Sönməyən ulduzlardan biri
Akif Abbas oğlu Əkbərov 1952-ci ildə Cəbrayılın ucqar dağ kəndində doğulub. Xatirələrində yazır ki, Qarabağ torpağının hər qarışına bələdəm. Məndən ötəri fərqi yoxdur, elə Qubadlı da, Zəngilan da, Ağdam da... böyüyüb başa çatdığım el-oba qədər doğmadır. Hər dəfə o yerləri xatırlayanda uşaqlıq yaddaşım təzələnir. Məni böyüdən, ərsəyə gətirən adamlar yadıma düşür. O adamların çörəyi torpağın bərəkətinə bağlı idi. Onlar nə zəhmətdən qorxurdular, nə də çətinliklərə sinə gərməkdən...
Akifin uşaqlığı Beyləqanda keçib. Orta təhsilini başa vurandan sonra hərbi xidmətə yollanıb. Qarabağ savaşı başlayanda könüllülər sırasına qoşulub. Cəbhə boyu ən çətin döyüşlərin iştirakçısı olub. Yaralansa da, qəlpə zədəsi alsa da geri dönməyib. Hər dəfə komandirləri onu arxa cəbhəyə göndərmək istəyiblər. Deyiblər ki, 5 övlad böyüdürsən, onları başsız qoyma. Sənin arxada da görəcəyin işlər çoxdur. Amma Akif Əkbərov geri qayıtmaq barədə qətiyyən düşünmürdü. Cəbhədən göndərdiyi məktubların birində yazır ki, bu torpaq yolunda bizim hər birimiz şəhid ola bilərik. Amma tarix xalq yolunda torpaq qurbanı tanımır!
Torpaq qurbanı - bu ifadənin arxasında xalqın diriliyinə, varlığına, heysiyyatına qəsd dayanır. Düşmənin belə açıq və gizli niyyətinə, hər cəhdinə, hiyləsinə zərrə qədər də güzəşt yeri yoxdur. Elə Akif də axıra qədər bu amal uğrunda vuruşurdu. Deyirdi ki, ermənilərin xislətinə bələdəm. Bir dəfə gördükləri yerlərdən əl çəkmirlər, o yerləri qamarlamaq, sahib olmaq istəyirlər...
Əslən Cəbrayılın Sirik kəndindən olan müqəddəs Fatimə Çələbinin övladı Məhəmməd kişi deyirdi ki, ermənilərin təkcə özləri yox, mal-qarası da torpaqlarımızdan ayrılmaq istəmirdi. Bizim tərəflərin otunu-çəmənini görəndə elə bil gülüstana düşürdülər. Nə mal-qaranın gözü doyurdu, nə də sahibinin...
Hələ ötən əsrdə rus yazıçısı A.S.Qriboyedov yazırdı ki, ermənilər cəmi bir dəfə buraxıldıqları torpağa sonradan həmişəlik sahib ola biləcəkləri barədə qorxulu xəyallara düşürdülər. Və bu qorxulu xəyalların arxasında zəhərli atom radiasiyası qədər təhlükə dayanırdı. Bu təhlükəni sovuşdurmaq, hər qarış torpağımız uğrunda xalq qurbanına çevrilmək, şəhid olmaq Akif kimi mərd oğullarımızın alın yazısı idi.
Akif Əkbərov 5 övlad böyüdürdü. Vətənə, el-obaya gərəkli, öz davamçıları kimi. Qarabağ savaşı başlayanda o uşaqların yaşı az olsa da, ataları haqqında hər kəsdən xoş sözlər eşidirdilər. Onlar el-obanın sevgisi və qayğısı ilə böyüyürdülər. Öz atalarının Vətən, xalq qarşısındakı xidmətləri ilə öyünür, fəxr edirdilər.
