Azərbaycan 2014-cü ili mühüm
iqtisadi uğurlarla başa vurdu
2015-ci ilin dövlət büdcəsi
qarşıya qoyulan
məqsədlərə
çatmaq üçün etibarlı təminat yaradır
İlin sonu, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən ilə yekun vurulur, digər tərəfdən növbəti ilin yeni məqsəd və niyyətləri hədəflənir. Keçmiş uğurlar, bir qayda olaraq, gələcəyin daha böyük nailiyyətləri üçün möhkəm təmələ, bünövrəyə çevrilir. Həyati təcrübəyə əsaslanan bu cür qiymətləndirmə həm də ötən dövrün uğur və çatışmazlıqlarından obyektiv nəticə çıxarmaq, perspektiv fəaliyyət istiqamətlərini dürüst müəyyənləşdirmək üçün yaxşı imkanlar açır.
Müəyyən zaman çərçivəsində xalq və dövlət naminə həyata keçirilən tədbirlərin ictimai mənafe baxımından obyektiv dəyərləndirilməsi həm də inkişafın real mənzərəsini göz önündə canlandırır. Belə mənzərə fonunda fəaliyyəti ilə ictimai etimad qazanmağa çalışan, xalqa layiqli xidmət amalını hədəfləyən hakimiyyət komandasının qarşıya qoyduğu vəzifələri hansı səviyyədə gerçəkləşdirmək əzmi də üzə çıxır. Qarşıya qoyulmuş planlar daxili potensialı, həqiqi güc və imkanları, əsl məramı özündə təcəssüm etdirir.
Tarixə çevrilən 2014-cü ilin yekunları fonunda Azərbaycanda hakimiyyətin əsl məram və məqsədinin xalqa xidmət olduğunu bir daha əminliklə söyləmək mümkündür. Ötən dövrdə ölkədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən sosial-iqtisadi islahatların başlıca qayəsində ənənəvi olaraq bir məqsəd dayanmışdır: vətəndaşlara yüksək xidmət göstərməklə ictimai etimadı doğrultmaq!
“Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər” deyən Prezident İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları 2014-cü ildə çevik və işlək mexanizmlər üzərində reallaşdırmış, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə istifadə olunmuşdur. Son aylarda neftin qiymətinin aşağı düşməsi ilə bağlı bəzi region dövlətlərinin üzləşdiyi iqtisadi çətinliklərə rəğmən, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, respublikamız qlobal böhran meyillərinə qətiyyətlə sinə gərmişdir.
Regionda cərəyan edən prosesləri diqqət mərkəzində saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycanı regionda yüksək investisiya cəlbediciliyinə və makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər. Dünya Bankının “Doing Business - 2014” hesabatına əsasən Azərbaycan 198 ölkə arasında 70-ci yeri tutmuş, biznesə başlama üzrə 10-cu, əmlakın qeydiyyatı üzrə 13-cü, investorların maraqlarının müdafiəsi üzrə 22-ci yerdə qərarlaşmışdır. Dünya İqtisadi Forumunun hazırladığı 2014-2015-ci illərdə Qlobal Rəqabətqabiliyyətlik Hesabatına görə, Azərbaycan iqtisadiyyatı bir pillə irəliləyərək 148 ölkə arasında 38-ci yerdə olmuşdur. Müqayisə üçün qeyd edək ki, respublikamız 2012-2013-cü illərdə 39-cu, 2011-2012-ci illərin hesabatında isə 55-ci yeri tutmuşdu.
