Metal hasilatında innovativ texnologiya
Bu gün əminliklə demək olar ki, mineral xammal yataqlarımızı ən müasir, təbiətə zərərsiz və ucuz texnologiyalar əsasında özümüz istifadə etməyə qadirik. Hasil edilən metalın bazar qiyməti nə qədər düşürsə, düşsün, səmərəlilik və gəlir heç bir narahatlıq yaratmayacaq. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun alimlərinin son çalışmaları və təklif etdikləri innovasiyalar bunu qətiyyətlə söyləməyə əsas verir.
Dünya dağ-mədən sənayesində iki alternativ hasilat prinsipindən istifadə olunur: ənənəvi “ekskavator” texnologiyası və yeraltı yuma (quyu) texnologiyası. “Ekskavator” texnologiyası filizi yer üstünə çıxarmaq və dəyirmanlardan keçirmək məcburiyyətində olduğu üçün çox məsrəfli sayılır. Buna görə yatağın ehtiyatı böyük və filizin zəngin olmasını, yer səthinə yaxın və nisbətən sadə geoloji quruluşa malik olmasını, yatağın yüksək kəşfiyyat kateqoriyalarda incələnməsini tələb edir. Eyni zamanda, landşaftı darmadağın etməsi, ətraf mühitə xeyli ziyan vurması və buna bənzər sair mənfi amillərin təsiri qaçılmazdır. Azərbaycanda 300-dən çox məlum olan filiz yatağı və təzahürü arasında “ekskavator” şərtlərinə cavab verən tək-tük yataqlar maraq oyada bilər. Bəs başqaları necə olsun? Məhz bunu nəzərə alaraq Nazirlər Kabineti xüsusi sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına tapşırıq vermişdir ki, təbiətə ziyan verməyən ən səmərəli hasilat texnologiyaları mənimsənilsin və filiz yataqlarına uyğun yeni hasilat texnologiyaları işlənib hazırlanaraq tətbiq olunsun. Bu tapşırığı alimlərimiz müvəffəqiyyətlə yerinə yetirmiş, ixtisaslaşdırılmış kadrlar hazırlamış və yeni innovativ hasilat üsullarını təklif etmişlər.
Azərbaycanın filiz obyektlərinin çoxu məskunlaşmış və ya qoruq zonalarda yerləşdiyi, bəzilərinin xırda və ya kasıb tərkibli olduğu, digərlərinin Böyük və Kiçik Qafqazın yanaşılmaz sahələrində və ya dərində yerləşdiyini nəzərə alsaq, bu yataqlar üçün ən uyğun quyu prinsipidir. Quyu hasilatında filizi yer səthinə çıxarmağa ehtiyac yoxdur. Çünki quyu üsulunda istənilən metalı, o cümlədən qızıl və digər nəcib və əlvan metalları həll edə bilən məhlullarla əldə etmək mümkündür. Bunun üçün məhlul filiz qatına quyu vasitəsilə göndərilir və sonra metalla doymuş məhlul yer səthinə geri çəkilir. Bu məhluldan metalların ayrılıb saf hala gətirilməsi hidrometallurgiya texnologiyasının işidir.
Hal-hazırda dünya dağ-mədən sənayesində quyu üsulu ilə xeyli yataqlar istismar olunur. Qazaxıstanın 9, Özbəkistanın isə 5 uran yatağı, ABŞ, Rusiya, Avstraliya, Kanadada yataqlar bu yol ilə işlədilir. Dünya mis hasilatının 27%-i yeraltı yuma texnologiyasının payına düşür. Maraqlıdır, ABŞ-ın Arizona ştatında pambıq tarlası altında mis hasilatı aparılır, özü də bir-birinə mane olmadan. Rusiyada 8 ildir ki, quyularla sənaye miqyaslı qızıl hasilatının mümkünlüyü Uralın “Qaqarskoe” yatağında sübuta yetirilmişdir. Rusiyanın daha 5 çox kasıb (Au=0,2-0,5 g/t) yatağında yarımsənaye qızıl hasilatı da quyularla işlədilir. ABŞ Elmlər Akademiyası nəzdində yeraltı yuma (in-situ leaching) texnologiyasına dair “Dağ-mədən sənayesində təkamüllü və inqilabi texnologiyalar” (The Committee on Evolutionary and Revolutionary Technologies for Mining of the National Academy of the Sciences, 2002) adlı xüsusi komitə yaradılmışdır.
