16 ölkəyə səfər, 18 dövlət
başçısı, 9 baş nazirlə
görüş
2014-cü il də Azərbaycanın yüksəlişində növbəti mərhələ oldu. Bu ildə respublikamızın sosial-iqtisadi inkişafının davamlılığı təmin edildi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması diqqət mərkəzində saxlanıldı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlər respublikamızın bütün bölgələrinin inkişafına böyük töhfələr verdi.
Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından kifayət qədər uğurlu dövr oldu. Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
Prezident İlham Əliyevin xarici ölkələrə keçənilki səfərləri də Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqincə xidmət etdiyini göstərir.
Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə təkan verib.
Prezident İlham Əliyevin ötən il ilk xarici səfəri Belçika Krallığına olub. İşgüzar səfər zamanı Azərbaycan Prezidenti Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort, NATO-nun baş katibi Anders Foq Rasmussen və NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb. Bu səfər NATO ilə əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, təşkilatın ölkəmizə olan marağını növbəti dəfə ortaya qoydu.
Yanvar ayında Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gələn Prezident İlham Əliyev ayrı-ayrı ölkələrin prezidentləri, baş nazirləri, beynəlxalq təşkilatların və tanınmış şirkətlərin rəhbərləri ilə görüşüb.
Azərbaycan Prezidentinin Davosda İsrail Prezidenti Şimon Peres, İsveçrə Prezidenti Didye Burkhalter, İran Prezidenti Həsən Ruhani, İsrailin Baş naziri Benyamin Netanyahu, Niderlandın Baş naziri Mark Rutte, Fransanın xarici işlər naziri Loran Fabius, Holcim şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana, Airbus Group International şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni, Swiss Re şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Philips şirkətinin vitse-prezidenti Ronald de Jong, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Hewlett-Packard şirkəti idarə heyətinin üzvü Ann Livermor, GDF Suez şirkətinin baş icraçı direktoru Jerar Mestrale, Microsoft International şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşləri ölkəmizin ikitərəfli əlaqələrinin inkişafı, dünyanın tanınmış şirkətlərinin Azərbaycanla əməkdaşlığı baxımından səmərəli olub.
Fevral ayında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfər ediblər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edən Prezident İlham Əliyev Litvanın Baş naziri Alqirdas Butkeviçius, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında əlaqələrin daha da inkişafına dair fikir mübadiləsi aparılıb.
Dünyanı narahat edən məsələlərdən biri nüvə təhlükəsizliyidir. Qlobal təhlükəsizliyin digər aspektləri ilə yanaşı, nüvə təhlükəsizliyinə də mühüm əhəmiyyət verən Azərbaycan milli və beynəlxalq səviyyədə bu istiqamətdə vacib addımlar atır. Prezident İlham Əliyevin mart ayında Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində iştirakı bir daha təsdiq edir ki, Azərbaycan nüvə təhlükəsizliyinin təmin olunmasında və bu sahədə beynəlxalq əməkdaşlıqda maraqlıdır. Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğulayıb.
Zirvə görüşü zamanı Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Güllə də görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparılıb. Niderlanda səfəri çərçivəsində Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano, Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə də görüşüb.
Aprel ayında Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib, Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu imkanların reallaşdırılması və əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək halların aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Səfər zamanı Prezident İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei və rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə də görüşüb.
Aprel ayında Çex Respublikasına da səfər edən Prezident İlham Əliyev Praqada Avropa İttifaqının Şərq tərəfdaşlığı Proqramının 2009-cu ildə keçirilmiş Sammitinin beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Praqada Çexiya Prezidenti Miloş Zeman, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Polşa Respublikasının Prezidenti Bronislav Komorovski, Moldova Prezidenti Nikolae Timofti, Çexiya Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə də görüşən Prezident İlham Əliyevin bu səfəri daha çox Ermənistan prezidenti S.Sarkisyanı yerində oturtması ilə yadda qalıb. Belə ki, Türkiyənin sammitdə təmsil olunmamasından istifadə edən S.Sarkisyan iclasın mövzusunu unudaraq Türkiyəni əsas tənqid hədəfi seçib bu ölkəni qondarma soyqırımı ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham edib. Prezident İlham Əliyevin buna cavabı isə erməni prezidentə vurulan sillə olub. Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb - deyən Prezident İlham Əliyev bundan əvvəl bütün azərbaycanlıların Dağlıq Qarabağdan qovulduğunu, 1992-ci ildə ermənilərin Şuşanı və Laçını, daha sonra Ağdamı, Füzulini, Zəngilanı, Qubadlını, Cəbrayılı - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdklərini diqqətə çatdırıb.
May ayında Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilib. Bu məqsədlə Gürcüstana işgüzar səfər edən Prezident İlham Əliyev həmçinin Tbilisidə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ümummilli liderin abidəsini ziyarət edib, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, Azərbaycanın Gürcüstandakı səfirliyinin binasında yaradılan şəraitlə və ARDNŞ-in Gürcüstandakı yeni inzibati binası ilə tanış olub.
Sammitdən sonra prezidentlərin üçtərəfli görüşündə ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Tbilisi Sammitinin münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb. Prezident İlham Əliyev ayrı-ayrılıqda Türkiyə və Gürcüstan prezidentləri, həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də görüşüb.