Sirr deyil ki, böhranın yeni dalğası respublikamızın yerləşdiyi bölgədəki ölkələrdə iqtisadi vəziyyətin pisləşməsinə, milli valyutaların dəyərdən düşməsinə gətirib çıxarmışdır. Son 6 ayda neftin qiymətinin təxminən 50 faizədək düşməsinə baxmayaraq, maliyyə böhranının Azərbaycana təsirlərinin hiss olunmaması, eyni zamanda, iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması respublikamızın inkişaf modelinin dayanıqlığını bir daha təsdiqləyir. Hələ 2008-ci ildən Azərbaycan iqtisadiyyatının mənfi təsirlərdən qorunması üçün fəal antiböhran tədbirləri həyata keçirilmiş, maliyyə intizamı gücləndirilmiş, bazarın sabitləşməsi üçün səmərəli tədbirlər görülmüş, bank sektoruna zəruri likvidlik dəstəyi göstərilmişdir.
2015-ci ildə Azərbaycan hökumətinin əsas hədəflərindən biri də neftin qiymətinin aşağı düşməsi fonunda makroiqtisadi sabitliyin qorunub saxlanılmasından ibarətdir. Ötən illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığının qorunub saxlanılması, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son 11 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmış və bu il fevralın 27-də ölkə rəhbərinin sərəncamı ilə təsdiq edilmişdir. Yeni proqram ölkə iqtisadiyyatının inkişafında - makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin, iş yerlərinin yaradılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında, yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət il ərzində iqtisadiyyatın davamlı inkişafı üçün zəmin yaratmış, ölkədə inflyasiyanın aşağı həddə saxlanılmasına nail olunmuşdur. Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ölkə üzrə ümumi daxil məhsul (ÜDM) istehsalının 59 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,6 faiz artım deməkdir. Neft sektoru üzrə ÜDM-in həcminin 2,2 faiz az proqnozlaşdırılmasına baxmayaraq, qeyri-neft sektorunda 8,1 faiz həddində artım gözlənilir. ÜDM-in tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi isə 65,1 faiz həcmində proqnozlaşdırılır.
“Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da respublikamızın davamlı və sabit inkişafının başlıca göstəricisi hesab oluna bilər. Qarşıdakı ilin büdcə-vergi siyasəti “Büdcə sistemi haqqında” qanunun 11.5-ci maddəsinə əsasən, respublikamızın ortamüddətli büdcə və maliyyə siyasətinə, ölkənin iqtisadi-sosial inkişaf proqnozlarına uyğun olaraq hazırlanmışdır. Bu siyasət 2015-ci ildə iqtisadiyyatın səmərəliliyinin və dayanıqlığının təminatına, onun aparıcı sahələrinin modernləşdirilməsinə və şaxələndirilməsinə, sosial prioritetliyin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin sosial rifahının artırılmasına yönəldilmişdir.
Azərbaycan Respublikasının
sosial-iqtisadi İnkişaf Konsepsiyasına və makroiqtisadi
proqnoz göstəricilərinə əsasən, 2015-ci ildə
ölkədə real iqtisadi artımın 4,4 faiz, ÜDM
istehsalının isə bazar qiymətləri ilə 59,8
milyard manat təşkil edəcəyi
proqnozlaşdırılır. Qarşıdakı ildə
əsas kapitala yönəldiləcək investisiyaların
ümumi həcmi 19,8 milyard manat nəzərdə tutulur. Bunun da 72,8
faizinin daxili investisiyalar, 27,2 faizinin xarici investisiyaların
payına düşəcəyi bildirilir. Ümumi
investisiyaların 14 milyard manatının qeyri-neft sektoruna
yönəldilməsi nəzərdə tutulub. 2015-ci ildə
qeyri-neft sektoru üzrə daxilolmalar bu ilin proqnozu ilə
müqayisədə 8,1, 2013-cü ilin
faktiki icra göstəriciləri ilə müqayisədə 28,7
faiz artacaqdır.
