Xarici mütəxəssislərə “dərs” keçən sumqayıtlı kimyaçı

 

...1981-ci ildə ulu öndər Heydər Əliyevin xüsusi tapşırığının yerinə yetirilməsi üçün sulfanol istehsalatının rəisi Zülfi Sadıxov müəssisə rəhbəri ilə birgə təcili olaraq Bakıya - Mərkəzi Komitəyə çağırılmışdı.

O vaxt Zülfi Sadıxov cəmi bir il idi ki, Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinin əsas istehsalatı olan 1-ci sulfanol istehsalatına rəhbərlik edirdi. Keçmiş SSRİ-də yalnız Sumqayıtda istehsal olunan, yuyucu vasitələrin hazırlanmasında əsas xammal rolunu oynayan sulfanola o zaman İttifaqın bütün respublikalarında tələbat böyük idi. 100-dən artıq ünvana göndərilən sulfanolun yuyucu vasitələr istehsal edən müəssisələrə daşınması üçün Zülfi Sadıxovun çalışdığı Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinin dəmir yol qovşağında daim böyük növbə olardı.

Həmin illər İttifaqda bir çox ərzaq və sənaye məhsullarının çatışmazlığı ilə davam edən iqtisadi böhran narahatlığı keçirən Kreml rəhbərliyi üçün əhalinin tələbatının böyük olduğu yuyucu vasitələrlə bağlı daha bir problemin yaranması arzuolunmaz idi. Məhz bu səbəbdən SSRİ-də sulfanolun yeganə istehsalçısı olan Sumqayıt “Kimyasənaye” İB-nin fəaliyyətini Moskva daim diqqət mərkəzində saxlayırdı. O zaman birliyin baş direktorunun kabinetində “hökumət telefonu”nun Moskvadan və Bakıdan olan zəngləri əksər hallarda sulfanolla, onun istehsalının artırılması tələbi ilə bağlı olurdu.

Azərbaycan Mərkəzi Komitəsinin o vaxtkı katibi Həsən Seyidov baş direktor Əliş Mustafayevi və istehsalat rəislərini mehribanlıqla qarşılamış və birbaşa mətləbə keçərək bildirmişdi ki, Moskva yerli rəhbərliyə rahatlıq vermir, sulfanolun istehsalını artırmağı tələb edir: “SSRİ-nin hər yerindən tez-tez zənglər olur, sulfanol istəyirlər. İşi daha da gücləndirmək lazımdır. Çalışın məhsulun istehsalını maksimum çoxaldasınız”.

Sulfanol məsələsi həm də ona görə rahatsızlıq doğururdu ki, Z.Sadıxovun rəhbərlik etdiyi 1-ci kompleks plan tapşırıqlarını artıqlaması ilə yerinə yetirsə də, sonradan inşa edilərək böyük ümidlər bəslənilən 2-ci sulfanol istehsalatı layihədə yol verilmiş bəzi nöqsanlar üzündən nəzərdə tutulduğundan az məhsul istehsal edirdi. Bununla bağlı müəssisənin vəziyyətini yaxşı bilən Heydər Əliyevə daim böyük məhəbbət və ehtiram bəsləyən, onun adını hər zaman uca tutmağa çalışan Zülfi Sadıxov həmin axşam Bakıdan Sumqayıta qayıdarkən bütün yol boyu hər şeyi götür-qoy edir, vəziyyətdən çıxmağın, respublika rəhbərinin tapşırığını yerinə yetirməyin ən optimal variantı üzərində düşünürdü.

Elə səhəri gün o, istehsalatda işin daha səmərəli aparılması, texnoloji prosesin ahəngdarlığının təmini və məhsul çıxımının daha da artırılması ilə bağlı müvafiq tapşırıqlarını vermiş, öz “komanda”sı ilə birgə çalışaraq verilmiş xüsusi tapşırığın həmin ərəfədə yerinə yetirilməsinə nail olmuşdu. Nəzərdə tutulan 5500 tona qarşı kollektiv hər ay plandan əlavə ən azı 1000 tona yaxın sulfanol istehsal edərək istehsalçı müəssisələrə göndərirdi. Hətta Z.Sadıxovun texnoloji qurğuların maksimum gücü ilə işləməsinə nail olması müəssisənin həmin dövrdə 160 milyon ABŞ dollarından çox təmiz gəlir əldə etməsinə səbəb olmuşdu.

