Azərbaycan-Serbiya arasında İKT sahəsində yeni əməkdaşlıq istiqamətləri
müzakirə olunub
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində ölkəmizdə səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ə.Abbasov Azərbaycan və Serbiya arasında qarşılıqlı əməkdaşlığın inkişafında rabitə, informasiya-kommunikasiya texnologiyaları (İKT) və telekommunikasiya sahəsinin də xüsusi yeri olduğunu qeyd edib. Bu sahədə qurulan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdıran nazir mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın dinamik inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən R. Ljajic İKT və yüksək texnologiyalar sahəsində münasibətlərin daha da dərinləşdirilməsi və inkişafı üçün qarşılıqlı istəyin olduğunu, eyni zamanda keçirilən görüşlər sayəsində əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının Hökumətlərarası Komissiyanın 4-cü iclasında əsas müzakirə mövzularından biri olduğunu da xatırladan serbiyalı nazir bu sahənin gələcək inkişafı ilə bağlı fikirlərini bildirib.
Görüşdə İKT və yüksək texnologiyalar sahəsi üzrə İşçi Qrupun yaradılması və İşçi Qrup çərçivəsində ilkin müzakirələrin Belqradda keçirilməsi, “Bakutel 2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində müzakirələrin Bakıda davam etdirilməsi qərara alınıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 3.