Bəlkə
sabah olmadı...
Artıq bir ildir ki, respublikanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sevimli yazıçı Ələviyyə Babayeva aramızda yoxdur.
Artıq bir ildir ki, onun maraqlı, duzlu, şirin söhbətlərini eşitmirik.
Hansısa bir müdrik deyib ki, qürurlu və həssas duyumlu insanların səsləri çox vaxt özünə bənzəyir. Onun səsində bir məlahət, yanğı və xeyirxahlıq var idi. Onun səsində hər kəsi öz sehrində saxlaya biləcək bir cazibə var idi.
Ələviyyə xanım 94 il yaşadı. Ulu Tanrı hər adama uzun ömür bəxş etmir. Bu qədər yaşamağın özü də qəhrəmanlıqdır.
Ələviyyə xanımda olan xeyirxahlıq, haqqa və ədalətə inam onun əsərlərinə də köçmüşdür. Ona görə də böyük yazıçının hekayələrindən tutmuş romanlarına qədər bütün əsərləri sevilə-sevilə oxunur.
Ələviyyənin uşaqlığı məşəqqətli keçmişdi. 3 yaşında ikən atası gəmi ilə İrana gedəndə yoxa çıxmışdı. 1924-1925-ci illər çox narahat bir dövr idi. Onun üstündə çoxlu pul olmuşdu. Bəlkə də duyuq düşən quldurlar onu buna görə öldürmüşdülər. Ələviyyəni atalığı Hənifə böyütmüş öz adını və soyadını ona vermişdi. Son nəfəsinədək Hənifə kişi ona “əziz balam” deyərdi.
Ələviyyə xanım Bakının əsilzadələr ailələrindən birində doğulmuşdur. Şəhərin baş memarı Hənifə Ələskərov Ələviyyənin dayısı, SSRİ xalq artisti Ələskər Ələkbərov və məşhur alim, nizamişünas Azadə Rüstəmova xalası uşaqları, SSRİ xalq artisti Hökümə Qurbanova gəlinləri, respublikanın xalq rəssamı Rasim Babayev isə dost-doğma qardaşı idi. Bacısı Aidə ədəbiyyat üzrə alimdir, elmlər doktorudur. Ələviyyənin Bakının Zirə kəndində yaşamış xalası oğlu qoçu Əliabbasın adı bakılılara yaxşı tanış idi. Yazıçı Manaf Süleymanov danışırdı ki, Əliabbas Bakı qoçularının başçısı idi. Hamı ondan qorxar, tük salardı. Əliabbas kasıb-kusubun, əzilənin tərəfində idi. O qoymazdı ki, Abşeronda bir adamın haqqı tapdalansın. Nəriman Nərimanov qoçu Əliabbasa böyük hörmətlə yanaşardı. Çünki Əliabbas düzəlməsi müşkül olan məsələləri həll edə bilirdi. 1918-ci ildə erməni-azərbaycanlı qarşıdurmasında o, Hacı Zeynalabdin Tağıyevin yanında olmuş, müsəlmanları erməni təhlükəsindən qorumuşdu.
Xalq yazıçısı Süleyman Rəhimov Ələviyyə xanımın evini ziyalılar evi adlandırırdı. Bu, həqiqətən, belə idi. Mən bu evdə dəfələrlə Süleyman Rəhimovu, Qılman Musayevi, Maral Rəhmanzadəni, Azad Mirzəcanzadəni, Nigar Rəfibəylini, Sara Qədimovanı, Böyükağa Mirzəzadəni, Cəmil Əlibəyovu, Zəhra Quliyevanı, Nəbi Xəzrini, Bəxtiyar Vahabzadəni, Manaf Süleymanovu, Süleyman Vəliyevi, Fidan və Xuraman Qasımova bacılarını və başqalarını görmüşəm. Onlar Ələviyyə xanımın söhbətlərini maraqla dinləyər, özləri də canlı bir tarixə dönüb keçmişin və bu günün problemlərindən danışardılar.
Ələviyyə xanım çox xeyirxah bir adam idi. Onunla ünsiyyətdə olanlar böyük yazıçının bu xüsusiyyətini yaxşı bilirdilər. Bir gün bəstəkar Şəfiqə Axundova və yazıçı Əzizə Cəfərzadə Ələviyyə xanımgilə gəlmişdilər. Xeyli söhbətdən sonra onlar yarızarafat , yarıgerçək ona “bizim xilaskarımız” deyə müraciət etdilər. Düzü, bu ifadəni başa düşmədim. Bu sözün məğzinə nə onlar, nə də Ələviyyə xanım sonralar da qayıtmadılar. Ələviyyə xanım bu barədə mənə bir söz deməsə də, mən bilirdim ki, o, insanların müdafiəsinə qalxar, onlara əl tutar, yaxşılıqlar edər və etdiklərindən də özünə bir rahatlıq tapardı.
