Musiqili ömrün 75-ci
baharı
Musiqi xadimləri
2015-ci il tanınmış bəstəkar,
musiqişünas və pedaqoq Nərgiz Şəfiyeva
üçün əlamətdar olan bir günlə
başladı. Musiqi ictimaiyyətimiz Nərgiz
xanımı mənalı ömrünün yetmiş
beşinci baharı ilə təbrik etdi.
N.Şəfiyeva Azərbaycan bəstəkarlığının
ciddi istiqamətində uğurla çalışan sənətkarlarımızdandır. O, musiqişünaslıq və
müəllimlik sahələrində də səmərəli
fəaliyyət göstərmişdir. Geniş
potensial imkanları onun hələ bundan sonra da uğurlar
qazanacağına dərin inam hissi oyadır.
Sənət aləmində müvəffəqiyyətin əsas
formulu olan parlaq istedad, zəhmətə qatlaşmaq və
gözəl məktəb Nərgiz Şəfiyevanın həyat
və yaradıcılıq yolunda özünü qabarıq
şəkildə göstərmişdir. Onun həyatında
çətinliklər və məhrumiyyətlər, hətta
məşəqqətli günlər də olmuşdur.
Buna baxmayaraq zərif və kövrək qəlbli bu sənətkar
özünün
tükənməz daxili enerjisinə və musiqinin
qeyri-adi mənəvi gücünə arxalanaraq bir çox
yaradıcılıq uğurlarına imza atmış,
müasir musiqi mədəniyyətimizdə özünə
layiqli yer tutaraq həmkarlarının və tələbələrinin
nüfuzunu qazanmışdır.
Nərgiz Şəfiyeva həm ata, həm də ana tərəfdən
Qarabağın məşhur nəsillərinin nümayəndəsidir.
O, 1940-cı ildə Bakıda ziyalı ailəsində
dünyaya göz açmışdır. Erkən
yaşlarından musiqi istedadını dönə-dönə
təsdiq etmiş, eyni zamanda həyatın sərt və
qaranlıq tərəfləri ilə də üzləşmişdir.
Təəssüf
ki, onun ağrı-acıları atasını
itirdiyi ağır müharibə illəri ilə bitməmişdir.
O illərdə Nərgizin zəngin uşaq təxəyyülündə
cazibədar və işıqlı bir aləm də peyda olmağa
başlamışdır. Ülvi gözəlliklərdən,
saf duyğu və düşüncələrdən ibarət
ecazkar musiqi dünyası onun həyatına həmişəlik
daxil olmuşdur.
Anasının
istəyi ilə musiqi təhsilinə başlayan Nərgiz tez-tez
konsert və teatr tamaşalarını izləyir, bədii ədəbiyyatı
müntəzəm mütaliə edirdi. Üzeyir
Hacıbəylinin “Arşın mal alan” və “Koroğlu”, Qara
Qarayevin “Yeddi gözəl” kimi şah əsərləri,
musiqili filmlər və maestro Niyazinin məşqləri
istedadlı qızın qəlbini ovsunlayırdı. Təbii ki, N. Şəfiyeva ixtisas musiqi məktəbində
ona dərs demiş müəllimləri, xüsusən də
gözəl musiqiçi və pedaqoq Kövkəb Səfərəliyevanı
və bəstəkarlıq üzrə yaradıcılıq
qrupunun müəllimi Midhət Əhmədovu da həmişə
minnətdarlıqla yad edir. Musiqi təhsilinin möhkəm
bünövrəsi sayəsində Nərgiz xanım nəinki
Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının iki şöbəsinə (bəstəkarlıq
və musiqişünaslıq) qəbul olunur, həm də
burada oxuduğu ilk illərdən müəllimlərinin və
musiqi ictimaiyyətinin dərin rəğbətini qazanır, Bəstəkarlar
İttifaqının plenumlarında,
baxış-müsabiqələrdə iştirak edir və onun haqqında mətbuatda xoş
sözlər yazılır.
Nərgiz Şəfiyevanın bəstəkar və şəxsiyyət
kimi yetişməsində dahi Qara Qarayevin müstəsna rolu
olmuşdur. Məlumdur ki, unudulmaz sənətkar və misilsiz
ustad insan zəkasına müyəssər olan hər şeyi
öyrənməyi öz tələbələrinə dönə-dönə
tövsiyə edir və bu baxımdan onlara parlaq nümunə
göstərirdi. Nərgizin istedadına və
sənətdə atdığı ilk uğurlu addımlara ən
düzgün qiyməti də məhz Qara Qarayev vermişdir.
Dahi bəstəkar N.Şəfiyevanın mükəmməl
fortepiano prelüdlərini I kursda tələbələr tərəfindən
həmin janrda yazılmış əsərlərin ən
yaxşıları kimi dəyərləndirirdi.
