Özünümaliyyələşdirmə və regional inkişaf

 

12-ci ildir hökumətin iqtisadi siyasətinin tərkib hissəsi kimi bölgələrin tarazlı inkişafının təmin olunması məqsədilə dövlət proqramları həyata keçirilir. Bu məqsədlə 2004-2013-cü illər ərzində regionlarda (Bakı şəhəri istisna olmaqla) əsas kapitala 26,5 milyard manat investisiya qoyulmuşdur ki, bu da neft sektoru nəzərə alınmadan ölkə üzrə göstəricinin 42 faizinə bərabərdir. Həmin illər 191 mühüm sənaye obyekti tikilib istifadəyə verilmişdir və onların 90 faizi regionların payına düşür. Bütün bu uğurlara baxmayaraq, hələ də regional büdcə xərclərinin çox hissəsi mərkəzdən ayrılan dotasiya hesabına maliyyələşdirilir. Bu yerdə bir məsələni diqqətə çatdırmaq istərdik. Bəlkə də çoxları elə bilir ki, regionlarda yaranan büdcə təyinatlı gəlirlərin çox hissəsi mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinə köçürülür və bundan sonra rayon büdcələri arasında bölüşdürülür. Xeyr, belə deyil. Qüvvədə olan “Büdcə sistemi haqqında” qanunda deyilir ki, mərkəzləşdirilən gəlir dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlirdir.

Milli müstəqillik bərpa edildikdən sonra regionların iqtisadi və sosial inkişafı həmişə dövlətin diqqət mərkəzində olmuşdur. 2003-cü ildən sonra isə milli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa xüsusi diqqət yetirilmişdir. Regionların iqtisadi inkişafını miqyaslı etmək, mövcud təbii və əmək resurslarından tam və səmərəli istifadə etmək əsasında sürətləndirmək məqsədilə indiyədək 3 dövlət proqramı qəbul edilmişdir və hazırda sonuncu proqramda qarşıya qoyulmuş vəzifələr həyata keçirilir.

2004-cü ildən başlayaraq iki regional dövlət proqramının icrası nəticəsində Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda dövlət büdcəsinin ümumi yerli gəlirlərinin dəfələrlə artaraq 2003-cü ildəki 39,1 milyon manatdan 2013-cü ildə, yəni, ikinci regional dövlət proqramının icra müddəti qurtardıqdan sonra 570 milyon manata çatması müəyyənləşdirilmişdir (məqalədə 2013-cü ilin yekunlarından istifadə etməkdə məqsəd 2 regional inkişaf proqramının icrasından sonra gəlirlərin dinamikasını və masştabını göstərməkdir). Nəticədə ilk dəfə olaraq 2012-ci ildə Sumqayıt, 2014-cü ildə isə əlavə olaraq Mingəçevir və Şirvan şəhərləri, həmçinin Abşeron və İmişli inzibati rayonları xərclərini tamamilə öz gəlirləri hesabına maliyyələşdirmişlər. Elə 2015-ci ildə də qeyd edilən inzibati ərazilərin dövlət büdcəsindən vəsait almadan funksiyalarını davam etdirə biləcəklərinə şübhə yoxdur.

