“Foreign Affairs” jurnalı: “Azərbaycan
2020-ci ildə:
Davamlılığa çevrilən
güc”
ABŞ-ın məşhur
“Foreign Affairs” jurnalının yanvar-fevral buraxılışı
Azərbaycana həsr olunub.
AzərTAc xəbər verir
ki, jurnalın xüsusi buraxılışı
“Azərbaycan 2020-ci ildə:
Davamlılığa çevrilən
güc” adlanır.
Jurnalda Azərbaycanın siyasi-iqtisadi
inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin
təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən
irimiqyaslı layihələr,
nəqliyyat infrastrukturu,
informasiya-kommunikasiya texnologiyaları
və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən
işlər, turizm potensialı, ictimai xidmətlər sahəsində
tətbiq olunan innovasiyalar və “ASAN xidmət”, Bakıda keçiriləcək birinci
Avropa Oyunları haqqında ətraflı məlumat verilir.
Qeyd edilir ki, son 10 ildə Azərbaycan iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir. İqtisadi şaxələndirmə
proqramı və gələcəyə aydın
baxış Azərbaycanı
qlobal oyunçuya çevirir, ölkədə
investisiya yatırımı
üçün əlavə
imkanlar yaradır.
Müstəqilliyinin ilk illərində Azərbaycanın
üzləşdiyi ağır
vəziyyətdən bəhs
edən jurnal yazır ki, ölkə iqtisadiyyatının
dirçəlişi Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin əsasını
qoyduğu neft strategiyasının işə
düşməsi və
enerji sektorunun beynəlxalq investisiyalar üçün açıq
elan edilməsindən
sonra mümkün oldu. 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ilə bu sektorda xarici
investisiya qoyuluşu üçün imkan yarandı. Geniş həcmli hasilat
və çoxsaylı
boru kəmərləri
Azərbaycanı dünyanın
ən böyük neft-qaz ixracatçısına
çevirdi.
Ölkəmizdə qeyri-neft sektorunun
inkişafından da söhbət açılan
xüsusi buraxılışda
Prezident İlham Əliyevin aşağıdakı
fikirləri yer alıb: “Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə
olunmuş gəlirlərin
bir qismi məqsədyönlü şəkildə
və xüsusi proqramlar çərçivəsində
qeyri-neft sektorunun inkişafına, yüksək
texnologiyalı yerli sənaye müəssisələrinin
yaradılmasına və
milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun
nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur”.
Jurnalda
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyası haqqında
da məlumat verilir. Qeyd edilir ki, ölkənin inkişaf konsepsiyasının əsasını
iqtisadi şaxələndirmə
təşkil edir.
Konsepsiyada Azərbaycanda qeyri-neft
sektorunun inkişafına,
biliklərə əsaslanan
iqtisadiyyatın yaradılmasına
xüsusi diqqət yetirilir.
Xüsusi
buraxılışda bu
il Azərbaycanın
ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi
diqqətə çatdırılır.
Vurğulanır ki, Avropa üçün yeni formatlı bu multiidman yarışlarına
hazırlıqlar yüksək
səviyyədə gedir.
Bu yarışlar Azərbaycanı bütün
dünyaya daha yaxından tanıtmaqla yanaşı, “Bakı
2015”i gələcək Avropa
Oyunları üçün
standarta çevirəcək.
Jurnal Avropa Oyunlarının Təşkilat Komitəsinə
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik
etdiyini diqqətə çatdırır. Həmçinin
Azərbaycanın əvvəllər
də bir çox mədəniyyət
və idman tədbirlərinə uğurla
ev sahibliyi
etdiyi, ölkəmizdə
2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunlarının,
2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin
4 oyununun keçiriləcəyi
barədə məlumat
verilir.
Jurnalda Azərbaycanda
idmanın inkişafına
xüsusi diqqət yetirildiyi, təkcə paytaxt Bakıda deyil, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı bildirilir. Qeyd edilir
ki, görülən bütün bu işlər Azərbaycan idmançıları üçün
əlverişli imkanlar
yaratmaqla yanaşı,
ölkənin beynəlxalq
aləmdə idman dövləti kimi nüfuzunun artmasına töhfə verir.
Oxucuların diqqətinə çatdırılır
ki, Azərbaycanın dinamik iqtisadi inkişafı, siyasi sabitliyi, dialoq və əməkdaşlığa
sadiqliyi bu ölkənin beynəlxalq
mövqelərini daha da gücləndirir. Azərbaycan iqtisadiyyatı
Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini
təşkil edir.
