Ümidsizlik və səfalət məkanı
Ermənistan 2014-cü ili sosial-iqtisadi tənəzzülün, siyasi xaosun daha da dərinləşməsi və müstəqilliyini tam itirməklə başa vurdu
Ötən il ərzində Ermənistanda sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin təhlili bu ölkənin daha böyük problemlər məngənəsinə yuvarlandığını göstərir. Daxili və xarici sferada yaşanan uğursuzluqların da miqyasının davamlı olaraq genişlənməsi özünü qabarıq formada nümayiş etdirir. Hadisələrin inkişaf axarı Ermənistanı bu gedişlə daha böyük çətinliklərin gözlədiyini, ölkənin durumunun bu il daha bərbad halda olacağını deməyə əsas verir. Çünki bunun üçün Ermənistanda bütün zəmin formalaşıb və ölkə hərtərəfli tənəzzül içindədir.
Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistana yeni problemlər gətirir
Yeri gəlmişkən qeyd edək ki, bu il Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olur. Ancaq bunun ölkədəki vəziyyəti daha da pisləşdirəcəyi vurğulanır. ABŞ-ın “The Los Angeles Times” qəzeti də yazır ki, sözügedən ittifaqa üzvlük Ermənistan üçün yaxşı perspektivdən daha çox iqtisadi problem gətirəcək: “Keçmiş sovet blokunun ən kasıb ölkəsi olan Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü inkişaf üçün perspektivdən daha çox ona iqtisadi problemlər gətirəcək. Azərbaycanla hərbi münaqişəsi olan Ermənistanda adambaşına düşən ümumi daxili məhsul cəmi 6,3 dollardır və bu, çox aşağı göstəricidir”.
Beynəlxalq münasibətlər üzrə erməni ekspert Armen Xarazyan isə qeyd edir ki, Avrasiya İqtisadi İttifaqına üzv olmaqla özünə yeni böyük problemlər yaradıb və burada əsas günahkar hakimiyyətdir: “Təəssüf ki, Ermənistan bu hakimiyyətin zülmü altında qalmağa məhkum edilib və bu hakimiyyət qaldıqca da ictimai mürgü davam edəcək. Hakimiyyətin Avrasiya İttifaqına üzvlük qərarından çəkilməsi üçün yaxşı təşkil edilmiş xalq hərəkatına ehtiyac var. Bizim düşüncəmizdə və dünya görüşümüzdə inqilab lazımdır. Lazımdır ki, hər kəs daxilən və zahirən Ermənistanın yenidən sovetləşdirilməsini rədd etsin. İqtisadi planda Ermənistan ən mürəkkəb problemlər qarşısındadır. Ölkənin bütün iqtisadiyyatı və infrastrukturu ruslara verilib. Onların qaytarılması isə çox çətin olacaq. Vermək asandır, qaytarmaq isə mümkün deyil. Ancaq çıxış yolu da mövcuddur: Beynəlxalq partnyorlarla əməkdaşlıq etməklə və yeni texnologiyalar almaqla yeni iqtisadi infrastruktur yaratmaq olar”.
Lakin bildirilir ki, Serj Sarkisyan iqtidarı bunda maraqlı deyil və bu səbəbdən Ermənistanda böyük problemlər yaşanmaqda davam edir.
Ümumiyyətlə, iqtisadi vəziyyət Ermənistanda getdikcə daha böyük sürətlə pisləşməkdədir və bu, insanların sosial durumunun daha da ağırlaşması ilə xarakterizə olunur. Ermənistanın Milli Statistika Xidmətinin təmsilçisi Diana Martirosova da etiraf edir ki, ölkə əhalisinin az qala yarısı kasıblıq həddində yaşayır. Müvafiq araşdırmanın nəticələrinə görə, istehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə kasıblıq 27,6 faiz olsa da, 2013-cü ildə 33 faizə qədər yüksəlib. Ötən il üçün bu rəqəm 40 faizi keçib. Tanınmış araşdırma mərkəzlərindən olan “Legatum Institute”un 2014-cü ilin sonlarında hazırladığı “Prosperity Index” məruzəsinə görə, firavan ölkələr arasında Ermənistan 95-ci yerdədir. Qeyd edək ki, bu reytinqə görə Ermənistan MDB-də sonuncu yerdə qərarlaşıb.
