Eksponatların
dili ilə danışan tarix...
Azərbaycan
Hərb Tarixi Muzeyində müxtəlif dövrlərə aid
nümunələr var
Azərbaycan torpaqları tarixən yadellilərin, işğalçı dövlətlərin diqqət mərkəzində olub. Gözəl təbiəti və əvəzsiz sərvətləri, eyni zamanda əlverişli coğrafi və strateji mövqeyi bu yurdun sahiblərinə ruzi-bərəkət, bolluq, rahatlıq, qonşu dövlətlərlə müqayisədə üstünlük verməklə bərabər, digər tərəfdən həm də tarixi torpaqlarımızın müharibə meydanına çevrilməsinə səbəb olub. Lakin düşmənlər nə qədər hiyləgər, nə qədər güclü olsalar da, bu torpaqların igid övladları həmişə öz yurdlarına sahib çıxmış, onun müdafiəsinə qalxmışlar.
Beləcə, ölkəmizin işğalçılara qarşı mübarizəsi, əzəli torpaqlarımızın müdafiəsi uğrunda aparılan müharibələr Azərbaycan xalqının nəyə qadir olduğunu zaman-zaman sübut etmişdir. Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində sərgilənən və müxtəlif dövrləri özündə birləşdirən eksponatların “gözü” ilə tarixə nəzər saldıqda bunu daha aydın görmək mümkündür. Odur ki, bu eksponatları yaxından seyr edib onlar haqqında məlumatları oxuculara çatdırmaq üçün 1992-ci ildə yaradılan və 11 minə yaxın eksponatın mühafizə olunduğu Azərbaycan Hərb Tarixi Muzeyinə yollandıq...
Burada bizi muzeyin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qəni-Zadə qarşıladı, muzeyin yaranma tarixi, fəaliyyəti, əsas vəzifə və məqsədləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, hərb tariximizin öyrənilməsi və araşdırılması ordu quruculuğunun tərkib hissəsidir. Bu gün müasir ordumuzun, Silahlı Qüvvələrimizin tarixini təbliğ etmək əsas vəzifələrimizdən biridir. O, iki ekspozisiyanın - açıq səma altında və daxili ekspozisiyanın fəaliyyət göstərdiyi muzeyin 23 illik dövründə ordumuzun hərb tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı: “Burada mütəmadi olaraq ümumrespublika səviyyəli elmi-praktik konfranslar keçirilir. Əsgər və kursantlarla, məktəbli və tələbələrlə görüşlər təşkil olunur, eksponatlar vasitəsilə tariximizə səyahət olunur. Xüsusilə gənc hərbçilər, kursantlar üçün bura bir məktəbdir. Son illər muzeydə “Azərbaycan ordusunun ərazi bütovlüyümüz və suverenliyimiz uğrunda fədakarlığının təbliği” mövzusunda bir sıra səyyar tədbirlərin təşkil olunması, həmçinin muzeyin əməkdaşlarının Qarabağ müharibəsinin qəhrəmanları haqqında sənədli filmin çəkilməsində və rəsm əsərlərinin hazırlanmasında yaxından iştirak etməsi də bu baxımdan çox əhəmiyyətlidir”.
Muzey haqqında ilkin məlumatları öyrəndikdən sonra oradakı stendlərdə müxtəlif dövrləri əks etdirən eksponatları seyr etdik. İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, onun hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Burada qədim və orta əsrlərdən müasir dövrə qədər Azərbaycan tarixini, ordu quruculuğunu, onun hərbi sursatlarını, silahlarını, hərb geyim formalarını özündə birləşdirən, eyni zamanda görkəmli sərkərdələrə, generallara aid eksponatlar 12 zalda mühafizə olunur. Ekspozisiyada hərb tariximizin inkişaf mərhələləri geniş təhlil olunaraq xronoloji ardıcıllıqla əks etdirilib. Bu dəyərli tarixi nümunələrlə tanışlıqda muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynova və elmi işçisi Sevər Həsənova bizə yaxından kömək göstərdilər. Onlarla söhbətimizdə öyrəndik ki, muzey yaradılanda burada cəmi 200-ə yaxın eksponat olub. Hazırda isə qeyd etdiyimiz kimi, eksponatların sayı 11 minə çatır. Bunların da 6 mini ekspozisiya zallarında, qalanları isə muzeyin fondunda mühafizə olunur. Eksponatlar haqqında ətraflı məlumat aldıqca tariximizə yenidən baş vurduq, ən ağır döyüşlər və Azərbaycan oğullarının şücaəti bir daha xəyalımızda canlandı. Stendlərdə sərgilənən və hər birisi bir əsrdən xəbər verən silahların, zabit və əsgər ləvazimatlarının, döyüş sursatlarının əhatəsində sanki özünü meydana atılmış əsgər kimi hiss edirsən...
Eksponatlarla ilk tanışlıq mərhələsi “Heydər Əliyev və ordu quruculuğu” zalından başladı. Zal son dərəcə maraqlı məlumatlarla zəngindir. 533 eksponatın mühafizə olunduğu zaldakı stendlərin hər biri ayrıca mövzudur. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunələri xüsusilə diqqəti çəkir. Zalda ulu öndərin ordu quruculuğu ilə bağlı gördüyü işlərin, keçirdiyi görüşlərin, hərbi məktəblərin yaradılması ilə bağlı verdiyi fərman və sərəncamların yer alması hərb tarixinin özülü kimi xüsusi əhəmiyyət kəsb edir. Silahlı Qüvvələrin qoşun növləri üzrə geyim formalarının, döş nişanlarının və bayraq nümunələrinin nümayiş olunması “Heydər Əliyev və ordu quruculuğu” zalındakı eksponatları daha da rəngarəng edir.