Ələviyyə Babayevanın romanları milli səviyyəmizdir desəm, yanılmaram. Bu əsərlərdə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezi açıq-aydın hiss olunur. Bunu görmək üçün “Əlvida” və “Bəlkə sabah olmadı” romanlarını oxumaq kifayətdir. Ələviyyə xanımın əsərləri ona görə yüksəkdə dayanır ki, onun özünün şəxsiyyəti də, dünya görüşü də çox yüksək idi. Mən onun qədər oxuyan, mütaliə edən ikinci bir yazıçı tanımıram. Gecə də yazırdı, gündüz də, başqa işi yox idi. Ondakı yüksək intellektuallıq Qərb ədəbiyyatını çox mükəmməl bilməsi ilə əlaqədar idi. Şəxsiyyəti də böyük maraq doğurur; ömründə dilinə yalan gəlməz, özünü öyməz, heç kəsin qarasına danışmazdı, hiylədən, fitnə-fəsaddan uzaq bir adam idi. Sözünü adamın üzünə şax deyər, haqsızlığa dözməzdi, qorxu-hürkü bilən deyildi. Məhz buna görə də bədxahları onun dalınca min cür söz danışırdılar. Ələviyyə xanım son dərəcə prinsipial idi. Öz mövqeyini çılğınlıqla müdafiə etdiyinə görə onu gözü götürməyənlər vardı. Sadədən də sadə yaşayan bu el ağbirçəyinin evində 20 min kitabı, bir stolu, 5 stulu və bir divanı vardı. Var-dövləti qələmindən çıxan 60 kitabı idi.
Ələviyyə xanım bər-bəzəyə, var-dövlətə uymayan bir xanım idi. O, ömründə sırğa-üzük gəzdirməz, süni boyalardan qətiyyən istifadə etməzdi. Allahın verdiyi gözəllik ona bəs edərdi. Qarderobunda ən çox 1-2 paltar olardı. Lakin bu paltarları o qədər səliqəli geyərdi ki, hamı heyranlıqla baxardı. Onun son 30 ildə bir paltosu olmuşdu. Lakin indi də bu palto öz təzəliyini itirməmişdi.
Ələviyyə xanımın “Adamlar və talelər” romanı dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Yazıçı bu əsərində adamların çətin taleyini yana-yana, duya-duya qələmə almışdır. Əsərdə evlərdə gedən axtarışları, həbslərə həsr olunmuş səhifələri həyəcansız oxumaq olmur. Bu roman çıxar-çıxmaz böyük əks-səda yaratdı.
Bu əsər İraqa da gedib çıxmışdı. Kərkükdən radio əməkdaşı olan Fidan adlı qız Ələviyyə xanıma yazdığı məktubda həyəcan doğuran fikirlər səsləndirmişdir. Fidan yazırdı: “Ələviyyə xanım, “Adamlar və talelər” kitabının oxucusu o qədər çoxdur ki, məcburiyyət qarşısında qalıb onu ikiyə bölmüşük. Bu kitabı bütün türkmənlər məhəlləsi oxuyur. Mənim babam hər gün namaz üstə Sizə dua edir və deyir: bu qız yəqin Hüseyn Cavidin qohumlarındandır”.
2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında səfərdə olarkən Ələviyyə Babayevanın Çin dilinə tərcümə olunmuş “Adamlar və talelər” əsərini ona təqdim edərək böyük iftixarla demişdilər: “Biz Azərbaycan yazıçısı Ələviyyə Babayevanın əsərini Çin dilinə tərcümə etmişik. Bu kitab ölkədə çox populyar olmuşdur.”
Heydər Əliyev Prezident təqaüdünün verilməsi ilə əlaqədar Ələviyyə Babayeva ilə telefon əlaqəsi saxlayarkən bu hadisəni sevinclə qeyd etmişdir.
“Adamlar və talelər” romanında bir fikir təlqin olunur - bizim mürəkkəb zəmanəmizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istərsə də xəstə baxıcısı... fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə, heç bir şeysən.
İran İslam Respublikasında olarkən Ələviyyə xanıma böyük xalq məhəbbətinin canlı şahidi oldum. Böyük İran mütərçimi Məmmədhüseyn Fərzanə yazıçının “Hardasan, dost, harda?” romanını fars dilinə tərcümə etmişdi. Bu kitab Təbrizdə böyük marağa səbəb olmuşdur.