Ekspertlərin bildirdikləri kimi, Ermənistandakı acınacaqlı sosial-demoqrafik vəziyyət bir tərəfdən ölkə rəhbərliyinin həyata keçirdiyi yanlış siyasətlə, digər tərəfdən isə onsuz da potensialı zəif olan iqtisadiyyatın ildən-ilə çökməsi ilə bağlıdır.
Əhalinin 40 faizi Ermənistanı birdəfəlik tərk etməyə hazırlaşır
Sabiq baş nazir Qrant Baqratyan bildirir ki, son 5 ildə Ermənistanın iqtisadiyyatında ancaq tənəzzül müşahidə edilməkdədir. Bunun nəticəsidir ki, son illər ərzində ölkədə ümumi daxili məhsul istehsalında azalma 15 faizi keçib. İqtisadiyyata kapital qoyuluşunun azalması, xarici borcların artması, işsizlik, inhisarçılıq kimi problemlər vəziyyəti daha da ağırlaşdırır. Müxtəlif beynəlxalq maliyyə qurumlarının hesabatlarında bildirilir ki, MDB məkanında Ermənistan iqtisadiyyatı inhisara alınmasına görə ilk yerdə dayanır. Bütün bunların fonunda ölkəni tərk etmək istəyənlərin sayı durmadan artır.
Sabiq prezident Robert Koçaryan da etiraf edir ki, apatiya, çıxılmaz vəziyyətə düşməyin yaratdığı pis duyğular, ölkənin perspektivinə inanmamağa şərait yaradır. Bu da insanların davranışına və əhval-ruhiyyəsinə pis təsir edir. Təəccüblü görünsə də, eks-prezident açıq etiraf edir ki, əhalinin, demək olar, yarısı əlinə düşən ilk fürsətdə ölkəni tərk etməyə hazırdır: “Əhalinin 40 faizi imkan yaranan kimi ölkəni birdəfəlik tərk etmək haqqında düşünür. Harasa köçüb getməyə can atan adam qaçmaq istədiyi ölkədə, şəhərdə heç vaxt hansısa daşınmaz əmlak almır. Heç kim bu ölkədə yeni şirkət yaratmaq, biznes qurmaq istəyində deyil. Ermənistan sürətlə dağılır. Həm intellektual, həm də mənəvi baxımdan ölkə deqradasiyaya uğrayıb. Abadlıq-quruculuq işlərinin, tikintinin həcminin sürətlə azalmasının əsas səbəbi də budur. Çox ağrılı mənzərədir. Amma təəssüf ki, “xüsusi istedadlı insanlar” bunu görə bilmirlər. Özü də bu vəziyyətin yaranmasında köhnə hakimiyyət günahkar deyil. Ona görə də burada məsuliyyətdən yayınmaq mümkün deyil. Əgər ölkənin baş naziri bunu dərk etmirsə, deməli o, intellekt baxımından məhv olub”.
Real vəziyyətdə Rusiyadakı böhran fonunda rublun dəyərdən düşməsi, erməni mühacirlərin pul transfertlərini azaltması vəziyyəti daha da acınacaqlı edir.
Xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaq haqqında müqaviləni imzaladıqdan sonra milli tədavül vasitəsi olan dram qiymətini itirib. Son bir ayda Ermənistan dramının dəyəri 20 faizə yaxın enib. 2015-ci il büdcəsində 1 dollar 411 drama bərabər götürülsə də, artıq 1 dollar indidən 560 drama çatıb. Bu hal inflyasiyanı daha da sürətləndirir.