Lakin araşdırmalar göstərir ki, regional inkişafın miqyaslı olmasına baxmayaraq, əksər yerli büdcələrin gəlirləri onların bütünlükdə iqtisadi inkişafına adekvat formalaşmır. 2013-cü ildə dövlət büdcəsinin cəmi yerli gəlirlərinin yalnız 9 faizə qədəri regionlarda, qalanları isə Bakı şəhərində yaranmışdır. Həmin gəlirlər regional büdcə xərclərinin yalnız 33 faizini maliyyələşdirilməyə imkan vermişdir. Gəlirlərin çox hissəsinin Bakıda yaranmasının bir obyektiv səbəbi neft-qaz sektorunun əsasən burada yerləşməsidir. Amma hesablamalarımız göstərir ki, neft-qaz sektorundan gəlirlər nəzərə alınmadan şəhər və rayonlarda yaranan dövlət büdcəsinin gəlirlərinin 87 faizə qədəri yenə də paytaxtın payına düşür. Məhz buna görə də regional gəlirlər şəhər və rayonların dövlət büdcələrinin xərclərini ödəmir və onlara külli miqdarda dotasiya verilir. Məsələn, 2013-cü ildə şəhər və rayon büdcələrinə 1093 milyon manat və ya 2008-ci illə müqayisədə 1,7 dəfə çox dotasiya verilmişdir. Ümumiyyətlə, həmin dövr 9 iqtisadi rayon dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən dotasiya almışdır. Hətta respublika əhəmiyyətli 6 şəhərdə yerli büdcə xərclərinin orta hesabla 32 faizi dotasiya hesabına təmin edilmişdir. Yevlax, Gəncə, Lənkəran və Şəki şəhərlərinin büdcə gəlirləri onların xərclərindən 2-3 dəfə az olmuşdur. Bütünlükdə şəhər və rayonlara ayrılan dotasiya region xərclərinin 67 faizə qədərini maliyyələşdirmişdir. Onu da qeyd etmək istərdik ki, regional büdcələrə ayrılan dotasiyanın məbləği Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan şəhərləri istisna olmaqla, digər respublika əhəmiyyətli şəhərlər üzrə azalmamışdır. 2013-cü ildə Gəncə və Lənkəran şəhərlərinə ayrılan dotasiya 2008-ci ilə nisbətən 1,4-1,5 dəfə çox olmuşdur. Diqqətəlayiq uğurlara baxmayaraq, Naxçıvan MR büdcə xərclərinin çox hissəsini (80 faizdən çoxunu) mərkəzi büdcədən alır.

Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin... Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin”. 2012-ci il dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı maliyyə naziri də haqlı olaraq vurğulamışdı ki, regionların özünümaliyyələşdirmə prinsipinə keçməsinin təmin edilməsi mühüm strateji vəzifələrdən biridir. Buna baxmayaraq, 2015-ci ilin proqnozlarına görə, şəhər və rayonlar üzrə (Naxçıvan MR nəzərə alınmadan) büdcə təyinatlı gəlirlər 7112 milyon manat təsdiq edilmişdir. Həmin gəlirlərin yalnız 8,7 faizinin regionlarda yaranması nəzərdə tutulmuşdur.

Yerli büdcələrin maliyyə təminatında yaranan bu cür vəziyyətin motivi və səbəbləri çox müxtəlifdir. Amma məqsədimiz onları sadalamaq yox, yerli gəlirlərin əhəmiyyətli dərəcədə artırılması üçün real ehtiyatların mövcudluğunu göstərməkdir.

Regionlarda gəlirlərin azlığına təsir edən əsas amillərdən biri onların iqtisadiyyatının strukturudur. Götürək sənayeni. 2013-cü ildə regionlarda ümumi mal (xidmət) istehsalında sənayenin xüsusi çəkisi ortalama 17,2, kənd təsərrüfatının payı 24,5 faiz təşkil etmişdir. Halbuki bölgələrdə son dövrlər müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və kompleksləri yaradılmışdır. Məsələn, 2003-2013-cü illərdə regionlarda 167 qeyri-neft sənaye müəssisəsi istifadəyə verilmişdir. Nəticədə regionların sənayeləşdirilməsi və dinamik iqtisadi inkişafı istiqamətində nailiyyətlər əldə edilmişdir. Belə ki, 2008-ci illə müqayisədə 2013-cü ildə regionlarda mal (xidmət) istehsalının ümumi həcmi 9,3 milyard manatdan 21,3 milyard manata, o cümlədən sənaye məhsulunun istehsalı 1,8 milyard manatdan 3,7 milyard manata qədər artmışdır. Neft sektorunu nəzərə almasaq, 2013-cü ildə ölkədə sənaye məhsullarının 47 faizi regionlarda istehsal edilmişdir. 2008-ci ilə nisbətən 2013-cü ildə bütünlükdə ölkə üzrə ümumi sənaye məhsullarının istehsalı 5,3 faiz artsa da, bu artım Naxçıvan iqtisadi rayonunda 4,6, Gəncə-Qazax iqtisadi rayonunda 2,1, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz və Dağlıq Şirvanda 1,2-1,5 dəfə olmuşdur. Bu da həmin iqtisadi rayonların sənayeləşdirilməsi istiqamətində mühüm irəliləyiş deməkdir. Məsələn, Naxçıvan iqtisadi rayonunda ümumi məhsul (xidmət) istehsalında sənaye məhsulunun xüsusi çəkisi 1,7 dəfə artaraq 30 faizə çatmışdır.

