Azərbaycan dünyada müstəqil siyasət aparan ölkə kimi qəbul olunur

 

Prezident İlham Əliyev: “Müstəqillik bizim

üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir”

 

Azərbaycanın son 23 ildə müstəqil dövlət kimi əldə etdiyi çoxşaxəli nailiyyətlər, ilk növbədə, əsrlərlə davam edən tarixi mübarizənin nəticəsi sayılmalıdır. Bu baxımdan azərbaycanlıların milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam etmiş, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.

Böyük tarixə çevrilmiş iyirmi üç illik inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir, öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyi tam təmin etmiş, sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Ulu strateq iqtisadihüquqi islahatların paralelliyini təmin etməklə məhz o prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir. “Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümümbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” - deyən ümummilli lider demokratik inkişafa məhz insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm vasitə kimi yanaşmışdır.

Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev dühası özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivildemokratik cəmiyyət qurmuş, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəllüatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına zərrə qədər də təsir etməmiş, əksinə, bu inam günü-gündən güclənmiş, möhkəmlənmişdir. İctimaiyyət Heydər Əliyev siyasətinə olan yüksək etimadın müqabilində dövlətə, hakimiyyətə inamını bərpa etmişdir. Məhz bu inam da cəmiyyəti anarxist meyillərə sürüyən mənfi tendensiyalara qarşı güclü immunitet formalaşdırmışdır. Bu baxımdan, Heydər Əliyevin siyasi varislik irsinin altenativsizliyi təkcə praktik məsələlərdə özünü təsdiqləməmişdir - bu faktor cəmiyyətin ideoloji istiqamətləri baxımından da ciddi əhəmiyyətə malikdir.

“Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyət, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bugününə, həm gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır” - deyən Heydər Əliyevin milli ənənə dəyərlərə bu dərəcə sadiqliyi əsla onun daxili demokratizminin inkarına yönəlmə-miş, bu xariqüladə şəxsiyyət öz düşüncələrində çox böyük ustalıqla milli liberal dəyərlərin uğurlu dialoqunu qura bilmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri universal dəyərlərin üzünə məhz onun əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim mövqeyə sahib olmasına heç zaman imkan verməmişdir. Ulu öndər Heydər Əliyev bu mənada, həm xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış xariqüladə şəxsiyyətdir.

Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur nailiyyətləri şərtləndirən başlıca amillərdən biri ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu baxımdan ulu öndərin nəhəngliyi həm ondadır ki, Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçı yetişdirmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini məhz bu ənənələr çərçivəsində qurub.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi, iqtisadi sahədə keçid dövrünü başa vurması faktıdır.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd qəsəbələr abadlaşır, respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar həllini tapır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. 2014-cü ildə ölkəmizdə qeyri-neft sektoru 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuş, yoxsulluğun, işsizliyin səviyyəsi 5 faiz olmuşdur. Bu da dünya miqyasında çox mühüm göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur.

Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırır onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır bizi tam demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir.

Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlara doğru inamla irəliləyir. Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Ötən 11 ildə respublikamız misilsiz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir.

Respublikamız təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas söz sahiblərindən biridir, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib: “Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir”.

Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunu qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir.

Bir sözlə, ölkəmiz qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi imkanlarımızın ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, qarşıya qoyulan bütün məsələlər də tezliklə öz müsbət həllini tapacaqdır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 6 yanvar.- S.1-2.