Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclası keçirilib
Prezident İlham Əliyevin yekun nitqi
- 2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır.
Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır.
Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Son illər ərzində əsas prioritetlər arasında biz həmişə makroiqtisadi sabitliyi qeyd edirdik. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir, xarici investisiyaların cəlb edilməsi üçün çox önəmli amildir. Eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşması üçün makroiqtisadi sabitlik ən önəmli məsələdir və biz bu sabitliyi uzun illərdir ki, təmin edirik. Böhranlı illərdə - 2008-2009-cu illərdə də təmin etmişik. Keçən il də təmin etmişik və bu il də təmin edəcəyik.
Manatın məzənnəsi, - artıq burada deyildi, - bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar.
Yəni, bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyanın bir parçası kimi çoxdan təsdiq edib və indi biz dünyaya açığıq, açıq iqtisadiyyat, açıq siyasət, açıq qapılar siyasəti aparırıq. Birbaşa qoyulan xarici sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə uzun illərdir ki, liderlik mövqelərini saxlayır. Yəni, biz dünya iqtisadiyyatının bir parçasıyıq. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və iqtisadiyyatımızı qorumaq əzmində olmağımız əlbəttə ki, bu nadir vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bunu qorumalıyıq. 2015-ci il də bu istiqamətdə önəmli il olacaqdır.
İkinci önəmli vəzifə, - bu da artıq bir neçə ildir ki, daim vurğulanır, - qeyri-neft sektorumuzun inkişafıdır. Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu, eyni zamanda, həm investorlara, həm yerli şirkətlərə əlavə nikbinlik verir.
Əhali də bunu görür və yüksək
qiymətləndirir. Nəyin
hesabına buna nail ola bilmişik? İlk növbədə, regional inkişaf
proqramının icrası, sahibkarlığın
inkişafı, sahibkarlığa dövlət tərəfindən
güzəştli şərtlərlə kreditlərin verilməsi,
düşünülmüş siyasət, sənayeləşmə
siyasəti, xarici investisiyaların cəlb edilməsi, neftdən
əldə olunan gəlirlərin düzgün istiqamətə
yönəldilməsi sayəsində. Bütün
bu amillər qeyri-neft sektorumuzun inkişafını təmin
edir.
Biz qeyri-neft sektorunun inkişafı üçün
infrastruktur layihələrini icra edirik. Əgər bu
layihələr icra edilməsəydi, regionlarda biznes imkanlarından
söhbət gedə bilməzdi. Eyni
zamanda, düşünülmüş iqtisadi siyasətlə
düzgün prioritetlər seçmişik və ildən-ilə
bu prioritetlərin növbəliliyi dəyişir. Bu da təbiidir, çünki biz doqmatik yanaşmadan
çox uzağıq, çevik iqtisadi siyasət
aparırıq. Daxili bazarı təmin etmək
üçün yerli istehsalın artırılması da
qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən
amildir və bütün bu görülən işlər və
digər tədbirlər nəticəsində dayanıqlı
inkişaf artıq təmin edilib. Ümumi
daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil
edir. Gələcəkdə neft amilinin
ümumi daxili məhsulumuzda aşağı düşməsi
nəticəsində ölkə iqtisadiyyatının neft
amilindən asılılığı daha da azalacaqdır.
Bu, bizim vəzifəmizdir. Mən
həmişə demişəm, bu gün də demək istəyirəm
ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və
çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir.
Biz bu vasitədən səmərəli şəkildə
istifadə edirik.
Bu il də sahibkarlara güzəştli şərtlərlə
kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri
vardır. Biz bunu əyani şəkildə
görürük. Bölgələrdə
açılan yeni müəssisələr və iş yerləri
bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən
sahibkarlara böyük mənəvi dəstək göstərilir.
