Sergey
Tsıb: Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın
inkişafı dövlətimizin
yerli sənaye siyasətinin prioritetlərindən
biridir
İstər Rusiya şirkətlərinin Azərbaycan bazarında iştirakının genişlənməsi sahəsində, istərsə də birgə müəssisələrin yaradılması üzrə Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi dövlətimizin yerli sənaye siyasətinin prioritetlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının (RF) ticarət və sənaye nazirinin müavini Sergey Tsıb XXI Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2015” sərgisi çərçivəsində keçirilən “Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumunun plenar iclasında deyib.
Qeyd edilib ki, 2013-cü ildən Rusiyada “Əczaçılıq və tibb sənayesinin inkişafı” Dövlət Proqramı həyata keçirilir. Proqram əczaçılıq sənayesinin elmi-texniki potensialının inkişafı, onun innovativ potensialı, modernləşdirilməsi və həm Rusiyanın, həm də xarici ölkələrin şirkətləri ilə yeni istehsalın qurulması istiqamətlərini əhatə edir. “Hər istiqamət üzrə artıq konkret nəticələr var: imzalanmış investisiya müqavilələri, yeni istehsal sahələri”, - deyə S.Tsıb əlavə edib.
Tədbirdə həmçinin Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Səhiyyə Nazirliyi nəzdində Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev, RF Səhiyyə Nazirliyinin dərman təchizatı və tibbi məmulatların dövriyyəsinin tənzimlənməsi departamentinin direktoru Yelena Maksimkina və başqaları iştirak ediblər.
Plenar iclasın moderatoru, Peşəkar Əczaçılar Təşkilatları İttifaqının icraçı direktoru Liliya Titova Azərbaycan qanunvericiliyində dərman vasitələri və tibbi məmulatlar sahəsinin tənzimlənməsi, Rusiya məhsullarının Azərbaycana ixracı, birgə istehsalın təşkili və digər məsələlərin müzakirə olunması təşəbbüsü ilə çıxış edib.
Niyazi Səfərov qeyd edib ki, əczaçılıq istehsalının inkişafı Azərbaycanda da prioritet sahələrdən biridir. “Biz investisiyaların inkişafının müxtəlif mexanizmlərini hazırlamaqla, infrastruktur inkişafını və istehsalçılara imtiyazlar nəzərdə tutan sənaye parklarında istehsalın yaradılması üçün şirkətləri cəlb etməklə əlverişli investisiya mühiti yaradırıq. Ona görə də Rusiya tərəfi İqtisadiyyat və Sənaye Nazirliyinin simasında Rusiya şirkətlərinin Azərbaycan bazarında olması məsələləri üzrə etibarlı tərəfdaş qazanacaq”, - deyə N.Səfərov vurğulayıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 6.