Görkəmli alim və dövlət xadimi

 

Tarix boyu hər bir sahədə böyük nailiyyətlər qazanan, kəşflər edib əsərlər yazan, yaxud tikib, qurub yaradan şəxsiyyətlər çox olub. Amma bir neçə sahədə öz sözünü deyə bilən, hərtərəfli istedada, qabiliyyətə malik şəxsiyyətlər tək-tək olur. Azərbaycanın tarixində belə fenomenal insanlar az olmayıb və onlar xalqımızın rifahına, tərəqqisinə, ölkəmizin çiçəklənməsinə, inkişafına böyük töhfələr veriblər. Onların sırasından bir çoxu öz bacarığı, zəkası, şan-şöhrəti ilə respublikanın hüdudlarından xeyli kənarda da tanınıblar. Hətta bəzən digər xalqların arasında yaşayıb işləyərək, onların da tərəqqisinə kömək edərək, çətin dövrdə dayağı, dəstəkçisi, yolgöstərəni olublar.

Deyilənlərin hamısını tam cəsarətlə görkəmli dövlət xadimi, həkim, zəhmətkeş alim, yorulmaz müəllim, səhiyyə təşkilatçısı, qurucu insan Əziz Məmmədkərim oğlu Əliyevə şamil etmək mümkündür. Əziz Əliyev o qədər də uzun olmayan - 65 illik ömür yolunda bu adların hamısını şərəflə daşımış, həmin sahələrin hər birinə əməlləri ilə imza ataraq tarixdə öz dəst-xəttini təsdiqləmiş, sözünü deyə bilmişdir.

Bu böyük insan ixtisasca həkim olaraq səhiyyənin problemlərini araşdırmış, tədqiq etmiş və onların aradan qaldırılmasına nail olmuşdur. Onun tibb elmi və səhiyyəsi üçün gördüyü işlər bu gün də öz aktuallığını qoruyub saxlayır.

...1897-ci il yanvarın 1-də  qədim Azərbaycan torpağı İrəvanda dünyaya göz açmışdı. Atası Məmmədkərim  camaat arasında böyük hörmət-izzət sahibi olmuşdu. Anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.

Uşaqlıq və gənclik illərində həyatı çətinliklərlə keçən Əziz Əliyev bir çox sınaqlardan çıxmış, Birinci Dünya müharibəsinin daşnak-erməni təqiblərinin, sovet dövrü repressiyalarının əziyyətlərini çəkmiş, lakin hər zaman insanların gözündə ucada olmuş, nəsildən-nəslə yaddaşlara da beləcə köçüb əbədiləşmişdir.

Əziz Əliyev ibtidai təhsilini doğulduğu kənddə - rus-tatar (Azərbaycan) məktəbində almışdı. 1908-ci ildə Rusiyanın Çita şəhərindəki gimnaziyaya daxil olmuşdu. 1914-cü ildə yay tətili günlərində doğma yurduna gələn Əziz Əliyev Rusiyaya qayıda bilməmişdir. O zaman Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar bütün yollar bağlanmışdı. Ona görə də İrəvan gimnaziyasında təhsilini davam etdirmiş, 1917-ci ildə oranı əla qiymətlərlə bitirmişdi.

Əziz Əliyevin ən böyük arzusu həkim olmaq idi. Lakin arzusuna çatmaq üçün  ona maddi dəstək lazım idi. Bununla əlaqədar o, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə müraciət etmişdir. Tanınmış mesenatın verdiyi vəsaitlə gənc Əziz Sankt-Peterburqa gedərək Rusiyanın nüfuzlu Hərbi Tibb Akademiyasına qəbul olunmuşdur. Orada dərsdənkənar vaxtlarda səpkili yatalaq əleyhinə təşkil edilmiş sanitariya-dezinfeksiya briqadasında işə düzəlmiş, həm praktik tibbi vərdişlərə yiyələnmiş, həm də aldığı maaşla özünün və ailəsinin minimal xərclərini ödəyə bilmişdir.