Azərbaycanın əməkdar mühəndisi, respublika Dövlət mükafatı laureatı, istehsalata tətbiq olunmuş 300-ə qədər səmərələşdirmə təklifinin və bir sıra qiymətli ixtiraların müəllifi, SSRİ-nin əlaçı kimyaçısı, “Qırmızı Əmək Bayrağı” ordenli tanınmış kimyaçı Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində dünyaya göz açıb. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk Zavoduna birinci dərəcə üzrə çilingər kimi qəbul edilən Zülfi Sadıxov işə gənclik həvəsi ilə başlaması, əməksevərliyi və bacarığı sayəsində tezliklə - cəmi 2 aydan sonra 4-cü dərəcəyə layiq görüldü. Bu da təsadüfi deyildi. Çünki o, ilk günlərdən özünü adi çilingər kimi yox, işə texniki yaradıcılıqla yanaşmağı bacaran gənc bir mütəxəssis kimi göstərə bilmişdi.

İstehsalatda qısa müddət çalışması kifayət etmişdi ki, bu və ya digər avadanlığın təkmilləşməyə ehtiyacı olduğunu o, aydınca görsün və bununla bağlı müvafiq texniki təkliflər versin. Onun ilk səmərələşdirmə təklifi isə sadəcə olaraq, özündən xeyli yaşlı olan iş yoldaşlarını ağır və yorucu əməkdən xilas etmək məqsədi daşıyaraq yaranmışdı. Həmin fəhlələr emulqator adlanan qurğuda filtrlərin yuyulması üçün hər dəfə 24 iri və ağır boltları açır, hər biri 10-12 seksiyadan ibarət filtrləri yuduqdan sonra yenidən onları yerlərinə bərkidirdilər. Daim təkrarlanan və fəhlələrin su ilə təmasda olduğu bu əməliyyat fiziki baxımdan ağır və yorucu olmaqla yanaşı, həm də xeyli vaxt və məhsul itkisinə səbəb olurdu. Gənc çilingər bu əməliyyatı hər iki tərəfdən təzyiqlə vurulan su şırnağı ilə yerinə yetirməyi təklif etmişdi ki, bu da boltların açılaraq filtrlərin çıxarılıb-yuyulmasından sonra yenidən bir-bir bağlanmasına sərf olunan xeyli vaxta qənaət etməyə, bunun sayəsində məhsul çıxımının artmasına səbəb olmuşdu. O da mühüm idi ki, bundan sonra həmin əməliyyatı iki yox, yalnız bir işçi, həm də çox asanlıqla, çətinlik çəkmədən yerinə yetirə bilirdi.

Əvvəllər sintetik kauçuk zavodunda, sonralar isə işləməyə başladığı Sumqayıt “Kimyasənaye” İB-də çalışdığı sexlərin həm təcrübəli, peşəkar fəhlələri, həm də mühəndis-texniki işçiləri Zülfinin istehsalatın bu və ya digər sahəsində üzləşdiyi texniki çatışmazlıqla barışmayaraq artıq hansısa təklif verəcəyini, yeni ideya irəli sürəcəyini adi bir hal kimi qəbul etməyə öyrəşmişdilər. Çox zaman onun yenilikçi təklifləri uzun müşahidələrin nəticəsi kimi yox, iş prosesində ekspromt olaraq ortalığa çıxırdı.

Əlbəttə, daim yenilik, axtarış həvəsli olan Zülfi Sadıxov texnikum təhsili ilə kifayətlənə bilməzdi və o, kimya istehsalatının və proseslərinin sirlərini daha dərindən və mükəmməl öyrənmək arzusu ilə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almağa başlayır (sonralar o, Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirir).