M.Fərzanə danışırdı ki, kitab nəşr olunan kimi satılıb qurtardı. Məcbur olub romanı yenidən nəşr etdik.
Ələviyyə Babayevanın “Səni axtarıram” romanı xüsusilə jurnalistlər tərəfindən böyük məhəbbətlə qarşılandı. Bu roman 2 hissədən ibarətdir. Kitabın təqdimatında yazıçı demişdir: “Müasir həyata həsr olunmuş əsərin hər sətri elektrik teli olmalıdır. Əl dəyən kimi bu tellərdən gərək qığılcım sıçrasın. Bu sahədə mənim bir köməkçim var ki, bu da zəhmətdir.”
Müəllif daim həyatın qaynar yerlərində olan qəribə adamlar- jurnalistlər haqqında yazır: Qızılaxtaranların həyatı dağlarda, düzlərdə, məhrumiyyətlər qaynağında keçir. Onlar ən adi rahatlığa - yumşaq yatağa, isti yeməyə çox vaxt həsrət qalırlar. Yayın istisində mığmığadan, qışın sazağında şaxtadan əzab çəksələr də hey gəzir, hey qızıl axtarırlar. Nə, üçün? İnsanın səadəti üçün...
“Küləyin tərkində” romanı barədə Fransadan Ümbülbanu yazırdı: “Mən kiril əlifbasında çox çətinlikdə də olsa “Küləyin tərkində” romanını oxudum. Əsər məni keçmişə apardı. Məni Bakını küçəbəküçə gəzdirdi. Xəzri və gilavar mənə həm hərarət, həm də sərinlik gətirdi. Sizin nə gözəl adınız var: Ələviyyə. Bu ad Sizdə hardandır? Bu əsəri fransız dilinə tərcümə etmək fikrindəyəm. Məni qədim Bakı ilə yenidən görüşdürdüyünüz üçün çox sağ olun”.
Ə.Babayeva müstəqil düşüncə tərzi ilə, özünəməxsus istedadı ilə ən çox seçilən sənətkarlardan idi. O, heç vaxt nə əsərlərində, nə də şəxsi həyatında kimsəyə xoş gəlmək məqsədi güdməyib. Ən böyük idealı ədalət, düzlük, vicdan idi və daim həyat həqiqətinin gözəgörünməz düyünlərini açmağa cəhd göstərirdi.
Ələviyyə xanımın ən çox oxunan əsərlərindən biri də “Bəlkə sabah olmadı” romanıdır. Əsərin adı böyük maraq doğurduğu üçün indi də əldən-ələ gəzir. Roman tarixin “bu gün” adlanan yönü ilə qarşılaşan sənətkar və ziyalıların həyatına həsr olunmuşdur. Müəllif deyir: “Romançı öz dövrünün sadəcə müşahidəçisidirsə, bu, çox azdır. O, həyatın burulğanından keçən yaşadığı zəmanənin tədqiqatçısı və gözü olmalıdır”.
“Bəlkə sabah olmadı” romanında belə bir qənaət var - öz dövrü ilə ayaqlaşan sənətkarı adi bəşər övladından fərqləndirən əsas bir şey-onun “üçüncü göz”üdür. Allah vergisi - “üçüncü göz”lə çoxlarının görmədiyini görür. “Üçüncü göz” əsərin əsas qəhrəmanı İldırımoğlunun da qisməti və tale ulduzudur.
Qardaşı xalq rəssamı Rasim Babayevə ithaf etdiyi bu roman aşağıdakı sözlərlə başlayır: “Hər şey ötüb keçəcək... Bizə belə deyiblər, belə öyrədiblər. Ancaq köçməyən, əbədi qalan da olacaq. Daşlar, qayalar qalacaq. Xəzər qalacaq, Abşeronun xəzrisi, gilavarı qalacaq. Bir də... bir də ümid qalacaq, həyatı çiyinlərində gəzdirən ümid.
Mənim doğma şəhərimdə xəzri qopanda onun vıyıltısına, fəryadına qulaq asın. Bu fəryadda mənim səbr etməkdən bezmiş səsimi eşidəcəksiniz.”
Ələviyyə xanım nə yazıbsa, nədən yazıbsa həmişə özü olmağa çalışıb. O, bütün ömrünü sözə həsr etmişdir, sözə böyük məsuliyyətlə, böyük hörmətlə yanaşırdı.
