AZADLIQDAN SONRA...

 

(şeir deyil, çağırışdır)

 

Azadlıq əkdiyin bir çinardır,

Kök atınca bəsləməsən, qorumasan quruyar.

Kök atandan sonra

Səni , köklərini kölgəsində qoruyar.

(F.Q)

 

Yeni bir ölkə cahana gəlir,

İnsanlarının qəddi düzəlmir,

Susuz torpaqları cana gəlmir.

Mübarizə aparır, zəfər çalır.

Ev tikir.

yol salır,

bayrağı göyə ucalır!

Bəzilərini arxayın salır

Canındamənəmlikartır,

özünü dartır.

Zəfərdən sonra həmişə

 

belə boşluq olur.

Arxayınlıq, məstlik,

bir az sərxoşluq olur.

O günlərə dözmək lazımdı.

O zamanı keçmək lazımdı.

Çıxacağın sahili yaxşı seçmək

lazımdır.

Azadlıq vətənin nəfəsidir, nəfəsi!

Azadlıqdan sonra hər kəsin

Azadlıq istəməsi-

-naşılıqdı!

Xaosdu, özbaşlanılıqdı!

Bu yerdə mübarizə

Dönüb sənin savaşın  olacaq,

Savaşdığın sənin öz vətəndaşlığın olacaq.

Qazandığınız yadlar əlində

daş-qaş olacaq.

Sənə qalan balalarının

gözündəki yaş olacaq.

Vətən torpağın əllərdə daş olacaq.

Belə sat-ha-satda,

al-ha-alda,

ən yaxşı halda

vətənin böyük bir ölkəyə

kiçikqardaşolacaq.

Bu yolda olmuşuq,

dadını bilmişik,

Bir dəfə ölmüşük,

dirilmişik,

Yenidən dünyaya gəlmişik!

Hamımız bir torpaqdan,

bir candan,

bir qandanıq!

Dünyanın harasında olsaq

Biz Azərbaycandanıq!

Əzizlərim,

Yadınızda qalsın bu sözlərim!

Azadlıqdan sonradı

yolun ən çətini

Azadlıqdan sonra sınayırlar

Xalqın ağlını, gücünü, qeyrətini.

Azadlıqdan sonra

Gərək hamımız ayıq-sayıq olaq,

O gözəl azadlığa layiq olaq.

Ona sahib olaq,

Onu başımızdan yuxarıda tutaq.

Hər cür mənafe unudaq.

Babalarımızın ruhu oyanıb,

Başımızın üstündə dayanıb,

Bayrağımızın qırmızısı,

Şəhidlərimizin qanı ilə boyanıb.

Gələcəkdən boylanıb nəsillərimiz,

bizi izləyir.

Bizdən təmkin, hünər, zəfər

gözləyir.

Daha şanlı illər,

Daha gözəl nəsillər gələcək.

Əl-ələ versin

Keçmişi, bu gün, gələcək,

Hamımız bir can olaq!

Hamımız azad bir Azərbaycan.

Azərbaycan, Azərbaycan olaq!

 

Fikrət QOCA

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 9.