Düşünülmüş, sürətli və davamlı inkişafın bəhrələri

 

Azərbaycan dünya dövlətləri sırasında iqtisiadiyyatın kreditləşdirilməsi sahəsində böyük uğur qazanan ölkələrdən sayılır. Dövlət bu sahədə yerli sahibkarları büdcə vəsaitləri hesabına kreditləşdirməklə yanaşı, xarici sərmayənin də cəlb edilməsinə xüsusi diqqət ayırır. Bunun üçün, ilk növbədə, ölkədə münbit investisiya şəraiti yaradılır və xarici sərmayənin cəlb edilməsi üçün vaxtı yetişən qanunlar qəbul olunur. Xarici sərmayədarların da iqtisadiyyatımıza həvəslə investisiya qoymalarına səbəb olan məhz bu amillərdir.

Məlumdur ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə xarici sərmayəyə böyük ehtiyacımız var idi. Bu, ilk növbədə, neft sənayemizin dirçəldilməsi və yeni yataqların kəşf edilməsi üçün son dərəcə vacib idi. Çünki dünya bazarlarına sərbəst neft ixrac etməyə lazım olan nə vəsaitimiz, nə də təcrübəmiz vardı. Buna görə də bizə ilk növbədə xarici şirkətlərin dəstəyi lazım idi.

“Əsrin müqaviləsi”ni bağlamaqla Azərbaycan bu dəstəyi qazandı. Bunun ardınca ölkəmiz dünya bazarına neft idxal etməklə böyük gəlir əldə etməyə başladı. Dövlətin apardığı iqtisadi siyasət sayəsində əldə olunan gəlirlərdən qeyri-neft sektorunun inkişafına sərmayə qoyuldu. Nəticədə qısa zaman kəsiyində yüzlərlə qeyri-neft sektoru müəssisələri yarandı. Hazırda bu istiqamətdə görülən işlər sürətlə davam edir. Bunu ötən ilin yanvar-noyabr aylarını əhatə edən statistik rəqəmlər də təsdiqləyir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkənin iqtisadisosial sahələrin inkişafı üçün ötən ilin 11 ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 14693,1 milyon manat vəsait yönəldilib ki, bunun da 73,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 0,3, tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi isə 11,4 faiz artıb. Həyata keçirilən iqtisadi siyasət nəticəsində 11 ay ərzində məhsul istehsal edən obyektlərin inşasına daha çox sərmayə qoyulub - 9870,9 milyon manat. Xidmət sahələri üzrə isə bu rəqəm 4922,2 milyon manat olub.

Ümumiyyətlə, son 10 il ərzində ölkə iqtisadiyyatına yatırılan sərmayələrin tərkibində daxili investisiyaların həcmi ildən-ilə artır. Bunun nəticəsidir ki, hesabat dövründə daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 70 faizini təşkil edib. Onu da qeyd edək ki, həmin aylar əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 7628,3 milyon, bank kreditləri 494,9 milyon, büdcə vəsaitləri 5717,1 milyon, büdcədənkənar fondların vəsaitləri 304,4 milyon, əhalinin şəxsi vəsaitləri 482,2 milyon, digər vəsaitlər 66,2 milyon manat olub.

Ötən ilin ölkəmizdə “Sənaye ilielan edilməsi ilə əlaqədar yanvar-noyabr aylarında əsas kapitala yönəldilən ümumi vəsaitin 45,2 faizi sənaye sahələrinin inkişafına sərf edildi. Başqa sözlə desək, keçən il iqtisadi inkişafı daha da artırmaq üçün istehsal təyinatlı müəssisələrin fəaliyyətinə xüsusi diqqət yetirilib. Nəticədə ötən il ölkə üzrə 230-dan çox sənaye müəssisəsi açılıb. Hazırda dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, son 10 ildə sənaye malları istehsalı 2,7, tikinti məmulatlarının istehsalı 2,5, elektrik avadanlıqlarının istehsalı 2,1, geyim istehsalı 2,5 dəfə artıb. Sənaye sahələrində çalışanların əməkhaqlarında artım isə 5 dəfə olub.

Azərbaycanda sosial sahədə də böyük layihələr icra olunub. Təkcə ötən ilin 11 ayında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1806,4 min kvadratmetr olan yeni yaşayış evləri, 230 çarpayılıq xəstəxana, növbədə 186 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 25650 şagirdlik ümumtəhsil məktəbləri, 1092 yerlik məktəbəqədər təhsil müəssisələri, 147 yerlik klubs. obyektlər tikilərək istifadəyə verilib.

Regionların inkişafı ilə bağlı həyata keçirilən iqtisadi siyasət də öz bəhrəsini verir. Belə ki, əvvəlki illərdən fərqli olaraq indi iri sənaye, emal, sosial müəssisələrinin çoxu bölgələrdə tikilir. Götürək Taxtakörpü və Şəmkirçay su anbarlarını. Bu iki layihənin icrası minlərlə hektar yeni əkin sahələrini dövriyyəyə daxil etməyə imkan verir. Eyni zamanda istifadə edilən torpaqların su ilə təminatı da yaxşılaşıb. Dəryaçalar bölgə əhalisinin içməli suya olan tələbatının da ödənilməsinə geniş imkan yaradır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyata kapital qoyuluşu, bu məqsədlə həyata keçirilən infrastruktur layihələrindən danışarkən demişdir: “Doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilmişdir və bu proses davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilmişdir. Yüz mindən çox yeni yeri açılmışdır, onların 80 mini daimi yerləridir. Proqramın əvvəlindən, 2014-cü ildən bugünə qədər 1 milyon 300 min yeni yeri açılmışdır. Bu da imkan vermişdir ki, işsizlik kəskin şəkildə aşağı düşsünbu gün 5 faiz səviyyəsindədir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktoru öz rolunu oynayır”.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2015.- 8 yanvar.- S.1.