Cıdır meydanı Cıdır düzü olmasa da...
Şöhrətli
“Qarabağ” atları da
qaçqın-köçkün həyatı
yaşamaqdadır
Xalqımızın ata olan sevgisi əcdadlarımızdan
miras qalıb, illərdən, qərinələrdən
süzülərək gəlib. Hələ qədim zamanlardan at xalqımız
üçün müqəddəs
sayılıb, qəhrəmanların adları atları ilə
birlikdə çəkilib. Dar gündə, çətin məqamda bir at bir igidə
bərabər olub. Bəzi mənbələrdə
qeyd edilir ki, türk dünyasında
ata olan sevgi o qədər yüksək olub ki, hətta atın məzarı sahibinin yanında qazılarmış, onunla
birlikdə əbədiləşdirilərmiş.
Zaman-zaman bu sevgi nəinki azalıb, hətta daha da güclənib, at şərəf rəmzinə,
igidlik simvoluna çevrilib.
Atçılığın inkişafı yeni mərhələdə
Azərbaycanda sahibkarlığın inkişafı
yeni atçılıq
təsərrüfatlarının yaradılmasına da geniş şərait yaradıb. Nəticədə atçılıq idmanı üzrə ölkədaxili və beynəlxalq yarışlarda
kifayət qədər
uğurlar əldə
edilib. Təsadüfi deyil ki, bu ilin dekabr
ayında 110 ölkədən
350-dən çox nümayəndənin
iştirak etdiyi Beynəlxalq Atçılıq
Federasiyası Baş Assambleyasının iclası
ilk dəfə Bakıda
keçirildi (xatırladaq
ki, Azərbaycan Atçılıq Federasiyası
(ARAF) 1997-ci ildən Beynəlxalq
Atçılıq Federasiyasına
üzvdür). Bütün atçılıq
milli federasiyalarının
nümayəndələrinin toplaşdığı bu
forum atçılıq idmanının
inkişafı baxımından
çox önəmli
idi. Belə bir tədbirin
Bakıda keçirilməsini
isə ölkəmizdə
atçılığa, milli
atüstü oyunların
və bu sahədə müxtəlif
kateqoriyalı yarışların
keçirilməsinə verilən
qiymət kimi dəyərləndirilir.
Keçən il noyabr ayının 19-da dövlət
başçısı “Qarabağ”
cinsinin damazlıq özəyinin qorunması,
inkişaf etdirilməsi,
seleksiya-damazlıq işlərinin
elmi əsaslarla aparılmasının təmin
edilməsi və bu sahədə müvafiq tədbirlərin
həyata keçirilməsi
məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə
2 milyon manat ayrılması ilə bağlı sərəncam
imzalanmışdır. Sərəncam ölkədə atçılığın
inkişafının sürətləndirilməsinə
və bu sahədə mövcud olan çatışmazlıqların
aradan qaldırılmasına
yönəlib.
Azərbaycanda bu sahədə əldə olunan yeniliklər və at idmanında qazanılan uğurlar “Qarabağ” atlarının adı ilə bağlıdır. Bu gün atçılığın
qarşısında duran
əsas məsələlərdən
biri Azərbaycanda qədim cins olan “Qarabağ” atlarının qorunub saxlanması və çoxaldılmasıdır. Bu məsələni, eləcə də ölkədə atçılığın
və at idmanının
hansı səviyyədə
olmasını öyrənmək
üçün Bakı
Dövlət Cıdır
Meydanına (BDCM) yollandıq.
BDCM-in müdir əvəzi,
atçılıq məktəbinin
direktoru Kərim Zamanov bildirdi ki, təxminən 180 baş at üçün
nəzərdə tutulan
cıdır tövlələrində
150-yə yaxın at saxlanılır.
Onlar əsasən yerli cinslər olan “Qarabağ”, “Dilboz”, həmçinin xaricdən gətirilmiş və burada yetişdirilmiş təmiz qanlı “İngilis”, “Ərəb”, türkmən cinsi “Axaltəkə”
atlarıdır. Atların əksəriyyəti
rayonlardan, atçılıq
təsərrüfatlarından, ayrı-ayrı klublardan yaş yarımdan sonra bura gətirilib.
