Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 403                                    Bakı şəhəri, 26 dekabr 2014-cü il

 

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1246; 2014, ¹ 7, maddə 933) ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. Dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi, dövlət nəzarəti materiallarına baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə tədbirlərin görülməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

2. 3.5-ci bənd ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 1 yanvar.- S.5.