Azərbaycan dövləti
soydaşlarımızın erməni
girovluğunda
qalmasına imkan verməyəcək
Erməni
girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz
Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən 7 beynəlxalq təşkilata,
o cümlədən BMT-nin baş katibinə, Avropa
Şurasının, Avropa İttifaqının və ATƏT-in
rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç
Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığına, beynəlxalq insan hüquqları təşkilatlarına
rəsmi müraciət göndərmişik.
AzərTAc
xəbər verir ki, bu sözləri Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov yanvarın 6-da Mingəçevir şəhərində
məcburi köçkünlər üçün salınan
yeni məhəllədə tikinti işlərinin gedişi ilə
tanış olduqdan sonra jurnalistlərə müsahibəsində
deyib. Əli Həsənov artıq həmin müraciətlərə
bütün beynəlxalq təşkilatlardan rəsmi
cavabların gəldiyini bildirib. Diqqətə
çatdırıb ki, həmin cavabların arasında beynəlxalq
hüquq normalarına uyğun olmayan fikirlər də, məsələyə
müsbət yanaşmalar da var. Beynəlxalq qurumların bəziləri
məsələyə formal, bürokratik şəkildə
yanaşıb. Bəziləri isə əksinə, problemə
obyektiv yanaşaraq ermənilərin bu əməllərini pisləyir
və beynəlxalq hüquq normalarına zidd hərəkət
kimi qiymətləndirirlər.
Əli
Həsənov deyib: “Bizim erməni girovluğunda olan
soydaşlarımız torpağını, Vətənini,
xalqını sevən insanlardır. Onlar ölümdən
qorxmadan bu gün yağı düşmən tapdağı
altında olan Kəlbəcərə - öz doğma
yurd-yuvaları, ata-babalarının məzarlarını, kəndlərini
ziyarət etməyə getmişdilər. Biz bununla
bağlı həqiqətləri bütün dünya ictimaiyyətinə
çatdırmışıq. Ancaq ermənilər yenə də
faşist əməllərindən əl çəkmir,
bütün beynəlxalq hüquq normalarını kobud şəkildə
pozmaqda davam edirlər. Erməni millətçiləri
artıq 100 ildir ki, bütün dünyada guya türklər tərəfindən
soyqırımına məruz qalmaları ilə bağlı təbliğat
aparmaqla məşğuldurlar. Əgər həqiqətən
də beynəlxalq təşkilatlar regionda dayanıqlı
sülhün bərqərar olunmasını istəyirlərsə,
erməniləri bu sərsəm xülyalarından əl
çəkməyə məcbur etməlidirlər. Ancaq bu
gün biz real həyatda bunun əksini müşahidə
edirik. Beynəlxalq təzyiqlə üzləşməyən
ermənilər öz məqsədlərinə çatmaq
üçün çirkin əməllərini davam etdirirlər.
Mənə elə gəlir ki, bu əməllərə göz
yuman və erməniləri açıq şəkildə
müdafiə edən beynəlxalq təşkilatlar bizim
girovlarımızla bağlı məsələnin də
müsbət həllinə kömək etməyəcəklər.
Baş
nazirin müavini deyib ki, ona görə də bu gün bizim
qlobal problemlərimizi, o cümlədən Dağlıq
Qarabağ münaqişəsini xalqımızdan, dövlətimizdən,
Prezidentimizdən başqa keç kim həll edəsi deyil. Bu
məsələdə güvənc yerimiz xalqımızın
birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
addımlarıdır. Dövlətimizin
başçısı bu gün girovluqda olan şəxslərin
azad edilməsi məsələsi ilə mütəmadi məşğuldur.
Məndə tam əminlik yaranıb ki, Ramil Səfərovu
ölkəmizə qaytaran Prezidentimiz hazırda erməni
girovluğunda olan Dilqəm Əsgərovu və Şahbaz
Quliyevi düşmənin caynağından azad edəcək.
Onlar hazırda Şuşada, bizim torpaqlardadır. Bizim yerli
qeyri-hökumət təşkilatları, hüquq müdafiə
təşkilatları azərbaycanlı girovlarla bağlı
Avropa Şurasına, Avropa İnsan Haqları Məhkəməsinə
müraciət etmək üçün təşəbbüs
irəli sürüblər. Biz hökumət olaraq hazırda
bu işdə onlara köməklik edirik.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan
dövləti erməni girovluğunda olan
soydaşlarımızın azad edilməsi istiqamətində
tələbini davam etdirəcək və bununla bağlı
bütün hüquqi addımlar atılacaq. Biz hazırda
girovların başqa bir ölkəyə ekstradisiya edilməsi
məsələsini müzakirə edirik. Əgər beynəlxalq
təşkilatlar kömək edə bilsələr onlar ermənilərin
əlindən alınaraq başqa ölkənin ərazisinə
keçiriləcək. Mən əminəm ki, Azərbaycan
dövləti onların erməni girovluğunda qalmasına
imkan verməyəcək.
Azərbaycan.-2015.- 7 yanvar.- S.1.