2015-ci ildə
dövlət büdcəsinin gəlirləri ÜDM-in 32,5
faizi həcmində olmaqla, nominal ifadədə 19438 milyon manat,
xərcləri isə 35,3 faizi təşkil etməklə 21100
milyon manat həcmində proqnozlaşdırılır. Gələn
ilin dövlət büdcəsinin gəlirləri 2014-cü ilə
nisbətən 1,4 faiz artacaq. Vergilər Nazirliyinin xətti ilə dövlət
büdcəsinə 7112 milyon manat daxilolma
proqnozlaşdırılır. Bunun da 4812 milyon manatı
və ya 67,7 faizi qeyri-neyft sektorunun, 2300
milyon manatı neft sektorunun payına düşəcək. Nazirlik xəttilə daxilolmaların proqnozu
2013-cü ilin faktiki icra göstəriciləri ilə
müqayisədə 448 milyon, bu ilin proqnozu ilə müqayisədə
10 milyon manat çoxdur.
Gələn
il Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə
dövlət büdcəsinə təmin ediləcək daxilolmaların
dövlət büdcəsindəki xüsusi çəkisi 8,2 faiz olmaqla, natural ifadədə 1590 milyon manat
təşkil edəcək. Bu, 2013-cü ilin faktiki icra göstəricisi
ilə müqayisədə 206,8 milyon,
2014-cü ilin proqnozu ilə müqayisədə 80 milyon manat
çoxdur. 2015-ci ildə DGK xətti ilə mədaxil
proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisinin 4
faiz həcmində olacağı gözlənilir.
2015-ci
ilin dövlət büdcəsində xam neftin 1 bareli
90 ABŞ dolları ilə (0,784 manat) hesablanmışdır.
Gələn il Dövlət Neft Fondundan
büdcəyə 10 388 milyon manat transfert nəzərdə
tutulur. Bu, cari ilin proqnozuna nisbətən 1051 milyon manat və
ya 11,3 faiz çoxdur. Xüsusi
vurğulamaq lazımdır ki, son aylar neftin qiymətinin təxminən
60 dollara düşməsinə baxmayaraq, hökumət ölkə
büdcəsinin gəlir və xərcləri ilə bağlı
hansısa ciddi problemlərin olmayacağını bəyan
edib. Maliyyə Nazirliyi hesab edir ki, neftin
qiymətlərinin aşağı düşməsi müəyyən
siyasi konyunkturla bağlıdır və real iqtisadi əsaslara
söykənmir.
Ümumilikdə
iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin
müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq,
ekoloji təhlükəsizliyini təmin etmək, investisiya və
sosial proqramların, xarici borc və öhdəliklərin yerinə
yetirilməsinə, qeyri-neft sektorunun inkişafına, bu
sektorda yeni istehsal və xidmət müəssisələrinin
yaradılmasına, sənayeləşmənin sürətləndirilməsinə,
ölkənin enerji potensialının gücləndirilməsinə
və s. nail olmaq 2015-ci ildə qarşıda duran mühüm
vəzifələrdəndir.
Dövlət büdcəsində regionların
sosial-iqtisadi inkişafının stimullaşdırılması,
içməli su və qaz təchizatının, kanalizasiya və
meliorasiya sistemlərinin yeniləşdirilərək müasir
tələblər səviyyəsində qurulması, kənd
yollarının tikintisi və bərpası üçün
vəsaitin ayrılması da təmin edilmişdir. Qarşıdakı ilin
dövlət büdcəsində informasiya-kommunikasiya
texnologiyalarının inkişafı; elektron hökumət
quruculuğu tədbirlərinin genişləndirilməsi;
nüvə texnologiyalarından dinc məqsədlərlə
istifadə edilməsi; Azərbaycan qazının dünya
bazarına nəqli ilə əlaqədar “Cənub” qaz dəhlizi
çərçivəsində “Şahdəniz” qaz-kondensat
yatağının tammiqyaslı işlənməsi; Cənubi
Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi;
Trans-anadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri
(TAP) layihələrinin həyata keçirilməsi; ölkəmizin
beynəlxalq ictimai, siyasi, iqtisadi, mədəni və digər
tədbirlərdə iştirakının təmini məqsədilə
zəruri maliyyə təminatları əksini
tapmışdır.
