Rasim Ljajic: Serbiya Azərbaycan ilə iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır

 

Serbiya Azərbaycan ilə iqtisadi əməkdaşlığın, xüsusən, kənd təsərrüfatı, infrastrukturun inkişafı, Azərbaycan investisiyalarının Serbiyaya cəlb olunması sahəsində möhkəmlənməsində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Baş nazirinin müavini, ticarət, turizm telekommunikasiyalar naziri, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının həmsədri Rasim Ljajic birgə komissiyanın Bakıda keçirilən IV iclasının yekunlarını jurnalistlərə şərh edərkən bildirib.

O deyib: “Bakıda keçirilən iclas ölkələrimiz arasında çox gözəl dostluq münasibətlərinin olduğunu təsdiq edir. Biz turizm, informasiya texnologiyaları, əczaçılıq sahələrində əməkdaşlıq üçün yeni imkanlar müəyyən etdik”. Serbiyanın Azərbaycan şirkətlərini özəlləşdirmə prosesinə qoşulmağa dəvət etdiyini vurğulayan R.Ljajic deyib: “Biz Azərbaycandan daha çox investisiya cəlb etmək istərdik. Qarşılıqlı münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir biz istərdik ki, tərəfdaşlığımız çox gözəl ticari-iqtisadi əməkdaşlıqla davam etsin”.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmini qeyri-qənaətbəxş adlandıran Serbiya nazirinin fikrincə, əmtəə dövriyyəsini genişləndirmək üçün iki ölkənin sahibkarları arasında sıx əlaqələr yaratmaq, viza rejimini tam liberallaşdırmaq, birbaşa aviareys açmaq, nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq lazımdır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 3.