“Azərbaycan qadını”
jurnalının xüsusi layihəsi ilə
“Qadın. Zaman. Məkan”
adlı fərdi sərgi açılıb
Yanvarın
7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda istedadlı rəssam Rəşad
Nuriyevin “Qadın. Zaman. Məkan” adlı fərdi sərgisi
açılıb. Sərgi Fatma Abdullazadənin baş
redaktorluğu ilə nəşr olunan “Azərbaycan
qadını” jurnalının xüsusi layihəsi əsasında
reallaşdırılır.
AzərTAc
xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar
İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov
Rəşad Nuriyevin özünəməxsus
yaradıcılıq üslubundan söz açıb.
Bildirilib
ki, R.Nuriyevin yaradıcılığı kifayət qədər
əhatəli və rəngarəngdir. Onun tabloları daim
göz oxşayır. Burada rənglərin ahəngdarlığı
xüsusən diqqəti cəlb edir. Abşeron torpağına
və eləcə də rəssamın özünün təbiətinə
xas işıq və nur bu əsərlərdə kifayət qədərdir.
Rəssamın yaradıcılığının baş qəhrəmanı
qadındır. Bu qadınlar bir tərəfdən çox
cazibədardırlar, digər tərəfdən isə
qeyri-adi olub real həyatdan çox uzaqdırlar. Bu
qadınların hər biri nələrisə anladan
simvollardır. Bununla belə, həmin simvollar, eyni zamanda
gerçək həyatın izlərini daşıyır.
Fərhad
Xəlilov daim yaradıcılıq axtarışında olan rəssama
gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Tədbirdə
çıxış edən xalq rəssamları Tofiq
Ağababayev və Səlhab Məmmədov istedadlı rəssamın
yaradıcılığı barədə fikirlərini
bölüşüblər.
Vurğulanıb
ki, qədim etiqadlara uyğun olaraq rəssam hər bir
qadının mayasının torpaqdan, havadan, sudan və oddan
yoğurulduğuna inanır. Odur ki, çəkdiyi rəsmlərdəki
qadınların da hər birini təbiət aləminin həmin
dörd elementi ilə simvolik bağlılıqda əks
etdirir. Onun tablolarına baxanda bir daha anlayırsan ki,
qadının varlığını, mahiyyətindəki sirri
təşkil edən bu dörd ünsürdən başqa həmişə
gizli qalan hansısa beşinci element də var.
Azərbaycanın
istedadlı gənclərinin əsərlərinin
dünyanın müxtəlif ölkələrində
keçirilən sərgilərdə nümayiş
olunduğunu diqqətə çatdıran natiqlər bu sahədə
gənc rəssam Məryəm Ələkbərlinin fəaliyyətini
yüksək qiymətləndiriblər.
Rəşad
Nuriyev sərginin təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib.
Sonra
tədbir iştirakçıları sərgi ilə
yaxından tanış olublar.
Təqdim
olunan əsərlərdə rəssam qədim dövrlərdən
bəri yaşamaqda olan qadın obrazlarına yeni həyat verib
canlandıraraq, onları yenidən bizə qaytarır. Vaxtilə
qadınların gündəlik həyatlarında mühüm
yer tutmuş çətirlər, şlyapalar, fal kartları isə
bu obrazları daha dolğun və cazibədar edir. Qadın
özü də bir sirr dağarcığı olaraq burada
dünyanın və şübhəsiz, ilk növbədə,
taleyinin sirrini və mahiyyəti dərk etməyə can
atmaqdadır. Bu qadın obrazları konkret bir məkanda təsvir
edilsələr də, əslində onlar məkanın
hüdudlarını aşıb zamanın fövqünə
yüksəlməyə qadirdirlər.
Yanvarın
17-dək davam edəcək sərgi böyük maraqla
qarşılanıb.
Azərbaycan.-2015.- 8 yanvar.- S.7.