Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin
“Siyasi debat” layihəsinin açılışı
olub
Hər zaman maraqlı layihələri ilə gənclərin marağına səbəb olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “Siyasi debat” adlı layihəsinin açılışını edib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə elan olunduğu gün qeydiyyatdan keçmək üçün 370 nəfərdən çox şəxs müraciət edib. Layihəyə seçim üç mərhələdən ibarət olub. İlkin mərhələdə qeydiyyatdan keçənlərin 78 nəfəri ikinci mərhələyə keçib. İkinci mərhələdə YAP Gənclər Birliyinin əlaqələndiriciləri tərəfindən müsahibə yolu ilə keçirilən seçimdə isə 35 gənc layihədə iştirak etmək üçün vəsiqə qazanıb.
Layihənin açılışında YAP icra katibinin müavini, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, partiyanın Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək iştirakçılara müvəffəqiyyət arzu ediblər.
Layihənin əsas məqsədi siyasətə marağı olan gənclərə onun incəliklərini aşılamaq, gənclərin beynəlxalq miqyasda baş verən siyasi proseslərə düzgün rəy vermələrini təmin etməkdir. Layihə iştirakçılarının hər biri ingilis və rus dillərində sərbəst danışırlar. Dil biliklərini nəzərə alaraq “Siyasi debat” layihəsinin iştirakçılarına yerli mütəxəssislərlə yanaşı, xarici təlimçilərin dəvət olunması da nəzərdə tutulub.
Layihədə təlim və seminarların keçirilməsi ilə yanaşı, müxtəlif siyasi oyunlar, “dəyirmi masa”lar, beynəlxalq debat klubunun üzvləri ilə virtual olaraq onlayn müzakirələr aparmaq imkanları yaradılacaq. Layihəni uğurla başa vuran gənclər arasından imtahan və müsahibə yolu ilə bir qrup gənc seçiləcək. Həmin gənclər gələcəkdə istər ölkə daxili, istərsə də beynəlxalq miqyasda debatlarda Azərbaycanı təmsil edəcəklər.
Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 2.