“Əsrin
müqaviləsi” sosial-iqtisadi inkişafın bünövrəsidir
Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının xarici şirkətlərlə birgə işlənməsi ulu öndər Heydər Əliyevin böyük nüfuzu, gərgin mübarizəsi və kəsərli sözü sayəsində mümkün oldu. Sonradan “Əsrin müqaviləsi” adını almış “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması dünyaya sübut etdi ki, Azərbaycan azad, müstəqil, suveren bir ölkədir. Ulu öndərin dediyi kimi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk”.
Keçən əsrin 90-cı illərinin sonundan iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də təsərrüfatsızlıq hökm sürməyə başlamışdı. Hasilat azalmışdı və vəziyyəti düzəltmək üçün heç bir tədbir görülmürdü.
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu sahəyə də diqqət yönəltdi. Neft və qazçıxarma müəssisələrində vəziyyət sabitləşməyə başladı. Tədricən hasilat artdı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın tarixində misilsiz bir hadisə baş verdi: “Əsrin müqaviləsi” imzalandı.
Həmin dövrdə Azərbaycanda, eləcə də bütün Qafqaz regionunda siyasi vəziyyət qeyri-sabit idi. Belə bir şəraitdə Azərbaycana sərmayə qoymaq xarici şirkətlərdən risk tələb edirdi. Ulu öndər həmin dövrü xarakterizə edərək deyirdi: “Biz 1994-cü ildə neft müqaviləsini imzalayarkən bu, çoxlarına xülya kimi görünürdü. Deyirdilər ki, bu, mümkün olmayan şeydir. Amma bəziləri də dərhal çox narahatçılıq hissi keçirirdilər. Çünki Xəzər dənizində qısa bir zamanda Amerika Birləşmiş Ştatlarından, digər Qərb ölkələrindən dünyanın ən böyük şirkətlərinin gəlməsi və onların orada sərmayə qoyması, təbiidir ki, bəzi ölkələrdə narahatçılıq doğururdu”.
“Əsrin müqaviləsi” imzalanarkən çoxları onun uğur qazanacağına inanmır və hesab edirdi ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda siyasi və regional məsələlər öz həllini tapmalı idi. Heydər Əliyev diplomatiyası qarşıda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Heydər Əliyevin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdə nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium yaratdılar və AÇG kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə deyir: “Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi”.
Azərbaycan tarixdə ilk dəfə Xəzər dənizini xarici şirkətlər üçün açdı və beləliklə, burada beynəlxalq konsorsium yarandı. Müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlığa başladılar və bunun nəticəsində ölkə sürətlə, hərtərəfli inkişaf etməyə başladı. Ötən dövr ərzində ölkəmiz adambaşına düşən xarici sərmayənin həcminə görə təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu. Azərbaycanın neft sektoru, təbii ki, ölkə iqtisadiyyatı üçün həlledici amilə çevrildi. Ölkəyə gətirilən sərmayələr Azərbaycanın neft sektorunun inkişafında böyük rol oynamaqla yanaşı, qeyri-neft sahələrinin inkişafına da güclü təkan verdi. Bu baxımdan “Əsrin müqaviləsi”nin Azərbaycanın müasir tarixindəki rolu müstəsna əhəmiyyətə malikdir.
Xatırladaq ki, AÇG yataqlarının 30 illik işlənmə müddətində 5 milyard bareldən çox neft verəcəyi gözlənilir. Bu müqavilə çərçivəsində ilkin neft 1997-ci ilin noyabr ayında “Çıraq”dan çıxarıldı. 2005-ci ilin fevralında “Azəri” yatağının mərkəzi, 2006-cı ilin ilk günlərində qərb və həmin ilin sonunda şərq hissələri neft verdi. “Dərinsulu Günəşli” yatağı 2008-ci ilin yazından istismar olunur. İki ilə yaxındır “Qərbi Çıraq”dan da neft hasil edilir.
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”ni belə dəyərləndirir: “Əsrin müqaviləsi” respublikamız üçün beynəlxalq inteqrasiyanın başlanğıcı oldu və iqtisadiyyatın uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etdi. Hazırda bizim təşəbbüsümüzlə bölgədə neft-qaz, habelə infrastruktur sahəsində bir sıra transmilli layihələr həyata keçirilir. Zəngin enerji mənbələrinə malik tranzit ölkə kimi Azərbaycan regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilmişdir. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, həmçinin mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunması işinə öz layiqli töhfəsini verir”.