Prelüdlər Azərbaycan, Rusiya və bir sıra xarici
ölkələrin pianoçularının repertuarına
daxil olur və bir müddət sonra mətnləri nəşriyyatda işıq
üzü görürdü.
N.Şəfiyevanın Fortepiano prelüdləri silsiləsi,
Violino və fortepiano üçün Poeması gənc bəstəkarların
1962-ci ildə keçirilmiş Ümumittifaq müsabiqəsində
diploma layiq görülmüşdür.
Müasir musiqinin zəngin texniki vasitələrinə və
intonasiya lüğətinə yiyələnməklə
yanaşı, Nərgiz xanım
yaradıcılığının erkən dövründə
özünün fərdi dəst-xəttini
formalaşdırmağa müyəssər olur, əsərlərinin
möhkəm milli kökləri ilə ustadlarının diqqətini
özünə cəlb edir. N.Şəfiyeva bu
günə qədər öz yaradıcılıq fəaliyyətində
yüksək bədii-estetik prinsiplərə sadiq qalıb,
öz istedadını müxtəlif səpkili əsərlərində
nümayiş etdirib və etdirməkdədir.
O, qələmini
musiqi sənətinin bir çox sahələrində -
fortepiano, xor, kamera-instrumental əsərlərdə, mahnı
və romans janrlarında, simfonik əsərlərdə müvəffəqiyyətlə sınamışdır. Bəstəkarın fortepiano
yaradıcılığında kiçik həcmli prelüd,
uşaq pyesləri, 7 məqama əsaslanan “Günlər
keçər, həftə gələr” silsiləsi ilə
yanaşı, daha iri həcmli formalarda yazılmış
“Variasiyalar” (1959), “Sonata-Fantaziya” kimi əsərləri də
diqqəti cəlb edir.
Tanınmış sənətkar kamera-instrumental əsərlərində
müxtəlif heyətlərə müraciət edir. Buna misal olaraq Violino və
fortepiano üçün “Skertso” (1959) və “Poema” (1961),
Fortepiano triosu üçün “Pastoral”, Fleyta, arfa və
violonçel üçün “Damlalar” triosu (1977), 3 hissəli
Simli kvarteti (1969) və s. əsərləri göstərmək olar. Bəstəkar
Qarabağ faciəsinə dərhal öz münasibətini
bildirmişdir. Onun bu mövzuda bəstələdiyi “Mahnı dağlarda qaldı” ilkin olaraq kvartet üçün
düşünülmüş (1989), sonra isə simli orkestr
üçün işlənmişdir.
Vokal musiqidə N.Şəfiyeva uşaqlara bir sıra
mahnılar həsr etmiş, Nazim Hikmətin sözlərinə
“David Oystraxa məktubumdur” romansını (fortepiano
müşayiətində tenor və soprano üçün),
Hafiz Şirazinin sözlərinə “Soruşma” musiqili qəzəlini
(2011) bəstələmişdir. O, Simli orkestr üçün iki
hissəli Simfoniyanın müəllifidir.
Uşaqlar üçün yazılmış “Günlər
keçər, həftə gələr” adlı pyeslər məcmuəsinin
ümumi proqramlı məzmunundan danışmaq olar. Pyeslərin
sayı (7) rəmzi məna daşımaqla bərabər, həm
Azərbaycan milli məqamları, həm də həftənin
günləri ilə səsləşir.
Qara Qarayevin yaradıcılığına olan sonsuz məhəbbəti
Nərgiz xanımı daha bir cəsarətli addım
atmağa sövq etmiş, özünün nəfis tərcümələri
ilə Qara Qarayevin rus şairi A.Puşkinin şeirlərinə
yazdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində”
kimi məşhur romansların Azərbaycan dilində uğurla
səsləndirilməsinə nail olmuşdur.
Nərgiz Şəfiyevanın zəngin bədii və
intellektual imkanları özünü musiqişünaslıq
sahəsində də bariz şəkildə göstərir. Bəstəkarın
həm bədii, həm də elmi maraq dairəsi də
çox genişdir. O, özünün iti müşahidə
qabiliyyəti sayəsində musiqi sənətinin müxtəlif
məsələlərinə fəal şəkildə
müdaxilə edir, onların mahiyyətini açmaqdan
ötrü təhlil və araşdırmalar aparır. Elmi axtarışlarda əsərlərin kəmiyyəti
ardınca qaçmayan N.Şəfiyeva incəsənət və
mədəniyyət hadisələri haqqında cəsarətli
fikir və mülahizələr irəli sürür.
O,
müxtəlif səpkili elmi əsərlərin də müəllifidir.
Metodiki tədris vəsaiti, musiqi təhsili barədə salnamə,
üzeyirşünaslıq elmi, Qara Qarayevə və Cövdət
Hacıyevə həsr olunmuş bədii-publisistik xatirələri
və başqaları buna misal ola bilər.
