Amerika yəhudi qəzeti
“Times of İsrael”: “Ermənistan
Azərbaycanın yüzlərlə
tarixi abidəsini, qəbiristanlıqları, dini
sitayiş yerlərini,
əcdadların yadıgarlarını
dağıdıb və
məhv edib”
Amerikada çıxan nüfuzlu “Times of İsrael” yəhudi qəzetində bir neçə gün bundan əvvəl dərc edilmiş bir yazıda özünü “İraq-Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşma tərəfindən mədəni abidələrin məhv edilməsindən bəhs olunur. Nəşr öz oxucularının diqqətini bir fakta da cəlb edir ki, “İslam dövləti” abidələrə qarşı soyqırımında tək deyil - Ermənistan Respublikası da bununla müntəzəm məşğul olur.
Məqalənin müəllifi İsrael Baruk İŞİD-in Suriyada Bel və ya Palmira kimi ən qədim tarixi abidələri dağıtmasını və məhv etməsini, toz buludunun havaya qalxmasını müşahidə edərkən dəhşətli hisslər keçirdiyini qeyd edir. Müəllif yazır: “Bu tarixi abidələrin dağıdılması 2000 illik tarixi olan Baalşamin ziyarətgahının işğalından cəmi bir həftə sonra baş verdi. Bu vəhşiliyə yeganə cavab yalnız ürək ağrısı, bir də dərin nifrət hissi oldu. Bu gün biz, İŞİD-in mənfur hərəkətlərini müşahidə edərək, dünyamızın mədəni təkamülü tarixinə qarşı təcavüzün şahidləriyik, terrorçular yüzilliklərin abidələrini vəhşicəsinə məhv edərək, tarixi saxtalaşdırmaq, onun gedişatını dəyişdirmək istəyirlər”.
İsrael Baruk yazır ki, bizim dünyamızın əvəzolunmaz abidələri müntəzəm məhv edilir və belə problemlərlə üzləşən ölkələrdən biri də Azərbaycandır. Məqalə müəllifi deyir: “European Business Review” qurumunun İŞİD ilə problemlərin həllinin axtarışı haqqında bu yaxınlarda dərc edilmiş məruzəsində vurğulanır ki, müasir Azərbaycan Qafqazın və Yaxın Şərqin çox hissəsini cənginə almış ekstremizmdən, fundamentalizmdən və radikal zorakılıqdan uzaqdır. Azərbaycan dünyəvi, mütərəqqi, müasir, bütün etnik və dini azlıqlara münasibətdə multikultural və tolerant dövlətdir. Radikalizmin və ekstremizmin qarşısını almış bu ölkə ABŞ-la və İsraillə çoxillik möhkəm strateji əlaqələrə malikdir. Ölkənin bu pozitiv inkişafı Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalın altında saxlandığı bir şəraitdə baş verir. XX əsrin 90-cı illərində Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış zorakı qanlı müharibənin nəticələri hələ də davam edir. Azərbaycanın işğal edilmiş rayonları etnik təmizləməyə məruz qalıb, buna görə də 800.000 azərbaycanlı-yerli sakin öz qədim torpaqlarından xüsusi qəddarlıqla qovulub”.
Materialda deyilir ki, Ermənistan etnik və mədəni təmizləmə siyasətini təkcə hərbi əməliyyatlar zamanı tətbiq etməklə kifayətlənməyib, atəşkəs rejiminin gedişatında da bu siyasətini davam etdirir. “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 1994-cü ildən mədəniyyətə qarşı soyqırımı, mədəni təmizləmə həyata keçirir, buna görə də Azərbaycanın yüzlərlə tarixi abidəsini, qəbiristanlıqları, dini sitayiş yerlərini, əcdadların yadıgarlarını dağıdıb və məhv edib, bütöv Azərbaycan kəndlərini yerlə yeksan edib. 2010-cu ildə İsveçrə jurnalisti Andre Vidmer Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə baş çəkib və sonra erməni işğalçıları tərəfindən Azərbaycanın qədim mədəni və tarixi abidələrinin yerlə yeksan olunmasını təsvir edib. O, Azərbaycanın viran edilmiş şəhərləri arasında konkret olaraq Ağdam şəhərini xatırlayaraq qeyd edib ki, işğala qədər Ağdamda yalnız azərbaycanlılar yaşayırdı. Vidmer yazır ki, hətta bu gün, atəşkəs haqqında saziş imzalanmasından 20 ildən artıq müddət keçəndən sonra da işğalçılar Ağdamı qarət etməkdə və dağıtmaqda davam edirlər... Bir vaxtlar öz gözəlliyi və zənginliyi ilə seçilən bu şəhər heç kəsin yaşamadığı tənha, qorxunc və bədbəxt bir məkana çevrilib. Başqa jurnalist - Qafqaz üzrə məşhur mütəxəssis, britaniyalı Tomas de Vaal Ağdamda ermənilər tərəfindən törədilmiş dağıntıları görəndə sarsılaraq, bu şəhəri “kiçik Xirosima” ilə müqayisə edib.
Məqalədə müəllif qeyd edir ki, indi Ermənistan hökuməti əvvəllər əhalisi yalnız azərbaycanlılardan ibarət olan işğal edilmiş rayonlarda “qədim erməni sivilizasiyası”na aid heç olmasa bir element tapmaq üçün xüsusi canfəşanlıqla çalışır. Məqalənin müəllifi yazır: “Bundan başqa, Ermənistan işğal edilmiş torpaqlarda azərbaycanlıların olmasının bütün izlərini silməyə çalışaraq həmin rayonlarda bütün Azərbaycan toponimləri, şəhərlərin və kəndlərin adlarını “erməniləşdirmək” siyasətini səylə tətbiq edir. İŞİD terrorçuları kimi, Ermənistan da tarixi faktları saxtalaşdıraraq və məhv edərək yeni tarix yaratmağa çalışır. İŞİD tarixi yenidən yazmaq istədiyi kimi, erməni işğalçıları da bütün tarixi faktları təftiş etmək istəyirlər. Mədəni təmizləmə və mədəni soyqırımı işğalçıların prioriteti olub, onlar bütün əndazələri aşaraq Azərbaycanın işğal edilmiş torpaqlarında mədəni təmizləməyə başlayıblar. Vaxtilə Ermənistanda 300.000 yerli azərbaycanlı əhali yaşamasına dəlalət edən çoxsaylı Azərbaycan mədəniyyətinin abidələri, azərbaycanlılara aid artefaktlar dağıdılıb, məhv edilib. Ermənistanda yaşayan bu 300.000 azərbaycanlı müharibənin lap əvvəlində öz torpaqlarından zorla qovulub. Ermənistanda məhv edilmiş Azərbaycan qəbiristanlıqları haqqında material çəkmiş erməni müxbirinin lentə aldığı kadrlar bunu sübut edir”.
İsrael Baruk öz məqaləsinin sonunda qeyd edir ki, Ermənistan tərəfindən qeyri-insani hərəkətlərə (təsirlərə) baxmayaraq, Azərbaycan inkişaf və sabitlik adasına çevrildi. Məqalənin müəllifi öz mülahizələrini belə yekunlaşdırır: “Suriyada bel, İraqda qədim Nimrud şəhəri və ya Azərbaycanda tarixi Ağdam şəhəri - sivilizasiya tarixinin bu abidələrinin tamamilə məhv etməsi bizim kollektiv mövcudluğumuzun fundamental tarixinə qəsd deməkdir”,
AZƏRTAC
Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 5.