Azərbaycana
qarşı təxribatlar heç bir nəticə verməyəcək
Azərbaycan mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Ölkəmiz parlament seçkilərinə hazırlaşır. Bununla belə, Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurları gözü götürməyən qüvvələr yenə “fəallaşıblar”. Avropa Parlamenti son il yarım ərzində Azərbaycanla bağlı 3 qərəzli qətnamə qəbul edib. Bunların hamısı ölkəmizdə baş verəcək mühüm hadisələr ərəfəsində reallaşıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad üzrə elmlər doktoru Eldar İbrahimov haqlı olaraq bütün ölkə ictimaiyyətinin dərin hiddətinə səbəb olan AP-nın qətnaməsini qərəzli münasibət üzərində qurulmuş siyasi təxribat adlandırır. Komitə sədri qeyd edir ki, artıq Azərbaycan Respublikası Milli Məclisi də Avropa Parlamentinə kəskin etirazını bildirərək qərar qəbul edib. Milli Məclis Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırıb: “Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirib ki, bu çirkin kampaniyanın arxasında hansı qüvvələrin dayandığı Azərbaycana bəllidir. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb, ölkəmizi şantaj ediblər. Dövlət başçısı vurğulayıb ki, onların yeganə məqsədi inkişafda olan, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan müasir Azərbaycanı ləkələmək, gözdən salmaq və Avropada ölkəmiz haqqında yanlış, tamamilə həqiqətə zidd rəy yaratmaqdır”.
Eldar İbrahimovun fikrincə, Azərbaycanın nüfuzunun gündən-günə artması, dünyanın iqtisadi və sosial həyatında özünə layiqli yer tutması antiazərbaycan siyasəti yeridən müəyyən qüvvələri çox narahat edir. Belə olmasaydı, onlar hər dəfə respublikamızda böyük beynəlxalq və ölkə əhəmiyyətli tədbirlər ərəfəsi öz məkrli niyyətlərini büruzə verməzdilər. Azərbaycan xalqı bunun “Eurovision-2012” mahnı müsabiqəsi, 2013-cü ildə prezident seçkiləri, 2015-ci ildə I Avropa Oyunları keçirilən dövrlərdə şahidi olub. Ölkəmizdə parlament seçkiləri yaxınlaşdıqca bu üzdəniraq qüvvələr respublikamızın əldə etdiyi sosial-iqtisadi uğurlara kölgə salmağa cəhd edirlər, ölkəmizin nüfuzuna xələl gətirmək niyyəti güdən yalan, böhtan və qərəzlə dolu fikirlər yaymaqla məşğuldurlar: “Avropa Parlamentinin bu günlərdə ölkəmizlə bağlı qəbul etdiyi kağız parçası olan qətnaməsi də antiazərbaycan siyasəti yeritməyi özlərinə peşə seçənlərin əməllərinin nəticəsidir. Qətnamə ilə tanışlıq dediklərimizi tamamilə təsdiq edir. Bu qətnaməni hazırlayanlar antiazərbaycan münasibəti ilə bizə yaxşı tanış olan eyni simalardır. Bu kəslər kimlərinsə verdiyi 5-10 dollara və erməni lobbisinin həqiqətdən uzaq fikirlərinə aldanaraq heç bir araşdırma aparmadan, geniş və hərtərəfli müzakirələr keçirmədən ölkəmizə çirkab atmaqla məşğuldurlar. Onlar unudurlar ki, Azərbaycan heç bir ölkəyə və beynəlxalq quruma yük olmadan üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə və vaxtında yerinə yetirir. Bu gün respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayan, özünün daxili sabitliyi ilə seçilən, maliyyə və iqtisadi böhrana məruz qalmayan, vətəndaşlarının maddi-rifah halını ilbəil yaxşılaşdıran bir ölkədir. Bu isə o vaxt mümkün olur ki, xalq və onun seçdiyi Prezident yekdildir, ölkədə həyata keçirilən daxili və xarici siyasət milli mənafelərə xidmət edir”.
