Prezident İlham
Əliyev Heydər Əliyev Beynəlxalq
Aeroportunda yeni gətirilmiş
“Boeing-787-8”
sərnişin təyyarəsinə
baxıb
Yanvarın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə baxıblar.
“AZAL” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına yeni təyyarə barədə məlumat verdi.
“Boeing-787-8” Dreamliner ən
müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən
“layner” daha uzaq məsafələrə
uçuşlar həyata
keçirməyə imkan
yaradır. Ən yeni
texnologiyaların tətbiq
edilməsi nəticəsində
isə təyyarədə
yüksək mənfəətli
istismar, yanacağa qənaət və sərnişinlər üçün
rahat şərait var.
Bu təyyarə həm
texniki, həm də xidmət cəhətdən digər
hava gəmilərindən
fərqlənir. Onun çəkisi
analoji təyyarələrlə
müqayisədə daha
yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı
digərlərindən çoxdur
və 20 faiz az yanacaq
sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin
tutumuna malikdir. Fasiləsiz
15 saat uçuş yerinə yetirən bu layner birbaşa
15 min 700 kilometr məsafə
qət edə bilir. Dreamliner bu göstəricilərə
görə hazırkı
sərnişin təyyarələri
arasında liderdir.
Laynerin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur.
Təyyarənin bütün aeronaviqasiya
və sərnişin salonunun audio-video sistemləri
ən son texnoloji yeniliklər əsasında
tərtib olunub. Bu təyyarə ilə
ilk mərhələdə Bakıdan
Pekinə, Londona və Avropanın digər şəhərlərinə
uçuşlar yerinə
yetiriləcək. Bu ilin yay mövsümündən
isə hava gəmilərinin Nyu-York və yeni açılacaq
hava xətlərində
istismarı gözlənilir.
Belə hava layneri MDB məkanında və bir sıra Şərq
ölkələri arasında
ilk dəfə Azərbaycana
gətirilib. Son illərdə
digər sahələrdə
olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır.
Bu inkişaf özünü
həm yeni aerovağzal komplekslərinin
inşasında, həm
də yeni müasir hava gəmilərinin alınmasında
daha aydın göstərir. Bu baxımdan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aviaparkının
ən müasir
“Boeing-787-8” Dreamliner sərnişin
təyyarələri ilə
gücləndirilməsi də
mühüm əhəmiyyət
kəsb edir. “Azərbaycan Hava Yolları”nın və ümumilikdə, Azərbaycan mülki aviasiyasının nailiyyətləri
Prezident İlham Əliyevin bu sahəyə birbaşa göstərdiyi diqqət və qayğının nəticəsidir.
Azərbaycan.-2014.-
2 yanvar.- S.1.