Müəllifi Heydər Əliyev olan yeni neft strategiyası Azərbaycana həm də yeni, ən müasir dünya standartları səviyyəsində bir infrastruktur bəxş etdi. İllər keçəcək, sözügedən layihələr bitəcək, lakin bu infrastruktur Azərbaycanın mülkiyyəti kimi hələ uzun müddət yeni-yeni layihələrin reallaşmasına xidmət edəcək. Prezident İlham Əliyevin dediyi kimi, “kontraktın icrası nəticəsində Azərbaycana milyardlarla, on milyardlarla xarici investisiya qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz infrastrukturumuz yeniləşdi”.
İlk növbədə, Xəzərin Azərbaycan bölməsindəki sualtı xətlərin şəbəkəsi genişləndirilməyə başladı. “Azəri” yatağının neftini və səmt qazını sahilə nəql etmək üçün ayrıca kəmərlər inşa olundu. Dənizdən Səngəçaladək hərəsinin uzunluğu 187 kilometr olan 30 düymlük iki neft və 28 düymlük bir qaz kəməri çəkildi. Bir sözlə, təkcə “Azəri” yatağı üçün çəkilən sualtı boru xətlərinin ümumi uzunluğu 600 kilometrə çatdı.
Daha sonra “Dərinsulu Günəşli”dən də sualtı borular çəkildi və onlar mövcud neft və qaz kəmərlərinə birləşdirildi. Beləliklə, “Azəri” yatağı işlənməyə başlandığı dövrdən Xəzərin Azərbaycan bölməsində çəkilən kəmərlərin ümumi uzunluğu 1000 kilometri ötdü (buraya “Şahdəniz”dən çəkilən qaz, kondensat və monoetil-qlikol kəmərləri də daxildir).
“Əsrin müqaviləsi” Bakıdan 55 kilometr cənubda, bir zamanlar ilanmələyən yarımsəhra zonasında Səngəçal terminalı kimi nəhəng bir obyekt də yaratdı. Təkcə onu qeyd etmək kifayətdir ki, bu, dünyanın ən böyük terminallarından biridir. Terminalın böyüklüyünü və möhtəşəmliyini onun ərazisinin genişliyi də təsdiqləyir. Obyekt 542 hektar sahəni əhatə edir. Sualtı borular nefti və qazı Səngəçal terminalına gətirir. Saysız-hesabsız qurğular karbohidrogenləri ilkin texnoloji emaldan keçirir.
İlkin Neft Layihəsi çərçivəsində tikilmiş terminalın genişləndirilməsinə 2002-ci ilin əvvəlində başlandı. Proqram təxminən 7 illik bir dövrü əhatə etdi və təsadüfi deyil ki, bu zaman görülən işlərin miqyası da çox böyükdür.
Azərbaycan neftinin və qazının dünyaya yolu Səngəçaldan başlanır. Belə ki, bir neçə neft və qaz ixracı kəməri öz başlanğıcını buradan götürür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin birinci və ən böyük nasos stansiyası məhz terminalın ərazisində yerləşir. BTC-nin keçdiyi yol nə qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət buradan - Səngəçaldan həyata keçirilir.
Səngəçalda ayrıca “Şahdəniz” sahəsi də var. Yataqdan daxil olan qaz burada texnoloji emaldan keçirilir, sonra Cənubi Qafqaz Boru Kəmərinə vurulur. Bundan əlavə, Səngəçaldan istiqamət götürən elə kəmərlər də var ki, AÇG-nin səmt qazının və “Şahdəniz”dən çıxarılan mavi yanacağın bir hissəsini Azərbaycandakı istehlakçılara çatdırır.
Vaxtilə Heydər Əliyevin tikdirdiyi Bakı Dərin Özüllər Zavodu (BDÖZ) da yeni neft strategiyasının tələbləri baxımından xeyli genişləndirildi və müasirləşdirildi, AÇG üçün platformaların tikildiyi misilsiz bir tikinti meydançasına çevrildi.
