Siyavuş Fərhad oğlu
Qarayev
Azərbaycanın təhsil və elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Fərhad oğlu Qarayev 2015-ci il yanvarın 2-də ömrünün 73-cü ilində vəfat etmişdir.
Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı kəndində anadan olmuşdur. Gəncə şəhərindəki 24 saylı orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kimya ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Siyavuş Qarayev 1966–1967-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. O, 1967–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında oxumuş, 1970–1982-ci illərdə isə həmin institutda kiçik elmi işçi, baş elmi işçi, bölmə rəhbəri və dosent vəzifələrini tutmuşdur. Siyavuş Qarayev 1982-ci ildən indiki Neft Akademiyasında üzvi kimya kafedrasına rəhbərlik etmiş, 1988–1997-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı olmuşdur. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışmışdır.
Siyavuş
Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə Mixail Lomonosov
adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq
dissertasiyalarını müdafiə etmiş, 1984-cü ildə
professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci
ildə isə həqiqi üzvü seçilmişdir. Eyni
zamanda o, bir sıra xarici universitetlərin və akademiyaların
fəxri doktoru, professoru və üzvü idi.
Akademik
Siyavuş Qarayev üzvi kimyaya dair fundamental tədqiqatları
ilə tanınırdı. Alimin zərif üzvi sintez sahəsində
araşdırmalarının nəticəsi olaraq
alınmış yeni maddələr neft sənayesində, təbabətdə
dərman preparatlarının alınma üsullarının
işlənib hazırlanmasında və kənd təsərrüfatında
bitkilərin stimulyatorlarının yaradılmasında tətbiq
edilmişdir. Üzvi kimyanın müasir istiqamətləri
üzrə bir neçə yeni qanunauyğunluğun aşkara
çıxarılması onun adı ilə bilavasitə
bağlıdır.
Ömrünü
neft kimyası sahəsində yüksək ixtisaslı
kadrların hazırlanmasına həsr etmiş Siyavuş
Qarayev 500-ə yaxın elmi əsərin, həmçinin 5
monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin müəllifi
idi. O, elmi nailiyyətlərinə görə 60-dan çox
patent və 27 müəlliflik şəhadətnaməsinə
layiq görülmüşdür. Alimin ölkəmizdə və
onun hüdudlarından kənarda çap olunmuş əsərləri,
eləcə də elmi simpozium və konfranslarda
çıxışları mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir.
Siyavuş
Qarayev elmi kadrların yetişdirilməsi işinə
xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi
altında onlarla gənc alimlik dərəcəsi almaq
üçün dissertasiya müdafiə etmişdir.
Siyavuş
Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən
layiqincə dəyərləndirilmişdir. O, müstəqil
Azərbaycan Respublikasının ali mükafatlarından olan
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış
kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş Fərhad
oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan.-2015.- 6 yanvar.- S.2.