“SOCAR-AQŞ” MMC müasir beynəlxalq müəssisəyə çevrilir

 

Sentyabrın 20-də təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan neft sənayesinin tarixində əhəmiyyətli yer tutan “Əsrin müqaviləsi”nin iyirmi bir illiyi özündə bir çox amilləri səciyyələndirir. Bəs “Əsrin müqaviləsi” müstəqilliyini bərpa etmiş Azərbaycana nə verdi? Bu sual ətrafında xeyli müzakirələr aparılıb və ictimaiyyət “Əsrin müqaviləsi”nin Azərbaycan xalqının həyatında oynadığı rolun əhəmiyyəti barədə zəngin məlumatlara malikdir.

Hamımıza yaxşı məlumdur ki, müstəqilliyimizi bərpa edəndən indiyədək Azərbaycan böyük və şərəfli yol keçməkdədir. “Əsrin müqaviləsi”nın imzalanması tarixi hadisə olmaqla yanaşı, Azərbaycan və qonşu dövlətlərin siyasi və iqtisadi həyatında dönüş nöqtəsi yaratdı.

Sevindirici hal odur ki, ilk dəfə olaraq müstəqil Azərbaycan dövləti Xəzər dənizinin karbohidrogen ehtiyatlarını xarici şirkətlərlə birgə işlənilməsi təşəbbüsünü reallığa çevirdi. Bununla biz nə çar Rusiyasının, nə də ki Sovet İttifaqının bayrağı altında deyil, məhz suveren dövlət olaraq iradəmizi ortaya qoya bildik.

“Azəri-Çıraq-Günəşli” yataqları üzrə imzalanmış müqavilə öz əhəmiyyətini saxlamaqla yanaşı, digər layihələrin də uğurla reallaşmasına zəmin yaratdı.

İlk dəfə olaraq Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradıldı. Bu da öz növbəsində, digər layihələrin uğurlu icrasına təkan verdi.

Azərbaycanın qədim neft diyarı olmasını neft-qaz sənayesində çalışan şirkətlər bilsələr də, dünya ictimaiyyətinin bu barədə bilikləri demək olar ki, yox səviyyəsində idi. Sovetlər birliyindən ayrılan və eyni zamanda torpaqlarının 20 faizinin işğalı ilə gündəmə gələn Azərbaycan ağır humanitar fəlakət, qaçqın və məcburi köçkün ordusu ilə üzbəüz qalmışdı. Belə bir vaxtda ölkəmizin real potensialını və gələcək inkişaf planlarını uzlaşdıran strateji planlaşdırmaya böyük ehtiyac var idi. Belə bir çətin vaxtda, 1990-cı illərin ortalarında Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənildi. Bununla da enerji siyasətində silsilə tarixi hadisələr baş verdi. Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün də öz əhəmiyyətini qabarıq şəkildə büruzə verir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə verilmişdir. Beləliklə, ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz ehtiyatları dünya bazarlarına çıxarıldı. Bu, sadəcə, təbii ehtiyatların dünya bazarına çıxarılmasına xidmət edən sadə bir dəhliz deyil. Bu dəhliz bizim və qonşularımızın siyasi və iqtisadi həyatında çox önəmli rol oynayır. Bu dəhliz çərçivəsində strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. Beləliklə, “Üç dənizin əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan layihəsi yeni təşəbbüslərə yol açaraq Azərbaycanı qlobal enerji bazarında çox etibarlı və ciddi ölkə kimi tanıtdı.

Əsası ulu öndər tərəfindən qoyulan milli neft strategiyası bir neçə onilliklərin proqnozlarını əks etdirən strateji bir sənəddir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi möhtəşəm layihələrin başlanması bu strategiyanın həyata keçirilməsi üçün atılmış konkret addımlar idi. Bu və növbəti layihələrin həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. “Şahdəniz-2”, TANAP və TAP layihələri bu qisimdəndir.