Birinci kursu başa vurduqdan sonra 1918-ci ildə Sankt-Peterburqdan yay tətilinə gələn gənc Əziz erməni daşnaklarının yerli azərbaycanlı əhaliyə qarşı növbəti qəddarlığının şahidi olur. İrəvanda qalmağın həyat üçün təhlükəsini görərək böyük çətinliklə ailə üzvlərini Naxçıvanın əvvəlcə Şərur rayonuna, bir müddətdən sonra isə Şahtaxtı kəndinə aparır.

Beləcə, Əziz Əliyev təhsilini davam etdirmək üçün yenə də Rusiyaya - oxuduğu Hərbi Tibb Akademiyasına dönə bilmir. Üstəlik də, İrəvandakı daşnak qoşunları bolşeviklərin köməyi ilə hücuma keçir, Şəruru, o cümlədən Şahtaxtı kəndini uçurub-dağıdır, qırğınlar törədirdilər. Bu dəfə Əziz Əliyev ailə üzvlərini bir çox şahtaxtılılar kimi Araz çayı vasitəsilə Cənubi Azərbaycanın Ərəblər kəndinə  keçirə bilir. Onlar bir müddət burada yaşamalı olurlar.

Əziz Əliyevin anası 1920-ci ildə elə müvəqqəti məskunlaşdıqları Ərəblər kəndində dünyasını dəyişir. Növbəti ildə isə Əziz Əliyev Şahtaxtıya qayıdır.

İstər Ərəblər, istərsə də Şahtaxtı kəndlərində Əziz Əliyev fəaliyyətsiz dayanmır. O, tibbi sahədə bacardığı işlərdə çalışır. Ərəblərdə həkim köməkçisi, Şahtaxtıda isə orta tibb işçisi kimi fəaliyyət göstərir.

Lakin Əziz Əliyev daim irəliyə, tərəqqiyə can atırdı. Odur ki, 1923-cü ilin mayında Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini Bakı Dövlət Universitetinin tibb fakültəsində davam etdirir. O, 1927-ci ildə ali məktəbi bitirir və universitetin daxili xəstəliklər kafedrasında saxlanılır.

Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin edilir.

Yeri gəlmişkən qeyd edək ki, Əziz Əliyev İkinci Dünya müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı çalışarkən Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb.

1930-cu il mayın 9-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Həmin il iyun ayının 9-da isə ADTİ-də ilk tələbə qəbulu aparılır. O vaxtlar institutun təşkili məsələsi çox mürəkkəb proses idi. Ona görə də bu işin icrasına bacarıqlı təşkilatçı kimi tanınan Əziz Əliyev də cəlb edilir. 1932-ci ildə isə ona institutun direktoru (rektor) vəzifəsi tapşırılır. Böyük alim 6 ilə yaxın bir müddətdə həm bu vəzifəni layiqincə yerinə yetirir, həm də Bakı şəhəri səhiyyə şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Nəticədə onun fəaliyyət sahəsi genişlənir, səriştəsi, təşkilatçılığı, elmi işgüzarlığı, idarəçilik istedadı, kadr siyasətində milli təəssübkeşliyi və digər xüsusiyyətləri üzə çıxır. Bu isə ölkədə tibb təhsili konsepsiyasının işlənib hazırlanmasına xidmət edir.

Əziz Əliyev əvvəlcə direktor, sonralar isə rektor olduğu institutda nəşriyyat şöbəsi yaradır. Qısa müddət ərzində Azərbaycan dilində tələbələr üçün ilk dərsliklər çap edilir. Bütün bunlar tədrisin Azərbaycan və rus dillərində aparılmasına imkan verməklə milli kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Müharibədən əvvəlki illərdə onun 87 elmi işi çap olunur. Onların 70-i təbabətin müxtəlif sahələrinə, 17-si isə təbiət və ictimai-siyasi mövzulara həsr edilir.