Bununla belə, regionlarda 153 qeyri-neft emal müəssisəsi tikilməsinə baxmayaraq, 2003-2013-cü illərdə qeyri-neft sənaye sektorunda məhsul istehsalının artımının yalnız 40 faizi regionların payına düşmüşdür. Bölgələrdəki müəssisələrdə ölkə sənaye məhsulunun cəmi 11 faizi istehsal edilmişdir. Deməli, büdcəyə də az vəsait daxil olmuşdur. Halbuki regionlarda, xüsusən aqroemal sektorunun intensiv yolla inkişafının təmin edilməsi yerli gəlirlərin miqyaslı artırılması baxımından çox sərfəli olardı. Milli hesabların materiallarının öyrənilməsi göstərir ki, istehsal olunmuş kənd təsərrüfatı məhsulunun hər manatından 55 qəpik xalis mənfəət əldə edilir. Halbuki emal sənayesində bu göstərici 17, elektrik enerjisi, qaz, suyun istehsalı və bölüşdürülməsində 3 qəpiyə bərabərdir.

Deməli, regional inkişafda həlledici mövqeyə malik olan kənd təsərrüfatı sahəsinin, xüsusilə onun bitkiçilik bölməsinin inkişafını tələb olunan səviyyədə təmin etmək üçün aqrar sektorda yaranmış təşkilati, hüquqi və iqtisadi idarəetmə problemlərini tezliklə aradan qaldırmaq lazımdır. Elmi araşdırmalarımız göstərir ki, aqrar sektorun maddi-texniki bazasının modernləşdirilməsi üçün investisiya təminatı baxımından vergi güzəştləri indiki şəraitdə səmərəli deyil. Eyni zamanda, qeyd etmək istərdik ki, bu sektora edilən vergi güzəştləri kənd təsərrüfatı rayonlarında yerli büdcə gəlirlərinin azlığına səbəb olan əsas amillərdən biridir. Odur ki, aqrar sektorda vergi güzəştlərinə yenidən baxılması pis olmazdı. Məqsədəuyğun olardı ki, vergi güzəştləri prioritet kənd təsərrüfatı məhsullarına müəyyən müddətə, özü də investisiya qoyuluşu ilə şərtləndirməklə verilsin.

İki regional inkişaf dövlət proqramının icrası üçün 2004-2013-cü illərdə neft sektoru çıxılmaqla ölkə üzrə əsas kapitala investisiyaların 42 faizindən (26,5 milyard manatı) regionlarda istifadə edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin 80 faizi də regionların payına düşmüşdür. Bu investisiyaların hesabına regionlarda ümumi dəyəri 15,3 milyard manat olan yeni zavodlar, fabriklər, infrastruktur obyektləri modernləşdirilmiş və yeniləri tikilib istifadəyə verilmişdir. Amma regionlarda yaranan gəlirlər onların iqtisadi və sosial inkişafına yönəldilən investisiyaların həcminə adekvat olmamışdır. Regional səviyyədə investisiyaların iqtisadi səmərəliliyini qiymətləndirmək məqsədilə apardığımız hesablamalarda statistik uçotu aparılan iki göstəricini əsas götürmüşük - 2009-2013-cü illərdə iqtisadi rayonlar üzrə mal (xidmət) istehsalının ümumi həcminin artımı və əsas kapitala qoyulan investisiyaların həcmini (hər iki göstərici nominal qiymətlə qəbul edilmişdir). Hesablamalar göstərir ki, qoyulan hər manat investisiya hesabına Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında orta hesabla 33-36, Aran iqtisadi rayonunda 43, Naxçıvan və Lənkəran iqtisadi rayonlarında 52-56 qəpik məhsul (xidmət) istehsal edilmişdir. Quba-Xaçmaz iqtisadi rayonunda isə bu göstərici 7 qəpiyə yaxın olmuşdur. Qeyd edilən iqtisadi rayonların hamısının iqtisadiyyatında xidmət sektorunun üstünlük təşkil etməsinə (50-60 faiz civarında) baxmayaraq, göründüyü kimi, investisiyalardan istifadənin səmərəlilik göstəricisi regionlar üzrə böyük civarda fərqlənir - 7 qəpikdən 56 qəpiyə qədər. Ən aşağı göstərici Quba-Xaçmaz iqtisadi rayonunda, ən yüksək göstərici Lənkəran iqtisadi rayonunda qeydə alınmışdır. İnvestisiyaların iqtisadi səmərəliyinin regionlarda belə fərqli olması yerli gəlirlərin əhəmiyyətli dərəcədə artırılması imkanlarının mövcudluğunu bir daha təsdiqləyir. Bu isə o deməkdir ki, yerli gəlirlərin artırılması üçün regional iqtisadiyyata yönəldilən investisiyaların səmərəli istifadəsinə diqqəti artırmaq lazımdır.