“Dəli Sona” romanı barədə ayrıca danışmaq istəyirəm. Bu əsər gənc bir qızın faciəvi həyatına həsr olunmuşdur və mövzu real həyatdan götürülmüşdür. Bu əsər əldən-ələ gəzir, evləri dolaşır. Rejissor Rasim Ocaqov bu əsəri çox sevirdi. Onu oxuduqdan sonra heç özünə gələ bilmirdi. Deyirdi ki, necə olursa-olsun, bu əsərin ssenarisi əsasında film çəkəcəkdir. Onun qəfil ölümü arzusunu həyata keçirməyə imkan vermədi.
Onun “Yanar su” romanı mənim keşməkeşli, əzablı keçən həyatıma həsr olunmuşdu. Yazıçı Ələviyyə Babayevanın “Yanar su” romanı asanlıqla başa gəlməmişdir. Bir gün Şuşadan mənə zəng etdilər ki, Ələviyyə xanım bir aydan çoxdur ki, Şuşadadır. O, böyüyüb başa çatdığım 5 nömrəli uşaq evində olub, tərbiyəçi və müəllimlərimdən mənim barəmdə ətraflı məlumat almışdı. Vaxtilə oxuduğum Kənd Təsərrüfatı Texnikumunda isə Ələviyyə xanımı yüksək səviyyədə qarşılayıb, mənim barəmdə kitab yazdığına görə onu texnikumun kollektivinin fəxri üzvlüyünə qəbul etmişdilər. Az sonra eşitdim ki, o, vaxtilə işlədiyim, hazırda Xızı rayonunun tabeliyindəki Altıağac kəndində olub, mənim barəmdə zəngin materiallar toplamışdır.
1983-cü ildə mən Astara Rayon Partiya Komitəsinin birinci katibi işləyirdim. Ələviyyə xanım Astarada olur, əhali ilə görüşür, hətta vətəndaşları qəbul günlərində və apardığım büro iclaslarında iştirak edib, məni dərindən öyrənirdi.
Romanın əsas qayəsi belədir ki, insan hər şeydən yüksəkdə dayanmalı, düzlüyün, ədalətin carçısı olmalıdır. Bu əsər həm də sadə dildə yazılmışdı.
Ömrünün son on ilində ayaqları tutulmuşdu, yeriyə, həyət-bacaya çıxa bilmirdi. Lakin onun əvəzinə əsərləri ayaq açmışdı, ölkələri gəzirdi: “ Adamlar və talelər” romanı Çində, “Hardasan dost, harda” romanı İranda fars dilində, “Küləyin tərkində” romanı Fransada, “Bəlkə sabah olmadı” romanı isə İsraildə nəşr olunmuşdur. Hələ Rusiyada, Türkiyədə nəşr olunan əsərlərini demirəm. Elə buna görə də yazıçı Sadıq Elcanlı Ələviyyə Babayevanı “Azərbaycan ədəbiyyatının xarici ölkələrdə “səfiri “ adlandırırdı.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin xatirələrindən: “Keçən əsrin 70-ci illərində SSRİ Yazıçılar İttifaqı bir qrup yazıçı və şairi Sibirə ezamiyyətə göndərmişdi. Bu göndərişdə əsas məqsəd Azərbaycan ədəbiyyatını geniş təbliğ etmək idi. Qrupda Nəbi Xəzri, Söhrab Tahir və digərləri ilə yanaşı, Ələviyyə Babayeva və mən də var idik. Tümendə, Barnaulda, Altayda çoxlu görüşlər keçirdik. Ələviyyə xanım rus dilində elə gözəl danışırdı ki, hamını valeh edir və böyük uğurlar qazanırdı. O, ensiklopedik biliyi ilə bizim üzümüzü ağ, başımızı uca etdi.
Ölümünə bir neçə gün qalmış məni yanına çağırdı. Qardaşı Rasim Babayevin uşaqları Elnur və Çingiz də burada idilər. Son vəsiyyətini mənə diktə etdi: “Çingiz, - dedi, - istəyirəm hamı bilsin ki, Heydər Əliyev olmasaydı, yəqin ki, mən acından ölərdim. Ona görə də mən birinci növbədə ona dönə-dönə rəhmət diləyirəm.