2015-ci ilin dövlət büdcəsində əhalinin
sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
də mühüm yer tutur. Bir sıra qonşu
ölkələrin milli valyutalarının dollara nisbətən
ucuzlaşdığı şəraitdə Azərbaycanda əhalinin
etibarlı sosial müdafiəsinin təmini istiqamətində
həyata keçirilən ardıcıl tədbirlər
respublikamızın milli inkişaf modelinin
sosialyönümlü səciyyə
daşıdığını bir daha təsdiqləyir.
Qeyri-neft sektorunun və sahibkarlığın
inkişafı, yeni müəssisələrin işə
salınması məqsədilə reallaşdırılan
islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək
qabiliyyətli əhalinin iqtisadi fəallığının
yüksəlməsinə, eləcə də ölkənin məşğulluq
strategiyasının səmərəliliyinə imkan
vermişdir.
Dövlətin sosialyönümlü siyasəti
yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin
azadlığını saxlamaqla vəsait və ehtiyatların
düşüncəli surətdə yenidən
bölüşdürülməsinə imkan verən yüksək
iqtisadi inkişaf vasitəsilə həyata keçirilir. Həmin siyasətin
əsasını insan ləyaqəti, ədalət, məsuliyyət,
fərdin maddi statusunun kəskin fərqliliyini aradan
qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatın humanistləşdirilməsi,
cəmiyyətdə qarşıdurmanın azaldılması, vətəndaş
həmrəyliyinin formalaşdırılması, bütün
sosial qrup və fərdlərin mənəviyyatının
artmasının labüd yoludur. Qərbin
sosial məsələlərə geniş yer verən bir
sıra ölkələrinin inkişaf təcrübəsi
bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri
arasındakı balansın nə qədər çətinliklə
əldə olunduğunu göstərir.
Azərbaycan hökumətinin müxtəlif
kateqoriyaları əhatə edən vətəndaşların
sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə
xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin
inkişafına təkan verir. Ölkənin
sosialyönümlü siyasətinin əsas mahiyyəti bundan
ibarətdir ki, obyektiv səbəblərdən
çalışmaq və zəhmətdən gəlir əldə
etmək imkanından məhrum olmuş vətəndaşların
problemləri xüsusi diqqət mərkəzində
saxlanılır. Hökumət azad iqtisadi
münasibətlərə, azad rəqabətə, özəl
mülkiyyətçiliyə və sahibkarlığın
inkişafına zəruri kömək göstərməklə
yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə
ehtiyacı olan təbəqəni qətiyyən nəzərdən
qaçırmır. 2015-ci ildə əhalinin gəlirlərinin
2014-cü ilin gözlənilən nəticələrinə
nisbətən 5,8 faiz artaraq 43,8 milyard, xərclərinin
5,2 faiz artaraq 32 milyard manat olacağı
proqnozlaşdırılır.
2015-ci
ilin dövlət büdcəsi xərclərində
sosialyönümlü xərclər (büdcə xərclərinin
iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi,
pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları
və materiallarının, ərzaq məhsullarının
alınması üzrə xərclərin cəmi) xüsusi
çəkisi 27,6 faiz təşkil edir. Bu
rəqəm 2014-cü illə müqayisədə 1,1 faiz bəndi artaraq mütləq ifadədə
5826,4 milyon manata çatdırılmışdır. Bu,
2014-cü ilə nisbətən 489,2 milyon
manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi
ilə müqayisədə 920 milyon manat və ya 18,8 faiz
çoxdur.
Gələn
ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə,
sosial müdafiə və sosial təminat, mədəniyyət,
incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri
üçün 5019,6 milyon manat vəsait
nəzərdə tutulmuşdur və bu da 2014-cü illə
müqayisədə 110,2 milyon manat və ya 2,2 faiz çoxdur.
Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin
dövlət büdcəsi tərkibində xüsusi çəkisi
23,8 faiz təşkil edəcəkdir.
