin satışı ilə məşğul olur. Neftimiz bu illərdə Şimali Amerika, Asiya və Avstraliya regionları daxil olmaqla bir sıra qeyri-ənənəvi istehlak bazarlarına təchiz edilmişdir. Əgər 10 il bundan əvvəl Aralıq dənizi bazarı hüdudlarından kənarda satılan Azərbaycan neftinin payı cəmi 10-15 faiz təşkil edirdisə, indi bu göstərici 45 faizə qədər yüksəlmişdir. Ötən il Asiya bazarına təchiz olunan Azərbaycan nefti SOCAR-ın ümumi ixrac həcmlərinin 24 faizini təşkil etmişdir. Treydinq fəaliyyətilə məşğul olan digər iri neft şirkətləri kimi, biz də üçüncü tərəflərə məxsus neft və neft məhsullarının ticarətini həyata keçiririk. “SOCAR Trading SA” şirkətinin ümumi ticarət fəaliyyətinin 40 faizdən çoxunu digər ölkə və istehsalçılara məxsus xam neft və neft məhsulları təşkil edir. Fəaliyyət sahəsini genişləndirən treydinq şirkətimiz Dubay, Sinqapur və Londonda ofislər, İstanbul, Qahirə, Laqos və Monakoda nümayəndəliklər təsis etmişdir. “SOCAR Trading SA” BƏƏ-də yerləşən Fuceyra limanında həcmi 641 min kubmetr olan neft məhsulları terminalının inşası layihəsini həyata keçirir ki, bu da mühüm enerji bazarlarından olan Yaxın Şərq və Şərqi Afrika regionunda fəaliyyəti gücləndirmək məqsədi daşıyır.
İsveçrə, Rumıniya və Ukraynanın pərakəndə neft məhsullarının satışı bazarlarında da uğurla çalışırıq. Hazırda “SOCAR” brendi ilə İsveçrədə 150, Ukraynada 50, Rumıniyada 32 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Tətbiq olunan innovativ metodlar Avropa alıcılarının rəğbətini qazanmışdır. Biz beynəlxalq bazarlarda iştirak payımızı və coğrafiyamızı bundan sonra da genişləndirməkdə maraqlıyıq.
Neft sənayesinin yüksəlişi, iqtisadi resurslar cənab İlham Əliyevin də qeyd etdiyi kimi, məqsəd yox, vasitədir. Enerji strategiyası ümummilli yüksəlişin əhəmiyyətli amili, bu sektordan gələn gəlirlər geniş həcmli sosial-iqtisadi proqram və layihələrin başlıca maliyyə qaynağıdır. Neft kapitalının insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. Yüksək biliyə, peşəkarlığa malik Azərbaycan neftçiləri tarixən ölkəmizin inkişafı üçün gərgin səy göstərməklə yanaşı, dünyanın digər regionlarında da karbohidrogenlərin kəşfiyyat və hasilatında əvəzsiz rol oynamışlar. Müasir tələblərə cavab verən, geniş bilik və dünyagörüşə malik kadrların hazırlığı bu gün də şirkətin prioritetlərindəndir. Hazırda SOCAR-da 53 minə yaxın işçi çalışır. Kifayət qədər zəngin resurslara malik belə bir kollektivi müasir tələblər səviyyəsində daim təkmilləşdirmək, vahid məqsədlər uğrunda birləşdirmək, nəsillərarası bilik və təcrübə mübadiləsini təşkil etmək gələcək uğurlarımızın açarıdır. 2006-cı ildən davamlı olaraq keçirilən Xarici Təqaüd Proqramı üzrə hər il müsabiqə əsasında seçilən 50 nəfərədək gəncin neft-qaz sahəsində ixtisaslaşmış aparıcı dünya universitetlərində təhsili maliyyələşdirilir. İndiyədək proqramda iştirak edən 267 tələbənin 218-i artıq gənc mütəxəssis kimi idarə və müəssisələrimizdə işə cəlb olunmuşdur.
Prezident İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi Azərbaycanda və xaricdə həyata keçirdiyimiz beynəlxalq layihələrdə işləyə biləcək ingilisdilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Tələbə qəbulu prosesinin nəticələrinə görə, TQDK-nın tərtib etdiyi reytinq cədvəlində BANM 2012-ci ildən indiyədək mütləq liderdir. Bundan başqa, şirkətimizin nəzdində yüksək ixtisaslı fəhlə kadrları hazırlayan 5 təlim mərkəzi var və bu mərkəzlərdə SOCAR, ölkəmizdə çalışan xarici neft şirkətləri, habelə sənayenin qeyri-neft sahələri üçün fəhlə kadrları hazırlanır. Onu da qeyd etmək istərdim ki, Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək şirkətlərdə kadrların milliləşdirilməsi proqramı həyata keçirilir və hazırda əsas neft-qaz müqavilələri üzrə çalışan işçilərin 85 faizdən çoxunu Azərbaycan vətəndaşları təşkil edir.
Neftçilərin sosial-məişət məsələləri də diqqət mərkəzindədir. SOCAR üzrə mənzil uçotunda hazırda 4244 işçi dayanır ki, onların da 3802 nəfəri Bakı şəhərini əhatə edir. Ötən illərdə 660 neftçiyə pulsuz ev verilmiş, daha 1259 nəfər isə növbədə olan əməkdaşların qısa müddətdə yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə yaradılmış “Neftçi” Mənzil Tikinti Kooperativi vasitəsi ilə mənzil almışdır. Mənzil uçotunda olan kooperativ üzvlərinin pay haqqının ödənilməsinə, bu məqsədlə kreditləşməyə şirkət tərəfindən dəstək verilir. SOCAR-da çalışan gənc mütəxəssislər də ehtiyacı olduqda kooperativə qəbul edilirlər. İndiyə qədər təqaüd proqramlarımızın iştirakçısı olmuş 81 gənc mütəxəssis bu yolla mənzil almışdır. Neftçilər günü ərəfəsində Sahil qəsəbəsində 204 mənzilli daha 2 yaşayış binasının açılışını etdik. Hazırda Bakının Xətai rayonunda 9 mərtəbəli 128 mənzilli yeni yaşayış binasında tamamlama işləri aparılır. Qaraçuxur qəsəbəsində isə yeni yaşayış binalarının tikintisinə hazırlıq görülür. Qarşıdakı illərdə Lökbatan qəsəbəsində 452, Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün böyük yaşayış kompleksləri salmaq niyyətindəyik. Bundan əlavə, SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır.
Dövlət başçısı İlham Əliyev demişdir: “Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir”. Bəli, Xəzərin zəngin sərvətlərindən bəşəriyyətin tərəqqisi naminə istifadə edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyamızın başlıca amalıdır. Bu gün də qloballaşan dünyanın çağırışları ruhunda davam edən bu strategiya Azərbaycan xalqına tarixən xas olan dərin humanizm və insanpərvərliyin təntənəsini dünyaya yayır. Yer kürəsinin inkişaf və tərəqqisinə töhfələr verən enerji strategiyamız hələ uzun illər boyu ölkəmizə və dövlətimizə misilsiz nailiyyətlər qazandıracaq.
Rövnəq
ABDULLAYEV,
SOCAR-ın
prezidenti, Milli Məclisin deputatı
Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 4.