Mənim ömrümün axırıdır, son günlərimi yaşayıram. Tək-tənha adamam. Yəqin ki, mənim yas günlərimə qohum-əqrəbamdan başqa heç kəs gəlməyəcək. Ancaq mən sənə 15 nəfərin adını deyəcəm. Gözlərimi yumanda onlara xəbər ver, qoy onlar mənim yasımda iştirak etsinlər”. Ələviyyə xanım Sabir Rüstəmxanlının, Söhrab Tahirin, Zəlimxan Yaqubun, Tənzilə xanımın, İntiqam Qasımzadənin, Aqil Abbasın, Musa Ələkbərlinin, İlyas Tapdığın, redaktor Aydın Quliyevin, Çingiz Əlioğlunun, Cəmil Əlibəyovun, İradə adlı bir xanımın, Akif İslamzadənin və Şərafət Dağıstanlının adlarını yazdırdı.Sonra isə vəsiyyətini davam edərək dedi: “Mən yoldaşımla ailə quranda məni qınayırdılar, çəpəki baxırdılar, haqqımda çoxlu söz-söhbət, dedi-qodu yaradırdılar. Lakin o mənim səbirli olmağımı məsləhət görürdü, dedi-qoduya uymamağı tapşırırdı. Bir sözlə, mənə çox hörmət edirdi. Əlimi ağdan-qaraya vurmağa qoymazdı. Deyərdi ki, Allah sənə böyük istedad verib, sən ancaq yazmalısan. Azərbaycan dilini gözəl bilirdi. Yazdığım əsərlərin ilk oxucusu o idi. Əsərlərimə tənqidi yanaşardı. Onun məsləhətlərinə əməl edərdim. Əgər bu gün gənc bir qız olsaydım, yenə də onu seçərdim, yenə də onunla ailə qurardım. Mənim bu səviyyəyə yüksəlməyimdə ömür-gün yoldaşımın böyük rolu olmuşdur. O, başqa millətdən olsa da, Azərbaycanın adət və ənənələrinə hörmətlə yanaşırdı. Onun məscidə gedib islam dinini qəbul etməsi hamımızı kövrəltmişdi. Dönə-dönə tapşırmışdı ki, o, Azərbaycan qəbiristanlığında, islam qayda-qanunları əsasında dəfn edilsin. Belə də oldu. Həyat yoldaşım ailəmizdə ən çox hörmət etdiyi anamın yanında dəfn edildi.
Bu dünyada mənə çox əzablar verdilər, illər məni çox yordu. Xahiş edirəm, həyat yoldaşımın qəbrini açarsınız, onun sür-sümüklərini mollalarımız necə lazımdırsa, o qaydada kəfənləsinlər. Məni həmin qəbirdə basdırsınlar. Ömür-gün yoldaşımın kəfənlənmiş sür-sümüklərini mənim başımın altına qoyun. Mən onun dizləri üstündə əbədi uyumaq istəyirəm”.
Belə də oldu. Ələviyyə xanımın arzusu yerinə yetirildi.
İndi bir baş daşında 2 adamın adı yazılmışdır. Onun həyat yoldaşının və görkəmli Azərbaycan yazıçısı Ələviyyə Babayevanın.
Ələviyyə xanım Babayevanın sevimli qardaşı, xalq rəssamı Rasim Babayev 6 ildir ki, vəfat etmişdir. Onlar çox mehriban qardaş-bacı idilər. Rasimin ölümünü ondan gizlədirdilər. Ölən günədək Ələviyyə xanıma deyirdilər ki, Rasim İngiltərədə uzunmüddətli yaradıcılıq ezamiyyətindədir. O, hər dəfə deyirdi ki, Rasim niyə mənə zəng etmir, nə üçün həyat yoldaşını tək-tənha qoyub gedib?! Bir gün mənə dedi:
- Rasimdən çox incimişəm. Qoy gəlsin, ona bir-iki sözüm var. Səidə kimi dəyərli bir qadını tək-tənha qoyub, çıxıb gedib, gəlmək bilmir.
Hər dəfə saatlarla onun divardan asılmış şəklinə və “İçərişəhər” tablosuna baxıb kədərlənərdi. Ölümündən 2-3 dəqiqə əvvəl qəfildən möcüzə baş verdi. O, başını qaldırıb dedi:
- Rasim, gəldin? Bəs adam həyat yoldaşını, uşaqlarını, bacılarını qoyub belə uzaq səfərə gedərmi? Əyil üzündən öpüm.
Sonra isə başını yastığa qoyub, gözlərini həmişəlik yumdu.
Evdəkilərin hamısı bu səhnəyə dözə bilməyib, göz yaşları axıtdılar.
Allah ona rəhmət eləsin!
Elə bu dəm böyük müğənnimiz Sara xanım Qədimovanın oxuduğu bir mahnının qəlb yandıran avazı açıq pəncərədən evə doldu:
Gəldi, haradan gəldi,
Könlü qaradan gəldi.
Göydə bulud yox idi,
Bu sel haradan gəldi...
Çingiz
FƏRƏCOV,
“Qızıl
qələm” mükafatı laureatı
Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 6.