Növbəti
ildə elm xərclərinə 142,5 milyon
manat və ya 2013-cü ilin faktiki göstəricisi ilə
müqayisədə 25,5 milyon manat çox vəsait
ayrılmışdır. 2015-ci il elm xərclərində
elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu
vasitəsilə həyata keçirilməsinə 7,6 milyon,
latın qrafikalı kitabların çapına 5 milyon, elmi
obyektlərin yenidən qurulması və əsaslı təmirinə
2 milyon, elmi-tədqiqat təminatının möhkəmləndirilməsinə,
müasir laboratoriya avadanlıqlarının alınmasına
4,9 milyon manat vəsait nəzərdə tutulmuşdur.
2015-ci ildə
təhsil xərcləri üçün 1711,2
milyon manat, yaxud 2014-cü illə müqayisədə 57,7
milyon manat və ya 3,5 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə
nisbətən 273,5 milyon manat və ya 19 faiz çox vəsait
ayrılmışdır. Bu sahənin maliyyələşdirilməsi
üçün nəzərdə tutulmuş xərclərin
dövlət büdcəsi xərclərinin tərkibində
xüsusi çəkisi 8,1 faiz təşkil
edir. Təhsil xərcləri üçün
ayrılmış vəsaitin 313,9 milyon
manatı bir sıra dövlət proqramlarının və tədbirlərinin
maliyyələşdirilməsinə yönəldiləcəkdir.
O cümlədən ölkənin ali təhsil müəssisələrində
kadr hazırlığının dövlət sifarişi və
adambaşına maliyyələşmə prinsipi ilə həyata
keçirilməsi xərcləri üçün 135,4 milyon
manat, təhsil sisteminin informasiyalaşdırılması ilə
bağlı xərclər üçün 18,8 milyon manat,
ümumtəhsil məktəblərində oxuyan şagirdlərin
dərsliklərlə pulsuz təminatı üçün 8,5
milyon manat, təhsil müəssisələrinin təmiri və
yenidən qurulması üçün 13,1 milyon manat vəsait
ayrılmışdır.
Müasir dövrün tələblərinə cavab verən
səhiyyə sisteminin yaradılması son illər Azərbaycanda
ardıcıl şəkildə həyata keçirilən
sosialyönümlü islahatların başlıca istiqamətlərindən
birinə çevrilmişdir. Səhiyyə ümumən
ölkənin, xalqın müqəddəratı, milli genofondu
ilə bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi
bu sferada hələ keçmiş Sovetlər birliyi
dövründən həllini gözləyən bir çox
problemlərin, çatışmazlıqların aradan
qaldırılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirir.
Son 5 ildə
(2009-2014-cü illər) dövlət büdcəsinin cari xərclərində
səhiyyə xərcləri 70 faizədək
artmışdır: 2010-cu ildə səhiyyəyə dövlət
büdcəsindən 429,2 milyon, 2011-ci ildə
493,4 milyon, 2012-ci ildə 609,4 milyon, 2013-cü ildə 669,2
milyon, 2014-cü ildə 725,6 milyon manat
ayrılmışdır.
2015-ci
ilin dövlət büdcəsində səhiyyəyə
ayrılmış xərclərin dövlət büdcəsi
xərclərinin tərkibindəki xüsusi çəkisi
2014-cü illə müqayisədə 0,1
faiz artaraq 3,7 faiz təşkil edir. Ümumilikdə səhiyyə
xərcləri üçün 777,7 milyon
manat vəsait ayrılmış, bu vəsaitin 198,6 milyon
manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsi
üçün nəzərdə tutulmuşdur.