Yerlərdə də bu işlər düzgün təşkil
edilməlidir və sahibkarlara bu il o
cümlədən öz vəsaitlərindən istifadə etməklə
ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə
edirəm. Çünki dövlət sahibkarlara
uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən
bu kreditlərin həcmi yüz milyonlarla
ölçülür, bəlkə də milyardı
ötüb. Sahibkarlar da həm o imkanlardan
istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir
ki, onlar da öz kapitallarını əldə ediblər, -
ölkənin inkişafına, real sektorun inkişafına daha
da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna
cəlb etməliyik. Əlbəttə ki,
xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa
maraqlıdırlar. Ancaq biz onları indi
digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində
texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici
investorları da cəlb edəcək.
Çünki dünyada indi bir tərəfdən iqtisadi
böhran davam edir, vəsait qıtlığı
müşahidə olunur, eyni zamanda, investisiya qoymaq
üçün o qədər böyük seçim də
yoxdur.
Çünki böhran içində çabalayan ölkələrə
kim investisiya qoyacaq? Ona
görə sabit ölkələrə, ictimai-siyasi sabitliyi,
iqtisadi inkişafı olan ölkələrə xarici
investisiyalar cəlb etmək daha asandır. Burada əlbəttə ki, informasiya
qıtlığı öz rolunu oynayır. Amma son illər ərzində keçirilən təqdimatlar,
biznes-forumlar, Azərbaycan ilə bağlı dünya ictimaiyyətinə,
o cümlədən biznes strukturlarına dolğun
informasiyaların ötürülməsi artıq xarici
investorlar üçün Azərbaycanı çox cəlbedici
ölkəyə çeviribdir.
Bu il qeyri-neft sektorunun inkişafı ilə
bağlı bank sektorunun rolu xüsusi əhəmiyyətə
malikdir. Son vaxtlar bizim banklarımız real
iqtisadiyyata daha da böyük həcmdə kreditlər
ayırır. Mən bunu dəstəkləyirəm
və keçən müşavirələrin birində qeyd
etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir.
Biz artıq bunu görürük. Bu, çox müsbət yanaşmadır, bank
sektorunun məsuliyyətini göstərir.
Xüsusilə
bir daha demək istəyirəm ki, 2015-ci il
dünya üçün asan il olmayacaq. 2015-ci
ildə bank resurslarının iqtisadiyyatın real sektoruna
yönəldilməsi, əlbəttə ki, bizim
üçün prioritet olacaq. Əminəm
ki, banklar da bu istiqamətdə öz sözünü bundan
sonra da deyəcək.
Əlbəttə, indi müxtəlif istehlak kreditlərinə
də, digər layihələrə də vəsait
ayrılmalıdır. İndi Azərbaycanda ticarət mərkəzləri,
ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat
inkişaf edir, insanların bu layihələrə ehtiyacı
var. Bu da lazımdır. Ancaq ölkə
iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait
prioritet təşkil edir.
Bununla bərabər,
təbii ki, bu il bizim gəlirlərimiz
azalacaq. Ona görə dövlət
strukturları da özlərini məsuliyyətli
aparmalıdırlar. İsrafçılığa
yol verilməməlidir. Əlbəttə
ki, biz prioritet olmayan layihələrə
razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda,
qurumlarda, dövlət şirkətlərində idarəetmə
prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir.
Bizim dövlət nümayəndələrimiz vəsaitin
qədrini bilməlidirlər. Əminəm
ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və
nəticə çıxaracaqlar.
Son illərdə biz ölkəmizin sürətli
inkişafını təmin etmək üçün
iqtisadiyyata böyük vəsait yönəltmişik. Hesab edirəm
ki, bu, düzgün siyasət idi. Bu siyasət
bugünkü reallıqları təmin edir. İnfrastruktur layihələrinə, real sektora
qoyulan vəsait bu gün işləyir və biz bu vəsait
hesabına ümumi iqtisadi inkişafımızı təmin
edirik. 2015-ci ildə ölkə
iqtisadiyyatı, sosial sahə üçün lazım olan
bütün digər layihələr, təbii ki, tam şəkildə
icra ediləcək. Demək istəyirəm
ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə
təmin ediləcəkdir.
Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin
artırılması, məcburi köçkünlər
üçün yeni qəsəbələrin salınması,
evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Məktəb,
xəstəxana tikintisi davam etdiriləcək. Eyni zamanda, infrastruktur layihələri, ilk növbədə,
içməli su ilə bağlı olan layihələr icra
ediləcək. Bu ilin əvvəlində və
keçən ilin sonunda bu istiqamətə Prezidentin Ehtiyat
Fondundan böyük vəsait ayrılmışdır.
Bu il ən azı 300 artezian quyusu
qazılacaq və ən azı 50 kənddə modul tipli təmizləyici
qurğular quraşdırılacaq. Yəni, bu məqsədlərə
həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin
Ehtiyat Fondundan vəsait ayrılacaq. İçməli
su layihələri bizim üçün hazırda infrastruktur
layihələri arasında prioritetdir, kənd yolları da həmçinin.
Keçən il kənd yollarının
tikintisinə böyük vəsait ayrılmışdır.
Bu gün bu rəqəmlər səsləndi və bu il də bu proses davam etdiriləcək. Bu yaxınlarda imzaladığım sərəncamlar
əsasında artıq hər kəs görür ki, biz burada
da öz siyasətimizi davam etdirəcəyik.
Qazlaşdırma, elektrik xətlərinin təmiri,
çəkilişi prosesi gedir. Bu infrastruktur layihələri
və meliorasiya ilə bağlı olan tədbirlər ölkəmiz
üçün çox önəmlidir. Çünki
biz keçən il və 2013-cü ildə
iki nəhəng layihəni istismara vermişik - Şəmkirçay
və Taxtakörpü su anbarlarının tikintisi başa
çatıbdır. Azərbaycan tarixində bu
layihələrin çox böyük yeri var. Biz bu layihələri
ancaq müstəqillik dövründə icra edə bilmişik
və bu layihələr Azərbaycanın nə qədər
güclü ölkə olduğunu bir daha göstərir.
Bu layihələrin davamı olaraq kanallar çəkilməli,
yeni əkin sahələri dövriyyəyə
buraxılmalıdır. Ona görə meliorativ tədbirlər də
prioritet olaraq qalacaqdır. Bunlar bilavasitə
ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir.
Biz keçən il də
görmüşük ki, ərzaq təhlükəsizliyi ilə
bağlı olan planlarımız vaxtında müəyyən
olunmuşdur və icra edilməyə
başlamışdır. Çünki ərzaq
təhlükəsizliyi hər bir ölkə üçün
enerji təhlükəsizliyi qədər önəmlidir.
Əlbəttə, Azərbaycanın bəzi ərzaq
məhsullarını xarici bazarlardan idxal etməsinə
baxmayaraq biz çalışmalıyıq ki, öz daxili
istehsalımızı maksimum artıraq, fövqəladə
hallardan özümüzü qoruyaq. Çünki
keçən il də biz
görmüşük ki, bir sıra ərzaq məhsullarının
ixracı ilə bağlı bəzi ölkələrdə
qadağalar qoyulmuşdur. Yəni,
özümüzü təmin etmək üçün daxili
bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi
davam etdiriləcəkdir.
Dövlət burada da fermerlərə öz dəstəyini
göstərir. Bildiyiniz kimi, burada uzun illərdir ki, vergi
güzəştləri həyata keçirilir. Dövlət tərəfindən texnika, cins mal-qara
alınır. Ərzaq təhlükəsizliyi
ilə bağlı institusional islahatlar aparılır,
aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir.
Məhsuldarlığın artırılması
prosesi də çox önəmlidir. Bizim
ixrac potensialımızın artırılması da gündəlikdə
duran məsələlərdən biridir. Çünki
əminəm ki, biz yaxın gələcəkdə
özümüzü bütün əsas ərzaq məhsullarımızla
təmin edəcəyik. Beləliklə,
ixrac üçün bizim yeni məhsullarımız
olacaqdır. Nəzərə alsaq ki,
artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının
yaradılması prosesi gedir, əminəm, biz
özümüzü yaxın gələcəkdə buğda
ilə tam şəkildə təmin edə biləcəyik.
Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq
orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan
55 sentner. Halbuki, ölkə üzrə bu
göstərici 23 sentnerdir. Yəni, bu yeni,
müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti
hesabına yaradılan yeni imkanlar gələcəkdə bizim
ixrac imkanlarımızı da artıracaq. Çünki
burada yenə də dövlət əsas funksiyanı öz
üzərinə götürübdür. Yerlər müəyyənləşdirilibdir. Fermerlərə güzəştli şərtlərlə
kreditlər verilibdir. Eyni zamanda, texnika,
suvarma, bütün infrastruktur layihələri dövlət tərəfindən
icra olunubdur ki, məhsuldarlıq artsın və biz
özümüzü ərzaq məhsulları ilə maksimum dərəcədə
təmin edək.
Əlbəttə ki, bizim Şəmkirçay və
Taxtakörpü su anbarlarının fəaliyyəti nəticəsində
on minlərlə hektar torpaqda yeni məhsulların
yetişdirilməsi gözlənilir. İndi artıq bu yerlər
müəyyən edilibdir və bu yeni sahələrdə məhsulların
yetişdirilməsi prosesi başlayır.
Keçən
il “Sənaye ili” elan edilmişdir. Sənayenin inkişafı ilə bağlı bir
çox tədbirlər görülmüşdür. Mən keçən müşavirələrdə də
demişəm ki, hər bir rayonda sənaye zonası
yaradılmalıdır. Artıq pilot layihəsi icra
edilir. Yəqin ki, bu il biz bu il layihənin
başlanmasını görəcəyik. Eyni
zamanda, bizim ənənəvi sənaye mərkəzlərimiz
də öz imkanlarını genişləndirir.
Sumqayıt, Gəncə, Mingəçevir, əlbəttə
ki, Bakı şəhəri, xüsusilə Qaradağ rayonu
bizim əsas sənaye mərkəzlərimizdir.
Biz bu il böyük metallurgiya kompleksinin tikintisini
gözləyirik. Artıq bir müddətdir ki,
bu kompleksin yaradılması ilə bağlı işlər
aparılır. Xarici məsləhətçilər
cəlb edilmişdir. Demək olar ki,
texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz
yataqlarımız var. Əlbəttə, biz
çalışmalıyıq ki, öz təbii
imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə
istifadə edək və özümüz hazır məhsul
istehsal edək. Yəni, budur bizim əsas məqsədimiz.
Biz hər bir sahədə hazır məhsul
istehsal etməliyik. Bu, böyük dövlət
vəsaiti tələb edən layihədir. Baxmayaraq ki,
indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin
inkişafı üçün prioritetdir, minlərlə yeni
iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu
yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə,
qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir.
Ona görə bu layihənin icrası ilə bağlı
heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət İnvestisiya
Proqramında öz əksini tapıbdır.
Builki Dövlət İnvestisiya Proqramı təbii ki, əvvəlki
illərdən fərqlənir. Çünki dövlət
tərəfindən qoyulacaq vəsait daha da azalacaq. Bu da təbiidir. Ancaq prioritetlər
düzgün seçilibdir və əvvəlki illərdə
bir çox işlərin görülməsi imkan verir ki, biz
artıq bu investisiya proqramımızı ixtisar edək.
Çünki Taxtakörpü, Şəmkirçay
böyük dövlət vəsaiti tələb edən nəhəng
layihələrdir. Kənd yollarının,
içməli su layihələrinin bir çoxu artıq icra
edilib. Ancaq prioritetlər var və biz
dövlət investisiyalarını dayanıqlı inkişafa
yönəltməliyik. Çünki əgər
biz bunu etməsək, bir neçə ildən sonra artıq
boşluq yaranacaq. Biz isə buna imkan verə
bilmərik. Çünki ilk növbədə, ölkənin
dayanıqlı inkişafı təmin edilməlidir və eyni
zamanda, iş yerlərinin yaradılması daimi prosesdir.
