Azərbaycan 2015-ci ilə böyük
uğurlar və dinamik
inkişafla qədəm qoydu
Tarixə çevrilən 2014-cü il dünyanın hər bir ölkəsi üçün ayrıca təəssüratlarla yadda qaldı. Bəzisi davam edən iqtisadi tənəzzüldən xilas ola bilmədi, bəzisi yeni maliyyə böhranı ilə üzləşdi, bəzisi siyasi, daxili çəkişmələrdən və müharibələrdən əziyyət çəkdi. Ermənistan kimi yedəkdə sürünüb gözünü başqalarının cibinə dikərək ili səfalət içində başa vuranlar da oldu. Ötən ili xoş ovqatlarla başa vuran dövlətlər də az deyil və onların sırasında Azərbaycanın öz yeri var.
Bəli, 2014-cü il də Azərbaycanın tarixinə uğurlu mərhələ kimi düşdü. Prezident İlham Əliyevin çoxvektorlu, balanslaşdırılmış və düşünülmüş siyasi kursu Azərbaycanın dinamik sosial-iqtisadi inkişafının davamlı olmasına, əhalinin rifah halının daha da yaxşılaşmasına, habelə ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən ili ölkəmiz üçün belə xarakterizə edib: “2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir”.
Məlum olduğu kimi, ötən ilin sonlarına yaxın dünyada xam neftin qiymətinin azalması nəticəsində bəzi ölkələrdə maliyyə-iqtisadi böhran baş verdi, milli valyutaların dəyəri, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü. Lakin düşünülmüş iqtisadi siyasətin, qeyri-neft sektorunun inkişafının nəticəsidir ki, Azərbaycan əvvəlki illərdə olduğu kimi, yenə də böhranın çətinliklərini yaşamadı, milli valyutamızın kursu sabit qaldı, qiymətlərdə artım baş vermədi. İqtisadiyyatın şaxələndirilməsinin, həyata keçirilən qabaqlayıcı tədbirlərin sayəsində bir çox digər enerji ixracatçısı olan ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatı neqativ təsirlərdən uğurla sığortalandı. Bütün bunlar təsdiq edir ki, dünya iqtisadiyyatında davam edən kataklizmlər, neftin qiymətinin aşağı düşməsi Azərbaycana o qədər də təsir etməyəcək və ölkəmiz qarşıdakı dövrdə yenə iqtisadi artımı təmin etmək iqtidarındadır.
Bütövlükdə ötən il Azərbaycanda qeyri-neft sektoru 7 faiz artıb, iqtisadiyyata 27 milyard dollar sərmayə qoyulub. Yoxsulluğun və işsizliyin səviyyəsi 5 faiz təşkil edib, ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar həcmindədir. Əhalinin pul gəlirlərinin artımı 5 faizə yaxın, inflyasiya isə 1,4 faiz olub. Bütün bu rəqəmlər beynəlxalq böhran şəraitində hər bir ölkənin qibtə edəcəyi makroiqtisadi göstəricilərdir. Beləliklə, dünyada iqtisadi və maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycanda iqtisadi inkişafın davamlılığı təmin edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sabitlik adasıdır, nümunəvi ölkədir.
İqtisadi inkişafla yanaşı, 2014-cü il Azərbaycanın dünyadakı nüfuzunun yüksəlməsinə, beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə xidmət edən, bütövlükdə ölkəmizin siyasi tarixinə uğur kimi həkk olunan mühüm hadisələrlə də zəngindir. Bu mənada ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu mərhələdir. Bu dövrdə Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, üzv və tərəfdaş olduğu beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə əməkdaşlıq əlaqələrini dərinləşdirib, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılıb.
Məlum olduğu kimi, 2013-cü ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və dünyanın bu mötəbər təşkilatının əsas strukturuna rəhbərlik edib. 2014-cü ildə isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Bu komitəyə sədrliyi dövründə Azərbaycan AŞ-nin üç əsas sütununa - insan hüquqlarının qorunmasına, qanunun aliliyinə və demokratiyaya güclü dəstək verib, bu istiqamətdə səyini əsirgəməyib. AŞ-nin əsas dəyərlərinin dəstəklənməsi və təşviqi ölkəmizin bütün fəaliyyət və öhdəliklərinin mərkəzində dayanıb. Qeyd edək ki, ötən il Avropa qitəsinin tarixində çox gərgin keçib. Bu mənada sədrlik müddətində qurumun məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərməklə yanaşı, AŞ-nin gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın prioritetləri olub.
Bir sözlə, Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyini uğurla həyata keçirərək ortaya qoyduğu nümunələrlə qurumun fəaliyyətinə layiqli töhfələr verib. Ən əsası, bu vəzifəsini layiqincə icra etməklə, bir sıra beynəlxalq və qlobal məsələlərdə özünün qətiyyətli mövqeyini ortaya qoymaqla, bəzilərindən fərqli olaraq, tam müstəqil siyasət yeritdiyini dünyaya nümayiş etdirib.
Ötən il Azərbaycanın beynəlxalq miqyasda təqdir edilən uğurları çox olub. Onlardan biri 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illik yubileyində bir çox dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimidir. “Cənub” dəhlizinin işə düşməsi sayəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhlizlə Azərbaycan qazı minlərlə kilometr məsafə qət edib Avropanın mərkəzinə çatacaq. Ən əsası, bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına da böyük töhfələr verəcək. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə belə deyib: “Simvolik haldır ki, məhz 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə yerinə yetirəcəkdir”.
2015-ci ilin Azərbaycanda növbəti inkişaf mərhələsi olacağı şübhəsizdir. İnkişaf edən bir ölkənin isə beynəlxalq nüfuzunun yüksəlməsi təbiidir. Bu baxımdan həm ötən ilin uğurlu yekunları, həm də Azərbaycanın sürətli tərəqqisi, - Prezident İlham Əliyevin qeyd etdiyi kimi, - bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2015.- 9 yanvar.- S.1.