2015-ci ildə
sosial müdafiə və sosial təminat sahəsinin maliyyələşdirilməsi
üçün nəzərdə tutulan xərclərin
dövlət büdcəsi xərclərinin tərkibindəki
xüsusi çəkisi 9,7 faiz təşkil
edəcək. Əhalinin sosial problemlərinin həlli, o
cümlədən pensiya və müavinətlərin,
ünvanlı sosial yardımın, məcburi
köçkünlərin sosial məsələlərinin və
digər tədbirlərin maliyyə təminatı
üçün 2015-ci ilin dövlət büdcəsində
2040,5 milyon manat vəsait
proqnozlaşdırılmışdır. Bu, 2013-cü ilin
faktiki icra göstərişinə nisbətən 290,2 milyon manat və ya 16,6 faiz çoxdur. Gələn
il sosial müdafiə və sosial təminat xərclərinə
ayrılmış vəsaitin 1100 milyon manatı Dövlət
Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən
əmək pensiyalarının maliyyələşdirilməsinə,
548,4 milyon manatı Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və onun müvafiq strukturları vasitəsilə
həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin
və digər sosial xarakterli ödənişlərin, 224,5
milyon manatı Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi vasitəsilə qaçqın və
məcburi köçkünlərin sosial müdafiəsinin təmin
edilməsi tədbirlərinin maliyyələşdirilməsinə
yönəldiləcəkdir.
Gələn ilin dövlət büdcəsində
müdafiə xərclərinin də əhəmiyyətli
çəkiyə malik olması ölkənin müharibə
şəraitində yaşaması, ərazisinin 20 faizdən
çoxunun hələ də işğal altında olması
ilə şərtlənir. Azərbaycanın müdafiə
qüdrətinin gücləndirilməsi, Silahlı Qüvvələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün müdafiə xərclərinə 2015-ci ilin
dövlət büdcəsi xərclərinin 17,9
faizi həcmində vəsait ayrılmışdır ki, bu da
2014-cü illə müqayisədə 3,1 faiz çoxdur.
2015-ci
ilin dövlət büdcəsində əsaslı xərclər
üçün 9366 milyon manat vəsait nəzərdə
tutulmuşdur və bu, 2014-cü illə müqayisədə
965 milyon manat, yaxud 11,5 faiz çoxdur. Bu xərclərin
dövlət büdcəsi xərclərinin tərkibində
xüsusi çəkisi 44,4 milyon manat təşkil
edəcək. Əsaslı xərclərin tərkib hissəsi
olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya)
xərclərinə 2015-ci il dövlət
büdcəsi xərclərindən 6930 milyon manat sərf
olunacaq. Növbəti ildə qeyri-neft investisiyaları 8,7 milyard manat olmaqla ümumi investisiyaların
43,9 faizini təşkil edəcək. Dövlət
investisiyalarının ümumi investisiyalardakı payı isə
56,1 faiz (11,1 milyard manat) olacaq.
2008-ci ildən dünya iqtisadiyyatında müşahidə
edilən neqativ meyillər - iqtisadi böhranın dərinləşməsi
Azərbaycan iqtisadiyyatının, sadəcə, neft amili
üzərində qurulmadığını, əldə
olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun
da mühüm paya malik olduğunu təsdiqləmişdir. Ölkə
iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft
sektorunun xüsusi çəkisi xeyli yüksəlmiş,
şaxələndirmə tədbirlərinin,
sahibkarlığın inkişafının, investisiya və
biznes mühitinin daha da yaxşılaşdırılmasının
nəticəsi olaraq qeyri-neft sektorunun dinamik inkişafı
davam etmiş, ÜDM-in artımı əsasən qeyri-neft
sektoru hesabına təmin edilmişdir. Təsadüfi deyil ki,
qeyri-neft sektorunun ÜDM-də payı 2011-ci ildəki 48,8 faizdən 2013-cü ildə 56,6 faizə
yüksəlmişdir.