Komitə sədrinin sözlərinə görə, həmin qərəzli qətnamədə ölkəmizi konkret cinayət işi üzrə məsuliyyətə cəlb olunan bir neçə nəfərə görə insan haqlarının pozulmasında qınayırlar. Ancaq həmin sənədə imza atanlardan soruşmaq lazımdır ki, əgər sizin həqiqətən də insan haqlarının pozulmasına qarşı mübarizə aparmaq niyyətiniz varsa, onda nə üçün 25 ildən çox hüquqları Ermənistan tərəfindən kobudcasına pozulmuş 1 milyondan çox azərbaycanlının taleyinə biganə qalırsınız?! Ermənistanın insanlığa və beynəlxalq hüquq normalarına sığmayan siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş bu qədər insanın tələbatını kiçik bir ölkə olan Azərbaycan təkbaşına ödədiyi halda, Qərb öz iqtisadi maraqlarının qurbanı olan Yaxın Şərq miqrantlarının əlində aciz qalıb: “Dünyanın inkişaf etmiş ölkələrinin cəmləşdiyi və sizin təmsil etdiyiniz Avropa ölkələrində bu miqrantlara ikili standartlarla yanaşılır. Onlara sığınacaqlar verilmir, miqrant sığınacaqları yandırılır, hamının gözü qarşısında həmin insanlara işgəncələr verilir, hər addımbaşı təhqir olunurlar, döyülürlər, şərəf və ləyaqətləri alçaldılır. Bəs, nəyə görə bu “insan hüququ carçıları” səslərini çıxarmırlar?! Çünki onlar hələ də dünyanın rədd etdiyi faşizm, irqçilik və ksenofobiya xəstəliyindən yaxa qurtarmaq istəmirlər. Belə olmasaydı, miqrantlar arasında irqi ayrı-seçkilik salıb “müsəlmanları qəbul etmirik” deməzdilər və müsəlman miqrantları sulara qərq etməzdilər. Əgər bizə sırımaq istədiyiniz Avropa prinsipləri və dəyərləri budursa, onlar bizə lazım deyil. Çünki Azərbaycan çoxmillətli və tolerant ölkədir, burada milli, dini və digər əlamətlərə görə heç bir ayrı - seçkilik yoxdur və burada yaşayan bütün insanlar ölkəmizin bərabərhüquqlu vətəndaşlarıdırlar. Bunu təkcə biz yox, ölkəmizə gələn müxtəlif səviyyəli xarici qonaqlardan görür və təsdiq edirlər”.
Eldar İbrahimov vurğulayıb ki, əgər Avropa Parlamenti beynəlxalq hüquq normalarının yerinə yetirilməsinin hər bir ölkənin vacib öhdəliyi olduğunu müdafiə edirsə, nə üçün 22 il bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması barədə qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsini tələb etmir?