Ölüm doğumu üstələyir
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Faktdır ki, bu gün Ermənistanda müşahidə edilən problemlərin əsas səbəblərindən biri onun işğalçılıq siyasətidir. Azərbaycan torpaqlarını işğal etməsi onun regional layihələrdə iştirakına imkan vermir. Bu da Ermənistanın xarici bazara çıxışını məhdudlaşdırır. İşğalçılıq siyasətindən əl çəkməsi Ermənistan iqtisadiyyatının inkişafına müsbət təsir göstərə bilər. Ermənistan büdcəsi əsasən Rusiyadan gələn transfertlərin hesabına formalaşır. Büdcənin formalaşmasında iştirak edən və kənardan gələn ən vacib vəsait Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun ayırdığı kreditlərdir. Lakin onların da həcmi azalır. Xaricdən edilən yardımlar isə Ermənistan iqtisadiyyatı üçün uzunmüddətli dayanıqlıq təmin edə bilmək gücündə deyil. Çünki belə yardımlar daha çox humanitar sektora yönəldilir və bunun da real sektora müsbət təsirləri olmur.
Qeyd edildiyi kimi, Ermənistan iqtisadiyyatının ən ciddi problemlərindən biri xarici borcların yüksək olmasıdır. Bu borcu qaytarmaq üçün maliyyə vəsaiti çatışmır. Ermənistan dövlət büdcəsinin gəlirlərinin az olması ölkənin regional büdcədə payının aşağı olmasına gətirib çıxarır. Ermənistan praktiki olaraq gəlirlərindən daha çox xərcləyir. Bu da büdcədə böyük defisitin yaranmasına səbəb olur.
Ağır iqtisadi vəziyyət demoqrafiyaya da təsir edir. Bunun nəticəsində son 20 il ərzində Ermənistanda doğum səviyyəsi də 2 dəfə aşağı düşüb. Yoxsulluq və səfalətdə yaşayan erməni ailələri uşaq sahibi olmaq istəmirlər. “Nyus Armenian” saytı bununla bağlı apardığı araşdırmada maraqlı nəticələr üzə çıxarıb. Qeyd olunur ki, artıq Ermənistanda produktiv 1 anaya düşən uşaq sayı 1,3-dən aşağı enib. Bu isə bir millətin nəslinin kəsilməsi üçün ən real təhlükədir. Ümumiyyətlə isə, burada ölüm doğumu üstələyir
Erməni demoqrafı Ruben Yeqanyan da təsdiq edir ki, son 20 ildə ölkədə doğumun səviyyəsi 2 dəfə aşağı düşüb. Qeyd edir ki, indiki ailələrin yalnız yarısı nəsil artırmağa meyillidir. Ruben Yeqanyan bunu erməni gənclərinin sabit maaşlı işlərinin olmaması ilə əlaqələndirir. Bu hal orduya da təsirsiz ötüşmür.
Ümumiyyətlə, acınacaqlı vəziyyətin hökm sürdüyü sahələrdən biri də Ermənistan ordusudur. Sabiq hərbçi Arman Poqosyan bildirir ki, Ermənistan ordusunda kriminal aləmin qanunları hökm sürür: “Orduda kriminalın “yazılmamış qanunları” var və bu qanunları pozanları sərt cəza gözləyir. Əsas münaqişələr isə zabitlər və əsgərlər arasında baş verir. Əksər hallarda zabitlərin davranışı və reaksiyası əsgərin törətdiyi əmələ adekvat olmur. Əsgərlər arasında da qanlı haqq-hesablar baş verir. Bütün bunların kökündə isə bitib tükənməyən korrupsiya və rüşvətxorluq halları, anarxiya dayanır”.