1996-cı ildə imzalanan “Şahdəniz” müqaviləsi Azərbaycanı yalnız neft ölkəsi kimi deyil, həmçinin zəngin qaz yataqlarına sahib olan dövlət kimi də tanıtdı. Bu yataq indi bölgədə gedən enerji təhlükəsizliyi ilə bağlı proseslərə həlledici təsir edir. Son illər regionda əsas güclər arasında baş verən geosiyasi proseslər buna əyani sübutdur.

TANAP və Trans-Adriatik boru kəməri layihələri də strateji əhəmiyyətə malik olmaqla ölkəmizin iqtisadi müstəqilliyinin təminatıdır. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz tranzit xidmətlərini göstərir.

Fəxrlə qeyd edə bilərəm ki, bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir və Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirir. Bu və növbəti layihələrin uğurlu icrası nəticəsində ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafı təmin ediləcəkdir.

“Şahdəniz-2”, TANAP və TAP layihələri bizim üçün, sadəcə, təbii ehtiyatlarımızı dünya arenasına çıxarmaqla əldə etdiyimiz regional söz sahibliyi ilə tamamlanmır. Belə layihələrin icrasının digər əsas nəticələri Azərbaycan xalqının bundan sonra əldə edəcəyi maddi rifah və həyat şəraitinin, güzəranının yaxşılaşdırılmasıdır.

Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil etsə də, bu gün əminliklə demək olar ki, qeyri-neft sektorunda da böyük canlanma müşahidə edilir. Belə ki, 2015-ci ilin 8 ayı ərzində qeyri-neft sənayesi 14 faiz, kənd təsərrüfatı 7,3 faiz, ümumi daxili məhsul isə təxminən 6 faiz artmışdır.

Bu göstəricilər ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasının uğurlu icrasından xəbər verir.

Məhz ölkə Prezidentinin düşünülmüş iqtisadi siyasəti əsnasında hər bir sahədə islahatlar aparılır. Bu islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bildiyiniz kimi, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da respublikamız üçün çox böyük nailiyyət və göstəricidir.

Qürurverici haldır ki, Azərbaycan iqtisadiyyatı dünyanın 40 ən rəqabətcil iqtisadiyyatlarından biridir. Davos Dünya İqtisadi Forumunun hesablamalarında qlobal rəqabətə davamlılıq indeksinə görə, biz 38-ci yerdəyik. Qısa müddət ərzində bu cür nəticənin əldə edilməsi hünər məsələsidir.

Əminliklə demək olar ki, bu il qəbul edilən üçüncü regionalların sosial inkişafı Dövlət Proqramının icrası nəticəsində 2018-ci ilə qədər bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik və bu istiqamətdə xeyli uğurlar əldə edilmişdir.

''Əsrin müqaviləsi''nin imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq şirkətə çevrilmişdir. Qürurla demək olar ki, bu gün dünyanın nəhəng neft şirkətləri arasında Azərbaycan Dövlət Neft Şirkəti öz xüsusi çəkisi və nüfuzu ilə seçilir. 160 illik zəngin tarixi təcrübəyə malik olan ARDNŞ bu gün nəinki ölkəmizdə, həmçinin digər ölkələrdə də bir sıra layihələri həyata keçirir. Azərbaycan Dövlət Neft Şirkətinin həm ölkə daxilində, həm də dünya miqyasında çox güclü mövqeləri var. Həmçinin gənc kadrların yetişdirilməsində, onların xaricdə təhsillərinin davam etdirilməsində də böyük rol oynayır. İstənilən nailiyyətin kökündə təhsil, bilik və savad durur. Gənc mütəxəssislərin yetişdirilməsi və onların işlə təminatı baxımından Dövlət Neft Şirkəti böyük işlər görməkdədir.

Biz hal-hazırda yerli neft sənayesinə yeni texnika və texnologiyaları gətiririk və onları öz milli kadrlarımız vasitəsilə tətbiq edirik. Gənc müstəqil dövlət üçün bu uğurların əldə edilməsi çox qürurvericidir.