Səmərələşdirici kimi Zülfi Sadıxovun bəlkə də ən sadə, lakin maraqlı texniki təkliflərindən biri alkilbenzolun alınması qurğusu ilə bağlı olmuşdu. Belə ki, həmin qurğuda alkilbenzolun tərkibində qalan azad, reaksiyaya girməyən 30-35 faiz benzol texnologiyaya əsasən distillə mərhələsində qovulma yolu ilə tam çıxarılmalı və ya həcmi ən azı 0,5 faizdən aşağı salınmalı idi. Benzolun qovulma kubunda qovularaq tam çıxarılmasını, bu məqsədlə isə qovulma sahəsinin kubun həcminin 50 faizini təşkil etməsini təmin etmək üçün alkilbenzolun səviyyəsinin orta həddən yuxarı qalxmasına yol verilməməliydi. Lakin səthin tələb olunan səviyyədə saxlanılması və ona nəzarət üçün ora iki operatorun təhkim edilməsi də heç bir səmərə vermirdi. Operatorların, bir çox hallarda isə növbə rəisinin bütün səylərinə, eləcə də kuba xüsusi olaraq tənzimləyici klapanlar yerləşdirilməsinə baxmayaraq, səthi norma səviyyəsində saxlamaq və alkilbenzolun tərkibində reaksiyaya girməyən benzolun miqdarını 5-7 faizdən aşağı salmaq mümkün olmurdu.

Vəziyyəti, həm də həmin fəhlələrin çəkdiyi əziyyətləri (onlar iş vaxtı çəndən qısa bir müddətə belə aralana bilmirdilər) görən Zülfi Sadıxov məsələnin çox adi və asan bir həllini tapdı. Səviyyənin saxlanılması, onun normadan artıq olmaması üçün Zülfinin təklifi ilə qovma kubunun tam ortasında ştutser qoyularaq məhsulun çıxışı əvvəlki kimi aşağı ştutserdən yox, yeni ştutserdən aparıldı. Bununla birləşmiş benzolun həcmi artdıqda o, ştutser vasitəsilə ümumi xəttə qaytarılırdı ki, bu da məhsulun səviyyəsinin kubun orta səviyyəsində saxlanılmasını təmin edirdi. Beləliklə, həm qiymətli kimya məhsullarının, həm də səviyyənin tənzimlənməsi ilə məşğul olan operatorların vaxt itkisinin qarşısı birdəfəlik alındı, ən başlıcası isə istehsalatda hazır məhsul çıxımının artmasına nail olundu. Zülfi Sadıxovun işə bu cür can yandırması, əzmkarlığı, mühəndislik bacarığı nəzərə alınaraq o, tezliklə növbə rəisi, daha sonra isə böyük mühəndis-texnoloq vəzifələrinə təyin olundu.

1980-ci ilin əvvəllərində ona daha məsul bir iş - beşilliyin buraxılış obyekti sayılan 1-ci sulfanol istehsalatına rəhbərlik etmək tapşırıldı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğunu təsəvvür etmək üçün qeyd etmək kifayətdir ki, o zaman həmin istehsalatın struktur tərkibində 4 sex, 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışdı. Lakin Zülfi Sadıxov belə bir böyük istehsalatın rəhbəri olmasına baxmayaraq, işlədiyi bütün müddət ərzində fəhlə və mühəndislərlə birgə yorulmaq bilmədən çalışırdı. Onun yeni rəis kimi texniki və təşkilati cəhətdən işi yüksək səviyyədə qura bilməsinin nəticəsi olaraq qısa müddət ərzində 1-ci sulfanol istehsalatını nəzərdə tutulan layihə gücünə çatdırmaq mümkün oldu. İstehsalat rəisi kimi çalışdığı 8 il ərzində onun başçılıq etdiyi kollektiv rekord göstəricilər qazandı, sulfanolun keyfiyyətini standarta uyğun səviyyəyə qaldırdı.