Azərbaycanda özəl bölmənin inkişafı və
dəstəklənməsi ilə bağlı həyata
keçirilən tədbirlər davamlı, ardıcıl
olmaqla, məntiqi cəhətdən bir-birini tamamlayır. Qanunvericilik
bazasının təkmilləşdirilməsi,
sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin
təmin edilməsi, “bir pəncərə” prinsipinin tətbiqi,
güzəştli kreditlərin verilməsi, biznes forumları,
konfrans və digər tədbirlərin nəticəsi olaraq
güclü özəl sektor formalaşmışdır.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi
məqsədilə 2015-ci ilin dövlət büdcəsində
Sahibkarlığa Kömək Milli Fonduna 100 milyon manat
ayrılması nəzərdə tutulmuşdur. Fəaliyyətə
başladığı dövrdən fonda dövlət
büdcəsindən və digər mənbələrdən
ayrılan vəsaitlərin ümumi həcmi 1747,3
milyon manata çatmışdır.
Gələn
il aqrar sektorda çalışan iş
adamlarına - fermerlərə dövlət
qayğısının gücləndirilməsi tədbirləri
də diqqət mərkəzində saxlanılacaqdır.
Xatırladaq ki, dövlət başçısının
qanunvericilik təşəbbüsü əsasında kənd
təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin
müddəti 2014-cü il yanvarın 1-dən
daha beş il müddətində uzadılmışdır.
2001-ci il yanvar ayının 1-dən qüvvədə olan həmin
güzəştlərə əsasən, kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan
(o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər
Vergi Məcəlləsi ilə müəyyən edilmiş
hüquqi şəxslərin mənfəət vergisini, əlavə
dəyər vergisini, sadələşdirilmiş sistem üzrə
vergini və həmin fəaliyyət prosesində istifadə
olunan obyektlərdən əmlak vergisini ödəməkdən,
fiziki şəxslər isə əlavə dəyər
vergisini və həmin fəaliyyət prosesində istifadə
olunan obyektlərdən əmlak vergisini ödəməkdən
azaddırlar.
Ölkə
rəhbərinin 2014-cü il 16 yanvar tarixli “Kənd təsərrüfatı
və ərzaq məhsulları bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər
haqqında” sərəncamında isə kənd təsərrüfatında
yüksək məhsuldarlığın təmin edilməsi,
yerli məhsulların rəqabət qabiliyyətinin
artırılması, fermerlərə dövlət dəstəyinin
daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə
nail olunması vacibliyi bir daha önə çəkilmişdir.
Sənəddə məhsulun istehsalçıdan
istehlakçıya çatdırılması mərhələsində
mövcud maneələrin aradan qaldırılması, ərzaq
bazarında süni qiymət artımının
qarşısının alınması, məhsulların qəbulu
və saxlanması üçün ixtisaslaşdırılmış
terminalların və anbarların yaradılması, müvafiq
nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq
mağazaları şəbəkəsinin genişləndirilməsi
istiqamətində təxirəsalınmaz tədbirlər
görülməsi ilə bağlı aidiyyəti dövlət
qurumlarına tapşırıqlar verilmişdir. Ümumilikdə son illər ölkədə
uğurla reallaşdırılan dövlət dəstəyi tədbirləri
kənd təsərrüfatı məhsullarının
istehsalının və ixracının artmasına,
özünütəminetmə səviyyəsinin yüksəlməsinə
səbəb olmuşdur. 2003-2013-cü illərdə kənd
təsərrüfatı məhsulları istehsalı 3,3, o cümlədən meyvə-tərəvəzin
emal məhsullarının ixracı 2,5 dəfə
artmışdır.
Belə tədbirlərin
davamı olaraq 2015-ci ildə ölkədə iri
heyvandarlıq təsərrüfatlarının
yaradılması, heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılması, zəruri kənd təsərrüfatı
texnikasının, habelə cins damazlıq heyvanların
alınaraq ölkəyə gətirilməsi və güzəştli
şərtlərlə - lizinqlə sahibkarlara, fermerlərə
satışı məqsədilə gələn ilin büdcəsindən
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 40 milyon
manat vəsait ayrılmışdır. Bu, 2014-cü illə
müqayisədə 5 milyon manat və ya 14,3
faiz çoxdur. Bundan əlavə, kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan
fermerlərə kreditlərin verilməsi üçün Kənd
Təsərrüfatı Kreditləri üzrə Dövlət
Agentliyinə 5 milyon manat vəsait nəzərdə
tutulmuşdur.