Mən giriş sözümdə bunu demişəm və
bir daha demək istəyirəm. Bəzi ölkələr
demoqrafik böhrandan əziyyət çəkir. Əlbəttə ki, ən ağır böhran
demoqrafik böhrandır. Çünki bəzi
ölkələrdə əhali həm təbii səbəblər
üzündən kəskin şəkildə azalır, eyni
zamanda, o ölkələrdə miqrasiya çox sürətlə
gedir. Azərbaycan əhalisi artır.
Bu, böyük
üstünlüyümüzdür. Azərbaycan
əhalisi nə qədər artsa, biz o qədər də
güclənəcəyik. Ancaq demoqrafik
artım özü ilə bəzi problemlər də gətirir,
o cümlədən işsizlik. Ona görə biz nə
qədər yeni iş yerləri yaratsaq da,
yenə də iş yerlərinin yaradılmasına ehtiyac var.
Dövlət
Proqramının əvvəlindən - 2004-cü ildən bu
günə qədər bir milyon 300 min iş yeri
yaradılıbdır. İşsizliyin
azaldılması bunun hesabına mümkün olub. Ancaq
bu, daimi proses olmalıdır. Bu prosesi təmin
etmək üçün biz yeni sənaye istehsalları
yaratmalıyıq. Nəzərə alsaq
ki, indi elmi-texniki tərəqqi sürətlə gedir, texnoloji
proseslər daha da təkmilləşir, avtomatlaşma prosesi
gedir, yəni, işçi qüvvəsinə gələcəkdə
o qədər də böyük ehtiyac olmayacaq. Ona görə innovasiyalara üstünlük verilməlidir.
Texnoparkların yaradılması xarici
texnologiyaların, eyni zamanda, xarici investisiyaların gətirilməsini
də təmin etməlidir. Biz onsuz da
dövlət tərəfindən investisiyaları qoyuruq.
Ancaq real sektora dövlət o qədər də
böyük investisiya qoya bilməz. Bu,
düzgün deyil, biz ancaq strateji istehsal sahələrinin
yaradılmasına dövlət tərəfindən investisiya
qoya bilərik. Ona görə bu istiqamətdə,
sənayeləşmə prosesinin düzgün şəkildə
təmin edilməsində biz bundan sonra da çox ciddi siyasət
aparacağıq.
Ekologiya ilə bağlı məsələlər
prioritet olaraq qalır. Keçən il Azərbaycanda 4
milyona yaxın ağac əkilibdir. Bu, çox
müsbət haldır. Bu proses həm Abşeron
yarımadasında, həm bütün bölgələrdə
gedir. Neftlə çirklənmiş ərazilər
təmizlənir. Eyni zamanda, içməli
su layihələri və digər layihələr ekoloji vəziyyətin
yaxşılaşmasına xidmət göstərir. Böyükşor gölündə işlər
sürətlə gedir. Bir neçə
aydan sonra Böyükşor gölünün təmizlənməsinin
birinci mərhələsi başa çatacaq. Hesab edirəm ki, bu, buna oxşar bütün
başqa layihələr üçün bir nümunə
olacaqdır. Çünki biz bu istiqamətdə
çox fəal iş aparırıq, neftlə çirklənmiş
bütün yerləri, gölməçələri təmizləyirik.
Bibiheybət, “Ağ şəhər”,
Böyükşor. Bu il Zığ
gölünün təmizlənməsi nəzərdə
tutulubdur. Bu da çox önəmli layihədir.
Biz Bakının ətrafında yerləşən,
neftlə və lay suları ilə çirklənmiş
bütün gölləri tədricən təmizləyəcəyik.
Orada istirahət və əyləncə
zonaları, ictimai yerlər yaradılacaq. Ümumiyyətlə,
Bakıda son illərdə çoxsaylı ictimai yerlər,
parklar, bağçalar yaradılır. Bu
ictimai yerlərin sayına görə Bakı bəlkə də
dünya miqyasında ön sıralardadır. Çünki Bakı bu gün parklar,
bağçalar şəhəridir və Bakı təmiz
göllər şəhəri olacaqdır. Mən buna əminəm. Böyükşor
gölünün təmizlənməsinin birinci mərhələsinin
bu ilin yayına qədər başa çatması, hesab edirəm,
hər kəsə göstərəcək ki, biz bunu da edə
bilmişik və güclü iradə olan yerdə, istənilən
layihə icra edilə bilər.