İşğalçı orduda fərarilik, korrupsiya, zorakılıq və aclıq daha da artıb
Real vəziyyət göstərir ki, Ermənistan ordusunda gün-gündən kəskinləşən nizamnamədən kənar zabit-əsgər münasibətləri, intizamsızlıq, zorakılıq, mənəvi-psixoloji təzyiq və dözülməz “dedovşina” halları pik həddinə çatıb. Hazırda hərbi hospitallarda müalicə alan və ya cinayət məsuliyyətinə cəlb olunanların əksəriyyəti xidmət zamanı psixi sarsıntılar keçirən əsgərlərdir. Hökumətə qarşı etiraz edən əsgər valideynləri bildirir ki, hazırda cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilən övladlarının cinayət hadisəsi törətməsində ölkə və ordu rəhbərliyi günahkardır. Valideynlərin fikrincə, bununla Ermənistan prezidenti və müdafiə naziri faktiki olaraq erməni xalqının genefondunu qəsdən məhv edir. Nizamnamədən kənar zabit-əsgər münasibətləri, intizamsızlıq, zorakılıq, mənəvi-psixoloji təzyiq Ermənistan ordusuna xas xüsusiyyətlərdir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, zorlama, döyülmə, rüşvətalma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı yenə artan xətt üzrə inkişaf edib. Bütün bunlar həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Özü də bu itkilərin əksəriyyəti qeyri-döyüş şəraitində baş verir.
Orduda xəstəlik və səfalətin
durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları
müalicə etmək üçün nə maddi vəsait, nə
də yer çatışır. Bu isə xəstəlikdən
ölən erməni əsgərlərinin sayının
durmadan artmasına səbəb olur. Qarşıdakı
dövr ərzində Ermənistan ordusunda vəziyyətin daha
da pisləşəcəyi gözlənilir. Çünki
ordunun maddi təminatı üçün Ermənistan hakimiyyətinin
bütün resursları tükənmiş durumdadır. Belə
vəziyyətdə orduda fərarilik hallarının
miqyasının daha da genişlənəcəyi gözlənilir.
Orduda yaranan acınacaqlı vəziyyətdən
qorxuya düşən valideynlər indi müxtəlif
üsullarla övladlarını hərbi xidmətdən
yayındırmağa çalışırlar. Ən
geniş yayılmış üsul isə erməni gənclərinin
hərbi çağırış yaşına
çatmağa az qalmış xarici ölkələrdən
birinə, əsasən də Rusiyaya göndərilməsidir.
Bu da Ermənistan
ordusunun insan resursu baxımından ciddi problemlər
yaşamasına təkan verib. Hesab edilir ki,
bütün baş verənlərin əsas günahkarı
ölkəni daha böyük səfalətə düçar
edən indiki hakimiyyətdir.
Maraqlıdır ki, əsgər valideynləri dekabrın
25-də Ermənistan prezidentinə qarşı daha maraqlı
bir formada etiraz nümayiş etdiriblər. Belə ki,
Serj Sarkisyan iqamətgahında Yeni illə bağlı
uşaqları qəbul edib. Bu zaman yenə
də əsgər anaları iqamətgah qarşısında
etiraz ediblər. Darvaza qarşısında
uşaqlarını gözləyən valideynlərlə
aksiya iştirakçıları arasında mübahisə
baş verib. Valideynlərdən biri bunun
şənlikdən çıxan uşaqların
qorxacaqlarını bəhanə edərək, əsgər
anasına ölən övladının şəklini gizlətməsini
tələb edib. Əsgər anası isə belə
cavab verib: “O uşaqlar Serj canavarından qorxmurlarsa, heç nədən
qorxmazlar. Uşaqları isə pozğunluq və
qəmdən qorumaq mümkün deyil. Belə
ki, onlar Ermənistanda yaşayır. Acdırlar və
üşüyürlər, Yeni il konfeti
ümidi ilə bura gəliblər. Başa
düşə bilmirəm ki, siz niyə
uşağınızı prezidentlə yolka şənliyinə
gətirmisiz”.