Komitə sədrinin fikrincə, onlar bunu tələb edə bilməzlər, çünki həmin insanlar erməni lobbisinin dilənçiləridir və onların sifarişi ilə hərəkət edirlər. Rüşvət və korrupsiya bataqlığında boğulan, şərəf və ləyaqətin nə demək olduğunu bilməyən, mənəvi dəyərləri tapdalayan bu kəslər Azərbaycana mənəviyyat dərsi vermək iddiasına düşüblər: “Bütün bunlar onu göstərir ki, həmin kəslər layiq olmadıqları yeri tuturlar və yaxşı olar ki, onların təmsil olunduqları ölkələr kimləri Avropa Parlamentinə nümayəndə göndərdikləri haqqında bir daha götür-qoy etsinlər. Çünki onların haqqa-ədalətə sığmayan bu hərəkətləri Azərbaycanla təmsil olunduqları ölkələr arasında münasibətlərə də xələl gətirə bilər. Avropa Parlamentinin rəhbərliyi isə bu qurumda qərarların qəbul edilməsini kimlərinsə subyektiv fikirləri əsasında yox, obyektiv araşdırmalar aparmaqla ortaya çıxarılan dəlillərin geniş və hərtərəfli müzakirələrinin nəticəsində gerçəkləşdirməlidir. Bu qurum regionu narahat edən qlobal məsələlərin müzakirəsinin ön plana çəkilməsi üçün tədbirlər görməlidir. Məhz məsuliyyət hissini itirən belə siyasətbazlar ucbatından Avropa Parlamentinin onsuz da nüfuzdan düşmüş imicinə yeni zərbələr vurula bilər. Zənnimcə, Azərbaycanla bağlı qətnaməyə imza atanlar qara siyahıya düşmək üçün “çox layiqli namizədlərdir”. Ona görə hesab edirəm ki, üzvü olmadığımız Avropa İttifaqı ilə münasibətlərimizə yenidən baxmalıyıq. Çünki ölkəmizə qarşı belə münasibət artıq neçənci dəfədir ki, baş verir. Prezident İlham Əliyev növbəti ilin dövlət büdcəsi və iqtisadi məsələlər ilə əlaqədar keçirdiyi müşavirədə bildirmişdir ki, Azərbaycanda sabitliyi pozmağa və burada “maydan hərəkatı” yaratmağa can atan qüvvələr var. Onlar müstəqil siyasət yeridən Azərbaycanın uğurlarından çox narahatdırlar. Ancaq bu qüvvələr anlasınlar ki, Azərbaycan dövlətçiliyi möhkəm təməllər üzərində qurulub”.
Komitə sədri hesab edir ki, Avropa Parlamentinin qəbul etdiyi bu kağız parçası heç də ölkəmizə qayğı göstərmək həvəsindən yaranmamışdır. Onun əsas məğzi ölkəmizdə sabitliyi pozmağa, respublikamızda keçiriləcək parlament seçkilərini ləkələməyə, cəmiyyətdə xaos və özbaşınalıq yaratmağa yönəlmiş çox uğursuz bir cəhddir. Ona görə də antiazərbaycan qüvvələrinin bu bəd niyyəti əvvəllər olduğu kimi, indi də iflasa məhkumdur. Onlar istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan Prezidentinin apardığı düşünülmüş və uzaqgörən siyasət xalqımızın çox böyük dəstəyinə əsaslanır, ölkəmizin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə, əhalinin rifah halının yaxşılaşmasına yönəlib. Məhz bunun nəticəsidir ki, ölkə rəhbərliyi ilə xalqın birliyi getdikcə daha da möhkəmlənir, xalq öz Prezidenti ətrafında daha sıx birləşərək onu çox yüksək səviyyədə dəstəkləyir, inanır və etibar edir. Bu, reallıqdır, bundan sonra da hələ uzun müddət belə olacaq: “Prezident İlham Əliyev bu günlərdə Kürdəmir və Ağsu rayonlarında səfərdə olarkən bir neçə sosial obyektlərin açılışında iştirak etmiş və əhali ilə görüşlər keçirmişdir. Həmin görüşlərdə cənab İlham Əliyev qeyd etmişdir ki, hazırda həm ideoloji və həm də təbii resurslar uğrunda mübarizə gedir. Bu mübarizə müharibədir və təsir imkanlarını genişləndirmək üçün qarşıdurmadır. Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Kənardan oturub Azərbaycana mühazirə oxuyanların məqsədi burada təsir imkanlarını genişləndirmək, ölkəmizi müxtəlif təxribatlara sövq etmək, cəlb etmək, təhrik etməkdir. Biz bu təxribatlara getmirik və onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar”.
Eldar İbrahimovun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da öz inkişaf yolunu uğurla davam etdirəcəyinə əmindir və ölkəmizə qarşı yönələn istənilən təxribat heç bir nəticə verməyəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 3.