Prezident İlham Əliyev may ayında Vyetnam Sosialist Respublikasına dövlət səfəri, Çin Xalq Respublikasına isə işgüzar səfər edir. Vyetnam səfəri zamanı keçirilən görüşlər, Vyetnam Prezidenti Truonq Tan Sanq, Baş nazir Nquyen Tan Danq, Vyetnam Milli Assambleyasının sədri Nquyen Sinh Hanq, Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ilə aparılan danışıqlar ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
Çində isə Prezident İlham Əliyev Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirak edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə də görüşüb. Söhbət zamanı Azərbaycanla Çin arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Ötən ilin iyun ayında Prezident İlham Əliyev Türkiyəyə və Fransaya işgüzar, Yunanıstana isə dövlət səfəri edib. Türkiyəyə səfəri zamanı Prezident İlham Əliyev Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak edib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan prezidentlərinin iştirakı ilə keçirilən IV Zirvə toplantısı bir daha təsdiq etdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə etməkdədir. Bodrumda Prezident İlham Əliyev ayrı-ayrılıqda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Prezidenti Abdullah Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə də görüşüb.
Fransaya işgüzar səfəri zamanı Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib, AŞ PA sədri Ann Brasör, Avropa Şurasının baş katibi Torbörn Yaqland, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə görüşüb.
Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri də iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı Azərbaycan Prezidenti Yunanıstan Prezidenti Karolos Papulyas, Yunanıstanın Baş naziri Antonis Samaras, Yunanıstan parlamentinin sədri Vanqelis Meimarakis, Yunanıstanın Baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos, Yunanıstan parlamentində əsas müxalifət olan Demokratik Solçular Birliyinin lideri Aleksis Tsipras ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayında İtaliyaya etdiyi rəsmi səfər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmək və yeni əməkdaşlıq tellərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Corco Napolitano, İtaliyanın Baş naziri Matteo Renzi, İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşündə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib, ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb.
Prezident İlham Əliyev avqust ayında Rusiyaya, sentyabr ayında isə Uelsdə NATO-nun sammitində iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərlər edib. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönlədib. Azərbaycanın regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynadığını və bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədənin Ermənistanın işğalçılıq siyasəti olduğunu bəyan edən Prezident İlham Əliyev NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi də yüksək qiymətləndirib. Qeyd edək ki, Rusiyaya səfər zamanı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər zamanı isə Prezident İlham Əliyev Fransa Prezidenti Fransua Ollandla görüşüb. Uelsdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti S.Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin görüşü olub.
Sentyabr ayında Rusiya Federasiyasına işgüzar səfər edən Prezident İlham Əliyev Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak edib. Səfər zamanı Rusiya, İran və Qazaxıstan prezidentləri ilə ayrılıqda görüşlər keçirən Prezident İlham Əliyev Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Dostluq uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycanın üzvü olduğu və işində yaxından iştirak etdiyi təşkilatlardan biri də Müstəqil Dövlətlər Birliyidir. MDB-nin əsas məqsədi siyasi, iqtisadi, ekoloji, humanitar, elmi, mədəni, cinayətkarlığa qarşı mübarizədə səylərin uyğunlaşdırılması və digər sahələrdə əməkdaşlıqdan ibarətdir. Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyəti ilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar verir.
Oktyabr ayında Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Belarusa səfər edib. İclasda qeyd olunub ki, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir və müzakirə olunan məsələlər Birlik ölkələri arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Diqqətə çatdırılıb ki, iclas iştirakçıları MDB ölkələrinin elmi təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, 2016-cı ilin Birlik çərçivəsində Təhsil ili elan olunması, qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərinə dair razılığa gəliblər.
Oktyabr ayında Prezident İlham Əliyev Tacikistana rəsmi səfər edib. Səfər zamanı Tacikistan Prezidenti Emoməli Rəhmon, Tacikistanın Baş naziri Koxir Rasulzoda, Tacikistan Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurov ilə keçirilmiş görüşlərdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentinin bu səfərinin əlaqələrin daha da dərinləşdirilməsində böyük rol oynayacağı qeyd olunub.
Oktyabrda həmçinin Fransaya işgüzar səfər edən Prezident İlham Əliyev Parisdə, Yelisey sarayında Fransa Prezidenti Fransua Ollandla görüşüb. Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. Cənub dəhlizi enerji layihəsinin reallaşması ətrafında, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.
Parisdə Prezident İlham Əliyev Ermənistan prezidenti və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşüb.
Prezident İlham Əliyevin 2014-cü ildə xarici səfərlərindən birini noyabr ayında Macarıstana edib. İşgüzar xarakterli bu səfərdə Azərbaycan Prezidenti Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb və iki ölkə arasında Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Prezident İlham Əliyev Macarıstan-Azərbaycan Biznes Forumunda da iştirak edib.
Ümumilikdə 2014-cü il ərzində Prezident İlham Əliyev 16 ölkəyə (Belçika, İsveçrə, Rusiya, Niderland, İran, Çex Respublikası, Gürcüstan, Vyetnam, Çin, Türkiyə, Fransa, Yunanıstan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Belarus, Tacikistan, Macarıstan) səfər edib. Bu səfərlər zamanı 18 ölkənin (Türkiyə, İsveçrə, İsrail, Rusiya, İran, Qətər, Çex Respublikası, Gürcüstan, Polşa, Moldova, Vyetnam, Çin, Fransa, Yunanıstan, Qazaxıstan, Türkmənistan, İtaliya, Tacikistan) dövlət başçısı, 9 ölkənin (İsrail, Niderland, Litva, Vyetnam, Yunanıstan, İtaliya, Gürcüstan, Tacikistan, Macarıstan) Baş naziri ilə görüşüb. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.- 10 yanvar.- S.2.