2. ABŞ: uğurlarla böhran arasında
Aqrar sektor: dünya təcrübəsi
Əhalini ərzaqla təmin edən təbəqə kimi fermerlər istənilən cəmiyyətdə
diqqət mərkəzində
olsalar da, ABŞ-da onlara daha
yüksək dəyər
verilir. Çünki Birləşmiş Ştatlarda torpağı olmayan mühacirlərin və bura qul
kimi daşınanların
törəmələri uzun
illərdən sonra torpağa cəmiyyətdə
yaşamağa verilən
vəsiqə, azadlıq
və müstəqillik
rəmzi kimi baxırdılar.
Dünyanın ən münbit və əlverişli torpaqları bu ölkədə yerləşir. Amerikalı fermerin
torpağı rahat əkib-becərməsi, yüksək
məhsul götürərək
satıb varlanması adi reallıq idi. Əlverişli iqlim şəraiti,
məhsuldar torpaqların
bolluğu, bol yağış, o da olmayanda çaylar və zəngin yeraltı sular bolluğa yol açan əsas amil olub. Məhsuldarlığa böyük kapital
qoyuluşu, savadlı
işçi qüvvəsi
də təsir edirdi. Xəstəlik və quraqlıqdan
çəkinməyən toxumların
alınması, gübrə
və pestisidlərin,
kompüter və kosmik texnologiyaların, yeni innovasiyaların geniş tətbiqi ABŞ fermerinin fərqli imicidir.
1783-cü
ildə Amerika İngiltərədən azadlığını
elan edəndə bir hektar torpağın
satış qiyməti
6,25 dollar idi. Yeni torpaqları fəth edənlərin əksəriyyəti
mərd, lakin kasıb mühacirlər idi. 1861-ci ilin
vətəndaş müharibəsinə
qədər pambıq,
tütün və düyü istehsalı üçün 100, hətta
1000 hektarlıq plantasiyalar
salınırdı. İdarəçilər varlı və qəddar ailələr, işçilər isə
qullar idi. 2 milyon Amerika
ferması məhsul bolluğu yaratdı.
Elə həmin illərdə fermer ittifaqları yaranmağa başladı.
Onlar XIX əsrdə birləşərək qiymətləri
qaldıran dəmir yolları, talançı
topdansatış ticarətçiləri,
sələmçi bank sahiblərinə
qarşı çıxış
edir, müəyyən
qədər güzəştlərə
nail ola bilirdilər.
XX əsrin birinci
on illiyində isə
ABŞ fermerləri intibah
dövrünü yaşadılar.
Lakin Birinci Dünya müharibəsindən
sonra qiymətlər düşməyə başladı,
ABŞ hökuməti fermerlərinə
dəstək vermək
fikrindən daşındı
və dərinləşən
böhran iqtisadiyyatın
bütün sahələrini
əhatə edərək
1929-cu ilin “Böyük
depressiya”sı ilə
nəticələndi. İqtisadi tənəzzüldən
sarsılan ştatlarda
ABŞ Prezidenti seçildikdən
sonra Ruzvelt 1933-cü ildə istehsalı azaltmaq şərti ilə ərzaq məhsullarının qiymətini
fermerlər üçün
“ədalətli hədd”ədək
qaldırdı, məhsulun
artığını almağı
öhdəsinə götürdü.
Həmçinin kənd rayonlarının
elektrikləşdirilməsinə, yolların salınmasına
start verildi. İkinci Dünya
müharibəsindən sonra
aqrar sektor yenidən izafi məhsul bolluğu problemi ilə üzləşdi. Texnoloji yeniliklər,
benzin və elektriklə işləyən
avadanlıqlar, gübrə
və pestisidlərin geniş tətbiqi hektarın məhsuldarlığını
ağlagəlməz həddədək
qaldırdı. 1954-cü
ildə Konqres “Sülh naminə ərzaq” layihəsi çərçivəsində artıq məhsulları ehtiyacı olan ölkələrə göndərməyə
başladı. Eyni zamanda,
yerli kasıb əhaliyə də dəstək verən layihə tətbiq edildi. 1973-cü ildən
Birləşmiş Ştatların
fermerləri az
əkmək üçün
federal yardım almağa
başladı, beləliklə,
istifadə edilən torpaqların 25 faizi əkin dövriyyəsindən
çıxarıldı. 80-ci
illərdə ABŞ-ın
belə xərcləri
20 milyard dolları ötürdü. 1985-ci ildə Reyqan subsidiyaları azaltmaq qərarına gəlir.
18 milyard hektara
yaxın əkin sahəsi dövriyyədən
çıxarılır, fermerlərin
dövlətdən asılılığı
azaldılır. 1994-cü
ildə isə Konqres fermeri dövlətə güvənməkdən
çəkindirmək məqsədilə
onları dəstəkləyən
böyük maliyyə
tutumlu layihələri
ləğv edir.
ABŞ fermerinə dünya
bazarına çıxarmaq
üçün məhdudiyyətsiz
məhsul istehsal etməyə icazə verilsə də, Konqres fermerlərə yeni qanunlara uyğunlaşmaq üçün
7 il ərzində
36 milyard dollarlıq subsidiyalar ayırdı.