Sənaye sektorunun, infrastruktur və xidmət sahələrinin inkişaf etdiyi regionlarda gəlirlərin maliyyə uçotunda şəffaflığın və nəzarət mexanizmlərinin yetərincə təşkil edilməməsi də büdcə gəlirlərinin məbləğinə mənfi təsir edən əsas səbəblərdəndir. Burada bir neçə faktı diqqətə çatdırmaq istərdik. Məsələn, regionlarda büdcə təyinatlı gəlirlərin məbləği ümumi məhsul (xidmət) istehsalının həcmi ilə müqayisədə çox az formalaşır. Belə ki, 2013-cü ildə 9 iqtisadi rayonda hər manat məhsuldan (xidmətdən) 3 qəpik və ya orta respublika səviyyəsindən 3,6 dəfə az büdcə təyinatlı gəlir rəsmiləşdirilmişdir. Bu baxımdan bir fakt da ondan ibarətdir ki, 2014-cü ildə Vergilər Nazirliyinin müvafiq qurumu tərəfindən 971 cinayət işi başlanılmışdır ki, bu da 2013-cü ilə nisbətən 2 dəfə çoxdur. Yoxlamalar aparılmış vergi ödəyicilərinin 99,4 faizində vergi qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. 2015-ci ilin təkcə fevral ayında vergi orqanları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı 5375 vergi ödəyicisinin qanunvericiliyi pozması faktları aşkarlanmışdır. İlin əvvəllərində Vergilər Nazirliyi bəyan etmişdir ki, spirtli içkilər və tütün məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrin təqdim etdikləri hesabatlarda istehsalın həcmi bilərəkdən az göstərilir. Odur ki, real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən müəssisələrdə nəzarət postları yaradılmışdır. Belə faktlar qeyri-neft sektorunda kənar maliyyə nəzarətinin zəif olmasını nümayiş etdirir. Fikrimizcə, ümumi vergi daxilolmalarının həcmində qeyri-neft sektorunun payının istənilən sürətlə artmamasının bir səbəbi də budur.

Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı sahibkarlara dövlətin pulunu tam ödəmələri, müvafiq dövlət qurumlarına isə vergi ödəyiciləri qarşısında heç bir əsassız tələb irəli sürməmələri barədə ciddi tapşırıqlar vermişdir: “Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssəlam”.

Regional büdcə gəlirlərinin müəssisələrin real maliyyə potensialına adekvat planlaşdırılması da vacib məsələdir. Bunda büdcə gəlirlərinin əsaslandırılmasını və onun digər iqtisadi göstəricilərlə əlaqələndirilməsi səviyyəsinin yüksəldilməsini nəzərdə tuturuq. Müəssisələrin maliyyə göstəricilərinin uçotunda şəffaflığın yaradılması və düzgün aparılması, gəlirlərin artırılmasında və regional büdcələrə daxil edilməsində yerli icra hakimiyyəti orqanlarının marağını təmin edən mexanizmlərdən istifadə edilməsi, mülkiyyət formasından asılı olmayaraq qabaqcıl təcrübədən istifadə, müəssisələrdə istehsal xərclərinin uçotuna nəzarətin gücləndirilməsi, maliyyə, iqtisadiyyat və sənaye nazirliklərinin yerli bölmələri ilə müəssisə və təşkilatların münasibətlərində tələbkarlığın yüksəldilməsi də regional büdcə gəlirlərinin artırılmasının real ehtiyatlarından tam istifadə etmək üçün həlledici rol oynaya bilər.