1933-cü ildə görkəmli alimin təşəbbüsü ilə institutun əsas klinik bazası olan Semaşko adına xəstəxananın yaxınlığında tələbə şəhərciyi inşa edilməyə başlayır. Müharibəyə qədərki dövrdə lazımi şəraiti olan iki tələbə yataqxanası tikilib istifadəyə verilir, tədris korpuslarının inşasına başlanılır.

Professor Əziz Əliyev həmişə tələbələrin qayğısı ilə yaşayırdı. İş rejiminin gərgin olmasına baxmayaraq, yataqxanalara baş çəkməyə vaxt tapar, onlarla söhbət edər, tam keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaratmağa çalışardı. 

Yüksək ixtisaslı kadrların hazırlanması, tədrisin Azərbaycan  dilində aparılmasının genişləndirilməsi sahəsində onun xidmətlərini aşağıdakı sözləri bir daha təsdiq edir: “Kadrlar gənc işçilərlə ona görə artmırlar ki, institutu yeni bitirən həkimlər rayonlara təyin olunurlar. Kadrların sırası institutun tanıdığı bacarıqlı, istedadlı yeni məzunlarla möhkəmlənməlidir”.

1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu, o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Əziz Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən onun özünün “Klinik analizlər” kitabı, K.Balakişiyevin “İnsanın normal anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, C.Hüseynovun “Patoloji anatomiya”, Y.Qazıyevin “Ağciyər vərəmi”,  Ü.Musabəyovanın “Göz xəstəlikləri”, Ə.Talışinskinin “Travmatologiya”, Q.Səfərov və Ə.Həsənovun “Bioloji kimya” və digər dərsliklər, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının çap olunan kitabları Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdən hesab edilir. Bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu vardır. Böyük təşkilatçı qısa müddətdə başqa dillərdə alternativi olmayan tibbi kitablardan ən vaciblərinin də Azərbaycan dilinə tərcüməsinə nail olur.

Onun təşəbbüsü ilə İ.Berberinin “Boğaz, burun, qulaq xəstəlikləri”, A.Qaltıçinin “Uşaq xəstəlikləri”, V.Skvortsovun “Farmokologiya kursu”, E. Freyzeldin “Histologiya” adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunur. 1930-1945-ci illərdə Azərbaycan Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti işıq üzü görür. Onun 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir.

Görkəmli alim bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünür. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayır və institut kollektivinin köməyi ilə “Tibb nəşriyyatı” yaradır. Professorun təşəbbüsü ilə ilk dəfə “Praktiki və nəzəri tibb” jurnalının nəşri əsaslı surətdə təkmilləşdirilir. 1933-cü ildə o, jurnalın baş redaktoru təyin edilir. Elə həmin il Əziz Əliyevin təşəbbüsü ilə institutda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapı qaydaya salınır. Hazırda bu qəzet “Təbib” adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır.

Xalq üçün yaşamaq kimi keyfiyyətlərin və qabiliyyətinin nəticəsidir ki, Əziz Əliyev o dövrdə ən ağır, ən məsuliyyətli işlərdə çalışıb. Respublika Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının birinci müavini, Klinik Elmi-Tədqiqat İnstitutunun direktoru, Xalq Səhiyyə Komissarı və digər vəzifələri icra edib. Əziz Əliyev bu kürsülərdə özünü həmişə nəcib, ləyaqətli bir insan, vətəndaşlıq məsuliyyətini dərk edən bir şəxsiyyət kimi göstərib. O, insanlara, ilk növbədə özünə qarşı çox tələbkar olub, işə laqeyd və başdansovdu münasibət bəslənməsinə dözməyib, həmişə dəqiqlik və işgüzarlıq nümunəsi göstərib. Onun fikrincə, işdə tələskənlik yox, icra intizamında sürəklilik olmalıdır. O deyirdi ki, “təkcə təbabət üçün tələsmək çox azdır. Əgər biz bir ömür təbabət üçün, bir ömür mühəndislik üçün, bir ömür fəlsəfə üçün, bir ömür aqronomluq üçün tələssək, bunun axırı nə olar? Bizə bu qədər ömür verən kimdir? İnsana ömürlər verilmir, bir ömür verilir. Lakin onu elə yaşamaq, elə oxumaq, elə işləmək, elə qurmaq, elə yaratmaq lazımdır ki, səndən sonra nəsə qalsın. Nəsillərə, millətə, xalqa əbədi yadigar olsun”.