Ötən əsrin sonunda
ABŞ-da 1,9 milyon fermerin istifadəsində 337 milyon
hektar torpaq sahəsi var idi. Bu torpaqların
60 faizi fermerlərin xüsusi mülkiyyətində
idi. Bu ölkənin
aqrar sektorunu analiz edən ekspertlər torpağın
xüsusi mülkiyyətə
verilməsinin uğurlu
təsərrüfatçılığa
zəmin yaratmadığını
vurğuladılar və
zəngin torpaqların
faydalı istifadəsi
əvəzinə onların
amansız istismara məruz qalması hallarını təsdiq etdilər. Xüsusi mülkiyyətlərində torpaq
olan kiçik fermer təsərrüfatlarının
50 faizi istehsalat və maliyyə-iqtisadi fəaliyyətinə görə
ya zərərlə işləyir, ya da, okeanın o tayındakı ekspertlərin
təbirincə desək,
“stress vəziyyətindədirlər”. Kiçik torpaqlarda meliorasiyanın üstünlüklərindən, yüksək texnologiyalardan
istifadə etmək mümkün deyil. Torpağın xüsusi mülkiyyətə verilməsi
heç də onun qorunmasına zəmin yaratmır, çünki bazar maksimum gəlir əldə etməyə
can atan fermeri bəzən torpağı
da qədərindən
artıq istismar etməyə sövq edir. Bu da ekoloji fəlakətlərə
- toz tufanlarının
əmələ gəlməsinə,
qiymətli torpaqların
gücdən düşərək
itirilməsinə, su mənbələrinin zəhərlənməsinə
səbəb olub.
Kimyəvi maddələrin tətbiqindən
nəhəng gəlirlər
əldə edən fermer orqanik gübrələrdən imtina
etdi. Gəlir artdıqca torpaq,
hava, su və qidalar zəhərli kimyəvi maddələrlə “zənginləşdi”.
ABŞ dövləti torpaqların qorunması üçün çox sərt tədbirlər həyata keçirməyə
məcbur oldu.
Bütün bu çatışmazlıqlar
XXI əsrdə ABŞ-ın
aqrar sektorunda böhran təzahürlərinin
qabarmasına səbəb
oldu. Son bir-iki ildə Amerika fermerinin maliyyə göstəriciləri nəzərəçarpacaq
dərəcədə “arıqladı”.
Son 5 ildə fermerlərin
debitor borcları 22 milyard dollar artmış, kommersiya banklarına borclar da təhlükəli
həddə çatmışdır.
Son 4 ildə fermerlərin
gəliri 20 faiz - 11 milyard dollar aşağı
düşüb. Keyfiyyətli toxuma, yeni texnologiyalara
və kimyəvi maddələrə çəkilən
xərclər durmadan artır. Bunun müqabilində aqrar böhranın klassik nümunəsi kimi son 5 ildə yumurtanın 22, düyünün 35, donuz ətinin 38, taxılın
45, qarğıdalının qiymətinin 48 faiz aşağı düşməsini
göstərmək olar.
1996-cı ildən başlayaraq idxalın 60 milyard dollardan 49 milyarda düşməsi fermerlərə dəyən
ikinci zərbədir.
Bu müddət ərzində
ixrac 5 milyarddan 37,5 milyarda qalxmışdır.
Əgər dövlət fondundan
fermerlərə verilən
dəstəyin həcmi
iki dəfə artırılmasaydı, ölkədə
kənd təsərrüfatı
məhsullarının istehsalı
rentabelli olmazdı.
Amerika fermeri
XXI əsrdə yenə
də ötən əsrdə üzləşdiyi
problemlərin məngənəsindədir. Bunlardan birincisi
qədərindən artıq
istehsaldır. Texnikanın sürətli
inkişafı, yeni məhsuldar toxum növləri, gübrələr
və suvarma sistemləri, ziyanverici həşəratlarla mübarizə
həmişə fermerə
məhsuldarlığı artırmağa
imkan verib. Qiymətlərin sabit saxlanması
üçün istehsalın
azaldılması ideyasını
fermerlər sözdə
dəstəkləsələr də, işdə həmişə istehsalı
artırmaq marağında
olublar. Faktiki olaraq Amerikanın
kənd təsərrüfatı
aqrar-sənaye kompleksinə
çevrilərək özündə
genişprofilli müəssisələri
birləşdirən nəhəng
korporativ olmuşdur.
ABŞ-da 1940-cı ildə fermerlərin sayı 6 milyon idi və hər
birinin təsərrüfatı
orta hesabla 67 hektar torpaq sahəsindən
ibarət idi. 60 il ərzində fermerlərin sayı kəskin surətdə azalaraq 2,2 milyona
düşüb, hər
təsərrüfatın torpaq
sahəsi isə 190 hektara kimi artıb.
Həmin dövrdə
aqrar sektorda çalışanların da
sayı 12,5 milyondan 1,2 milyon nəfərə qədər
azalıb. Əgər ABŞ-da XX əsrin
əvvəlində bütün
istehsalatda çalışanların
50 faizi fermerlər idisə, əsrin sonunda bu rəqəm
2 faizə qədər
azalıb. Onu da nəzərə alaq ki, Birləşmiş Ştatlarda bu müddət ərzində
əhalinin də sayı iki dəfə
artmışdır. Əsrin sonunda
fermerlərin 60 faizi aqrar sektorda qismən işləməklə
yanaşı, digər
işlərdə də
çalışırlar. Bu isə adı ilə fəxr edən Amerika “ailə ferması”nın yeni əsrdə yeni çətinliklərlə üzləşdiyini
büruzə verir. Əsrlərin dərinliyindən əfsanələrlə bir
abidə kimi ucalan Amerika fermeri müasir dünyanın iqtisadi sınaqları ilə üzləşdikcə götür-qoy
edir, yeni fəaliyyət istiqamətləri
seçir. Səliqəli fermer təsərrüfatları
ilə öyünən
amerikalıların öz
kəndlisini bundan sonra qiymətlərlə necə stimullaşdıracağı
hələ ki bəlli deyil.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2015.- 9 yanvar.- S.4.