Qədimliyin və müasirliyin
qovuşduğu Quba
Gənclər
paytaxtı öz missiyasını uğurla başa vurdu
Quba bu gün inkişafının yeni mərhələsini yaşayır. Ölkənin şimal qapısı sayılan Qubanın təkcə siması dəyişmir, həm də iqtisadiyyatı inkişaf edir, əhalisinin güzəranı yaxşılaşır. Son illər rayonda bütün sahələr üzrə xeyli nailiyyət əldə edilib.
Quba qədim yaşayış məskənidir. Yaşı orta əsrlərə gedib çıxan tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropa coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs edilir. Yeri gəlmişkən qeyd edək ki, Quba orta əsrlər tariximizin ən çox işlənən və islam dünyasında qəbul edilən sözlərdəndir. Bircə fakt: Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdirdiyi ilk məscidin adı Quba adlanıb. İslamı yayanlar ölkələri fəth edərkən bu məscidin də adını çəkərdilər. Təsadüfi deyil ki, bu gün dünyanın onlarca ölkəsində Quba sözünə rast gəlmək mümkündür.
Bugünkü Quba özündə qədimliklə bərabər, həm də müasirliyi birləşdirir. Hündür binaların azlıq təşkil etdiyi bu şəhər gözəlliyi ilə buraya gələnləri məftun edir. İndi şəhərə daxil olub küçələri addımladıqca qarşında qədimliyin və müasirliyin ecazkar birliyinə rast gəlmək mümkündür. Şəhərin girəcəyindəki park insanı xəyalən keçmişlərə apardığı kimi, müasirliklərlə də qarşılaşdırır. Bir-birindən gözəl fəvvarələr, dörd bir tərəfdəki işıqlandırılan binalar - Quba Gənclər Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, rayon icra hakimiyyətinin inzibati binası, Yaşıl Teatr müasirlik nümunələridir.
Regionların inkişafı dövlət proqramlarının icrası bütün bölgələr kimi, Qubanın da iqtisadiyyatını canlandırıb. Rayonda yetişdirilən meyvə və tərəvəz paytaxt bazarlarına aparılır, yerli konserv müəssisələrində emal edilən məhsullar xarici ölkələrə ixrac olunur. Quba alması isə ayrıca yazının mövzusudur. Qubalılar ötən əsrin 70-ci illərindən yerli meyvə sortlarını qırmızı və ağ palmetlə əvəz etsələr də, bağçılar bu gün yenidən qəndi sinab, antonovka, cırhacı, qızıl əhmədi, canatan, şafran kimi qədim meyvə sortlarına üstünlük verirlər. Onu da qeyd edək ki, Quba alması Rusiya bazarına çıxarılan Çin, bolqar, Moldova və Polşa meyvələrindən həm ekoloji saflığına, həm də müalicəvi xassələrinə görə xeyli üstündür.
Zəngin floraya malik olan Quba həm də dərman bitkilərinin geniş yayıldığı ərazidir. Burada yetişən yemişan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa bitkilər min bir dərdin dərmanıdır.
Qubada tariximizin acı səhifələrini özündə yaşadan bir kompleks də var. Bu, faciələrimizin canlı şahidi Quba məzarlığıdır. Məzarlıq 2007-ci ildə ərazidə torpaq işləri aparılarkən aşkar edilmişdir. Həmin ilin iyulundan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda başlanmış tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulmuşdur. Tədqiqat zamanı məlum olmuşdur ki, məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı qurbanlarının əbədi uyuduğu ərazidir. Məhz bu fakt aşkarlandıqdan sonra həmin ərazidə monumental xatirə kompleksi yaradıldı. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Quba Memorial Kompleksi bu gün ziyarətgahdır. Təkcə qubalılar deyil, ölkəmizdən və xaricdən rayona gələnlər öncə bu kompleksi ziyarət edirlər.
Rayonda son illər minlərlə yeni iş yeri açılmışdır. Yaradılan yeni müəssisələrdə, fəaliyyəti bərpa edilən təşkilatlarda çalışanların çoxu gənclərdir. Vaxtaşırı keçirilən əmək yarmarkalarında onlarla gənc yeni iş yeri ilə təmin olunur.