Azərbaycan həm də dünyada etibarlı və sadiq tərəfdaş kimi tanınır, ikitərəfli əlaqələrini
genişləndirir, BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq
Təşkilatı kimi
beynəlxalq qurumlarda fəal iştirak edir. 2011-ci ildə
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçilməsi
ölkənin beynəlxalq
miqyasda qazandığı
etibarı bir daha nümayiş etdirdi.
Qeyd edilir ki, əsas tərəfdaşlarla
əlaqələrini möhkəmləndirən
Azərbaycan Cənub-Şərqi
Asiya, Latın Amerikası və Afrika ölkələri ilə də yaxın əməkdaşlıq
qurur. Azərbaycanın Xarici İşlər
Nazirliyi nəzdində
fəaliyyət göstərən
Beynəlxalq İnkişafa
Yardım Agentliyi həmin ölkələrdə
humanitar layihələr
həyata keçirir.
Nəşrdə bildirilir ki, Azərbaycanın iqtisadi uğurlarının digər səbəbi investorları ölkəyə dəvət edən açıq qapı siyasətidir. Azərbaycanda biznes mexanizmləri sadələşdirilib, sərmayəçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan birbaşa xarici investisiya üçün əlverişli ölkədir. Azərbaycanda digər sahələrdə, xüsusilə kənd təsərrüfatı, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, logistika, nəqliyyat, turizm sahələrində də əlverişli imkanlar mövcuddur. Həyata keçirilən islahatlar bu ölkənin cəlbediciliyini daha da artırır. Azərbaycanın əlverişli coğrafi mövqeyi onu qitələrarası ticarət və nəqliyyat üçün ideal tranzit marşrutuna çevirib. Ölkə nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyalar yatırır.
Jurnalda Azərbaycanda enerji sektoru ilə yanaşı, alternativ enerji sahəsinin də inkişaf etdiyi diqqətə çatdırılır. Bildirilir ki, ölkənin əlverişli coğrafi mövqeyi burada günəş, külək, geometral enerji də daxil olmaqla alternativ enerji mənbələrinin inkişafı üçün gözəl imkanlar yaradır.
Azərbaycanda ictimai xidmətlərin modernləşdirilməsi istiqamətində geniş islahatlar aparıldığını qeyd edən jurnal “ASAN xidmət”i xüsusi vurğulayır. Bildirilir ki, Prezident İlham Əliyevin modernləşmə təşəbbüsü çərçivəsində 2012-ci ildə yaradılan “ASAN xidmət” effektivliyin və şəffaflığın, o cümlədən vətəndaşların dövlət qurumlarına inamının artmasında, korrupsiyaya qarşı mübarizədə böyük rol oynayır. “Elektron hökumət”in inkişafına kömək edən “ASAN xidmət”ə gün ərzində 2500-dən çox vətəndaş müraciət edir.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsində informasiya-kommunikasiya texnologiyalarının da böyük rolu var. İKT ölkədə digər sənaye sahələrinin inkişafına töhfə verir. Xüsusi buraxılışda Azərbaycanda İKT-nin sürətli inkişafı və enerjidən sonra ən çox investisiya yatırılan sektor olduğu əksini tapır. Jurnal yazır: Azərbaycan mühüm texnoloji yeniliklərə də imza atıb, 2013-cü ildə ilk telekommunikasiya peykini orbitə buraxıb. Azərbaycan həm də MDB məkanında stasionar telefon sistemini rəqəmsallaşdıran ilk ölkədir.
“Foreign
Affairs” qeyd edir ki, Azərbaycanın qədim tarixə və zəngin
mədəni irsə, nadir təbiətə malik olması, 11
iqlim qurşağından 9-nun burada yerləşməsi onu
turizm üçün ideal məkana çevirir. Azərbaycanda
müasir turizm infrastrukturu yaradılıb və turistlərin
sayı ildən-ilə artır. Bakıda “Four Seasons”, “Marriott”, “Kempinski”, “Hilton”, “Fairmont” “Jumeirah”
kimi brend otellər fəaliyyət göstərir. Turizm sahəsinə qoyulan
investisiyalar Azərbaycanda
bu sahənin parlaq gələcəyindən
xəbər verir.
Bu il keçiriləcək
birinci Avropa Oyunları da ölkəyə turist axınının sürətlənməsində
önəmli rol oynayacaq.
Azərbaycan.-2015.- 8 yanvar.- S.5.