2015-ci ildə dövlət büdcəsinin kəsirinin
maliyyələşdirilməsi üçün 1662 milyon manat
vəsait nəzərdə tutulmuşdur. Bu, 2014-cü
illə müqayisədə 17 milyon manat azdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
qiymətli kağızların yerləşdirilməsindən,
özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və
dövlət büdcəsinin vahid xəzinə
hesabının qalığı hesabına həyata
keçiriləcək. 2015-ci ildə dövlət
büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,8 faiz təşkil edəcək.
2015-ci ilin dövlət büdcəsində dövlətin
müəyyən beynəlxalq öhdəliklərinin yerinə
yetirilməsi üçün də vəsait nəzərdə
tutulmuşdur.
2014-cü il 1 iyul tarixi vəziyyətinə Azərbaycanın
maliyyə-bank qurumları və digər kredit təşkilatları
ilə imzalanmış kreditlər üzrə xarici dövlət
borcunun məbləği 6,4 milyard manat
olmuşdur. İmzalanmış sazişlər üzrə
xarici dövlət borcu ÜDM-in 8,5 faizini
təşkil etmiş, adambaşına düşən xarici
dövlət borcu 66,4 ABŞ dolları olmuşdur.
İmzalanmış müqavilələrə əsasən,
xarici dövlət borcunun 7,7 faizi 10 ilədək olan müddətdə,
62 faizi 10 ildən 20 ilədək olan müddətdə, 30,3
faizi isə 20 ildən yuxarı olan müddətlərdə
kreditorlara qaytarılmalıdır. 2015-ci ilin dövlət
büdcəsində dövlət borclarının
qaytarılması üçün 776,2
milyon manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 53 milyard ABŞ dollarından çoxdur ki, bu da 8 milyard dollar civarında olan xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Ölkəmizin ÜDM-in 90 faizi həcmində strateji valyuta ehtiyatlarına malik olması respublikada makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən əsas amillərdən sayılır.
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri) Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir. 2015-ci ildə dövlət büdcəsində daxili dövlət borcunun yuxarı həddi 1 milyard, xarici dövlət borcunun yuxarı limiti isə 1,5 milyard manat həcmində müəyyənləşdirilmişdir.
Hökumət xarici mənbələrdən cəlb olunan maliyyə vəsaitlərini büdcə kəsirini örtməyə deyil, müasir infrastrukturun formalaşdırılması yolu ilə investisiya mühitini yaxşılaşdırmağa yönəldir. Qlobal iqtisadi böhranla bağlı bir sıra ölkələrin xarici borclarının pik həddinə çatması onları sosial və investisiya yönümlü layihələri qeyri-müəyyən müddətə təxirə salmaq məcburiyyətində qoymuşdur. Xüsusən də bəzi Avropa ölkələrində dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, minlərlə işsizlər ordusu yaranır, vergilər artırılır, sosial ödənişlər azaldılır. Azərbaycan isə əksinə, həmin sahələrə dövlət əsaslı kapital qoyuluşlarının həcmini, sosialyönümlü xərcləri ildən-ilə artırır, nəinki iri layihələri daxili imkanları hesabına maliyyələşdirir, eyni zamanda regionda əsas sərmayədar və kreditor dövlət qismində çıxış edir.
Ümumilikdə Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinin strukturu ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini, bu inkişafın gələn il daha sürətli xarakter alacağını əminliklə söyləməyə əsas verir. Bütün bunlar həm də onu göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü islahatlar kursu hər bir ölkə vətəndaşının yüksək rifah halının təmin olunmasına yönəlmişdir. Bu siyasət isə hər bir vətəndaş tərəfindən bəyənilir və dəstəklənir.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2014.- 1 yanvar.- S.6.