Azərbaycanın haqq səsinə
çevrilən missiya
İctimai statusda fəaliyyət göstərməsinə baxmayaraq, cəmiyyət həyatının müxtəlif sahələrində həllini gözləyən problemlərdə yaxından iştirak edən Heydər Əliyev Fondunun 11 illik fəaliyyəti olduqca zəngindir. Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanınmasında, eləcə də elm, təhsil sahəsində əldə olunan nailiyyətlərdə fondun rolu əvəzsizdir. Bu günlərdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinin də baş tutması Azərbaycanın və fondun növbəti uğuru idi. Fotosərginin mahiyyəti bizim üçün sadə olsa da, Qərb auditoriyası üçün son dərəcə heyrətamiz bir fakta əsaslanır: Azərbaycan bütün dinlərin və millətlərin birgəyaşayış məkanı kimi əsl fenomendir.
Fransanın ictimai-siyasi dairələrinin nümayəndələri Azərbaycanın tolerantlıq ünvanı olması faktını qəbul edərək bunun siyasi, etnik çaxnaşmaların baş alıb getdiyi dünyada əsl model olduğunu bəyan ediblər. Elə sentyabrın 8-də Parisdə keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusundakı konfransda səslənən fikirlər də bunu təsdiqlədi. Fransada fəaliyyət göstərən, dünyada böyük nüfuza malik olan dini və ictimai təşkilatların təmsilçiləri ölkəmizdəki tolerantlıq mühitinin nümunəvi xarakter daşıması məsələsində həmfikir oldular. Bu məsələ Fransa mətbuatının da diqqət mərkəzində oldu.
Təbii ki, qeyd olunan uğurların qazanılmasında Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu var. Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti, mübarizliyi, yorulmadan çalışmağı ilə millətin əsl vəkilinə, xalqının, seçiçilərinin sevimlisinə çevrilib. O, iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna iş görüb. Onun fəaliyyəti gənclərdə ruh yüksəkliyi, özünə inam yaradıb. Mehriban xanım ictimai fəaliyyəti ilə Azərbaycanda özü kimi minlərlə liderlik qabiliyyətli, idarəçilik təcrübəsi qazanan gənclər yetişdirdi. Onun zərif cinsin nümayəndəsi kimi dinamik fəaliyyəti dünya ictimaiyyətinin gözündən yayınmayıb. Ən ali mükafatlara məhz Azərbaycan qadını - ölkəmizin birinci xanımı layiq görülüb.
Mehriban xanım Əliyeva 2010-cu ildə Fransanın “Fəxri Legion” ordeninə, UNESCO-nun “Qızıl Motsart” medalına, 2011-ci ildə Frans Montana forumunun qızıl medalına layiq görülüb. Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan “Ekovitrin” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə “İlin birinci xanımı” nominasiyasının qalibi olub. 2012-ci ildə Mehriban xanım Əliyeva Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adını alıb. Eyni zamanda, ona Moskvada “Birlik ulduzları” dövlətlərarası mükafatı verilib. 2013-cü ildə isə Azərbaycanın birinci xanımı Pakistanın “Humanizm Rəmzi - dünya miqyasında apardığı xeyirxah fəaliyyətinə, bəşəriyyətin ülvi ideyalarına xidmətinə görə” mükafatla təltif olunub. Bütün bu mükafatlar, dünyada çoxşaxəli fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Azərbaycanın birinci xanımının belə yüksək mükafat və titullara layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrildiyini bir daha təsdiqləyir.
Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. Əslində, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132, ümumilikdə isə ötən 7 ildə 300-dən çox yeni məktəb binası inşa olunaraq istifadəyə verilib. Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqət çəkir. Fond Pakistanda, Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada yeni məktəb binaları tikdirib və təmir etdirib. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası bu baxımdan xüsusi vurğulanmalıdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurum Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı bütün sahələrə diqqət yönəldib. Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər bir kəsin ümid yerinə çevrilib. Fond məktəbəqədər təhsil müəssisələri ilə bağlı mühüm addımlar atıb, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını irəli sürüb. “Uşaq evləri və internat məktəblərinin inkişafi” proqramı Heydər Əliyev Fonduna ictimaiyyət arasında daha çox rəğbət qazandırıb. Proqram çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib və avadanlıqla təchiz olunub. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızlar üçün Azərbaycanın birinci xanımının təşəbbüsü ilə paytaxtın Nizami rayonunda 50 mənzillik bina inşa edilib. Sonra 68 mənzilli daha bir yaşayış binası tikilib.
“Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilib. Xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanıb. Rusiyanın Ulyanovsk şəhərində bərbad vəziyyətdə olan məktəb binasının ən müasir tələblər səviyyəsində təmir olunması da fondun təhsil layihələrinin Azərbaycan hüdudları ilə məhdudlaşmadığını, beynəlxalq miqyaslı olduğunu göstərir. Bu gün dünya Azərbaycan qadınını Mehriban xanım Əliyevanın timsalında daha yaxından tanıyır. Azərbaycan dövlətinin malik olduğu əsrlərdən gələn zəngin mədəni irsi və ənənələri qoruyub saxlamağı və təbliğ etməyi bir missiya kimi üzərinə götürən Heydər Əliyev Fondu bununla ulu öndərin ideyalarını reallaşdırır. Fondun prezidenti “Qarabağ xanəndələri” layihəsini gerçəkləşdirir və UNESCO-nun xoşməramlı səfiri kimi bu ağrılı problemə dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Heydər Əliyev Fondunun təhsil və səhiyyə sahəsində reallaşdırdığı iri layihələr, həllini tapan minlərlə fərdi müraciət də Mehriban xanımın xeyriyyəçilik fəaliyyətinin tərkib hissəsidir və insanlara olan sevgisindən qaynaqlanır. “Qızıl ürək” sahibi olan Mehriban xanım Əliyeva Yüzilliyin Mesenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni ilə təltif edilən ilk qadın kavaleridir. Vətənpərvərlikdən qaynaqlanan xoşməramlı missiyasına görə, əvvəlcə Qərbin, ardınca Şərqin xoşməramlı səfiri seçilən Mehriban xanım Əliyeva fəaliyyətində də bu dəyərləri əsas götürür. Görünür, elə bu məramdandır ki, Şərq və Qərb sivilizasiyalarının mövcud problemlərindən bəhs edən beynəlxalq konfranslar məhz Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə Bakıda gerçəkləşib. O, siyasətçi, ictimai xadim kimi Avropanın qabaqcıl dövləti olan Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafında da əvəzsiz xidmətlər göstərir.
Yüksək səviyyəli inkişaf və dünyaya düzgün təqdim edilmə fonunda ölkəmiz beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində də nümunəvi təcrübə nümayiş etdirir. 2012-ci ildə Azərbaycanın birinci xanımının sədrlik etdiyi 57-ci “Eurovision” mahnı yarışması yüksək səviyyəli təşkilatçılığa görə müsabiqənin tarixində nadir hadisə kimi dəyərləndirildi. Məhz bu uğurlu təcrübə sayəsində ölkəmiz namizəd olduğu bir sıra idman yarışları üçün də qızıl fürsət əldə etdi. Bakıda keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrliyin də Azərbaycanın birinci xanımına həvalə olunması, sözsüz ki, bu tarixi hadisənin yüksək səviyyədə təşkilinə zəmin yaratdı. Daim Azərbaycanın təbliği, sağlam milli-mənəvi dəyərlərin qorunması istiqamətində layihələrlə çıxış edən Mehriban Əliyevanın ölkəmizin imicinin yüksəldilməsindəki fəaliyyəti “Bakı-2015” ilk Avropa Oyunları ilə bir daha təsdiqləndi. Uğurları ilə tanınan ölkəmiz Avropa Oyunlarının təşkilində dünya idman tarixində yeni səhifə açdı. Azərbaycanın birinci xanımının söylədiyi kimi, ölkəmiz həm də xeyirxahlıq və qonaqpərvərlik ab-havası ilə fərqləndi.
Ləman SÜLEYMANOVA,
həkim
Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 6.