Hikmət Hacıyev: Ermənistanın
münaqişənin həlli
prosesində iştirakı
yalnız beynəlxalq
ictimaiyyəti aldatmaq məqsədi daşıyır
Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalının, təcavüzkar dövlət kimi münaqişədə daşıdığı hüquqi-siyasi məsuliyyətin və əsl simasının növbəti əsaslı sübutudur.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan rəhbərliyinin sentyabrın 26-dakı açıqlamasına münasibət bildirərkən AZƏRTAC-a bildirib.
H.Hacıyev vurğulayıb ki, BMT Baş Məclisinin 70-ci sessiyası və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həllinə dair Nyu-Yorkda danışıqların aparıldığı dövrdə Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və ərazilərinin ilhaq edilməsinə dair bu cür məsuliyyətsiz bəyanatı beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, danışıqlar prosesi və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizliyin, özbaşınalıq və cəzasızlıq sindromunun ən ifrat nümunəsidir. Bu bəyanat açıq şəkildə beynəlxalq hüquqi və siyasi məsuliyyət ehtiva edir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib və təkzibolunmaz faktlarla sübuta yetirib ki, Ermənistanın münaqişənin həlli prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır, rəsmi Yerevanın hədəfi Azərbaycan ərazilərinin ilhaqı və işğalına əsaslanan mövcud status-kvonu saxlamaqdan ibarətdir.
Vurğulanıb ki, Ermənistanın kriminal hərbi diktatura rejimi işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca intensiv şəkildə atəşkəsin pozulması və Azərbaycanın mülki əhalisinin hədəfə alınması kimi təxribatçı əməlləri ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesini pozmaq siyasətini davam etdirir.
Eyni zamanda, ümumxalq iğtişaşı, siyasi, iqtisadi və maliyyə böhranı ilə üzləşən Ermənistanın hərbi xunta rejimi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi ilə ölkə ictimaiyyətini xof içərisində saxlamaq və kəskin ölkədaxili problemlərdən diqqəti yayındırmaq kimi məqsədlər güdür.
Təəssüflər olsun ki, ikili standartlardan çıxış edərək, münaqişə ilə bağlı verilən bir sıra bəyanatlar təcavüzkar dövlət ilə işğala məruz qalan dövlət arasında fərq qoymur, konkret ünvanlı xarakter daşımır, münaqişənin köklü səbəblərinə varmır, Ermənistanın siyasi rəhbərliyinin avantürist və məsuliyyətsiz siyasətinə beynəlxalq hüquqi qiymət vermir və yalnız simptomatik xarakter daşıyır.
Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışa bilməz. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Əks təqdirdə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək.
AZƏRTAC
Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 4.