Qeyd edək ki, aksiya zamanı anaların əllərində
fotolar olub və onlar Ermənistan ordusunda ağır şəraitdə
ölən əsgərlərdir. Aksiya
iştirakçıları övladlarının
ölümünün araşdırılmasını tələb
edirlər. Ermənistanda valideynlər
övladlarını Qarabağa göndərməkdən boyun
qaçırırlar. Ermənilər
artıq özlərinə aid olmayan müharibədə
övladlarını itirmək istəmirlər. Buna görə də hakimiyyətə etiraz edirlər.
Müxalifət
hakimiyyəti vaxtından əvvəl istefaya göndərmək
niyyətindədir
Ölkədaxili siyasi vəziyyət də gərgindir. Ermənistan
Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyanla
“Çiçəklənən Ermənistan”
partiyasının lideri, oliqarx Haqik Çarukyanın birləşməsi
hakimiyyətin vəziyyətini daha da
ağırlaşdırıb. Levon
Ter-Petrosyan bildirib ki, hətta həyatı bahasına olsa da,
Sarkisyanın hakimiyyətinin uzanmasına imkan verməyəcək.
Serj Sarkisyan isə bu ilin əvvəlində
gözlənilmədən konstitusiya islahatları paketini
müzakirəyə təqdim edib. Həmin
paketə əsasən, Ermənistan parlament-prezident
üsul-idarəçiliyinə keçəcək və
prezidentin səlahiyyətləri kəskin azaldılaraq baş
nazirə veriləcək. Sarkisyanın
islahatlar paketi baş tutsa, prezident postunu simvolik səlahiyyətlərlə
müdafiə naziri Seyran Ohanyan tutacaq. Sarkisyan
isə geniş səlahiyyətlərə malik baş nazir
kimi Ermənistanı idarə edəcək. Məhz
Sarkisyanın bu planlarına imkan verməmək
üçün Ermənistanın əsas müxalif qüvvələri,
o cümlədən “İrs” partiyası, “Daşnaksütyun”,
Ermənistan Milli Konqresi və Robert Koçaryanın adamı
sayılan Haqik Çarukyanın “Çiçəklənən
Ermənistan” partiyası birləşərək “Dördlər
ittifaqı”nı yaradıblar.
Levon Ter-Tetrosyan bildirib ki, Ermənistan müxalifətinin
hərəkatı artıq ümumxalq hərəkatına
keçib. O,
mövcud hakimiyyətin qeyri-legitim olmasının xalqı daha
da qəzəbləndirdiyini vurğulayır: “Sarkisyan nə
2008-ci, nə də 2013-cü ildə seçildi. O, prezident
kreslosunu saxtakarlıqla, zorakılıqla, siyasi təqiblərlə
və on vətəndaşın həyatı bahasına tutdu.
Ermənistan parlamentinin indiki tərkibi kütləvi
pozuntularla formalaşdırılıb. Hakimiyyəti
idarə edən quldur partiya parlamentin əksəriyyətini
formalaşdırıb. Beləliklə,
ordudan başqa heç bir qurum, o cümlədən ölkənin
mövcud prezidenti və parlamenti legitim deyil”.
Ter-Petrosyan həmçinin qeyd edib ki, hakimiyyət müxalifətin
amansız etirazına məruz qalacaq. Sabiq prezident ümumi emiqrasiyanın
da məhz bu iqtidara görə formalaşdığını
bildirir: “Dəhşətli emiqrasiyanı Qarabağ
münaqişəsi ilə örtmək, əsl səbəblərini
gizlətmək istəyirlər. Hətta Ermənistandan
orta əsrlərdə sülh vaxtında kütləvi
emiqrasiya yox idi. Deməli, heç bir
başqa səbəb axtarmaq lazım deyil, əhalinin
amansız soyğunundan başqa”.