O, məhz belə bir ömür yaşayırdı. 1934-1940-cı illərdə respublikada xəstəliklər geniş yayılmışdı. Ölkədə epidemioloji təhlükənin qarşısını almaq və profilaktik tədbirlər sistemini həyata keçirmək məqsədilə Xalq Səhiyyə komissarı Əziz Əliyev, ilk növbədə, sanitar-epidemioloji xidmət sistemini möhkəmləndirdi. Artıq 1940-cı il üçün 31 sanitar epidemioloji, 4 dezinfeksiya stansiyası və 26 dezinfeksiya məntəqəsi fəaliyyət göstərirdi. İnfeksion xəstəlikləri hospitalizə etmək üçün 1142 ixtisaslaşmış xəstəxana çarpayısı açılmışdı. Respublika Xalq Səhiyyə Komissarlığı səviyyəsində işə rəhbərlik üçün 1939-cu ildən Sanitar-Epidemioloji Şura yaradıldı.

İkinci Dünya müharibəsi illərində Əziz Əliyev alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilir. Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda gərgin iş aparır. Onunla birlikdə gedən ziyalılar orada böyük mədəni-maarif  fəaliyyəti ilə məşğul olurlar, “Vətən yolunda” qəzetinin redaksiyasında fəaliyyət göstərirlər. Həmin illərdə Azərbaycanın alim, yazıçı, şair və jurnalistlərinin böyük bir qrupu İranda çox dəyərli işlər görür.

Ümummilli lider Heydər Əliyev görkəmli dövlət xadiminin həyatının həmin dövrünü belə səciyyələndirirdi: “Onun qismətinə olduqca çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. 1941-ci ilin yayında, Sovet İttifaqına faşistlərin hücumu başlandıqdan az sonra sovet qoşunları İrana daxil olurlar. Əziz Əliyev Azərbaycan nümayəndələrinin böyük bir qrupuna başçılıq etdi və İranda mürəkkəb şəraitdə xüsusi missiyanı yerinə yetirdi... Mənə məlumdur ki, o, görkəmli Azərbaycan yazıçıları Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov və bir çox başqaları ilə birlikdə orada necə cəsarətlə və ağılla iş aparırdı. Ancaq faşist qoşunları Dağıstan sərhədlərinə yaxınlaşan kimi, - orada son dərəcə mürəkkəb vəziyyət yaranmışdı, - Dövlət Müdafiə Komitəsinin qərarı ilə Əziz Əliyev Dağıstana göndərildi”.

T.Talıblının “Əziz Əliyev. Dövrü. Həyatı. Şəxsiyyəti” kitabında isə həmin dövr belə xarakterizə edilir: “Dağıstan özünəməxsus spesifik xüsusiyyətləri, tərkibində 30-dan çox millət yaşayan, hər biri fərdi xarakteri ilə seçilən mürəkkəb bir region idi. Odur ki, belə bir çətin və məsul vaxtda Əziz Əliyevin Dağıstana birinci katib göndərilməsi ən düzgün addım sayılmalıdır. Elə buradan da nəticə çıxarmaq lazımdır ki, Əziz Əliyev o zamankı kadrlar arasında gücə-qüdrətə, nüfuza malik bir dövlət xadimi olub.