Musiqişünas daim axtarışdadır və
maraq göstərdiyi rəngarəng mövzular haqqında düşünüb-danışmaq
onun üçün daxili bir tələbata
çevrilmişdir. Son zamanlar N.Şəfiyeva musiqili qəzəllərə
və Q.Qarayev yaradıcılığında olum və
ölüm fəlsəfəsinə iki yeni məqalə həsr
etmişdir.
N.Şəfiyeva unudulmaz sənətkarın 90 illiyi
münasibətilə onun tələbələrinin xatirələrini
toplayıb dolğun məzmunu və zəngin
illüstrasiyaları ilə seçilən nəfis bir toplu nəşr
etdirmişdir (Qara Qarayev tələbələrinin xatirələrində. Esse,
oçerk, portret cizgiləri və foto-sənədlər
toplusu).
Kitabda müəllif və tərtibçinin ustadı barədə
xatirələri (“Qəlbin yaddaşı”) xüsusilə diqqəti
çəkir.
Sədaqətli tələbə yaddaşına
əbədi həkk olunmuş Qara Qarayevin obrazını
orijinal bədii formada əks etdirmişdir. “Qəlbin yaddaşı” memuar yazısı öz
üslubu etibarilə bəstəkar təfəkkürü ilə
işlənmiş ən gözəl portretlər silsiləsindəndir.
Azərbaycançılıq ideyası Nərgiz Şəfiyevanın
bədii, elmi və pedaqoji fəaliyyətindən
qırmızı xətlə keçir. Ulu muğamlarımıza və
folklor yaradıcılığına, Üzeyir bəy
Hacıbəyli və Qara Qarayev kimi dahi bəstəkarlarımızın
sənətinə sonsuz məhəbbəti, eləcə də
dünya incəsənətinə və musiqisinə göstərdiyi
ciddi marağı onun musiqi düşüncələrinin
möhkəm bünövrəsini təşkil edir. Məlumdur ki, elmi əsərlərin dəyəri
onların kəmiyyəti ilə yox, keyfiyyət göstəriciləri
ilə ölçülür. N.Şəfiyevanın
çox geniş bədii və elmi maraq dairəsi, mürəkkəb
məsələlərin təhlilinə yönəlmiş
özünəməxsus üsulları, qeyri-adi və cəsarətli
ideyaları onun çox böyük potensiala malik olduğunun
göstəricisidir. Müxtəlif musiqi cərəyanlarına
və konkret əsərlərə obyektiv münasibəti bəstəkarın
musiqi tənqidçisi kimi də istedadını ortaya
qoymuşdur. Nərgiz Şəfiyeva
özünün sənət və sənətkarlar
haqqında maraqlı fikirlərini həmkarları ilə həvəslə
paylaşır, onlar barədə düzgün ictimai rəyin
formalaşmasına müsbət təsir göstərir.
N.Şəfiyeva ömrünün təxminən 30 ilini 2 saylı Bakı musiqi məktəbində keçirmiş, daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyət göstərmişdir. O, müəllimlik peşəsinə də yaradıcılıqla yanaşır, uşaq və yeniyetmələrin musiqi zövqünün formalaşmasına, onlarda həm də müasir bəstəkarlara qarşı məhəbbət hissinin aşılanmasına çalışır.
Nərgiz Şəfiyeva müxtəlif ölkələrin, xüsusən də müasir Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş mühazirə-konsertlər təşkil etmiş, musiqi sənətinin ən yaxşı nümunələrinin təbliği və təşviqi ilə ciddi məşğul olmuşdur. Bu fəaliyyəti əsnasında musiqi maarifçiliyi qabiliyyəti də üzə çıxmış və daha da inkişaf etmişdir. Qəlbinin bu istəyini onun dərslərində, şifahi nitq və çıxışlarında, hətta adicə söhbətlərində də dərhal duymaq olar. Müəllimlik sahəsində qazandığı uğurları da Nərgiz xanımın möhkəm peşəkarlığına əsaslanır, ictimai işlərdə də özünü qabarıq şəkildə göstərir.
Qara Qarayev sinfinin istedadlı yetirmələrindən olan Nərgiz Şəfiyeva indi də musiqi sənətinə qarşı sönməz məhəbbətini qoruyub saxlayır. Gəncliyindən geniş bədii və elmi maraqları sayəsində özünün zəngin musiqi dünyagörüşünü yaratmış bu bəstəkar ömrünün müdrik çağında da sənətin sirli aləmi ilə məşğul olur, yazıb-yaradır, öyrənir, öyrədir.
Fəttah
XALIQZADƏ,
Bakı Musiqi
Akademiyasının professoru, sənətşünaslıq
elmləri doktoru
Azərbaycan.-2015.- 11 yanvar.- S.8.