Burada təlim keçirilən
50 başa yaxın “Qarabağ” atı var ki, onlar
da əsasən Ağdam Atçılıq
Zavodunda yetişdirilib.
Cıdır meydanında atların
saxlanılması və
yetişdirilməsi ilə
peşəkar məşqçilər,
mehtərlər məşğul
olur. Təxminən
19 hektar ərazisi olan meydanda at idmanının konkur, cıdır, çövkən
və polo növləri
ilə məşğul
olmaq üçün
şərait var. Atlar
yaş qrupları və cinslər üzrə bölüşdürülərək
təlimlər keçirilir
və yarışa
buraxılır.
Dözümlüyünə görə yerli cinslərin əvəzi yoxdur
Cıdırda saxlanan atlar arasında “Qarabağ” və “Dilboz” atlarının xüsusi seçildiyinin şahidi olduq. Maraq bizi onların
saxlandığı tövləyə
gətirdi. Burada
hər bir atın cinsi, adı, yaşı, ləqəbi və digər göstəriciləri
haqqında geniş məlumat var. Atlarla tanışlığımıza usta-məşqçi Şəmsəddin
Atayev vasitəçilik
etdi. Bildirdi ki, tövlədəki
hər bir atın adı var. “Xan-xan”, “Ürək”, “Sünbül”,
“Banu”, “Pəhləvan”
və s. Adlar onlara xüsusiyyətlərinə, keyfiyyət
göstəricilərinə görə verilir.
Ş.Atayev:
- Dədə-babadan atçı
olmuşuq, bu gün də bu sənəti böyük həvəslə
davam etdiririk. At saxlamaq nə
qədər qulluq, yüksək qayğı və ciddi nəzarət
tələb etsə də, biz bundan zövq alırıq.
Atın ən böyük özəlliklərindən biri
insanı özünə
cəlb etmək bacarığıdır. Atla yoldaşlıq
etmək üçün
ilk növbədə, onunla
münasibət qurmağı
bacarasan. Çox həssas
heyvandır, insan kimi qarşılıqlı
səmimiyyət tələb
edir. Bəlkə də nadir heyvandır
ki, insanın səmimiyyətini, qəzəbini
və kinini daha yaxından duya bilir. Buradakı istənilən ata yaxınlaşsan, o, bunu hansı məqsədlə
etdiyini başa düşəcək. Həm də atlar tarixən sahiblərinə
sadiq olmaları ilə də məşhurdurlar.
Sonra o, söhbətini “Qarabağ”
atlarının özəlliklərini
sadalamaqla davam etdirdi:
- “Qarabağ” atlarının
özünəməxsusluğu həmişə diqqət
çəkib, heyrət
doğurub. Şux yerişi, düz
qaməti, möhkəm
əzələsi və
gözəlliyi insanı
valeh edir, xarakterik rəngi narıncı və qızılı kürəndir.
İrsi əlamət olduğu üçün rənglərini
heç vaxt dəyişmirlər. Həm sürətli,
həm də dözümlü olan bu atlar əsl
yarış atlarıdır.
Bir saata təxminən 50 kilometrdən yuxarı yol qət edə
bilirlər. Buradakı
atlar içərisində
Qarabağda Cıdır
yarışında iştirak
edən atlar da var. Bəzən adama elə gəlir ki, bu atlar Qarabağ
üçün darıxırlar...
Azərbaycanda tanınan ikinci at cinsi Qazaxın “Dilboz” atlarıdır. Müsbət keyfiyyətlərinə görə
“Qarabağ” cinsinə
çox yaxın olan bu atlar
əsasən rənginin
boz və kürən olması ilə fərqlənir.
Məşqçi vurğuladı ki,
xarici cinslər nə qədər hündürboylu və sürətli olsalar da, dözümlüyünə
görə yerli cinslərə çata bilmirlər. Uzaq məsafəni
qət etməkdə isə ümumiyyətlə
yerli cinslərin tayı yoxdur.
