İqtisadiyyat və sənaye
naziri Serbiyanın Baş nazirinin müavininin rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə görüşüb
Sentyabrın 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etdiyini, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan və Serbiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Hökumətlərarası komissiyanın fəaliyyəti əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. Şahin Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, investisiya, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.
Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç qonaqpərvərliyə görə təşəkkür edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib, Serbiya və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 3.