Kəlbəcər təhlükədə olanda Akif Əkbərovu cəsur döyüşçü kimi bu yerlərə göndərmişdilər. Dinc əhali düşmənin mühasirəsinə düşmüşdü, təhlükəni sovuşdurmaq xeyli çətin idi. Akif bu çətin əməliyyatın məsuliyyətini öz üzərinə götürdü. Dostları ilə Kəlbəcərin Sarıyer yaylağında düşmənlə üzbəüz döyüşə girişdi. Akifin əsas məqsədi dinc əhalini nisbətən təhlükəsiz yerlərə çatdırmaq idi. Ona görə də axıra qədər mübarizə aparırdı. Ondan kömək uman, imdad istəyən adamların baxışlarında bir nigarançılıq vardı. Daxili təlaş, yurd yerinin taleyindən nigarançılıq hər kəsin üz-gözündən oxunurdu. Sarıyer yaylağı yaranışından belə amansız döyüş görməmişdi. Ermənilər uşaqlara, qocalara, hətta şikəstlərə belə güzəşt etmirdilər. Erməni quldurları dinc əhaliyə divan tutur, ən ağır cəzalar verirdilər. Akif Əkbərov sonuncu məqama qədər ona güvənən adamlara kömək etdi. Qeyri-bərabər döyüşdə itkilərimiz çox olsa da, dinc əhali köməksiz qalmadı. Həmin günlərin canlı şahidləri Akif Əkbərovun mərdliyindən qürurla danışırlar. Deyirlər ki, biz Akif kimi oğulların iradəsinə arxalanıb düşmənin müqavimətini qıra bilirdik. Çətin də olsa mühasirədən çıxdıq. Yoxsa itkilərimiz 5-6 dəfə böyüyə bilərdi.
Bu gün kəlbəcərlilər Akif Əkbərovun əməllərindən, şücaətindən fəxrlə danışır, vətənə dönəcəkləri günü gözləyirlər. Onda Sarıyer yaylağından hamıdan uca görünən bir oğulun - Akif Əkbərovun büstü boylanacaq. 5 övlad atası, torpaqlarımızın məğrur oğlu! Gələcək nəsillərin ondan öyrənəcəyi çox dəyərlər var. Akifi özündən sonra o qədər kövrək xatirələr yaşadır ki... Onu tanıyanlar bu qəhrəmanı böyük sevgi ilə xatırlayırlar. Yüksək xarakteri Akifi yaşıdlarından fərqləndirirdi. O özü bilərəkdən və qəsdən kimlərdənsə fərqlənməyə meyilli deyildi. Akifi tərbiyə aldığı mühit, atası Abbas kişi, təhsil aldığı məktəb belə böyütmüşdü. O vətəndaş təəssübkeşliyini, el-oba sevgisini, onu böyüdən adamların ucalığını, mərdliyini heç nəyə dəyişmirdi. Akif Əkbərov ölümlə üz-üzə gələndə də düşmənin qarşısında acizlik göstərmirdi. Deyirdi ki, sonuncu gülləmi öz ürəyimə sıxaram, amma ermənilərə təslim olmaram. Onlara əsir düşmək məndən ötrü ən ucuz ölümdür. Belə qətiyyət və hünər sahibi əqidəsindən axıra qədər dönmədi. Son nəfəsində də Vətən torpağını qucaqlayıb elə bil doğmaları ilə halallaşırdı.
Akif Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdən sağ çıxmasa da onu yaşadan, xatırladan çox məqamlar var. Bu gün Akif Əkbərovun adını təkcə 5 övladı yox, dövlətimiz, xalqımız uca tutur. Beyləqanda mərkəzi küçələrdən biri onun adını daşıyır. Bu yol çox-çox uzaqlara gedib çıxır. Və bu yolu ötənlər Akif Əkbərovun qəhrəmanlığı barədə o qədər söhbətlər eşidirlər ki... Bu gün onu yaşadan kövrək xatirələrdir, el-obanın sevgisidir. Bir vaxt təhsil aldığı məktəb də Akifin adını daşıyır. Bu təhsil ocağında böyüyən uşaqlar ondan çox şeylər öyrənirlər - mərdlik, mübarizlik, yenilməzlik...Bu gün Vətən belə oğulları ilə fəxr edir. İnanırıq ki, Akifin və onun döyüş dostlarının istəkləri, niyyətləri həqiqətə çevriləcək, Qarabağ torpağının hər qarışı işğaldan xilas olacaq!
Bəşir ŞƏRİFLİ,
Azərbaycan.- 2015.- 30 sentyabr.- S. 8.