Eyni zamanda yeraltı yuma texnologiyasının xeyli üstünlüklərinə baxmayaraq, bu texnologiyaya bəzi dağ-mədən mühəndisləri şübhə ilə yanaşırlar. Əsas şübhə yaradan iki amildir. Birincisi, yerin altında yuyucu məhlulun hərəkəti nəzarətsiz olduğu üçün guya bu məhlulu itkisiz geri çəkmək mümkün deyil və buna görə ətraf mühit kirlənəcək. İkincisi, yerin altında dəyirmandan istifadə etmək mümkün olmadığı üçün yuyucu məhlul filizə nüfuz etməyəcək və buna görə metal tam həll olunmayacaq.
Bu məsələlərin həlli AMEA Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən tapılmışdır. Elə bir orijinal quyu sistemi təklif olunmuşdur ki, filiz qatında məhlulun hərəkəti idarə olunsun, yəni tək yuxarıdan aşağı deyil, aşağıdan yuxarı, horizontal və bir sözlə, məhlul istənilən istiqamətdə yönləndirilə bilsin. Bu sistemdə giriş və çıxış quyularında quraşdırılan su sayğacları göstərdi ki, məhlulu, demək olar, itkisiz geri çəkmək mümkündür. Yeni üsula aid patent alınmışdır. Tək bununla ətraf mühitin çirklənməsinin qarşısı alınmır, eyni zamanda həlledici məhlul olaraq təbiətə tam zərərsiz az qatılıqda xörək duzundan istifadə olunur. Duzlu məhlul elektriklə aktivləşdirildikdə müvəqqəti olaraq hipoxlorid məhluluna çevrilir. Hipoxlorid məhlulu isə qızılı və digər metalları asanlıqla əridir. Beləliklə, ətraf mühitin çirklənməsinə səbəb qalmır.
Məhlulun filiz kütləsinə nüfuzetmə probleminə gəlincə, quyular içərisində xırda partlayışlarla filizin parçalanması və hipoxlorid məhlulun təsiri nəticəsində filiz parçaları içində get-gedə mikrokanalların açılması hesabına filizin yetərincə yuyulması və metalların əriməsi sınaqlarla sübut olunmuşdur. Sınaqlar 5 il ərzində Gədəbəy qızıl yatağında “Anglo-Asian mining plc.” şirkətinin köməyi ilə aparılmışdır. Eyni proses Göygöl rayonunda yerləşən Tülallar qızıl yatağında və Böyük Qafqazın qızıl təzahürlərində də yoxlanılmışdır. Nəticədə AMEA Geologiya və Geofizika İnstitutunun alimləri innovasiya proseslərini reallaşdırmaq üçün avtomobil qoşqusu içində yerləşən mobil pilot kompleksi yaratmışlar ki, bu kompleks vasitəsilə istənilən yataqda sınaq işləri, hətta qızıl və digər metalların azmiqyaslı hasilat prosesləri də aparıla bilər.
Azərbaycanın bir çox yataqları, hətta təzahürləri üçün bu innovativ texnologiya alternativsiz görünür. Müvafiq strukturlar, bu cür elmi nailiyyətlərə diqqət yetirilərsə, əminik ki, Azərbaycanın dağ-mədən sənayesində ən ucuz və təbiətə zərərsiz müasir hasilat texnologiyaları öz yerini tutacaqdır.
D.HÜSEYNOV,
geologiya-mineralogiya elmləri
doktoru,
Ç.KAŞKAY,
geologiya-mineralogiya elmləri
doktoru
Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 11.