Zəngin turizm potensialı olan rayonda son illər bir sıra istirahət obyektləri istifadəyə
verilmişdir. Əgər əvvəllər həmin istirahət mərkəzlərinə yalnız
Azərbaycanın müxtəlif
yerlərindən gəlirdilərsə,
hazırda dünyanın
onlarca ölkəsindən
turistlər bura üz tutur. İlin bütün fəsillərində
şəhərin küçələrində
qruplar halında gəzişən əcnəbilərə
rast gəlmək olur.
Dövlət tərəfindən də
rayonda turizmin inkişafına böyük
diqqət göstərilir. Quba Olimpiya İdman Kompleksini, SPA mərkəzləri,
Xınalıq kəndinə
çəkilən yol,
qədim xalçaçılıq
sənətinin yaşadılması
və s. bu diqqətin bəhrəsidir.
Rayonda turizm sektorunda çalışan
gənclər vaxtaşırı
xüsusi kurslarda iştirak edir, təcrübələrini artırırlar. Nəticədə istirahət mərkəzlərinin
təkcə xarici görkəmi deyil, xidmət səviyyəsi də müasir tələblərə cavab
verir.
Zəngin tarixi-mədəni irsinə görə də Qubanın özünəməxsus xüsusiyyətləri var. Qədim dövr və orta əsrlərə aid xalq sənəti nümunələri, çoxsaylı memarlıq yadigarları rayonda sənətkarlığın çox dərin köklərə malik olmasından xəbər verir. Bunu rayonun müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş Tunc dövrünə aid bəzək və məişət əşyaları təsdiqləyir. Qazıntılar zamanı müxtəlif ərazilərdən oraq, bıçaq, şana, dəhrə və digər əmək alətləri, qılınc, xəncər, ox, nizə ucları kimi silah növləri tapılıb.
Rayon sənətkarlarının əl işləri yüksək texniki və bədii xüsusiyyətləri ilə qonaqların diqqətini cəlb edir. Təkcə Quba xalçasının 30-dan çox növü mövcuddur. Qollu cici, Pirəbədil, Ağgül, Çiçi, Xırdagül cici, Qımıl xonça və başqa çeşidli xalçalar dünyada tanınır.
Rayonda yaşayan tatlar, ləzgilər, ruslar, yəhudilər və başqa xalqların nümayəndələri də burada özlərinə məxsus adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, Azərbaycan torpağını ana vətən kimi sevir və lazım gəldikdə uğrunda şərəflə şəhid olmağı bacarır, dövlətçiliyin qorunmasında və möhkəmlənməsində əllərindən gələni əsirgəmirlər.
Qubada quruculuq işləri yenə də davam edir. Yollar təmir edilir, fərdi yaşayış evlərinin fasadları dəyişdirilir, köhnə binalara yeni görkəm verilir. Quba meydanında yaradılan piyada keçidi bölgədə yeganədir. Kəndlər də inkişafdan kənarda qalmır. İlk növbədə, yollar yenidən salınır, evlər qazlaşdırılır. Rayonun müəssisələrində isə müasir texnologiyalar tətbiq olunur.
Onu da xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Quba şəhəri 2014-cü ilin Gənclər paytaxtı elan edilmişdi. Bu, rayon gənclərinin bir qədər də əl-qolunu açdı. Onlar ictimai işlərdə yaxından iştirak etdilər, məsul vəzifələrə təyin olundular. Onlar həmçinin qədim sənətkarlıq ənənələrini yaşadırlar. Yerli xalçaçılıq, bağçılıq, kulinariya-şirniyyat məktəbi məhz gənclərin hesabına nəsildən-nəslə ötürülərək qorunub saxlanılır. Bir sözlə, Quba Gənclər paytaxtı olaraq öz missiyasını uğurla başa vurdu.
Akif ƏLİYEV,
Azərbaycan.-2015.- 7 yanvar.- S.4.