Haqqı, ədaləti qorumaq
amalı
Elm xadimləri
Düzgünlüyə, haqqa-ədalətə tapınan insanlar daim hər yerdə sevilib, hörmət sahibi olublar. Söhbət hüquqşünaslardan - insanların haqlarını, hüquqlarını qorumağı özünün həyat amalına çevirmiş peşə sahiblərindən gedir. Bu gün deyilən xüsusiyyətlərə malik hüquqşünaslarımız, hüquq sahəsində çalışan alimlərimiz çoxdur. Onların haqqında söz düşəndə birincilər sırasında Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Alış Qasımovun adı da ehtiramla çəkilir.
Həmkarımızın ömürnaməsinə qısa bir nəzər salmazdan öncə vurğulayaq ki, bu ehtiram, bu hörmət-izzət onun özünün halal haqqıdır. Həyatda gördüyü yaxşı işlərin, etdiyi xoş əməllərin müqabilində mükafatıdır.
Alış Məmiş oğlu Qasımov 1960-cı il yanvarın 10-da Beyləqan rayonunun Milabad kəndində dünyaya göz açıb. Məktəb yaşı çatanda hamı kimi təhsil almağa başlayıb. Doğulub böyüdüyü kəndin orta məktəbində oxuduğu ilk illərdən dərslərə marağı, çalışqanlığı, eşitdiyi və mütaliə etdiyi hər mətnin məzmununu, məqsədini dərindən qavraması ilə seçilib. Bütün bunlar onun istedadından və işıqlı gələcəyindən xəbər verirdi.
Alış Qasımovu uşaqlıqdan fərqləndirən başqa bir cəhət isə hər sözü düzgün danışması və bunu öz yaşıdlarından da tələb etməsi, ətrafda baş verən bütün olaylara ədalətlə yanaşması, mizan-tərəzi pozulanda fikrini açıq deməsi, etirazını bildirməsi idi. Xarakterindəki bu xüsusiyyət onun peşə yönümünü, sənət seçimini də müəyyənləşdirdi.
Lakin həyatın yolları heç də həmişə rəvan olmur. Alış Qasımov da bugünkü bilik, kamillik zirvəsinə birdən-birə çatmayıb. Sənət yollarında zəhmətlə irəliləyib. Elm dəryasının sirlərinə səbr və təmkinlə yiyələnib. Hörmətə, nüfuza, vəzifəyə vicdanının və qəlbinin yönəltdiyi şərəfli, zəhmətli yollarla çatıb. Belə ki, 1977-ci ildə orta məktəbi bitirib Bakıya gələndən sonra iki il fəhlə işləyib. Sonra da əsgəri borcunu yerinə yetirərək iki il ordu sıralarında xidmət edib. Əsgərlikdən sonra yenidən çalışdığı əmək kollektivinə qayıdıb. Lakin sonsuz arzuları, daxili inamı onu gələcəyə, irəliləyişə səsləyirdi. Gecə-gündüz çalışıb qəbul imtahanlarına hazırlaşır və zəhməti hədər getmir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsinə qəbul olunur. Axşam şöbəsində oxuyub gündüzlər işlədiyinə baxmayaraq, Alış Qasımov elm və biliyə həvəslə, hətta deyərdik ki, hərisliklə yiyələnib. Odur ki, ali təhsil aldığı illərdə də bir tələbə kimi nizam-intizamı, yaxşı oxuması və elmlərə marağı ilə müəllimlərin, professorların hörmətini qazanıb.
Professor Alış Qasımov universiteti bitirib hüquqşünas diplomu aldıqdan sonra Bakının Əzizbəyov rayon xalq məhkəməsində işləməyə başlayıb. 1988-1989-cu illərdə burada kuryer, kargüzar, dəftərxana müdiri kimi çalışıb.
İşgüzarlıq, zəhmətkeşlik, yaxşı mənada sadəlik ona genlə keçib. Əməksevər valideynlərin övladı olan Alış müəllim hələ kiçik yaşlarından onlardan ədəb-ərkan, böyük-kiçik yeri bilmək, haqqa tapınmaq kimi xüsusiyyətlər əxz edib. Bunlar sonrakı həyat yollarında ona çox gərəkli olub, kömək edib.