Ermənistanın
Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsinə
toxunan Ter-Petrosyan qeyd edib ki, ölkənin bu quruma
qoşulması ilə bağlı ümummilli yas tutmaq
artıq mənasızdır: “Biz qollarımızı
çırmalayıb bu sistemdən faydalanmağa, ölkəmizi
inkişaf etdirməyə çalışmalıyıq. Ermənistanın Avrasiya İqtisadi İttifaqına
qoşulacağı təqdirdə suverenliyini itirəcəyi
barədə söhbətlər var. Ölkə Avrasiya
İqtisadi İttifaqına yox, Avropa İttifaqı ilə
assosiasiya sazişinə qoşulsaydı, onsuz da suverenliyinin
hansısa hissəsini itirmiş olacaqdı”.
Siyasi
texnoloq Armen Badalyan da qeyd edir ki, ölkə müstəqillyini
itirib və bu səbəbdən Ermənistanda prezident
seçilmir, sadəcə, Kreml tərəfindən təyin
olunur: “Ermənistanda hakimiyyət dəyişikliyi
üçün üç şey tələb olunur:
Rusiyanın və ya Qərbin dəstəyi, maliyyə və
aktiv cəmiyyət. Bizim müxalifətdəki
siyasi qüvvələr Moskvanın dəstəyini
almırlar. Tutaq ki, “Çiçəklənən
Ermənistan” maliyyə məsələsini bir təhər həll
etdi, axı bizdə aktiv cəmiyyət yoxdur. Ermənistan əhalisinin 95 faizi biokütləyə
çevrilib və ən yaxşı halda pul müqabilində
səsini satacaq”.
Buna rəğmən,
sabiq prezident Ter-Petrosyan strategiya məsələsində birliyə
nail olunduğunu bildirib: “Biz əzmlə sonadək getmək
niyyətindəyik”. Keçmiş xarici işlər naziri
Vardan Oskanyan da bildirir ki, indiki hakimiyyət mütləq dəyişməlidir:
“Biz məcburiyyət qarşısındayıq, çünki
heç bir alternativ yoxdur. Əgər belə
davam edərsə, ölkənin suverenliyi təhlükə
altına düşəcək. Hazırkı
Ermənistan hakimiyyəti ölkədəki ağır vəziyyətə
məhəl qoymur. Özlərini elə
aparırlar ki, guya hər şey normaldır. İqtidar siyasətində nəyisə dəyişməyə
hazır deyil, ən əsası isə konstitusiya fırıldağına
yol verməklə hakimiyyətini uzatmağa
çalışır”. Onun sözlərinə görə,
Ermənistanın hazırkı hakimiyyəti hər hansı dəyişiklik
etmək iqtidarında deyil: “Çünki bu illər ərzində
yürütdükləri iqtisadi siyasət elə bir sistem
formalaşdırıb ki, nəyisə dəyişmələri
mümkün deyil. Bu gün bu sistemi yalnız
hakimiyyəti dəyişmək yolu ilə dağıtmaq
olar”.
Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan isə bildirir ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi prosesinə dair qərar verib: “Biz bu prosesi uzatmaq niyyətində deyilik, heç kim lənglik nümayiş etdirməyəcək”. O qeyd edir ki, Ermənistan xalqının səbri tükənib və Serj Sarkisyanın bundan sonra hakimiyyətdə qalması ölkə üçün faciəli nəticələrlə sonuclana bilər.
“Çiçəklənən Ermənistan” partiyasının lideri Haqik Çarukyan da etiraf edir ki, vəziyyət ağırdır: “Ölkə və xalq acınacaqlı vəziyyətdədir, hakimiyyətin yürütdüyü siyasət nəticəsində əhalinin ölkəni tərk etməsi getdikcə artır. Xarici siyasətdə də uçurumlar müşahidə olunur. Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili isitmək imkanı belə yoxdur və biz vəziyyəti dəyişməliyik”.
Bütün bunlar Ermənistanda artıq hakimiyyətin əleyhinə yönələn gərgin bir vəziyyət formalaşdığını üzə çıxarır. Belə bir vəziyyətdə Sarkisyan iqtidarının devrilməsi də tamamilə mümkün sayılır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2015.- 8 yanvar.- S.6.