Naftalan beynəlxalq səviyyəli
müalicə-kurort mərkəzinə
çevriləcək
“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naftalanda geniş tədbirlər həyata keçirilir. Hazırda şəhərdə 7 özəl istirahət və sağlamlıq mərkəzi, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin nəzdində “Naftalan” Kurort Birliyi fəaliyyət göstərir. Ümumilikdə şəhərdə bir gündə 2 min nəfər turist müalicə alıb istirahət edə bilər.
“Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 20 oktyabr 2014-cü il tarixli sərəncamı ilə əlaqədar hazırda Naftalanda böyük işlər görülür. Rayon icra hakimiyyətində Naftalan kurort zonasının bərpası məqsədilə xüsusi plan hazırlanır. Həmin plana əsasən, turizm obyektləri sırasında şəhərdə həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün şərait yaradılacaq. Burada həmçinin xüsusi kottec və mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri də bütün dünyada turizmin ən geniş inkişaf etmiş formalarından biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Belə evlər sayəsində turistlər müalicədən əlavə şəhər həyatı, mədəniyyəti, mətbəxi və s. ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar. Bundan başqa, uzunluğu 1,7 kilometr olacaq kanat yolunun çəkilməsi təklif edilir. Həmin planda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan və quşçuluq fermasının tikintisi məsələləri də yer alıb.
Nəzərdə tutulan tədbirlərdən biri də Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmaseptik zavodun inşa edilməsidir. Həmin zavodda əvvəllər olduğu kimi, müalicəvi neftdən müxtəlif dərmanların hazırlanması və onların dünya bazarında satışının təşkili planlaşdırılır.
Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Habelə sərnişinlərin gediş-gəlişinin rahat olması üçün hava limanının yaxınlığında yeni avtovağzal-hotel kompleksi də inşa ediləcək.
Bir sözlə, nəzərdə tutulan tədbirlərin icrası nəticəsində Naftalan gündən-günə inkişaf edərək dünyanın ən gözəl, təmiz və ən müasir kurort şəhərlərindən birinə, beynəlxalq turizm mərkəzinə çevriləcək.
Ülfət ƏLİYEV,
Naftalan Rayon İcra Hakimiyyətinin
bölmə müdiri
Azərbaycan.- 2015.- 20 sentyabr.- S.
8.