Ağstafanın yeni il töhfələri
Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il bayramı ərəfəsində Ağstafa rayonunda
bir-birindən maraqlı tədbirlər keçirilir,
görüşlər təşkil olunur, obyektlər istifadəyə
verildi.
Rayonda 34 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Onlardan 29-u kəndlərdə yerləşir. Əvvəllər binaların görkəmi heç də xoşagələn deyildi. Amma indi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə əlaqədar uşaq bağçası-körpələr evlərinin binaları əsaslı təmir olunur, istilik sistemi və müasir avadanlıqlarla təchiz edilir.
Poylu kəndində 1 nömrəli uşaq bağçası-körpələr evi istifadəyə verildi. Ziyalılar, valideynlər, təhsil işçiləri yeni binanın açılışına gəlmişdilər. Kənd ağsaqqalı Valeh Yaqubov təhsilə və gənc nəslin inkişafına göstərdiyi qayğı və köməyə görə kənd sakinləri adından bu işdə əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.
Toplantıda qeyd olundu ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə hər biri 100 yerlik 2 yeni uşaq bağçası üçün müasir görkəmli binalar tikilir, 3 bağça əsaslı təmir olunur. Ümumiyyətlə, rayonda ümumən tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təlim-tərbiyə məsələlərinə xüsusi diqqət yetirilir. Son illər rayon üzrə 11 məktəb binası tikilmiş və yaxud əsaslı surətdə yenidən qurulmuşdur. Bu qayğı və diqqətin nəticəsi olaraq təhsilin keyfiyyəti yüksəlir, ali məktəblərə daxil olanların sayı ilbəil artır. Fərəhli haldır ki, ötən ilin sonunda ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsində rayonun 2 təhsil ocağı qalib gəlmişdir. Onlardan biri Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəbidir. Bu, rayonun ən qocaman təhsil ocaqlarındandır. 1875-ci ildən fəaliyyət göstərir. Birtipli layihə üzrə tikilən binada yerləşir. Məktəbi bitirib ali məktəbə sənəd verənlərin əksəriyyəti tələbə adını qazanır. Yeni il ərəfəsində ən önəmli töhfələrdən biri də budur ki, həmin məktəbin 677 bal toplayan yetirməsi Zaur Ayralov hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxuyur və prezident təqaüdünə layiq görülüb.
Ən yaxşı ümumtəhsil məktəbin adını qazanan digər təhsil ocağı isə Əmirxan Hüseynov adına 1 nömrəli məktəbdir. Ali məktəbin son məzunlarından 70,8 faizi ali təhsil ocaqlarına daxil olmuşdur. Məktəbin 3 məzunu ölkədən kənarda nüfuzlu ali məktəblərdə təhsil alır. Bundan əlavə, bayram ərəfəsində rayonun adlı-sanlı ziyalılarından Ramiz Nəsirov və Yaşar İsgəndərov “Ən yaxşı müəllim” adına layiq görülmüşlər.
Yarış qalibləri ilə keçirilən görüş zamanı təhsil şöbəsinin müdiri Fərhad Vəliyev dedi ki, bütün bu uğurlar hamımızı sevindirir: “Təhsilin keyfiyyətinin yüksəlməsi ilə yanaşı, gənclərin əsl vətənpərvər, işgüzar, yurd qədrini bilən övladlar səviyyəsində tərbiyə edilməsinə çalışırıq. Rayonumuz namərd qonşularla sərhəd bölgəsində yerləşir. İstəyirik ki, gənclərimiz həmişə, hər yerdə təhsil aldıqları məktəbin, doğma kəndin, müstəqil dövlətimizin təəssübünü çəksin, əsl qədirbilən övlad kimi mərd, mübariz böyüsünlər”.
Bu ilin sentyabr ayında Eynallı kəndində 300 yerlik orta məktəb binası istifadəyə verilib. Məktəbin kollektivi kənd bələdiyyəsinin köməyi ilə qədim kəhrizi bərpa etməyi və boş qalan sahədə yaraşıqlı park salmağı qərara almışdı. Yeni il ərəfəsində həmin parkın açılışı oldu və bu önəmli fakt digər təhsil müəssisələri üçün də nümunə kimi tövsiyə edildi.
Son vaxtların ən fərəhli işlərindən biri də budur ki, qəsəbə və kəndlərdəki mədəni-maarif müəssisələrində, sosial obyektlərdə hər bir problemin həll edilməsinə xüsusi diqqət yetirilir. Rayonda 39 yaşayış məntəqəsinin 27-si təbii qazla təmin edilib. Ağstafanın Yeni il töhfələrindən biri də budur ki, bir-birinin ardınca Pirili və Qırılı kəndlərinə təbii qaz verilib. Hazırda Kür çayının sol sahilindəki 11 yaşayış məntəqəsinin təbii qazla təmin edilməsi üçün 53 kilometrlik magistral xəttin çəkilişinə başlanılıb.
“Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezidentin sərəncamına uyğun olaraq, rayonda genişmiqyaslı işlər görülür. Şəhər Musiqi və İncəsənət Mərkəzinin, Mədəniyyət evinin, Dağkəsəmən kənd klubunun, Ağstafa şəhər 5 nömrəli və Dağkəsəmən kənd 1 nömrəli uşaq bağçalarının binaları və başqa sosial obyektlər əsaslı təmir olunur.
Bunların hər biri rayonun həyatında mühüm rol oynayacaq. Təkcə musiqi və incəsənət mərkəzinin binasında bir neçə xor, muğam və zərb alətləri otağı, kompüter mərkəzi, kitabxana, yeməkxana, akt zalı və konsert zalları günün tələbləri səviyyəsində qurulur. Bir sözlə, Ağstafa rayonunun Yeni il töhfələri burada sistemli surətdə gedən abadlıq-quruculuq işlərindən xəbər verir. Hamı əmindir ki, 2015-ci il bütövlükdə Azərbaycan, eləcə də qərb bölgəsinin hər bir guşəsi, o cümlədən gündən-günə abadlaşan Ağstafa rayonu üçün də əlamətdar olacaq.
Əhməd İSAYEV,
Azərbaycan.-2015.- 7 yanvar.- S.4.