Beləliklə, Əziz Əliyevin Dağıstandakı fəaliyyəti nəticəsində nə satqınlar meydana çıxdı, nə də qəbilələr, tayfalar, millətlər arasında təfriqələr yarandı. Dağıstan özünün ən şərəfli günlərini yaşamağa başladı. Əziz Əliyevin Dağıstan Vilayət PK-nın birinci katibi işlədiyi dövrlər geniş söhbətlərə mövzu ola bilər. Təkcə onu demək yerinə düşər ki, Əziz Əliyevin partiya və dövlət rəhbərlərinə xas olan xüsusiyyətləri özünü büruzə verdi, onun yüksək potensial imkanları açıldı”.

Tarixin bir çox keşməkeşləri Əziz Əliyevin həyatından da yan ötməmişdi. Qəribədir ki, keçən əsrin 30-cu illərində Azərbaycanın milli həkim kadrlarının çoxsaylı nümayəndələrini haqsız işgəncələrdən qoruyan, onları terrorun əlindən xilas edərək vaxtsız məhv olmağa qoymayan Əziz Əliyevin sonralar özü sıxıntılara  məruz qalmışdır. Belə ki, 1949-cu ildə professor Əziz Əliyevi Moskvada ÜİK (b) P MİK-in təlimatçısı təyin edirlər. İki il burada çalışandan sonra həyat yolları onu yenidən vətəni Azərbaycana gətirir. 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, bundan sonrakı illərdə isə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru olur. Lakin tezliklə onu bu vəzifədən azad edirlər. Professoru, belə tanınmış bir insanı Sabunçu xəstəxanasına həkim göndərirlər. Bu, səbəbi məlum olmayan və açıq-açığına bir təzyiq, qəsd idi.

Əziz Əliyevin fəaliyyət dairəsi çox geniş idi. Təbiət ona həm istedad, həm daim öyrənmək, həm də insanlarla işləmək, dil tapmaq, təşkilatçılıq, rəhbərlik etmək bacarığı vermişdi. Akademik Mustafa bəy Topçubaşov onun haqqında belə deyirdi: “Əziz, Aşıq Ələsgər demişkən, “hər elmdən halı” idi. Onun hansı institutu bitirdiyini müəyyənləşdirmək çətin idi. Əziz Əliyev bütün sahələrdə özünü yüksək səviyyəli mütəxəssis kimi göstərə bilirdi”.

Təsadüfi deyil ki, tədqiqatçılar Əziz Əliyevin həyatını mərhələlərə bölərək işıqlandırıblar. Geniş diapazonu, biliyi, istedadı və təcrübəsi, zəhmətsevərliyi və məqsədyönlüyü onu dövlət xadimi səviyyəsinə yüksəltmişdi. Əziz Əliyev üçün vəzifənin böyüyü-kiçiyi yox idi. O, ömrü boyu öhdəsinə düşən bütün vəzifələrdə özünü doğrultmuş, vicdanla çalışmış, qurub-yaratmış, yeniliklər edə bilmişdi. Həmişə xalqla bir olmuş, insanlara kömək əli uzatmışdı. Ona görə də həyatda  “Qurucu Əziz” kimi ad qazanmışdı.

1956-cı ildə professor Əziz Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi fəaliyyətə başlayır və ömrünün sonuna kimi bu vəzifədə çalışır.

ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Belə ki, bu dövrdə institut fəaliyyətini genişləndirir. Burada təkcə Azərbaycanın deyil, SSRİ-nin digər respublikalarının, Monqolustanın və Bolqarıstanın həkimləri də təkmilləşmə kurslarından keçirdilər. Onun rəhbərliyi dövründə ADHTİ-də yeni kafedralar yaradılmış, elmi-pedaqoji kadrların səviyyəsi yüksəldilmişdir. Əziz Əliyevin rəhbərliyi ilə o dövrdə elmi əsərlərdən ibarət bir neçə məcmuə çap edilmişdir.

