“Baku Guide”
bələdçi kataloqunun yeni ildə ilk nömrəsi
çapdan çıxıb
“Avropada
belə bir möhtəşəm idman tədbirinin Bakıda təşkili
böyük maraq doğurur. “Eurovision 2012” musiqi
yarışmasından sonra Azərbaycanı müsbət tərəfdən
tanıyanların sayı çoxdur. Avropa Oyunlarında 49
ölkədən 6 mindən çox idmançının
yarışacağı gözlənilir. Oyunları
işıqlandıracaq geniş medianı da nəzərə
alsaq, bu, Azərbaycanın təbliği üçün
olduqca böyük imkandır”.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu sözlər “Bakı Avropa Oyunları - 2015” Təşkilat Komitəsinin kommunikasiya direktoru Vilyam Luis Marinin “Baku Guide” bələdçi kataloqunun yanvar nömrəsində dərc olunan eksklüziv müsahibəsindən götürülüb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun yeni ildə ilk sayı da paytaxtımızın qonaqları və aktiv istirahət həvəskarı olan şəhər sakinləri üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılar, təqdimat xarakterli materiallarla zəngindir.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə paytaxtımızın mədəni və işgüzar həyatı, yanvar ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb.
“Azərbaycanda qış turizmi”
rubrikası mövsümün ən
yaxşı çağında xizək sürmək, istirahətini
mənalı keçirmək istəyənlər üçün bələdçi rolunu oynayacaq. “Azərbaycan
mətbəxi” rubrikasında isə oxucular
daha bir ləzzətli
milli yeməyimizin - yarpaq
xəngəlinin hazırlanma qaydası ilə tanış
olacaqlar.
Turistlər
üçün informasiya bölməsində onları
maraqlandıra biləcək suallar ətraflı
cavablandırılır. Kataloqda həmçinin
şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları,
turizm agentləri, aviakassalar,
avtomobil kirayəsi və s.
barədə məlumatlar yer alıb.
Azərbaycan.-2015.- 8 yanvar.- S.5.