1989-cu ildə həyat yolları artıq müəyyən iş təcrübəsi toplamış cavan hüquqşünası məzunu olduğu BDU-ya gətirir. Burada o, hüquq fakültəsi dekanlığının metodisti kimi fəaliyyətə başlayır. Həmin vaxtdan üzübəri - artıq 30 ildən çoxdur Alış Qasımov həm də şərəfli bir müəllim ömrü yaşamaqdadır. O, metodistlikdən başlayaraq baş metodist, müəllim, baş müəllim, dosent, dekan müavini kimi vəzifələrdə çalışıb. 2002-ci ildən Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri olub. 2011-ci ildən Əmək və ekologiya kafedrasının müdiridir.
Tələbələrin sevimlisi olan professor Alış Qasımov buna da onlara qayğısı, diqqəti nəticəsində çatıb. O, bir müəllim kimi ali hüquq təhsili alan gənclərin təkcə biliklərə yiyələnməsinə deyil, eyni zamanda, geniş dünyagörüşə, yüksək mənəvi keyfiyyətlərə malik olmasına, bütöv şəxsiyyət kimi yetişməsinə çalışır. Uzunmüddətli müəllimlik təcrübəsi Alış Qasımova auditoriyanın diqqətini cəlb etmək, həm yüksək elmi səviyyəsi, ünsiyyət qurmaq bacarığı, həm də sadəliyi və səmimiliyi ilə tələbələrin rəğbətini qazanmaq imkanı verir. Onun pedaqoji fəaliyyəti “Əmək hüququ”, “Əmək hüququnun müasir problemləri”, “Əmək mübahisələri və onların həlli qaydası”ndan dediyi dərslərlə bitmir.
Professor Alış Qasımov 2 dərsliyin, 11 dərs vəsaitinin, 8 monoqrafiyanın, 175 elmi məqalənin, 12 kitabın, 4 metodik vəsaitin, 10 tezisin, 150-dən artıq qəzet məqaləsinin müəllifi, 56 proqramın tərtibçisidir ki, onun tələbələri bu mənbədən lazımınca istifadə edib bəhrələnə bilirlər.
Belə bir irsin müəllifi olmaq üçün isə ilk növbədə, zəngin biliklərə yiyələnmiş, çalışdığı sahədə geniş tədqiqat və araşdırma aparmış alim olmaq lazımdır. Alış Qasımov məhz belə bir tədqiqatçı alimdir.
1994-cü ildə müdafiə etdiyi “Əmək və bəzi mülki hüquq münasibətlərindən əmələ gələn əvəzli və əvəzsiz əmlak səlahiyyətlərinin qarşılıqlı əlaqə sistemi” mövzusunda dissertasiya işi 34 yaşlı alimin gərgin əməyinin, tükənməyən axtarış əzminin bəhrəsi idi. Bundan sonra axtarışlarını dayandırmayan hüquqşünas-alim 2003-cü ildə artıq hüquq elmləri doktoru elmi dərəcəsini qazanır. O, “Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət” mövzusuna həsr olunmuş doktorluq işini müvəffəqiyyətlə müdafiə edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Alış Qasımovu 1997-ci il yanvarın 13-də dosent, 2010-cu il fevralın 5-də professor elmi adlarına layiq görür.
O vaxtdan bəri professor A.Qasımov bir çox hüquqşünas alimlərin yetişdirilməsinə də böyük əmək sərf edib. Onun rəhbərliyi ilə neçə-neçə gənc alim müvəffəqiyyətlə dissertasiya müdafiə edib. Hazırda 15 doktorant və dissertantın elmi rəhbəridir. Onlardan yeddisi müdafiə ərəfəsindədir.
Alış müəllimin yazdığı çoxsaylı elmi, elmi-publisistik əsərlər də onun öz vətəninə, xalqına, Azərbaycan elminin inkişafına verdiyi töhfələrdəndir. Əgər professorun əsərlərinin yalnız adlarını sadalamaq lazım gəlsə, uzun bir siyahı alınar. Üstəlik, alim indiyədək 83 əsərin elmi redaktoru, 55 elmi əsərin isə rəyçisi olub. Bunlardan Azərbaycan və rus dillərində nəşr olunmuş “Əmək hüququ münasibətlərində əmlak səlahiyyətləri sistemi”, “Məşğulluq, işədüzəltmə, fərdi əmək müqaviləsi (kontrakt)”, “Əmək müqaviləsi (kontrakt): qüvvələr balansı və mənafelərin balansı”, “İnsan və vətəndaş hüquqlarının məhkəmə müdafiəsi haqqında”, “Əmək müqaviləsi tərəflərinin qarşılıqlı maddi məsuliyyətinin sosial-hüquqi əsasları”, “Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət”, “Əmək hüququ”, “Azərbaycan Respublikasında əməkhaqqının hüquqi tənzimlənməsi”, “İstirahət vaxtı”, “Müasir mərhələdə istirahət vaxtının hüquqi tənzimlənməsi”, “Əmək və sosial təminat sahəsində vətəndaşların hüquqlarının həyata keçirilməsi təminatları”, “Beynəlxalq əmək hüququ”, “Əmək hüquqlarının müdafiəsi üsulları kontekstində əmək mübahisələrinin hüquqi tənzimlənməsi”, eləcə də onlarca digər əsəri göstərmək olar. Həm də bu əsərlərin bir çoxu rus dilində nəşr edilib. Professor A.Qasımovun xarici ölkələrdə də bir sıra dərs vəsaitləri, monoqrafiya və elmi məqalələri işıq üzü görüb.