Regional inkişafın başlıca hədəflərindən biri dotasiyaların ləğv edilməsi olduğuna görə əsas vəzifə ayrı-ayrı regionların inkişafını təmin edə bilən spesifik, məhz həmin regiona məxsus olan istiqamətləri və vasitələri müəyyən etməklə onların ixtisaslaşdırılmasından ibarətdir. “Kənd təsərrüfatı ili” ilə bağlı tədbirlər planında nəzərdə tutulduğu kimi, aqrar sektorun inkişafının konkret və ayrıca iqtisadi rayonun ixtisaslaşması kontekstində sürətləndirilməsi zəruridir. Məsələn, “Pambıqçılıq haqqında” qanunda deyilir ki, respublikada pambıqçılıq klasterlər əsasında inkişaf etdirilsin. Ölkə başçısı bu məsələyə 2011-ci ilin mart ayında bir daha qayıdaraq fərman imzalamışdır. Taxılçılıq üçün isə münbit regionlarda hökumətin qərarı ilə dövlət torpaq fondu sahələrində və dövlət vəsaitləri hesabına iri taxılçılıq və digər təsərrüfat subyektlərinin yaradılması nəzərdə tutulmuşdur. Artıq bir çox rayonlarda belə təsərrüfatlar uğurla fəaliyyət göstərir. İndi bu iş genişləndirilməli və sürətləndirilməlidir. Məsələn, Quba-Xaçmaz, Lənkəran, Aran, Dağlıq Şirvan iqtisadi rayonlarında aqroemal kompleksləri formalaşdırıla bilər. Bu iqtisadi rayonlar ənənəvi kənd təsərrüfatı məhsullarının (pambıq, üzüm, çay, tütün və barama) yeni texnologiyalar əsasında intensiv istehsalı və emalı əsasında ixtisaslaşdırıla və aqrosənaye üzrə inkişaf etmiş regionlara çevrilə bilərlər. Dövlət başçısının bu istiqamətdə təşəbbüsünə dəstək olaraq biz də hesab edirik ki, klasterlərin tətbiqi, ərazi-istehsal komplekslərinin yaradılması, bölgələrin ixtisaslaşdırılması, meqopolislərin formalaşdırılması regional inkişafda həlledici rola malikdirlər. Bir sözlə, istər sənaye, istərsə də kənd təsərrüfatı sektorlarının inkişafı üzrə Azərbaycan regionlarının ixtisaslaşdırılması müasir dövrün vacib məsələlərindəndir.

Yeri gəlmişkən qeyd edək ki, vaxtilə kəşf edilmiş və intensiv istifadə mərhələsində olan zəngin yeraltı təbii sərvətlərin hazır məhsula qədər emalı hesabına yaxın gələcəkdə Gəncə-Qazax iqtisadi rayonunun sənaye üzrə inkişaf etmiş regiona çevrilməsi məqsədilə tədbirlər həyata keçirilir. Lakin bunun üçün “Azərbaycan Respublikasında məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi”nin hazırlanması da lazımdır. Uzunmüddətli belə sxemin hazırlanması regionların kompleks inkişafının təmin edilməsində mühüm rol oynayan koordinasiya vasitəsi ola bilər.

Sonda bir məqama diqqət çəkmək istərdik. Yerlərdə gözləməməlidirlər ki, mərkəz, yaxud hansısa xarici və daxili investor gələcək, bu və ya digər rayonun iqtisadiyyatını, sənayesini, aqrar sektorunu inkişaf etdirəcək. Belə vacib iqtisadi məsələyə bu cür yanaşma regionları asılı vəziyyətə salır. Odur ki, yerli rəhbərlər mərkəzi idarəetmə orqanları ilə birlikdə regionun özünümaliyyələşdirməyə keçməsini təmin edən proqramların hazırlanmasında yaxından iştirak etməli və ələbaxımlıqdan qurtulmaq üçün əməli təkliflər verməlidirlər.

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,

iqtisad elmləri doktoru, professor, əməkdar iqtisadçı

 

Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 9.