Azərbaycan ilə Avstriya arasında həyata keçirilən
bir sıra layihələr müzakirə
olunub
Sentyabrın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriyanın Aviasiya Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında həyata keçirilən bir sıra layihələrdən söhbət açılıb.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın Krems Universiteti arasında həyata keçirilən əməkdaşlığı xüsusi vurğulayan Ə.Qarayev ATMU-nun ölkədə ikili diplom verən ilk təhsil müəssisəsi olduğunu bildirib.
Assosiasiyanın prezidenti, professor Rat Mario Rehulka ölkəmiz haqqında yüksək fikirlərini bölüşüb, həmçinin ATMU ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Elektron viza sisteminin əhəmiyyətindən bəhs edən qonaq, bu sistemin turistlərə verdiyi üstünlüklərdən söz açıb.
Rat Mario Rehulka Bakıda keçirilən "Avroviziya" mahni müsabiqəsi, birinci Avropa Oyunlarının ölkəmizin dünyada tanıdılması istiqamətində mühüm hadisə olduğunu vurğulayıb.
Qonaqlar ölkəmizə səfərləri çərçivəsində İsmayıllı, Qəbələ və Şəkinin turizm imkanları ilə tanış olublar, həmçinin Qobustan və Atəşgah kimi unikal tarix və mədəniyyət abidələrinə səfər ediblər.
Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 2.