Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban
bayramı münasibətilə
təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik edib.
Təbrikdə deyilir: “İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha-Qurban bayramı peyğəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı dünya müsəlmanları ilə bərabər bayram etmək səadəti nəsib olub. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.
Bu münəvvər gündə şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik.
Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!”
AZƏRTAC
Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 2.