Görkəmli alim Əziz Əliyev hansı işdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmamışdır. O, 1929-cu ildə namizədlik, beş il sonra isə doktorluq dissertasiyalarını müdafiə edir. Alimin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilir və həmin ildə də professor elmi adı təsdiq olunur.

Əziz Əliyev bütün həyatı boyu ciddiliyi və zəhmətkeşliyi, prinsipiallığı və səmimiliyi ilə fərqlənmişdir. O, buna görə böyük nailiyyətlər qazanmış, bütöv bir həkimlər və alimlər nəsli yetişdirmiş və bununla respublikada qabaqcıl və nümunəvi səhiyyənin təşkili, tibb elminin yaradılması və inkişafının əsasını qoymuşdur. Onun adı, xatirəsi insanların yaddaşında daim yaşayan, nəsildən-nəslə ötürülən şəxsiyyətlərin siyahısına əbədi olaraq həkk olunmuşdur.

Əziz Əliyev həm də böyük bir ailənin başçısı, gözəl və qayğıkeş ata idi. Onun böyüdüb boya-başa çatdırdığı övladların Azərbaycan elminə verdiyi töhfə, Azərbaycan xalqı qarşısında xidmətləri də ilk növbədə, həm gendən, həm də atanın şəxsi nümunəsindən qaynaqlanırdı.                                 

Bu ailənin övladı akademik Zərifə xanım Əliyeva həyatını bütünlüklə oftalmologiya elminin inkişafına həsr etmişdir. Əvvəl Bakıda, sonra isə Moskvada uğurla çalışan böyük alim 1981-ci ildə  keçmiş SSRİ Elmlər Akademiyasının çox nüfuzlu mükafatı sayılan “Averbax” mükafatına layiq görülmüşdür.

Əziz Əliyevin digər övladları Ləzifə Əliyeva bacarıqlı göz həkimi, ADTİ-nin göz xəstəlikləri kafedrasının dosenti, Dilbər xanım adlı-sanlı mühəndis-rabitəçi olmuşlar. Ailənin kiçik qızı əməkdar incəsənət xadimi Gülarə Əliyeva “Dan ulduzu” instrumental ansamblını yaradaraq uzun müddət ona rəhbərlik etmişdir.

Alimin böyük oğlu, əməkdar elm xadimi, tibb  elmləri doktoru, professor Tamerlan Əliyev respublikanın tanınmış terapevtlərindən idi. Əliyevlər ailəsinin kiçik övladı Cəmil Əliyev də həyatını tibb elminin inkişafına həsr edib, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik səviyyəsinə qədər yüksəlib. Görkəmli alim Cəmil Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.

Əziz Əliyev xatirələrdə təkcə dövlət xadimi, alim kimi deyil, həm də dəyərli şəxsiyyət, gözəl insan kimi də qalmaqdadır. Onun qədirbilən insanlar yanında hörməti həmişə böyük olub. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon hədiyyə edib. Həmin medalyon hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır. 1960-cı ildə Əziz Əliyevə Azərbaycan SSR-in əməkdar həkimi fəxri adı verilir.

Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-II çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Görkəmli dövlət xadimi, səhiyyə təşkilatçısı, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edilib.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Naxçıvan və Mahaçqalada mərkəzi küçələrdən biri Əziz Əliyevin adını daşıyır. 1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən ulu öndər Heydər Əliyev bu böyük şəxsiyyətin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmışdı.

2006-cı il dekabr ayının 5-də Əziz Əliyevin anadan olmasının 110 illiyi dövlət səviyyəsində qeyd edilib.

Hər bir insan həyatda özündən nə isə bir yadigar, nişanə qoyub getməlidir. Yaxşı əsərlər yazmalı, sənətkar yetişdirməli, yaxşı övlad böyütməli, yol çəkməli, körpülər salmalı, qalalar ucaltmalıdır... Əziz Əliyev o xoşbəxt insanlardandır ki, bunların hamısını edə bilib. Ona görə də Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb, əzəmətli bir heykəl ucaldıb.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 1 yanvar.- S.7.