Bibiheybətdəki ATA (“AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində də dəniz qurğuları inşa edilir. Köhnə buruqların arasında sağa-sola doğru şaxələnmiş bu müəssisə sanki Azərbaycanın neft sənayesinin möhkəm təməl üzərində necə böyük irəliləyişə nail olduğunu bir daha xatırladır.
Bütün bunlar yüzlərlə, minlərlə yeni iş yerləri deməkdir. Sözügedən obyektlərdə tikinti işləri aparılarkən orada ətraf yaşayış məntəqələrinin neçə-neçə sakini öz məşğulluq problemini həll edir. Onların çoxuna görəcəkləri işə aid əvvəlcədən təlimlər keçirilir. Bunun bir üstünlüyü də odur ki, müqavilə dövrü sona çatandan sonra həmin insanlar eyni səviyyəli yeni obyektlərdə işləyə bilirlər.
Azərbaycanın yeni neft strategiyasının müəllifi olan ümummilli lider Heydər Əliyev 21 il əvvəl demişdir: “Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə - Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik... Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir”.
Bu gün Azərbaycanın iri neft-qaz və ixrac layihələrində dünyanın ən böyük və nüfuzlu dövlətlərinin tanınmış şirkətləri iştirak edirlər. AÇG-nin və bir sıra digər mühüm layihələrin əməliyyatçısı dünya şöhrətli BP-dir. Hazırda BP tərəfdaşları ilə birlikdə ölkəmizdə öz əsas işləri ilə yanaşı, genişmiqyaslı sosial layihələr də həyata keçirir. Onlar Azərbaycanın müxtəlif yerlərində yeni infrastrukturun qurulmasına dəstək verirlər. Sosial proqramlar çərçivəsində məktəblər, uşaq bağçaları, müalicə ocaqları təmir edilir, kəndarası yollar qaydaya salınır, suyu saflaşdıran avadanlıq quraşdırılır və başqa işlər görülür. BP və tərəfdaşları Azərbaycanda qaçqın və məcburi köçkünlərin, orta və kiçik sahibkarlıqla məşğul olan insanların yaxın köməkçisidir. Sosial layihələr çərçivəsində gənclərə xüsusi dəstək verilir. Əsasən də neft-qaz, mədən, geoloji kəşfiyyat sahələri üzrə təhsil alan gələcək mühəndislərə kömək göstərilir, onlar xüsusi təqaüdlərlə mükafatlandırılır.
Bütün bunlara görə AÇG-nin tammiqyaslı işlənməsi üçün bağlanan saziş təkcə XX əsrin müqaviləsi deyil, növbəti yüzilliklərə də hesablanmış müqavilə kimi dəyərləndirilir. 21 il əvvəl imzalanmış həmin müqavilədən başlanan yol bir il əvvəl Azərbaycanı yeni bir möhtəşəm layihənin - “Cənub” qaz dəhlizinin təməlinin qoyulduğu uğurlu günədək gətirib çıxardı. Azərbaycan qazını Xəzər dənizindən başlayaraq neçə-neçə ölkənin ərazisindən keçirən və Adriatik dənizinin altından İtaliyayadək çatdıran bu dəhliz haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılır.
Azərbaycanın son 21 ildəki yüksəlişi “Əsrin müqaviləsi”nin imzalanmasının necə uzaqgörənliklə və müdrikliklə seçilmiş, xalqın işıqlı gələcəyinə yönəldilmiş bir strategiya olduğunu sübut edir. Ölkəmiz bu strategiyaya sadiq qalaraq onu inkişaf etdirdikcə özü də sosial və iqtisadi cəhətdən daha da irəliləyir. Prezident İlham Əliyev bu barədə belə demişdir: “1994-cü ildə atılan addımlar düzgün addımlar idi. Bu, Heydər Əliyevin neft strategiyasının, neft diplomatiyasının təntənəsidir. Mən ümid edirəm ki, biz bu siyasəti davam etdirdikcə yeni nailiyyətlərə çatacağıq, ölkəmizi gücləndirəcək, hərtərəfli inkişaf etdirəcəyik”.
Flora
SADIQLI,
Azərbaycan.- 2015.- 20
sentyabr.- S. 5.