Azərbaycan ilə Belarus arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub

 

Sentyabrın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni təyin olunmuş səfiri Gennadi Axramoviç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan nazir Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Diplomat Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Bundan əlavə, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni hərbi texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili digər məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 2.