Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunub.
Sentyabrın 26-da Nyu-Yorkda mükafatın təqdim olunması mərasimi keçirilib.
Mərasimdə bildirilib ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə “Cənub-Cənub” mükafatı ilə təltif olunub.
Mükafatı Prezident İlham Əliyevin adından xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.
“Cənub-Cənub” mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilat və BMT-yə üzv bir sıra dövlətlər, agentliklər və fondlar tərəfindən təsis edilib.
Bu mükafat BMT-nin hesabatlarına əsasən, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 1.