Sözügedən əsərlərin hər biri - həcmindən, əhatə dairəsindən, mövzusundan asılı olmayaraq, zəhmətlə, səylə başa gəlib. Onların hər birinin arxasında müəllif məsuliyyəti dayanır. Professor həmkarlarının, məsələn, rəhbərlik etdiyi kafedranın əməkdaşlarının yazdıqlarında bu keyfiyyətləri görmək istəyir və onlardan bunu tələb edir. Yeri gəlmişkən qeyd edək ki, kafedranın əməkdaşları professor Alış Qasımovun rəhbərliyi ilə son illərdə bir sıra sanballı əsərlər ortaya qoyublar.
Təsadüfi deyil ki, görkəmli alimimiz “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri” elmi məcmuəsinin, “Qanun”, “Dövlət və hüquq”, “Hüquq və gənclik” jurnallarının, “AR DİN Polis Akademiyasının Elmi Xəbərləri”, Ali Məhkəmənin bülleteninin redaksiya heyətinin üzvüdür. O, həmçinin Moskvada nəşr olunan “Trudovoye pravo v Rossii i za rubejom” (“Rusiyada və xaricdə əmək hüququ”), “Probelı v Rossiyskom zakonodatelstve” (“Rusiya qanunvericiliyində boşluqlar”) jurnallarının redaksiya heyətinin üzvüdür.
Əgər bütün yazıb-yaratdıqlarına iştirakçısı olduğu 14 beynəlxalq və 20 respublika elmi-praktik konfransındakı çıxışlarını da əlavə etsək, Alış müəllimin əsərlərinin sayı-sanbalı haqqında təsəvvürümüz xeyli genişlənər.
Hüquqşünas, müəllim, alim, kollektiv rəhbəri kimi yüksək məziyyətləri olan Alış Qasımovun fəaliyyət dairəsi geniş, öhdəsinə düşən vəzifələr çətin və məsuliyyətlidir. Onların hamısı vaxt, təmkin, səriştə, təcrübə, əlbəttə, zəhmət və ədalət tələb edən vəzifələrdir.
Alış müəllim Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “Dövlət və hüquq” bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasının, AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin nəzdində Hüquq elmləri üzrə Problem Şurasının üzvü olmuşdur. O, uzun müddət hüquq üzrə elmi dərəcələr verən daimi və birdəfəlik dissertasiya şuralarının sədri və üzvü olub. Hazırda isə Bakı Dövlət Universitetində fəaliyyət göstərən dissertasiya şurasının sədr müavinidir. Konstitusiya Məhkəməsinin plenumlarında “Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin şərh edilməsi”ndə ekspert qismində dəfələrlə iştirak etməsi onun yüksək ixtisaslı, bilikli və səriştəli hüquqşünas olmasının daha bir təsdiqidir.
Biz hamımız professor Alış Qasımovu möhkəm əqidəli, öz siyasi baxışlarına sadiq qalan, öz fikrinə, mövqeyinə inamlı olan şəxsiyyət kimi tanıyırıq. Əzəldən Yeni Azərbaycan Partiyasının layiqli üzvü olaraq ümummilli lider Heydər Əliyevin siyasi kursunu müdafiə edib. Bu gün ölkənin hərtərəfli inkişafından qürur hissi duyan, bu yüksəlişə bacardığı töhfələri verən tanınmış alim dövlətin apardığı daxili və xarici siyasətin uzaqgörən, alternativsiz olduğuna dəyişməz mövqeyini əməli işlərlə bildirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxsaylı Dövlət proqramlarını dəstəkləyir. Onun bu dəstəyi təkcə hüquqi məsələlərlə məhdudlaşmır. Çünki Alış müəllim hərtərəfli biliyə malik bir ziyalıdır. Ölkə həyatının bütün sahələri, o cümlədən iqtisadiyyat, sosial sfera və s. haqqında geniş məlumata, bilgilərə malikdir ki, bu da onun məqalələrində, çıxışlarında, əməli işində öz əksini tapır.