Biz yeni təsis edilmiş SOCAR-AQŞ MMC olaraq qarşımıza məqsəd qoymuşuq ki, MMC Azərbaycan qazmaçılarının tarixi qabaqcıl rolunu müasir dövrdə bərpa etməlidir. Müəssisənin yaradılmasında məqsəd qabaqcıl qazma texnologiyalarından və müasir idarəetmə üsullarından istifadə etməklə təhlükəsiz və keyfiyyətli qazma işləri aparmaq, neft və qaz quyularını ən qabaqcıl beynəlxalq standartlara uyğun tikərək sifarişçi təşkilata təhvil verməkdir. Həmin dövrdən etibarən müəssisə ətraf mühitin mühafizəsini, mütəxəssislərinin sağlamlığını və təhlükəsizliyinin təminatını əsas götürməklə 40-dan çox yüksək debitli neft-qaz quyularını qazaraq sifarişçilərə təhvil vermişdir.

SOCAR-AQŞ rəqabətə davamlı müasir qazma müəssisəsinin səmərəli strukturunu və kadr potensialını yaratmaq istiqamətində də səylərini var gücü ilə davam etdirir.

SOCAR-AQŞ qısa zaman kəsiyində milli qazma tariximizdə yeni səhifələr açıb.

Müəssisənin həyata keçirdiyi yeni uğurlu layihəyə nümunə olaraq 13 saylı DDSÖ-dən 350 saylı horizontal quyunun tikintisi işlərini misal çəkmək olar. Belə ki, ilk milli müəssisə olaraq Xəzərin “Günəşli” yatağının dayazsulu hissəsində, “Uralmaş 6000 PEM” qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan Yuxarı İntiqallı Qurğu - “Top Drive” quraşdırıb. Bu avadanlığın tətbiqi nəticəsində horizontal qazma vasitəsilə dənizdəki məhdud sayda quyu yerindən səmərəli istifadə edilir, debitin dəfələrlə artması hesabına quyu tikintisinin ümumi səmərəliliyi artır.

Məhz yeniliklər sayəsində son 3 ildə qazmanın orta kommersiya sürəti dörd dəfə artıb, qazma əməliyyatlarında boşdayanmaların faizi isə sifarişçi tərəfindən müəyyən edilmiş 3 faizlik göstəricidən xeyli aşağıdır.

Başqa bir nümunə: SOCAR-AQŞ öz təcrübəsində ilk dəfə olaraq neft əsaslı məhlul sistemindən də istifadə edilməsini məhz 350 saylı quyunun qazma işlərində uğurla sınaqdan keçirdi. Bu məhlul quyunun təmizlənməsinə və qazma sürətinin artmasına əhəmiyyətli dərəcədə öz töhfəsini verdi. Yeni texnologiyaların tətbiqi qazma sürətinin artmasında və il ərzində daha çox quyuların qazılıb sifarişciyə təhvil verilməsində əhəmiyyətli rol oynayır. SOCAR-AQŞ əldə edəcəyi bu təcrübədən bəhrələnərək gələcəkdə də yeni, müasir tipli avadanlıqların, texnologiyaların lazım gəldiyi hallarda alınması və tətbiqi sahəsində səylərini artıracaq.

Yaxın gələcək üçün planımız yeni layihələr olan ''Qərbi-Abşeron'', ''Bulla-dəniz'' və ''Günəşli'' yatağındakı 7 saylı DDSÖ-də qazma işlərinə uğurla başlamaqla yanaşı, beynəlxalq bazara daxil olmaqdır. Qeyd etdiklərimiz SOCAR-AQŞ-nin inkişaf perspektivlərinin reallığını göstərir. Bunlar sayəsində biz SOCAR-AQŞ-nin tez bir zamanda inteqrə edilmiş qazma və quyu xidmətləri göstərən müasir beynəlxalq müəssisəyə çevriləcəyinə inanırıq.

SOCAR-AQŞ kollektivi ölkə başçısı İlham Əliyevin müəyyən etdiyi strategiyanın və siyasətin həyata keçirilməsinə, həmçinin ARDNŞ rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasına öz töhfəsini verməkdən qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir.

 

Ramin İSAYEV,

“SOCAR-AQŞ” MMC-nin baş direktoru

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 5.