Keçən
il nəqliyyatla bağlı işlər
uğurla icra edilmişdir. Mən bunu artıq qeyd etdim, Ələtdə
yeni dəniz ticarət limanının tikintisi bu il də davam etdiriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq
başa çatır. İndi artıq
sınaqlar keçirilir. Azərbaycan tərəfindən
bütün işlər demək olar ki,
görülübdür. Ümid edirəm ki,
bütün başqa sahələrdə
tikinti-quraşdırma işləri bu il
başa çatacaq və biz bu layihənin
açılışını qeyd edəcəyik.
Bu da tarixi layihədir. Uzun illər bu layihə
ətrafında danışıqlar, müzakirələr
gedirdi. Ancaq Azərbaycan həm öz vəsaitini,
həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə
artıq reallaşmağa başlamışdır.
Nəqliyyatla bağlı digər layihələr də
icra edilir. Ölkəmizə yeni təyyarələr gətirilir.
MDB məkanında Azərbaycan birinci ölkədir
ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi, iki sərnişin
təyyarəsi gətirilmişdir. Bundan əvvəlki
dövrdə müasir təyyarələr alınmışdır.
Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir ölkə
üçün önəmlidir. Azərbaycan
bu sahədə həm yük, həm sərnişin
daşımaları ilə artıq bir regional mərkəzə
çevrilibdir. Biz bu rolumuzu daha da gücləndirməliyik.
Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat
infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi,
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə
sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri
- onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat
infrastrukturu həm ölkəmizə, həm də
qonşulara xidmət göstərəcəkdir.
Xəzər Gəmiçiliyi ilə bağlı işlər
görülür, islahatlar aparılır, yeni gəmilər
alınır və ən önəmli hal ondan ibarətdir ki,
Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər
istehsal olunur.
Həm neft-qaz əməliyyatları
üçün sifarişlər verilibdir, həm də hərbi
məqsədlər üçün gəmilər tikiləcəkdir.
Eyni zamanda, bizim bütün digər gəmilər - tankerlər,
yük gəmiləri Bakıda istehsal olunacaq. Bu
da sənayeləşmə siyasətimizin bir nəticəsidir.
Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə
qəbul olunmuş qərar artıq özünü
doğrultdu. Çünki biz
görürdük ki, gəmilərin - tankerlərin, yük,
servis gəmilərinin hamısı xaricdən alınır.
Ancaq bizdə daxildə tələbat var. Biz gərək
öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz əməliyyatları
aparılır və aparılacaq. “Şahdəniz”lə
bağlı yeni gəmilərə ehtiyac var. Ona görə,
qısa müddət ərzində gəmiqayırma zavodunun
tikintisi çox önəmli addım idi və bu zavod
bütün Xəzəryanı ölkələrə xidmət
göstərə bilər. Mən Xəzər
Sammitində öz həmkarlarımla söhbət əsnasında
söyləmişdim ki, artıq belə zavod var və siz də
bundan faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz.
Ümumiyyətlə, biz Xəzər hövzəsində
bu istiqamətdə daha da sıx əməkdaşlıq edə
bilərik. Əgər, misal
üçün, Bakıda belə müasir zavod varsa,
inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə
ehtiyac olsun. Yəni, burada da kooperasiya
işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir.
Keçən
il “Cənub” qaz dəhlizinin təməli
qoyulmuşdur. Bu, tarixi hadisədir. Bu layihə bizim uzunmüddətli
inkişafımızı daha da sürətləndirəcək.
Bu layihə “Əsrin müqaviləsi”nə bərabər
olan bir layihədir. Artıq bu layihəni
XXI əsrin layihəsi adlandırırlar. Çox simvolik
hal ondan ibarətdir ki, məhz 2014-cü il
sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin
imzalanmasından düz 20 il sonra “Cənub” qaz dəhlizinin təməli
qoyulmuşdur. Ulu öndər Heydər
Əliyevin neft strategiyasının uğurlu icrası bu
gün də təmin edilir. Görün “Əsrin müqaviləsi”ndən
sonrakı dövrdə nə qədər işlər
görülmüşdür! Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, indi “Cənub” qaz dəhlizi, “Şahdəniz”
yatağının işlənməsi. Azərbaycan
burada öz liderlik rolunu bir daha təsdiqlədi. “Cənub” qaz dəhlizinin müəllifi Azərbaycandır.