1980-ci ildə Z.Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında 2 aydan artıq davam edən genişhəcmli rekonstruksiya işlərinə başlanılmışdı. İşin həcmi xeyli böyük olduğundan və Kreml sulfanolun istehsal həcminin artırılmasına xüsusi diqqət yetirdiyindən keçmiş SSRİ-nin Kimya Sənayesi Nazirliyinin bir sıra məsul işçiləri və İttifaqın neft-kimya müəssisələrindən 900-ə qədər müxtəlif peşə sahibləri - avtomatika, mexanika, energetika və inşaat üzrə mütəxəssislər, həmçinin təmirçi-çilingərlər, elektrik və qaz qaynaqçıları Sumqayıta ezam olunmuşdu. İstehsalatın alkilbenzol qurğusunda kalon tipli yeni reaktorun qoşulması, kompleks katalizatorun alınması prosesində bir mərhələnin aradan götürülməsi və s. texniki yeniliklərin tətbiqi ilə başa çatmış genişhəcmli rekonstruksiya sayəsində istehsalatın gücünün artırılması hesabına müəssisə həmin il çox böyük iqtisadi gəlir əldə etdi. Məhz bütün bunlara görə Zülfi Sadıxov mühəndis həmkarları ilə birgə respublika Dövlət mükafatına layiq görüldü.

100 faizli alkilbenzolun layihəsinin texniki təftişi və qəbulu məqsədilə müəssisənin bir neçə mütəxəssisi ilə birgə 1983-cü ildə İtaliyada bir aya yaxın ezamiyyətdə olarkən layihələrlə bağlı müzakirələr zamanı Zülfi Sadıxov layihənin bəzi hissələrində səhvlərə yol verildiyini, ciddi dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırmışdı. Məsələ onda idi ki, italyalı mütəxəssislər alkilbenzolun mütləq şəkildə 100 faizli alınacağını nəzərdə tutaraq mümkün ola biləcək aşağıfaizli, çıxdaş məhsulun haraya nəql ediləcəyini, həmçinin bəzi qurğu və mexanizmlərin prosesdə iştirakını, layihədə tutulmaların qarşısının alınması ilə bağlı məsələləri nədənsə diqqətdən kənarda saxlamışdılar. Z.Sadıxovun bu məsələlərin ikinci dərəcəli yox, xüsusilə mühüm olduğunu inandırıcı dəlil-sübutlarla layihəçilərin nəzərinə çatdırması layihəçilər tərəfindən minnətdarlıqla qarşılanmış və onlarda Azərbaycan kimyaçıları haqqında yüksək rəyin formalaşmasına səbəb olmuşdu.

Kimyaçı-texnoloq kimi yüksək elmi-texniki biliyə, zəngin istehsalat təcrübəsinə malik olması sonrakı illərdə o, daha məsul vəzifəyə - müəssisənin baş direktorunun keyfiyyət məsələləri üzrə müavini vəzifəsinə irəli çəkilmiş, daha sonra - 1991-ci ildən 2011-ci ilədək zavodun texniki-nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Həmin 20 il ərzində məhsulların keyfiyyəti ilə bağlı müəssisəyə heç bir şikayət və reklamasiya daxil olmamışdır. Çünki Zülfi Sadıxov üçün apardığı iş, sadəcə, vəzifə borcu yox, həm də və ilk növbədə vətəndaşlıq, vətənpərvərlik borcu idi. Sumqayıtın kimya məhsulunun yüksək markası, doğma şəhərin, Azərbaycanın adı və şərəfi onun üçün hər zaman hər şeydən üstün, ən vacib meyarlar idi. Sonda daha maraqlı bir fakt: Zülfi Sadıxovun adı doğma zavodun kollektivi tərəfindən sulfanol istehsalatının adı ilə qoşalaşmışdır - “Sulfanol Zülfi”. Bu yüksək “titul” nə ondan əvvəl, nə də ondan sonra heç kəsə verilməmişdir.

 

Rəhman ORXAN,

Sumqayıt

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 10.