Gəzintimizi muzeyin uzaq keçmişdən xəbər verən “Qədim, erkən, orta əsrlər dövrü” zalında davam etdirdik. Bu zalda 439 eksponat saxlanılır və stendlərdəki eksponatlarda ibtidai icma quruluşunun bütün mərhələləri əhatə olunur. Qədim insanların istifadə etdiyi alətlər, onların silahları o dövr haqqında aydın təəssürat yaradır. Eyni zamanda, zalda Manna-Midiya, Atropatena, Albaniya dövlətləri haqqında geniş məlumat verilir. Burada diqqəti ən çox cəlb edən eksponatlar arasında Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatın heykəli xüsusi yer tutur.
Eksponatlarının zənginliyinə görə diqqət çəkən digər zal “Xanlıqlar dövrü” zalıdır. Burada Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilir. Zalda, eyni zamanda, İrəvan xanlığının bayrağının surətini də görmək mümkündür.
Muzeyin “1801-1918-ci illər dövrü” zalında digər eksponatlarla bərabər, Azərbaycanın iki hissəyə bölünməsini əks etdirən stend yer alıb. “1918-1920-ci illər dövrü” zalı isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun fəaliyyəti dövrünü əhatə edir. Buradakı 193 eksponat vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə ətraflı məlumat verilir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur. Stendlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların planları, döyüş xəritələri və s. nümayiş etdirilir.
“1920-1939-cu illər dövrü” zalında 206 stendin hər birində uyğun fotolar nümayiş olunur. Zaldakı stendlərdə Azərbaycan SSR-nin yaradılması, Azərbaycanda hərb işinin təşkili, həmin dövrdə ölkəmizdə hərbi təhsil, Azərbaycan Ordusunun mühacirətdə olan zabitləri ilə bağlı məlumatlar, sovet ordusunun geyim forması və digər nümunələr yer alıb.
“Azərbaycan İkinci Dünya müharibəsi dövründə” zalı 1939-1945-ci illəri əhatə edir. 24 stenddən ibarət zalda ümumilikdə 900 eksponat saxlanılır. Burada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, ona məxsus silah qabı, müharibə dövründə idarə etdiyi 17 nömrəli tankın maketi nümayiş olunur. Bu zalda Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstü və ona məxsus əşyalar da geniş yer alıb. Zalda həmçinin sovet ordusunda azərbaycanlıların da olduğu bir neçə qvardiyanın və ordu birləşmələrinin bayraqları da nümayiş olunur. Zalın arxa cəbhə adlanan guşəsinə isə Azərbaycan xalqının Böyük Vətən müharibəsində qələbənin qazanılması üçün nə qədər böyük qəhrəmanlıqlar göstərdiyinin şahidi oluruq.
Muzeyin “1946-1991-ci illər dövrü” zalında isə azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan kütləvi deportasiyası, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verilir.
“Quru qoşunlar” zalında Azərbaycanın Milli Qəhrəmanları olan 211 şəxsə aid ayrıca stend var. Bu stendlər 1991-1993, 1993-2003 və 2003-2010-cu illəri əhatə edir. Buraya gələnlər milli qəhrəmanların fotostendinə, quru qoşunlarına aid hərbi geyimlərə, milli ordumuzun əsgərlərinə məxsus əşyalara, cəbhə bölgəsində istifadə olunan hərbi sursata böyük maraq göstərirlər.
Ümumilikdə 350-ə yaxın eksponatın qorunduğu “Hərbi hava qüvvələri” və “Hərbi dəniz qüvvələri” zallarından birincidə hava hücumundan müdafiə haqqında məlumatlar, “MİQ-25”, “YAK-28” tipli qırıcı-tutucu və digər təyyarələrin radiolokasiya stansiyalarının maketləri nümayiş olunur. İkinci zaldakı stendlərdə isə hərbi dəniz qüvvələrinə aid geyim nümunələri, sənədlər, fotolar, rəsmlər və digər eksponatlar var. Müstəqil Azərbaycanın ilk matrosları, dənizçilərin istifadə etdiyi bir sıra cihazlar zalın eksponatlarını daha da zənginləşdirir.
1992-94-cü illəri əhatə edən 12-ci zalda bədii tərtibat işləri yekunlaşmaq üzrədir. Bu zalda 22 stend üzrə Qarabağ müharibəsində milli ordumuzun həyata keçirdiyi döyüş əməliyyatları ardıcıllıqla əks etdirilib.
Eksponatlarla tanışlığımızı Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində yerləşən hərbi texnikanı seyr etməklə davam etdiririk. Bura muzeyin 127 ədəd hərbi texnikanın nümayiş olunduğu açıq səma altında olan ekspozisiyası idi. Quru qoşunları, hava hücumundan müdafiə və hərbi hava qüvvələri və hərbi dəniz qüvvələrinə məxsus texnikalar Azərbaycan Ordusunun gücünü, qüdrətini daha aydın göstərirdi. Bu eksponatlar arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tankın, həmçinin Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın dublikatı daha çox maraq doğururdu.
Beləcə, muzey haqqında zəngin təəssüratlarla işimizi başa çatdırdıq. Əlbəttə, bu gün yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlarda hərbi vətənpərvərlik hisslərinin formalaşması və yüksəldilməsində Azərbaycan Hərb Tarixi Muzeyinin də böyük rolu var. Hərb tariximizin, xüsusilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və müxtəlif qoşun növlərinin inkişaf tarixinin öyrənilməsi, döyüş əməliyyatlarının mənimsənilməsi baxımından muzey kifayət qədər maariflənmə funksiyası daşıyır.
Elnur
HADIYEV,
Azərbaycan.- 2015.- 30 sentyabr.- S. 7.