Bu layihənin aparıcı qüvvəsi də
Azərbaycandır. Bunu hamı bilməlidir.
Azərbaycanın güclü iradəsi
olmasaydı, bu layihə heç vaxt reallaşmayacaqdı.
Biz bu layihənin reallaşması ilə bağlı çox
gərgin iş aparmışıq. Çox gərgin və fəal
iş aparmışıq ki, artıq bu layihəni icra etməyə
başlamışıq. Biz buna Azərbaycan üçün ən
məqbul şərtlərlə və beynəlxalq əməkdaşlıq
çərçivəsində nail ola
bilmişik. Çünki bizim tərəfdaşlarımız
olmadan bu layihə icra edilə bilməz. Ona
görə bu layihə daha da böyük koordinasiya tələb
edir. Çünki burada iştirak edən
ölkələrin, şirkətlərin sayı çoxdur.
Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında
üç ölkə - Azərbaycan, Gürcüstan,
Türkiyə iştirak edirdi. Ancaq “Cənub”
qaz dəhlizinin icrasında 10-a yaxın ölkə iştirak
edəcək. Çünki biz bu layihəni
çox böyük və geniş layihə kimi
görürük, bunu əlbəttə ki, mərhələlərə
bölürük. İlk növbədə,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi,
TANAP, TAP layihələri, ondan sonrakı dövrdə digər
layihələr. Ona görə bu, tarixi
hadisədir. Azərbaycan bu sahədə də
liderlik keyfiyyətlərini göstərmişdir.
Ölkəmizin siyasi, iqtisadi maraqları təmin ediləcəkdir. Azərbaycan
Avropa istehlakçıları üçün əvəzedilməz
ölkəyə çevrilir. Bu nə deməkdir?
Bunu çox izah etməyə də ehtiyac yoxdur.
Biz Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində öz rolumuzu oynayırıq və getdikcə
bu rol artacaq. Çünki Avropa
üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır.
Bütün başqa mənbələr - onlar
artıq var. O mənbələrin ehtiyatlarını müxtəlif
yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək
mümkündür. Belə layihələr
var, lakin yeni mənbə ancaq Xəzər hövzəsidir və
Azərbaycandır. Biz bu məsuliyyəti
öz üzərimizə götürmüşük. Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik.
Çünki bu günə qədər bir dənə
də layihə olmamışdır ki, biz onu başlayaq və
icra etməyək. Həm
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də
Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən
söhbət gedir. Əminəm ki, “Cənub”
qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir.
Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Oyunların keçirilməsinə beş ay qalıbdır. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var.
Azərbaycanın rolu getdikcə artır. Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s.
Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs
üçün açıq olan modeldir. İqtisadi
model - bu gün biz bu barədə
danışmışıq. Yəni, bu,
nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə,
Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni
zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb.
Bütün azadlıqlar - söz
azadlığı, sərbəst toplaşmaq
azadlığı, vicdan azadlığı, mətbuat
azadlığı, internet azadlığı, din
azadlığı təmin edilib. Bu
azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat
tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi
sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm
ki, bu tədbirdə iştirak edəcək idmançılar,
qonaqlar Azərbaycanla əlbəttə ki, tanış
olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini
görəcəklər.
Əgər bütün ölkələr öz daxili
işləri ilə məşğul olsaydılar, başqa
ölkələrin daxili işlərinə
qarışmasaydılar və əsassız tələblər
irəli sürməsəydilər, dünya daha da sabit
olardı, təhlükəsizlik daha da çox təmin edilərdi.
Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq. Sağ olun.
AzərTAc
Azərbaycan.-2015.- 11 yanvar.- S.3-4.