Cıdır meydanındakı Atçılıq
idman məktəbinə
də baş çəkdik. Öyrəndik ki, Gənclər
və İdman Nazirliyinin balansında olan məktəbə müraciət edən şagirdlərin sayı əvvəlki illərlə
müqayisədə xeyli
artıb. Məktəb direktorunun məlumatına
görə, hazırda
burada 280 şagird 13 müəllimdən dərs
alır. Atçılıq idmanına maraq göstərənlər 8-16 yaş
arasında məktəbə
qəbul olunurlar.
Artıq
18 yaşlarına qədər
onların arasında təcrübəli idmançılar
formalaşır. Məktəbin Şəkidə filialı
var və 50-yə yaxın şagird də orada at idmanı ilə məşğul olur.
Şəkinin Daşüz kəndində
Atçılıq turizm
mərkəzində tez-tez
təşkil olunan yarışlar isə şagirdlərin bu sahəyə marağını
daha da artırıb.
“Qarabağ” atlarının
genefondu ciddi qorunur
ARAF-dən aldığımız
məlumata görə,
hazırda ölkədə
müxtəlif yönümlü
fermer təsərrüfatlarında
və atçılıq
zavodlarında 76 mindən
çox at var ki, bunlardan da
300 başdan çoxu
təmiz qanlı, hec bir cinslə
qarışığı olmayan
“Qarabağ” atlarıdır.
Lakin “Qarabağ” atlarının Azərbaycanda
ən qədim cins olduğunu nəzərə alsaq, ölkə ərazisində
hər dörd atdan birində bu cinsin qarışığı
olduğunu deyə bilərik. Hətta xaricdən gətirilmiş
və sonradan burada yetişdirilən “Ərəb”, “İngilis”,
“Fransız” və digər at cinslərində
də “Qarabağ” atının qarışığı
var. Atların yetişdirilməsində
Ağdam və Ağstafa at zavodlarının
xüsusi rolu var. Dövlətin balansında
olan atçılıq
təsərrüfatı və
klublarından başqa,
7 müstəqil klub da qeydiyyatdan keçib ki, bunlar da ölkədə
peşəkar atçılığın
inkişafında mühüm
rol oynayır.
Atçılığın qarşısında duran əsas məsələlərdən biri son illər ölkədə yerli genefondun ən qiymətli nümunələri olan “Qarabağ” və “Dilboz” atlarının sayının artırılması, eyni zamanda, bu cinslərin başqa cinslərə qarışmadan qorunub saxlanılmasıdır. Bu məqsədlə atlardan DNT analizi alınaraq Almaniyada xüsusi laboratoriyaya göndərilir. “Qarabağ” atlarının ata və ana cinslərinin eyni adlı cinsdən olub-olmadığına xüsusi diqqət yetirilir. Yaxın gələcəkdə isə onlardan yalnız qan analizi almaqla təmiz “Qarabağ” cinsi olub-olmadığını müəyyən etmək olacaq.
* * *
Tarixən şahlar, xanlar, müasir dövrdə isə dövlət başçıları hörmət əlaməti olaraq bir-birlərinə adlarına layiq at hədiyyə ediblər. Yəqin ki, 1956-cı ildə N.S.Xruşşov da Böyük Britaniyanın Kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atını hədiyyə edəndə bu atın onun adına hörmət gətirəcəyinə əmin imiş. Sorağı hər tərəfə yayılan “Qarabağ” atı elə həmin vaxtdan avropalıların sevimlisinə çevrildi. Bundan 56 il sonra (2012-ci ildə) İngiltərədə keçirilən Azərbaycan mədəniyyəti günlərində səhnəyə dəvət olunan azərbaycanlı rəqqasələrlə bərabər, “Qarabağ” atlarının qeyri-adi rəqsi və şahə qalxması yenidən avropalıların qəlbini fəth etdi.
Gün gələcək “Qarabağ” atları nəinki Avropada, elə Qarabağın özündə - Cıdır düzündə yenə şahə qalxacaq, polad kimi möhkəm ayaqları ilə düşmənin sinəsindən basacaqdır. Həmin gün uzaqda deyil!
Elnur HADIYEV,
Azərbaycan.-2015.- 11 yanvar.- S.7.