Qeyd olunduğu kimi, Alış Qasımov müxtəlif ölkələrdə keçirilən mötəbər elmi tədbirlərdə iştirak edir. Bu da həmkarımızın Azərbaycanın hüdudlarından kənarda tanınan bir alim olduğunu təsdiqləyir. Həmin tədbirlərdən bir neçəsinin adını çəkmək istərdik. Məsələn, 2006-ci ilin mayında Alış müəllim “Beynəlxalq kommersiya arbitraj məhkəməsinin aktları: hüquqi təbiəti və məzmunu, mübahisələndirilməsi, tanınması və icrasının aktual problemləri” beynəlxalq elmi-praktik konfransda iştirak edib. Bu, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun Sankt-Peterburq filialının MDB və Baltikyanı ölkələrin görkəmli hüquqşünaslarının və alimlərinin iştirakı ilə keçirilən mötəbər bir tədbir idi.
2007-ci ildə professor Alış Qasımov M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən Avroasiya Universitetləri Assosiasiyasının X qurultayında və Həmkarlar təşkilatlarının XX qurultayında iştirak edib. Əlbəttə, bu siyahını xeyli artırmaq mümkündür. Yalnız onu əlavə etmək istərdik ki, Alış müəllim həmin tədbirlərin bir çoxunda maraqlı məruzələrlə çıxış da edib. Onun çıxışları həmişə aktual, məzmunca dərin olub və müxtəlif xalqları, ölkələri təmsil edən nümayəndələr tərəfindən rəğbətlə qarşılanıb.
Beləcə, 38 il əvvəl taleyini hüquqşünas sənəti, hüquq sahəsi ilə bağlayan həmkarımız qanunun, elmin, təhsilin keşiyindədir. Amma həyatda yazılmayan qanunlar da var. Bunlar insanlıq, insanpərvərlik, mərhəmət, mərifət, ülviyyət və s. barədədir. Alış Qasımov bütün deyilənlərlə bahəm həm də gözəl insandır. Həmsöhbətini bir kəlmədən başa düşən, kömək etməyə, yol göstərməyə, düzgün məsləhət verməyə hər an hazır olan bir insan. Ürəyiaçıqlıq, təmənnasızlıq xarakterinə xas olan xüsusiyyətlərdir. Bu da onun düzlüyə, haqqa-ədalətə, Azərbaycan xalqının yüksək milli-mənəvi dəyərlərinə tapınmasından irəli gəlir.
Bütün bu yüksək əxlaqi keyfiyyətlər Alış Qasımova öz xalqına, Vətəninə, dövlətinə vicdanla və sədaqətlə xidmət etməkdə ən yaxın dəstəkçidir.
Alış müəllimin elmi, pedaqoji, ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Müxtəlif illərdə əməyinə verilən qiymət bunu bir daha təsdiqləyir. 2000-ci il fevralın 10-da Təhsil Nazirliyi Kollegiyası onu yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə və BDU-nun 80 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif edib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2010-cu il yanvarın 21-də Təhsil Nazirliyinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, qanunvericiliyin təkmilləşdirilməsi və eyni zamanda, hüququn ayrı-ayrı sahələrinin inkişaf etdirilməsində verdiyi töhfələrə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xüsusi medalı ilə təltif olunub. Professor Alış Qasımovu kamillik, hörmət-izzət zirvəsinə ucaldan ən mühüm amil onun qanunu qoruması və insanlıq qanunlarını yaşatmasıdır.
Gördüyü işlərlə, qazandığı nailiyyətlərlə arxayınlaşmaq Alış Qasımova yad olan xüsusiyyətlərdir. O, elmimiz, təhsilimiz, ümumiyyətlə, xalqımız üçün etdiklərinin hamısını özünün insanlıq, vətəndaşlıq borcu hesab edir. Hörmətli həmkarımızı, əziz dostumuzu anadan olmasının 55 illik yubileyi münasibətilə təbrik edərək onu həmişə məhz belə görmək istəyirik.
Məsumə
MƏLİKOVA,
Bakı Dövlət
Universiteti Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü,
hüquq üzrə elmlər doktoru, professor, əməkdar
hüquqşünas
Azərbaycan.-2015.- 9 yanvar.- S.5.